Müəllif: Xəzər AXUNDOV Bakı
Hökumətin idxalı əvəz edən istehsalın qurulması üzrə uzunmuddətli strategiyasında önəmli yer əczaçılıq sənayesinə ayrılır. Hər il ölkədə 1 milyard manatlıq dərman preparatı istehlak edildiyi nəzərə alınarsa, bu sahə yetərincə rentabelli ola bilər; nəhayət, yerli istehsal bahalı olmayan, amma keyfiyyətli preparatların bazardakı payını artıra bilər, ölkədə idxalın bahalaşdığı bir şəraitdə bu cür dərmanlara böyük ehtiyac duyulur. Əczaçılıq istehsalının lokallaşdırılması üzrə ilk layihələrdən biri Pirallahı sənaye parkında Rusiya və İran ilə birgə əczaçılıq zavodlarının yaradılması ola bilər.
«Azərbaycanda dərman preparatlarının istehsal sahəsi, demək olar ki, inkişaf etməyib: iqtisadiyyatın bu seqmenti həm özəl bölmənin, həm də dövlətin diqqətindən kənarda qalıb. Bunun nəticəsində ölkə bu gün, demək olar ki, 100% idxaldan asılıdır», - deyə Azərbaycan Prezidenti İlham Əliyev hökumətin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının nəticələrinə həsr edilmiş iclasının gedişində bildirib.
Burada qeyd etmək yerinə düşər ki, 1990-cı illərin sonlarında Azərbaycanda dərman idxalından xilas olmaqla bağlı cəhdlər edilib. O cümlədən, ölkədə istehsalın qurulması ilə bağlı Pakistan, İran, Türkiyə, Hindistan və başqa ölkələrin əczaçılıq şirkətləri ilə danışıqlar aparılıb. Amma həmin illərdə ölkənin maliyyə imkanları həddindən məhdud idi və əczaçılıq müəssisələrindəki Sovetdən qalmış köhnə texnologiyaları modernləşdirməyə imkan vermirdi. Özəlləşdirməyə baxmayaraq, yerli fabriklər öz istehsalını dayandırmağa məcbur oldular, çünki xammal bazasından aralı qalmışdılar. Ölkə bazarına axın edən idxal dərmanları isə keyfiyyəti daha aşağı olan yerli məhsulları sıxışdıraraq dövriyyədən çıxardı.
Qeyd etmək yerinə düşər ki, 1990-cı illərdə ölkə daxilində tibbi məhsulların illik istehlakı $60-70 mln. arasında dəyişirdi, bazarın bu cür kiçik tutumu isə ölkənin xarici sərmayəçilər üçün cəlbediciliyini aşağı salırdı. Buna görə də həmin dövrdə əczaçılıq istehsalının lokallaşdırılması üzrə yalnız bir layihə gerçəkləşdirmək mümkün oldu. 1999-cu ildə Bakıda yalnız «Farmsintez» holdinqi yaradılmışdı. Holdinq iki müəssisədən - infuzion preparatlar istehsalçısı «Azərsintez»dən və dərman preparatlarının geniş çeşidinin istehsalçısı olan «Azerfarm»dan ibarət idi. Holdinqin həmtəsisçiləri isə Türkiyənin «Sintez İlac» şirkəti, İranın «Darou Pakhsh» əczaçılıq firması, bir neçə yerli sərmayəçi və bir də Azərbaycan Səhiyyə Nazirliyi idi.
Ancaq daha sonra ölkədə dərman idxalının əvəzlənməsi prosesləri inkişaf etdirilmədi. Dolayısı ilə buna uzun müddət milli valyutanın məzənnəsinin möhkəmləndirilməsi təsir göstərirdi. Möhkəm məzənnə idxal dərmanının ucuzlaşmasına səbəb olurdu və sahibkarların istehsalı birbaşa ölkədə qurmasına marağı aşağı salırdı.
Lakin manatın devalvasiyası və dərman idxalının bahalaşması şəraitində Azərbaycanda əczaçılıq istehsalının qurulması layihələri yenidən iqtisadi səmərəlilik qazanır. Özü də ötən illər ərzində daxili dərman preparatları bazarının tutumu dinamik olaraq artıb və hazırda 1 mlrd. manatı ötür. Ölkəni lazımi həcmdə əlverişli qiymətlərlə təklif edilən dərmanlarla təmin etməyin vacibliyini anlayan Azərbaycan hökuməti əczaçılıq sənayesinin inkişafı üçün ölkəyə sərmayə və texnologiyalar cəlb etməyi qarşısına məqsəd qoyub.
«Bu gün dərman istehsalı sahəsində idxalın əvəz edilməsinin genişləndirilməsi məqsədi ilə hökumətə müvafiq tapşırıqlar verilib və bir sıra xarici şirkətlərlə danışıqlar aparılır. Sərmayəçilərdə bu sahəyə maraq az deyil, çünki Azərbaycan bazarı yetərincə tutumludur, əhalinin sayı isə 10 milyona yaxınlaşır və dinamika müsbətdir», - deyə Prezident İlham Əliyev vurğulayıb.
Prezidentin sözlərinə görə, İqtisadiyyat Nazirliyi Səhiyyə Nazirliyi ilə birlikdə artıq bir ildən çoxdur ki, bu məsələ üzərində işləyir, dərman preparatlarının lokallaşdırılması üzrə ciddi proqram hazırlanır və ölkədə tamkeyfiyyətli sənaye klasteri yaradılmalıdır. O cümlədən, cari ildə əczaçılıq fabriklərinin tikintisi üzrə bir sıra layihələrin gerçəkləşdirilməsinə də başlanılıb.
Belə ki, noyabrın əvvəlində Pirallahı Sənaye Parkında birgə Rusiya - Azərbaycan layihəsi kimi gerçəkləşdirilən «Hayat Pharm» əczaçılıq zavodunun bünövrəsinin qoyulması mərasimi baş tutub. İmzalanan sazişə əsasən, layihədə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) payı 10%-dir. Digər iştirakçılardan «Vita-A» MMC-nin və Rusiyanın «R-Pharm» şirkətinə daxil olan «AR-Pharm» MMC-nin isə hər birinin payına 45% düşür. Zavodun tikintisi mərhələli şəkildə aparılacaq və sərmayələrin həcmi $74 mln. səviyyəsində qiymətləndirilir.
"Azərbaycan - Rusiya birgə əczaçılıq zavodu 2020-ci ildə tam gücü ilə fəaliyyətə başlayajaq. Bu ilin axırından başlayaraq, logistik infrastruktur yaradılması istiqamətində işlər görüləcək, gələn ildən isə istehsal sahələrinin yaradılması üzrə işlərə başlanılacaq. Bu layihə həm idxaldan asılılıqdan xilas olmaq baxımından, həm də iqtisadiyyatın neftdəkkənar bölməsində şaxələndirmə baxımından çox önəmlidir", - deyə Ş. Mustafayev Pirallahı Sənaye Parkında zavodun bünövrəsini qoyarkən vurğulayıb.
O cümlədən, birinci mərhələdə 2016-2018-ci illərdə sahəsi 5 min kv.m olan iri logistika mərkəzinin yaradılması planlaşdırılır. Onun ardınca 2017-2020-ci illərdə iki komponentdən ibarət istehsalat kompleksi istifadəyə veriləcək: hazır dərman formalarının qablaşdırılması üzrə müəssisə, həmçinin dərman (həblər, kapsullar və farmsubstansiyalar) istehsalı qurulacaq. Bu müddət ərzində dərmanların keyfiyyətinə nəzarət üçün laboratoriyanın tikintisi də planlaşdırılır.
İlkin mərhələdə zavod 58 beynəlxalq patentsiz çeşiddə 89 tip dərman vasitəsi buraxacaq. Müəssisənin illik gücü 500 milyon həb və kapsul buraxmağa imkan yaradacaq. «Hayat Pharm» zavodunda müxtəlif əczaçılıq qruplarının, o cümlədən onkoloji, göbələk əleyhinə, qusma əleyhinə, virus əleyhinə preparatların, eləcə də İİV infeksiyasının terapiyası, əsəb sisteminin, kardiovaskulyar, əzələ-sümük və tənəffüs sistemlərinin müalicəsi üçün nəzərdə tutulmuş vasitələrin, antibiotiklərin, diabet əleyhinə dərmanların, həmçinin rentgenə kontrast vasitələrin və maqnit-rezonans müayinəsi üçün vasitələrin buraxılması nəzərdə tutulur.
İlkin qiymətləndirməyə görə, Azərbaycanın əczaçılıq bazarında «Hayat Pharm»ın payı 2025-ci ildə 6%-ə, istehsal həcmləri isə $70 mln.- çatacaq.
Perspektivdə «Hayat Pharm»da istehsal edilmiş məhsulların Gürcüstana, İrana, Türkiyəyə, Almaniyaya, İsveçrəyə, Ukraynaya, Mərkəzi Asiya dövlətlərinə ixracı planlaşdırılır.
«Tezliklə Azərbaycan qonşu dövlətlərin, o cümlədən İranın əczaçılıq bazarlarına çıxmaq üçün çox cəlbedici xaba çevrilə bilər. Bununla da yaradılmış birgə əczaçılıq müəssisəsi yalnız Azərbaycanın dərmana olan daxili tələbatını ödəməklə qalmayacaq, həmçinin ölkədən qeyri-xammal ixracatının inkişafına da imkan yaradacaq», - deyə zavodun bünövrəsinin qoyulması mərasimində "R-Farm" şirkətlər qrupunun direktorlar şurasının sədri Aleksey Repik bildirib.
Ancaq «Hayat Pharm» Pirallahı sənaye parkında yaradılan və ölkədə əczaçılıq istehsalının lokallaşması mərkəzi rolu verilən tək müəssisə olmayacaq. Yaxın zamanlarda burada daha bir birgə əczaçılıq müəssisəsinin bünövrəsi də qoyulacaq.
Konkret olaraq, söhbət dərman preparatlarının istehsalı zavodunun tikintisi üzrə Azərbaycan-İran layihəsindən gedir. Layihə AİŞ, «Azersun Holding» və İranın «Darou Pakhsh» şirkəti arasında müqavilə əsasında gerçəkləşdirilir. Birgə müəssisədə payın 49%-i İran tərəfinə məxsus olacaq. Azərbaycan İnvestisiya Şirkətinin payı 25%, «Azersun Holding»inki isə 26% təşkil edəcək.
İki il ərzində tikilməsi planlaşdırılan birgə müəssisədə 150-dən çox adda dərman preparatının buraxılması planlaşdırılır. Onların sırasında ürək-damar dərmanları, ağrıkəsicilər, antibiotiklər və vitaminlər olacaq. İlkin mərhələdə istehsal edilən məhsul yerli bazarda satılacaq, ancaq perspektivdə ixrac da mümkün olacaq.
«Hazırda biz İran, Türkiyə və bir sıra Avropa ölkələri ilə birgə dərman istehsalı sahəsində əməkdaşlıq barədə danışıqlar aparırıq. Azərbaycan yaxın zamanlarla daha bir neçə əczaçılıq zavodunun tikintisinə başlayacaq», - deyə bu yaxınlarda Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, müxtəlif təyinatlı zavodların yaradılması ölkədə istehsal edilən dərmanların siyahısını genişləndirəcək. «Bu gün biz lokallaşdırması nəzərdə tutulan preparatların siyahısını genişləndirmək üçün müxtəlif tədqiqatlar aparırıq, bazardakı tələbatı təhlil edirik ki, ölkədə istehsal edilən dərmanların çeşidi mümkün qədər geniş olsun", - deyə Ş. Mustafayev vurğulayıb.
İl ərzində ənənəvi olaraq əczaçılıq istehsalının güclü olduğu Xorvatiya, Macarıstan və Polşanın sahibkarları və dövlət qurumları ilə də birgə dərman istehsalı yaratmaq imkanları müzakirə olunub.
Bu sahədə Yaponiya ilə də əməkdaşlıq yetərincə perspektivli görünür. O cümlədən, Yaponiyanın «Nipro Pharma» və JGC şirkətlərinin təmsilçilərinin Azərbaycana bu yaxınlarda etdikləri səfərin gedişində onların müəssisələrinin Azərbaycanda lokallaşdırılması məsələləri müzakirə olunmuşdu.
«Zavodun tikintisi barədə qərar verməzdən öncə biz Azərbaycandan olan tərəfdaşlarla birlikdə ayrı-ayrı dərman növlərinə olan tələbatı və onların istehsalının lokallaşdırılmasının məqsədə uyğunluğunu müəyyən etmək üçün tədqiqatlara başladıq», - deyə «Nipro Pharma» şirkətinin vitse-prezidenti Satoşi Kavamura bildirib.
Onun sözlərinə görə, bazarın tədqiqatı üçün, ən azı, bir il lazım gələcək, bundan sonra biznes-plan tutulacaq ki, bu, zavodun tikintisinə imkan yaradacaq. Müsbət qərar əldə edilərsə, Yapoinya şirkəti Azərbaycanda «Nipro Pharma» brendinin 300-dən çox adda dərmanının istehsalını qura bilər. Qonşu ölkələrə ixrac imkanları da istisna edilmir, ancaq Satoşi Kavamuranın dediyinə görə, bu, məhsulun yüksək keyfiyət parametrlərinə riayət edilməsi, həmçinin daha ucuz qablaşdırma materiallarından istifadə etməklə maya dəyərinin aşağı salınması hesabına mümkündür.
«Biz istehsal edilən preparatların ixracını planlaşdırırıq. Buna görə bizim üçün prioritet məsələlərdən biri dərman vasitələrinin keyfiyyətidir. Əgər yüksək keyfiyyətli dərman preparatları istehsal edilməzsə, biz onları ixrac edə bilmərik. Əlbəttə, Azərbaycanda istehsalatın daha ucuz olacağını güman etmək mümkündür. Amma burada başqa amillər də var. Xammal və qablaşdırma materialları xaricdən gətiriləcək. Buna görə biz Azərbaycana daha ucuz qablaşdırma materiallarının gətirilməsini öyrənirik. Əgər biz bununla bağlı öz məqsədlərimizə çata biləriksə, onda bazara daha ucuz qiymətə dərman təklif edə bilərik», - deyə «Nipro Pharma» şirkətinin vitse-prezidenti vurğulayıb.
Bütünlükdə, bir çox ekspertlərin fikrincə, Azərbaycanda əczaçılıq istehsalının lokallaşdırılması proqramının uğuru bir sıra amillərdən asılıdır. Lokallaşmış istehsalçılara dövlət dəstəyi kimi farmsubstansiyaların, qablaşdırma materiallarının və başqa tamamlayıcı vasitələrin ölkəyə gətirilməsinə gömrük güzəştlərinin tətbiq edilməsi gözlənilir. İdxal substansiyalardan dərman istehsalının və qablaşdırılmasının reallaşdırılması mərhələsindən sonra ölkədə kimyəvi komponentlərin hazırlanmasını da nəzərdə tutan tam istehsal dövrəsinin gerçəkləşdirilməsinin vacibliyi ortaya çıxa bilər. Belə olan halda farmsubstansiyaların istehsalçıları üçün güzəşt mexanizmlərinin tətbiq edilməsi daha məqsədə uyğun olardı.
Yerli əczaçılıq istehsalının inkişafı üçün stimullaşdırıcı tədbirlərdən biri də istehsalçıların dövlət satınalmaları yolu ilə dəstəklənməsi sayıla bilər, bu zaman prioritet yerli dərman preparatlarına verilməlidir. Əczaçılıq istehsalının lokallaşdırılması üzrə dövlət proqramı gerçəkləşdirən qonşu Rusiya bu yolla irəliləmək niyyətindədir.
MƏSLƏHƏT GÖR: