Müəllif: Fasim ƏLİZADƏ Bakı
Keçən ilin dekabr ayında qəbul edilmiş «Nağdsız hesablaşmalar haqqında» qanun iş dairələrinin və əhalinin çağdaş ödəniş formalarında fəal istifadəyə cəlbi kimi vacib məsələ üçün hüquqi bazanın formalaşdırılmasında, bir növ, final akkordu oldu. Qanun, ilk növbədə, sadələşdirilmiş vergi ödəyicisi olan sahibkarların fəaliyyətini əhatə edəcək. Vergi qurumunun əməkdaşları əsaslı şəkildə şübhələnirlər ki, sahibkarlar öz fəaliyyətlərinin real həcmlərini gizlədir və bununla da dövlət büdcəsi önəmli səviyyədə maliyyə vəsaiti itirir; məsələn, ölkədə 770 min vergi ödəyicisi var və bunların 740 min nəfəri sadələşdirilmiş vergi ödəyicisidir. Yəni 30 min vergi ödəyicisi il ərzində 7 mlrd. manat vergi ödədiyi halda, 4%-lik sadələşdirilmiş vergi ödəyən 740 min vergi ödəyicisi isə il ərzində cəmi 300 milyon manat vergi verir.
Vergilər Nazirliyi əməkdaşlarının bu kateqoriya vergi ödəyicilərinin dövlət büdcəsinə ödənişlərinin artırılması üzrə cəhdləri, adətən, onunla nəticələnir ki, onlar, bir növ, «kartel sazişi» ilə üz-üzə qalırlar ki, bu da çox vaxt nağdsız ödənişlərin inkişafı üzrə nəzərdə tutulmuş tədbirlərin nəticəsiz qalmasına səbəb olur. Xatırlamaq yetərlidir ki, keçən ilin əvvəlində alkoqolu içkilərin nağdsız hesablaşmalar yolu ilə satışının təşkili cəhdi ticarət nöqtələrində bu məhsulun qıtlığının təşkili hesabına baş tutmadı. Əhali arasında narazılığa yol verməmək məqsədi ilə bu kateqoriya məhsulların nağdsız satışının tətbiqini təxirə salmaq qərara alındı. Yeri gəlmişkən, həmin vaxt supermarketlərin sahibləri, bir növ, əks-hücuma keçərək, ticarət obyektlərinin rentabelliyinin yüksəldilməsi üçün 18%-lik əlavə dəyər vergisinin (ƏDV) ləğv edilməsi təklifi ilə çıxış etmişdilər.
Vergilər Nazirliyi bir daha öz doğruluğunu sübut etməli oldu. Yeri gəlmişkən göstərildi ki, 2015-ci ildə ticarət obyektlərindən vergi ödənişini 2014-cü illə müqayisədə 2-3 dəfə artırmaq mümkün olub. Ancaq bu, son deyil, çünki xüsusilə də cidd-cəhdlə ƏDV-nin ləğv edilməsini tələb edən supermarketlərdə aparılmış xronometrajlar göstərdi ki, onların sahibləri ticarət dövriyyəsini 15-35 dəfə aşağı göstərirlər.
Buna görə də ticarət obyektlərində nağdsız hesablaşmalar məsələsinə daha çox diqqət yetirilir. Yeni qanuna əsasən, bu ilin yanvar ayının 1-dən illik dövriyyəsi 200 min manatı ötən ticarət obyektlərində ayda 30 min manata qədər nağd əməliyyat gerçəkləşdirə bilərlər, qalanlarına isə bu, ayda 15 minə qədər icazə verilir.
Qəbul edilmiş tədbirlər tütün məhsullarının topdansatış ticarətçilərini qiyməti qaldırmağa məcbur etdi ki, bu da pərakəndə satış şəbəkəsində qiymətlərin qalxmasına səbəb oldu. Vergilər Nazirliyi tərəfindən aksizlərin və ya hansısa başqa vergilərin qaldırılmamasına baxmayaraq, tütün məhsullarının ticarətçiləri ticarət dövriyyəsinin bütün həcminin leqallaşdırılmasından sonra, vergi yükünün artması üzündən baş verəcək xərcləri bəribaşdan kompensasiya etmək qərarına gəliblər.
Təsadüfi deyil ki, nağdsız hesablaşmaların tətbiqi məsələsinə ilk reaksiya verənlər məhz tütün məhsulları satanlar oldu. Ticarət şəbəkəsində başqa qrup mallardan fərqli olaraq, tütün məsullarının pulu ticarət obyektlərinin sahibləri tərəfindən topdansatışçıya satışdan sonra deyil, bəribaşdan ödənilir. Böyük ehtimalla, başqa məhsulların da topdansatış ticarətçiləri öz məhsullarının qiymətlərini artırmağa çalışacaqlar, çünki bir qayda olaraq, ölkədə biznes öz xərclərini istehlakçıların çiyinlərinə yükləyir.
Ancaq biznesin leqallaşdırılması ölkə büdcəsinə neftdənkənar vergi daxilolmalarının rolunu nəzərəçarpacaq dərəcədə artırmağa imkan verəcək. Bununla da ölkə rəhbərliyi dövlət xəzinəsinə artan daxilolmaların hesabına pensiya və əməkhaqlarının sonrakı artımına qərar verə bilər. Ən başlıcası, büdcəyə bu cür daxilolmaların artımı dünya bazarında neftin qiyməti ilə bağlı olmayacaq.
Qanun həm də əməkhaqlarının nağdsız qaydada verilməsini nəzərdə tutur. Yeni qaydalara riayət etməməyə görə, birinci halda gerçəkləşdirilən əməliyyatın 10%-i qədər cərimə sanksiyasını nəzərdə tutur, ancaq eyni pozuntunun təkrar baş verməsi cərimə sanksiyasını 40%-ə qədər qaldıra bilər.
Çoxları üçün bu tələb bu il aprelin 1-dən məcuri olacaq, çünki büdcə təşkilatları və iri şirkətlər tərəfindən təqdim olunan ƏDV ödəyiciləri çoxdan əməkhaqqı və pensiyaların verilməsində əməkhaqqı və sosial debit ödəniş kartlarına keçiblər. 2016-cı ilin noyabr ayının nəticələrinə görə, ölkədə 2,516 milyon ədəd əməkhaqqı və 1,513 milyon ədəd sosial debit ödəniş kartı var.
Sadə vergi ödəyicisi olan sahibkarlarda isə bir qədər fərqli durum müşahidə edilir, onların bəzilərində ödənişlər nağd yolla baş verir. Yeni qanunun tələblərinə uyğun olaraq, yüzminlərlə vətəndaş nağdsız ödənişə keçəcək. Qeyd etmək lazımdır ki, əməkhaqqının ödənişi üzrə yeni sistemin tətbiqi vətəndaşlar üçün müəyyən məsrəflər yaradacaq, amma mağazalarda alış-verişin və xidmətlərin pulunu POS-terminallar və ya internet vasitəsilə ödəməklə bu məsrəflərdən qaçmaq olar.
Şəksiz, kommersiya bankları yeni müştərilərdən önəmli səviyyədə dividend əldə etmək imkanı qazanacaq. Daha çox bankomat sayına malik banklar daha çox qazanacaq, çünki sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxslər üçün hesab açılması zamanı kredit qurumunun seçilməsində məhz bu göstərici əsas amillərdən biri olacaq. Axı əməkhaqqı və sosial kartların sahibləri hesablarına vəsait keçirildikdən sonra, onları bankomatlardan tam həcmdə çıxarırlar.
Ümumiyyətlə, kommersiya bankları hesablara daxil olan vəsaitlərə çek kitabları üzrə qiymətlərin və faiz dərəcələrinin azaldılması yolu ilə, yaxud debet ödəniş kartlarının alınması və ya onlara xidmət üzrə daha əlverişli şərtlər təklif etməklə daha cəlbedici xidmət şəraiti yaradaraq, müştərilərin cəlbi üzrə kampaniyaya başlaya bilərlər.
Amma gözləməyə dəyməz ki, sadəcə, bir qanunun qəbulu ilə ölkədə nağdsız ödənişlərin səviyyəsini indiki 11%-dən Belarusun 36%-lik göstəricisinə və ya qonşu Gürcüstandakı 25% göstəricisinə qaldırmaq mümkün olacaq. Nağdsız ödənişlərin inkişafı üçün prosesə alıcıların da, satıcıların da marağını artırmaq, hər iki tərəfin maraqlarını təmin etmək lazımdır ki, bu da vergi ödənişlərinin azaldılması yolu ilə mümkündür.
Ödəniş kartlarının sahibləri nağdsız ödənişlərin üstünlüyünü gözəl anlayır. Bu, hesablaşmaların cəldliyini, rahatlığını, təhlükəsizliyini və şəffaflığını təmin edir. Amma bunu, ən azından, ticarət oybektlərinin sahibləri də başa düşməlidir, bəzən onların ödəniş üçün nəzərdə tutduqları POS-terminallar o qədər uzaqda yerləşir ki, alınan malların pulunu ödəniş kartı ilə vermək istəyəndə cəldlik əvəzinə, kassanın önündə tıxac yaranır.
Malların alınması zamanı əhalinin nağd vəsaitlərdən nağdsız ödənişlərə keçməsinin stimullaşdırılması üçün bəlkə də indiki ƏDV dərəcəsini azaltmağa ehtiyac var. Nağdsız hesablaşmaların aparılması zamanı ƏDV-ni 15%-ə qədər salmaq bəlkə də mümkündür.
Ümumiyyətlə, hökumət, şəksiz ki, bundan sonra yenə də nağdsız hesablaşmaların inkişafı məsələsinə qayıdacaq, biznesin və vətəndaşların ödənişlərdə kartlardan istifadəsi üzrə imkanlarını nəzərə alacaq.
MƏSLƏHƏT GÖR: