23 Noyabr 2024

Şənbə, 19:07

YENİ İLƏ İNAMLA

«İli necə qarşılayarsan, elə də yola salarsan». Buna hamı inanır: uşaqlar da, böyüklər də...

Müəllif:

01.01.2017

Köhnə bir albomda çox köhnə bir rus açıqcası var. 1901-ci ilə aiddir və üzərində rusca «doroqoy Jene» sözləri yazılıb. Burada hansı sözün hallandığı qaranlıq qalıb - «jena», yəni «əziz arvadıma» sözü yazılıb, yoxsa açıqca «əzizim Jenyaya» - yəni Jenya adlı qadına ünvanlanıb? Əsas məsələ bu deyil. Maraqlı odur ki, görəsən, XX əsrin əvvəllərində bizim əcdadlarımız bir-birlərini daha hansı

poliqrafik «gözəlliklərlə» sevindiriblər. Azərbaycanın da nə zamansa daxil olduğu Rusiya İmperiyasında da Sovet İttifaqında olduğu kimi, insanların məişətinə estetik müxtəliflik bəxş edən çox sayda fərqli atributlar olub. Açıqcanın üstündə poçt markası yox idi, amma üzərində müxtəlif Avropa dillərində yazılırdı ki, bu, poçt kartıdır: «Weltpostverein Ümumdünya Rusiya Poçt İttifaqının açıq məktubu». Daha sonra isə təbrik mətni üçün yer gəlirdi. Maraqlıdır, belə açıqcanı markasız necə yola salırdılar: zərflə, yoxsa zərfsiz? Yeni il markaları nə zaman yarandı?

 

Yeni il markaları

Məlum olur ki, ilk Yeni il markası 1904-cü ildə Danimarkada yaranıb. Onu sadə poçtmeyster Eynar Hollbel düzəldilib. Markanın nominalı olmayıb və yalnız Yeni ildə təbrik məqsədi ilə işlədilib, həmçinin mövzusu da istisna olaraq, Yeni il istiqamətində olub. Markada həm qar adamlar, həm konki və kirşədə sürüşən uşaqlar, həm də bəzənmiş küknarlar təsvir edilmişdi. İdeya xoşa gəldi və bütün dünya yaxınlarına estetik həzz və xoş bayram əhvalı bəxş etmək üçün yeni bir imkan kimi bunu qəbul etməyə başladı. Nominallı Yeni il markaları dövriyyəyə yetərincə gec - otuz il sonra daxil oldu. Markaların satışı poçt qurumlarına və dövlətlərə önəmli gəlir gətirdi - bəşəriyyətin bütün bədii kəşfləri kimi.

 

Yeni il zərfləri

İlk zərflər ingiliscə "convert" (konvert) adlanırdı və "bükmək" mənası verirdi. İlk zərf İngiltərədə 1820-ci ildə yaradıldı. Buna qədər isə məktubları lülə kimi bükürdülər. Zərfin ixtirası insanların xoşuna o qədər gəldi ki, onlar, hətta bundan metaforik ünsiyyət vasitəsi kimi istifadə etməyə başladılar; məsələn, Çində zərflər müxtəlif rəng qammasına malikdirlər. Rəng kodlaşdırımış bəyandır. Pulu qırmızı zərfdə verirlər, borcu isə sarı zərfdə qaytarırlar. SSRİ-də Yeni il zərfləri yalnız 1954-cü ildə peyda oldu, üzərində Kremldəki qar dənələri ilə çevrələnmiş Spassk qülləsi təsvir edilmişdi. Daha sonra zərfin sağ küncündə yerləşdirilmiş rəsmlər daha müxtəlif oldu və Yeni il mövzusuna süjetli şəkildə uyğunlaşdırıldı.

Bu gün biz poçt açıqcalarından və zərflərdən nadir hallarda istifadə edirik və epistolyar ünsiyyətin daha çağdaş forması olan elektron poçta müraciət edirik. Amma poçt açıqcaları insani duyğulardan və hisslərdən biznes naminə yararlanmağı bacaran işgzar adamların işinə yarayır; məsələn, Texas ştatından olan hansısa Bayron Riz valideynlərin öz uşaqlarını Santa Klaus məktubları ilə sevindirmək istəyini görərək özünə sayt açıb. Amerikanlar saytdan cəmi $10-a öz övladları üçün Santa məktubları ala bilərlər. Əl xətti ilə yazılmış məktublar hər bir uşağın adına müraciətlə başlayır. Keyfiyyətli kağızda yazılmış məktublar gözəl Yeni il mövzusunda markalaşdırılmış zərflərdə göndərilir.

 

Yeni il açıqcaları

Statistika göstərir ki, açıq məktub şəklində açıqca 200 ilə yaxındır ki, yaranıb. Özü də hər bir xalqın və ölkənin öz açıqca versiyası var. Fransızlar iddia edirlər ki, 1870-1871-ci illərdə baş vermiş Fransa - Prussiya müharibələri zamanı kağız qıtlığı üzündən əsgərlər dördkünc karton parçaları istifadə etməyə başlayıblar. İngilislər hesab edirlər ki, hər şey ilk dəfə öz doğmalarına bu cür açıqca yollamış ser Henri Klounun ideyasından başlayıb. Həmin açıqcada xoşbəxt ailə təsvir edilibmiş və üzərində yazılıbmış: «Sizə şən Milad və xoşbəxt Yeni il arzulayıram».

Almaniyada açıqcanı xüsusi «poçt vərəqi» adlandırıblar, onun bir üzündə mətn, o biri üzündə isə ünvan yerləşdiriblər. Süjetli rəsm üçün əvvəlcə yer olmayıb. Sonra açıqca vərəqlərini təkmilləşdiriblər və ona illüstrativ-tematik dəyərlər əlavə ediblər. Çində qədim zamanlardan vizit kartları istifadə edilib, sonradan onlar açıqcaya çevrilib. Qonaq gedən zaman həmin açıqcalarda öz mətnini yazıb, bununla da ev sahiblərinə, yaxud vəziyyətə şəxsi münasibətlərini ifadə edə biliblər. Rusiya İmperiyasında açıqcalar ilk dəfə 1872-ci ildə müxtəlif rəngli açıq məktublar şəklində peyda olub. Qəhvəyirəngli məktublar yalnız bir şəhərin daxilində istifadə olunurdu. Yaşılrəngli açıqcaları isə Rusiya İmperiyasının başqa şəhərlərinə göndərmək mümkün idi. 1895-ci ildə isə illüstrasiyalı açıqcalar, o cümlədən Yeni il açıqcaları peyda oldu. Zaman keçdikcə açıqcalarda Şaxtababa və Qar qız, Santa-Klaus və qoşqu marallarının əksi yer aldı.

Amerikalı naşir Luis Pranq 1885-ci ildə nağıl babasına qırmızı kürk geyindirib, müxtəlif rəng qammasına uyğun milad açıqcaları buraxıb. Santa-Klausun indi hamıya bəlli olan görkəmini isə rəssam Hendon Sandblom 1931-ci ildə yaradıb, Coca-Cola reklamı üçün rəsmlər seriyası buraxıb.

 

Kinoda Yeni il mövzusu

Bəllidir ki, kino bütün incəsənət növlərindən ən təsirlisidir. Bu da təbiidir ki, melodram, komediya və dram süjetlərinin bir çoxu nə cürsə, Yeni illə bağlıdır. Bizim milli kinomuzda hələ sovet vaxtı rejissor Gülbəniz Əzimzadə tərəfindən Anarın ssenarisi əsasında «Ötən ilin son gecəsi» filmi çəkilib. Rusiya telekanalları hələ də yeniilqabağı Eldar Ryazanovun «Taleyin istehzası və ya həmişə təmizlikdə» filmini göstərirlər. Yeni il tətili günləri isə Aleksandr Rounun «Morozko», K.Bromberqin «Cadugərlər», P.Kadoçnikovun «Qar qız» filmləri göstərilir. Amerikalılar isə bu günlərdə Con Hyuzun «Qıvrımsaç Syu», N.Efronun «Sietldə yatmayanlar», N.Mayersin «Mübadilə üzrə tətil», K.Kolambusun «Evdə tək» filminə baxacaqlar. Böyük Britaniyada isə Hollivudun klassikasına - F.Kiprin «Bu gözəl həyat» (1946), C.Smitin «34-cü küçədəki möcüzə» (1947), E.Löbiçin «Küncdəki dükan» (1940) filmlərinə baxırlar. Çağdaş filmlərdən isə Ş.Maquayrın «Bricit Consun gündəliyi» və R.Körtisin «Real sevgi» filmlərinə üstünlük verirlər. Bütün süjetlərdə hadisə Yeni il günlərində və ya ərəfəsində başlayır. Qəhrəmanlar mütləq Yeni il ərəfəsi anlayırlar ki, insanın həyatında sevgidən önəmli və dəyərli heç nə yoxdur. Qəhrəmanlar bir-birlərini və sevgilərini tapırlar.

 

Yeni il mövzusu teatrda

Yeni il, həmçinin bununla bağlı sehrli hadisələr teatr səhnələrindən də yan keçməyib. Niyə? Çünki qəhrəmanların, nəhayət ki, həqiqi sevgilərini tapdıqları lirik, sentimental, gözəl və həyəcanlı sonluqlu əhvalatlar həmişə maraqla qarşılanır və sevilir. Yaşından asılı olmayaraq insanlar həmişə xeyirxahlığa, möcüzəyə, nağıla və sevgiyə inanırlar. Bizim şəhərin və keçmiş sovet ölkəsinin müxtəlif teatrlarında ayrı-ayrı illərdə Yeni il axşamı möcüzələri baş verirdi - Eldar Ryazanov və E.Braginskinin «Həmişə təmizlikdə», N.Ptuşkinanın «Hələ o ölürdü», H.İbsenin «Mavi quş», M.Roşinin «Köhnə Yeni il», O.Yernevin «Yeni il gecəsi sevgi intriqaları» («Ailə portreti interyerdə») tamaşaları göstərilirdi.

 

Dəbli miflər və ənənələr

Deyirlər, hər bir yenilik çoxdan unudulmuş bir köhnəlikdir. Sıfırıncı illərin əvvəllərində bəşəriyyətin gələcəyi ilə bağlı yeni miflər yarandı. Bunlar ulduz falları idi. Həm də Yer kürəsinin ətrafında birillik səyahətə çıxan Bürc işarələrinin Yeni il rəmzləri peyda oldu. Bu rəmzlər 12 işarənin hər birinin təmsilçisini müəyyən sınağa çəkir. Çoxsaylı qurumlar Bürc işarələrinin, kiçik suvenirlərin, şamların və əlbəttə ki, hədiyyələrin satışı üzrə reklam ideyaları inkişaf etdirərək işə salırlar. Bu il biz, tutaq ki, Qırmızı Xoruz ilini qarşılayırıq. Artıq bütün Bürc işarələri üzrə proqnozlar var, çox sayda müxtəlif xoruzlar satılır: böyük və kiçik, qırmızı, sarı, moruğu və bənövşəyi rənglərdə. Artıq onların tətbiqi barədə də ideyalar var. Bayram günləri onları mütləq masanın üstünə düzmək, ətrafına isə dən qoymaq lazımdır. Bu, Xoruzun inciməməsi və bütün il ərzində dimdiyində sənə dən daşıması üçündür. Həm də sürətlə mağazaya qaçmaq və qırmızı don, qırmızı ayaqqabı, dodaq boyası və s. almaq lazımdır. Gərək hər şey xoruzun rənginə uyğun gəlsin, yoxsa inciyə bilər! Sonra isə dostlara, doğmalara və yaxınlara hədiyyə almaq lazımdır. Hədiyyəni də ilin rəmzi ilə almaq məsləhətdir - açıqca və qablaşdırma ilə birlikdə. Yəni xoruz şəkli mütləq olmalıdır. Qırmızı xoruz. Ən pis halda, küknar ağacının yanında Şaxtababa və yaxud oyuncaq asılmış küknar budağı olmalıdır. Mütləq bayrama layiq olmalıdır. Reklam əla işləyir, piar mütəxəssisləri yatmırlar, insanların həmişə bayram və xoş əhval istəməsindən yararlanırlar. Yeni il ən sehrli bayramdır. Axı o, bizim uşaqlıq illərimizdən gələn xoş xatirə ilə doludu.

Ondan şam ağacı, naringi və ceviz ətri gəlir. Şamları və şarları, yolka altındakı mahnıları və valideynlirən hədiyyələri ilə birlikdə. Həm də inanırsan ki, sabah bu gündən daha gözəl olacaq, çünki Şaxtababa və onun sehrli çubuğu, çin olacaq arzu və istəklər var. «Deyirlər, yeniilqabağı bütün arzular çin olur», «Yeni ili necə qarşılayırsan, elə də yola salırsan». Ona görə də bu bayram günləri şənlənin. Hamı buna inanır: kişilər və qadınlar, yaşlılar və uşaqlar. Ona görə inanırlar ki, insan nəyəsə inanmalıdır. Onda niyə Yeni il gecəsinin sehrinə inanmasınlar?



MƏSLƏHƏT GÖR:

489