Müəllif: Nigar ABBASOVA Bakı
Dünyanın neft-qaz bazarında investisiya qoyuluşunun rekord həddə azalması ilə müşayiət olunan böhranın indiki qızğın vaxtında investordan imtina yolverilməz israfçılıq sayıla bilər. Üstəlik, bir ölkə borc içərisində boğulursa, beynəlxalq kreditorlar tərəfindən borcun qaytarılması üçün sıxışdırılırsa… Məhz belə bir şəraitdə Yunanıstan Azərbaycanın SOCAR şirkətinin bu dövlətə məxsus DESFA qazpaylayıcı şirkətinin özəlləşdirməsinə «yox» deyib. Bununla da DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı SOCAR ilə 4 il davam edən danışıqlar nəticəsiz başa çatıb.
Hər şey 2013-cü ilin yayında Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondunun (HRADF) SOCAR-ın DESFA-dan 66%-lik səhmi 400 milyon avroya alınması təklifini qəbul etməsi ilə başlamışdı. Elə həmin ilin dekabrında yunan şirkətinin səhmlərinin alqı-satqısına dair razılaşma da imzalanmışdı. Sövdələşmənin yekunlaşması üçün çox az iş qalırdı - razılaşmaya Avropanın antiinhisar orqanları «hə» deməli idi. Lakin proses yubandı. Bundan başqa, iqtisadi böhran fonunda Yunanıstanda solçu SİRİZA koalisiyası hakimiyyətə gəldi. Nəticədə, SOCAR yeni hökumətlə danışıqlar aparmaq məcburiyyətində qaldı. Üstəlik, o, Avropa Komissiyasını inandırmalı idi ki, DESFA-nın səhmlərinin alınması Azərbaycanın «Cənub Qaz Dəhlizi» layihəsi çərçivəsində Yunanıstana qaz ixrac etməsi ilə birlikdə SOCAR tərəfindən inhisarçılığa yol açmayacaq. Amma Avropa Komissiyasını buna tam inandırmaq mümkün olmadı və nəticədə SOCAR yunan şirkətindəki payının 49%-ə endirilməsinə razılaşdı - indi 17%-lik səhm İtaliyanın «Snam» şirkətinə satılmalı idi. Beləliklə, razılaşmanın imzalanması üçün heç bir maneənin qalmadığı düşünülərkən, növbəti «sürpriz» Yunanıstan hökumətindən gəldi. Yunanıstan parlamenti DESFA-nın tarif siyasətinə dəyişikliklərin edilməsinə dair qərar çıxardı. Bu qərar qarşıdakı bir neçə ildə nəqliyyat tariflərinin məhdudlaşdırılmasını nəzərdə tuturdu. Halbuki, ilkin olaraq tariflərin 68% artırılması gündəmdə idi.
Yunanıstanın energetika nazirinin sözlərinə görə, bu addımın məqsədi qaz tariflərinin artımının qarşısını almaqdır və bu, daha çox sosial yüklü məsələdir. Amma SOCAR-dan bildiriblər ki, nəqliyyat tariflərinin əvvəl nəzərdə tutulmuş 68%-ə mərhələli şəkildə qaldırılması bazarda qazın qiymətini cəmi 3% artıra bilər və üstəlik bu, yalnız bir neçə ilə mümkün idi. Demək, DESFA-nın tarif siyasətinin sosiallığından danışmağa dəyməzdi.
Bununla yanaşı, tarif artımının məhdudlaşdırılması ilə bağlı qərar Yunanıstan operatorunun gəlirinin 50% azalması demək idi. Belə olan şəraitdə SOCAR DESFA-nın səhm paketinin ucuzlaşmasının vacibliyini bəyan etmişdi.
Yunan KİV-in məlumatına görə, SOCAR almaq istədiyi səhmlərə görə qiymətin 400 milyon avrodan 260 milyon avroya endirilməsini təklif edib. Bundan başqa, şirkət daha kompromis variant da irəli sürüb - ilkin mərhələdə 300 milyon avronun ödənməsi, qalan 100 milyonun isə uzun müddət ərzində DESFA-nın gətirəcəyi qazancdan ödənilməsi. Amma bu variant da yunan tərəfini razı salmayıb və danışıqlar birdəfəlik dalana dirənib.
«Son aylarda Yunanıstan hökuməti SOCAR və İtaliyanın «Snam» şirkətinin təmsilçilərilə DESFA-nın səhmlərinin 66%-nin satılmasına dair fasiləsiz müzakirələr aparıb. Lakin onların təklifi bizi qane etmədi», - deyə Yunanıstanın energetika və ətraf mühit naziri bildirib.
Qurumdan verilən açıqlamada deyilir ki, potensial alıcıların alternativ təklifləri də qəbul edilməyib. SOCAR ilə «Snam» isə öz növbəsində, DESFA-nın maliyyə vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş təklifini qəbul etməyib. «Buna əsasən də DESFA-nın səhmlərinin 66%-nin satışına dair danışıqların dayandırılması qərara alınıb», - deyə nazirlikdən bildiriblər.
Azərbaycan şirkəti, əlbəttə ki, yunan aktivlərinə müəyyən ümidlər bağlayırdı. Şirkətin mütəxəssislərinin fikrincə, yunan operatorunun səhmlərini almaqla SOCAR yalnız Yunanıstanda distribütorluq qazanmayacaqdı, onun əli Yunanıstan-Bolqarıstan qaz kəmərinə də çatacaq, o, bu ölkədə qaz satmaq imkanı əldə edəcəkdi.
Buna baxmayaraq, SOCAR Balkan regionunda gələcək fəaliyyəti ilə bağlı nikbinliyini itirmir. Şirkətdən verilən məlumata görə, DESFA ilə danışıqların dayandırılması qurumun Yunanıstana və regiona investisiya yatırmaq perspektivinə təsir göstərməyəcək.
Yunanıstan hökuməti artıq yaxın zamanlarda DESFA-nın gələcək taleyinə aydınlıq gətirmək niyyətindədir. Şirkətin artıq yeni şərtlərlə yenidən özəlləşdirilməyə çıxarılacağına şübhə yoxdur. Yunanıstan mətbuatı yazır ki, hökumət keçiriləcək müsabiqənin sonunda şirkətin səhmlərinin 51%-ni özündə saxlamağı planlaşdırır. Hökumətdə hesab edirlər ki, strateji investora şirkətin yalnız 25-30%-i satılmalıdır. Yunanıstanın Kathimerini internet nəşri isə DESFA-ya artıq yeni müştərilərin çıxdığını xəbər verir. Məlumata görə, bunlar Belçikanın «Fluxys» və Rumıniyanın «Transgaz» şirkətləridir. Maraqlıdır ki, «Fluxys» əvvəllər də DESFA-nın səhm paketilə maraqlanıb və SOCAR ilə operatorun 8%-nin alınmasına dair danışıqlar da aparıb. Lakin sonradan o, fikrindən daşınaraq, yerini İtaliyanın «Snam» şirkətinə güzəştə getmişdi.
İndi isə Yunanıstan KİV belçikalıların DESFA-nın 51%-ni əldə etmək niyyəti ilə bağlı nikbin xəbərlər yayır. «Transgaz»a gəlincə, yenə də Kathimerini nəşrinin məlumatına görə, Rumıniya şirkəti DESFA-nın səhm paketinə SOCAR-ın ən başda təklif etdiyi məbləği, yəni 400 milyon avro ödəməyə hazırdır. Amma burada bir önəmli məqamı dəqiqləşdirmək lazımdır - «Transgaz»ın ümumi bazar dəyəri 3,5 milyard ley, yaxud təxminən, 780 milyon avrodur. Bu, DESFA-nın səhm paketinin qiymətindən cəmi 2 dəfə çoxdur. «Transgaz» Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrini birləşdirən infrastrukturun inkişafında vacib rol oynasa da, onun DESFA-nın satın alınması üçün lazım olan və onun miqyasına görə kifayət qədər ciddi məbləci haradan əldə edəcəyi sual olaraq qalır. Guman ki, yunan tərəfi bu «piar»la, sadəcə, üzləşdiyi uğursuzluğu üzə verməməyə, SOCAR və «Snam»ın gedişinin şirkətin özəlləşdirilməsi planına mane olmayacağını, yeni şərtlərlə belə, ona təlabatın olduğunu göstərməyə çalışır.
İstənilən halda, Yunanıstan hökuməti SOCAR-la bağlı məsələdə tərəfdaş kimi necə etibarsız olduğunu nümayiş etdirdi. Belə bir şəraitdə Yunanıstan hökumətinin yeni alıcıya hansısa güzəştlər etmədən DESFA-nın özəlləşdirilməsinə nail olacağına inanmaq çətindir. Ölkədəki qeyri-sabit iqtisadi vəziyyət, hökumətin bu və ya digər investisiya layihəsinin cəlbediciliyini «öldürməyə» qadir tələsik qərarları istənilən potensial alıcını qorxuda bilər. Odur ki, çətin ki hansısa şirkət nəzarət səhm paketinə sahib çıxmadan, özünə müəyyən fayda olmadan Yunanıstanın qazpaylayıcı sistemini inkişaf etdirmək, ciddi təşkilati işlər görmək və bu zaman ciddi məbləğdə vəsaitini riskə atmaq istəsin…
Yeri gəlmişkən, SOCAR ilə sövdələşmə Yunanıstanın növbəti maliyyə yardımı gözlədiyi beynəlxalq kreditorlarda da qıcıq yaradıb. İndi, maliyyə institutları yunan tərəfindən kommunal xidmət sahəsində fəaliyyət göstərən digən dövlət müəssisələrinin (elektrik enerjisinin, suyun paylanması, DEPA və s.) satışında daha sərt qrafik tələb edir. Yunanıstana üçüncü kredit yardımı proqramının şərtlərinə görə, ölkə yalnız aktivlərin satışından 2016-cı ildə 3,7 milyard, 2017-ci ildə isə 1,3 milyard avro əldə etməlidir. 2016-cı ilin büdcəsində aktivlərin satışından əldə olunacaq gəlir 1,9 milyard avro həcmində qiymətləndirilib. Amma özəlləşmə məsələsinə belə yanaşma ilə Yunanıstan, çətin ki, qarşıya qoyulmuş hədəflərə nail olsun.
İstənilən halda, söhbət itkilərdən gedərsə, DESFA-nın satılması ilə bağlı «savaş»dan məğlub çıxan Yunanıstandır. SOCAR isə öz investisiyasını daha əlverişli investisiya iqliminə malik ölkələrə yönəldə bilər. Gündəm Avropadırsa, Azərbaycanın Dövlət Neft Şirkəti əvvəlkitək, Albaniya iqtisadiyyatına investisiya yatırmaqda maraqlıdır. Bunu Azərbaycan prezidenti İlham Əliyev də Albaniyanın Bakıya yeni təyin olunmuş səfiri Genti Qazheli ilə noyabrda keçirdiyi görüşündə də təsdiqləyib. «Enerji sahəsində əlaqələr digər istiqamətlərdə, o cümlədən sərmayə qoyuluşu, ticarət, nəqliyyat sahələrində də əməkdaşlıq üçün yaxşı imkan yaradacaq», - deyə İ. Əliyev qeyd edib.
Bundan başqa, Xorvatiya SOCAR-a öz ərazisində 4-6 milyard kubmetr qaz gücü olan mayeləşdirilmiş təbii qaz terminalının tikintisində iştirakı təklif edir. Bu ölkənin prezidenti Kolinda Qrabar-Kitaroviç Bakıya səfəri zamanı bildirib ki, Krık şəhərindəki bu cür obyekt Azərbaycan üçün perspektivli ola bilər.
SOCAR investisiya fəaliyyətini genişləndirmək üçün indi, Afrika qitəsini də fəal şəkildə nəzərdən keçirir. Bu səylər nəticəsində SOCAR 26%-lik payla CI-GNL konsorsiumuna daxil olub. Bu konsorsium Kot-d`İvuarda mayeləşdirilmiş təbii qaz ixracı terminalı tikəcək. İllik 3 milyon ton mayeləşdirilmiş təbii qaz gücündə olacaq terminal layihəsinin operatoru «Total» olacaq.
Azərbaycanın Dövlət Neft Şirkəti Burkina-Faso və Benində də bir sıra enerji layihələri reallaşdırmağa hazırlaşır. Bu, həmin ölkələrin enerji resursları, xüsusilə neft məhsulları ilə təchizatının yaxşılaşdırılmasına hesablanıb. Bu ölkələrin ali rəhbərliyilə ilkin danışıqlar artıq baş tutub və layihələr öyrənilməsi üçün onlara təqdim olunub. Benin rəhbərliyi ilə SOCAR-ın Kotonu şəhərində liman tikməsi imkanları, həmçinin bir sıra digər infrastruktur layihələri də müzakirə edilib.
Odur ki, imkanlar çoxdur. İndi, əsas məsələ səhvə yol verməmək və doğru seçim etməkdir.
SOCAR-ın XARİCDƏKİ İNVESTİSİYALARI
2016-cı il yanvarın 1-nə olan məlumata görə, SOCAR-ın xarici ölkələrdə reallaşdırılan layihələrə ümumi yatırımı 4 milyard 486,9 milyon dollar təşkil edir. Bunun 3 milyard 334,3 milyonu Türkiyədə həyata keçirilmiş layihələrin payına düşür. İsveçrədə 414,5 milyon dollar, Gürcüstanda 386 milyon dollar, Ukraynada 280,8 milyon dollar, Rumıniyada 71,3 milyon dollar.
MƏSLƏHƏT GÖR: