
KƏŞMİR SƏDDİ
Hindistanla-Pakistan yeni müharibənin astanasında
Müəllif: Natiq MƏMMƏDZADƏ Bakı
Hindistan - Pakistan münasibətlərində növbəti gərginlik baş qaldırıb. İki ölkənin yarandığı 1947-ci ildən Kəşmir regionu onların arasında hələ də mübahisə obyekti olaraq qalır. Amma həm Hindistanın, həm də Pakistanın nüvə dövləti olması Kəşmir problemini adi ərazi mübahisəsindən daha ciddi münaqişəyə çevirir. Bu münaqişə, şübhəsiz ki, qlobal qeyri-sabitliyin əsas ocaqlarından biridir.
Vaxtilə Hindistanla Pakistanın bölünməsi dini prinsiplə həyata keçirilib. Keçmiş Britaniya Hindistanının əhalisi, əsasən, müsəlmanlardan ibarət əyalətləri Pakistana, hindlilərin üstünlük təşkil etdiyi hissəsini isə Hindistana verilib. Bugünədək davam edən mübahisə əhalisinin əksəriyyəti müsəlman olan Cammi və Kəşmir knyazlığı ilə bağlıdır. Knyazlığın rəhbəri hindli olduğundan o, bölgənin Hindistana birləşməsinə qərar vermişdi ki, bu da Pakistanın narazılığına səbəb olmuşdu.
Nəticədə, 1947-1948-ci illərdə baş vermiş ilk Hindistan-Pakistan müharibəsi birincinin qələbəsi ilə başa çatmışdı. Sonda BMT-nin vasitəçiliyi ilə müəyyənləşdirimiş təmas xəttinə əsasən, keçmiş knyazlıq ərazisinin 60%-i Cammi və Kəşmir ştatı şəklində Hindistanın nəzarətində qaldı, ərazinin, təxminən, üçdəbiri isə Gilgit-Baltistan vilayəti, həmçinin faktiki olaraq müstəqil Azad Kəşmir şəklində Pakistanın nəzarətinə keçdi. Kəşmir ərazisinin daha 10%-ni 60-cı illərin əvvəllərində Çin ələ keçirərək, orada Aksayçin regionu yaratdı.
Yaxın keçmişdə problem Hindistanla-Pakistan arasında daha 2 müharibəyə, eyni zamanda, çox saylı silahlı toqquşmalara səbəb olub. 80-ci ilin sonlarından bugünədək münaqişə, müxtəlif hesablamalara görə, 70-100 min insanın həyatına son qoyub.
Hazırda Kəşmir problemi ətrafında növbəti gərginlik yaşanmaqdadır. Üstəlik, bu dəfə gərginlik hindistanlı və pakistanlı hərbçilər arasındakı artıq illərdir, ənənə halını almış atışmadan daha ciddidir.
Münaqişə bölgəsindən ilk həyəcan siqnalı hələ bu il sentyabrın 18-də gəlmişdi. O zaman Hindistanın Uri hərbi şəhərciyinə hücum nəticəsində 19 hərbçi həlak olmuşdu. Hindistan bu cinayətdə iştirak etmiş islamçı yaraqlıların oraya Pakistan ərazisindən gəldiyini bəyan etmiş, rəsmi İslamabad isə hadisəyə heç bir aidiyyətinin olmadığını açıqlamışdı. Bununla yanaşı, Hindistan sentyabrın 29-da xüsusi təyinatlılar tərəfindən Kəşmirin Pakistanın nəzarətində olan hissəsində cavab əməliyyatının keçirildiyini elan etmişdi. Bu dəfə 7 sığınacaq dağıdılmış, 35-dən artıq ekstremist məhv edilmişdi. O vaxtdan Kəşmir ətrafında gərginlik hər ötən gün daha da artır. İslamabadla-Nyu-Dehli bir-birini barışığı pozmaqda, təmas xəttində səbəbsiz yerə atəş açmaqda ittiham edir; məsələn, Kəşmirdəki nəzarət xəttində hindistanlı hərbçilər tərəfindən açılmış «səbəbsiz» atəş nəticəsində, 7 pakistanlı hərbçi dünyasını dəyişib. Əvəzində, Pakistan nəzarət xəttindəki Bhimper sektorunda əməliyyat keçirərək, 11 hindistanlı hərbçini məhv edib.
Amma tərəflər ara-sıra atışmalarla, lokal hərbi əməliyyatlarla kifayətlənmir. Nyu-Dehli Pakistan ordusunun Cammu və Kəşmir ştatının Racuari sektorunu şiddətli atəşə tutduğunu bəyan edib. İslamabad isə qarşı tərəfin Pakistanın nəzarətində olan əraziləri Kəşmirin nəzarət xətti boyunca atəş altında saxladığını bildirir. Bu hadisələr nəticəsində hər iki tərəfdən istər hərbçilər, istərsə də dinc sakinlər həlak olur. İki ölkə münasibətlərində gərginliyin artdığını göstərən daha bir amil İslamabadın Kəşmirin Pakistana aid hissəsində «İldırım zərbəsi» adlı hərbi təlimlərə başlamasıdır. Bundan başqa, Hindistan dünyaya “Yer-Yer” tipli «Prithvi-II» ballistik raketinin növbəti uğurlu sınağının keçirildiyini elan edib. Söhbət nüvə başlığı daşımaq iqtidarında olan raketdən gedir. «Prithvi-II» Hindistanın idarəolunan raketlər üzrə kompleks proqramı çərçivəsində istehsal olunmuş ilk raketdir. Üstəlik, Nyu-Dehli Pakistanla münasibətlərdəki gərginlik fonunda «Gepard» layihəsinin reallaşdırılmasına da start verib. Bu, Hindistanın malik olduğu İsrail istehsallı pilotsuz uçuş aparatlarının daha da müasirləşdirilməsini və idarəolunan silahlarla təchizatını nəzərdə tutur. Bununla yanaşı, Hindistan tərəfi diqqəti bu aparatların, ilk növbədə, xüsusi təyinatlıların əks-kəşfiyyat əməliyyatları üçün nəzərdə tutulduğuna çəkir, onların əsas istifadə zonasının Kəşmir olacağını gizlətmir.
Beləliklə, Hindistanla-Pakistan arasındakı köhnə qarşıdurmanın qızışması perspektivi ortadadır. Onun qlobal təhlükəsizlik baxımından heç kəsin maraqlarına uyğun olmadığı isə aydındır. Çünki iki nüvə fövqəldövləti arasındakı bu münaqişəyə bu və ya digər dərəcədə dünya siyasətinin başqa nəhəngləri də cəlb oluna bilər; məsələn, Rusiya Hindistanla ənənəvi dostluq münasibətlərinin inkişafına çalışsa da, son zamanlar Pakistanla strateji əməkdaşlığı da gücləndirir. Tərəflərin bu yaxınlarda keçirdiyi birgə hərbi təlimlər də bunun göstəricisidir. Bu, birincisi, Rusiyanın Kəşmir münaqişəsi tərəfləri ilə münasibətdə balansı qoruyub-saxlamaq istəyi ilə bağlıdır. İkincisi, Moskva ilə İslamabad arasında dialoqun genişləndirilməsinə Rusiya-Qərb münasibətlərinin getdikcə pisləşməsi fonunda, onun Çinlə yaxınlaşması kontekstində də baxmaq lazımdır. Yeri gəlmişkən, Çin illərdir davam edən bu münaqişədə İslamabadı dəstəkləyir və Hindistanı Asiya geosiyasətində özünün əsas rəqibi sayır.
ABŞ-a gəlincə, o Pekinin Asiyada getdikcə güclənən mövqelərini zəiflətmək məqsədilə, əksinə, Hindistanla strateji əməkdaşlığı inkişaf etdirir. Halbuki, Vaşinqton onilliklərdir, İslamabada özünün Asiya qitəsindəki ən yaxın müttəfiqi kimi, dəstək olub.
Göründüyü kimi, bütün variantlarda nəinki Asiyanın, bütünlükdə dünya iqtisadiyyatına və siyasətinə təsirini ardıcıl və məqsədli şəkildə artırmaqda olan Çinin adı keçir. Son zamanlar Hindistanla-Pakistan arasındakı qarşıdurmada əsas xarici qızışdırıcı amil də Çindir. Bir məqamı qeyd etmək kifayətdir: Pekinin noyabrın əvvəlində Cammi və Kəşmirdə, Hindistanın Ladakh vilayəti ilə sərhəddə suvarma kanalının inşasını dayandırmasından sonra, hindistanlı və çinli hərbçilər, az qala, bir-biri ilə döyüşə başlayacaqdı. Pekinin bu davakarlığı yalnız Çinin deyil, Pakistanın da maraqlarına uyğun idi. Lap Pekinin Hindistanın şimal-şərq hissəsinin suvarılmasında istifadə olunan Brahmaputra çayı ilə su axınını azaltması kimi. Bu, Nyu-Dehlinin Hind çayı və onun qollarında su həcmini azaltmaq niyyətinə cavab idi. Çünki Hindistanın bu addımı Pakistanda əməlli-başlı aclığa səbəb ola bilərdi.
Pekinlə-İslamabad arasındakı əməkdaşlığın ən vacib bəndlərindən biri də Qaşqar (Çinin Sintszyan-Uyğur muxtariyyətində şəhər) - Qvadar (Pakistanın Hind okeanı sahiindəki Belucistan əyalətində liman) yüksək sürətli dəmir yolu magistralının inşası ilə bağlı birgə layihədir. İkitərəfli əməkdaşlığın daha bir önəmli obyekti də var - Pakistanla-Çini birləşdirən dağlıq Qaraqorum şosesi. O, Kəşmirin Pakistan ordusunun nəzarətində olan rayonlarından keçir.
Çin Pakistana dəstəyini Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı özündə birləşdirən BRICS kimi nüfuzlu beynəlxalq formatda da nümayiş etdirir. Təşkilatın oktyabrda Qoada keçirilmiş sammitində Hindistan Pakistanın təşkilatın digər üzvləri tərəfindən pislənməsinə çalışsa da, Çin buna qəti şəkildə mane olub. Nəticədə, sammitin yekun qətnaməsindən Pakistan əleyhinə olan fikirlər çıxarılıb.
Bununla yanaşı, Hindistanla-Pakistan arasında gərginliyin artması bir sıra regional təşkilatların taleyində də rol oynaya bilər; məsələn, Hindistanın Baş naziri Narendra Modi Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasının (Əfqanıstan, Banqladeş, Butan, Hindistan, Maldiv, Nepal, Pakistan və Şri-Lankanı birləşdirir) noyabrın 15-16-da İslamabadda keçirilməli olan toplantısına qatılmaqdan imtina edib. Sonda Hindistan-Pakistan münasibətlərinin gərginləşməsi sammitin təxirə salınmasına səbəb olub. Hindistan Xarici İşlər nazirinin birinci müavini Subramaniam Cayşankar isə daha da irəli gedərək, təşkilat üzvlərinin bu formatda əməkdaşlıqdan imtinasının mümkün olduğunu deyib. O hesab edir ki, təşkilatın üzvləri əməkdaşlığı digər regional forum - «Çoxsektorlu texniki və iqtisadi əməkdaşlıq üçün Benqal körfəzi təşəbbüsü» çərçivəsində davam etdirə bilər. Bu yerdə bir məqamı qeyd etmək lazımdır ki, Pakistan özündə Hindistan, Banqladeş, Butan, Myanma, Nepal, Şri-Lanka və Tailandı birləşdirən bu birliyə daxil deyil.
Qarşıdurmanın qızışmasına baxmayaraq, Hindistanla-Pakistan arasında miqyaslı müharibənin başlayacağını demək çətindir. Ən azı ona görə ki, hər iki dövlət nüvə silahına malikdir. Ümid edək ki, ağıl bu işdə üstün gələcək və tərəflər miqyaslı silahlı münaqişənin astanasından o tərəfə keçməyəcək. Üstəlik, ötən onilliklər ərzində onlar barışıq, dil tapmaq sahəsində kifayət qədər təcrübə toplayıblar. Belə barışığın əldə olunmasından həm Hindistan, həm də Pakistanla dost olan ölkələr də maraqlıdır; məsələn, Azərbaycan. Bakı üçün Hindistan perspektivli tərəfdar, Pakistan isə onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini birmənalı şəkildə dəstəkləyən strateji müttəfiqdir.
MƏSLƏHƏT GÖR: