Müəllif: Allanna LƏSKƏNLİ Bakı
Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin İncəsənət Qalereyasında bir neçə gün bayram əhvalı hakim kəsilib. Ümumiyyətlə, burada belə günlər nadir hadisə deyil. Qalereyada öz izləyicilərini klassik incəsənətlə çağdaş həyatın ritmlərini birləşdirməyi bacaran yeni maraqlı rəssamların adları ilə sevindirməyi bacarırlar. Bu dəfə isə «Minabi - kainat naxışları» ekspozisiyası təsviri incəsənətdə müxtəlif dövrlər arasına uğurlu bağlantı yaratması ilə xoş təəssürat oyadıb.
Məzmun və gözəllik öyüdü
Minabi - rəssam Milena Nəbiyevanın şifrələnmiş adıdır. O, gəncdir və ətrafa müsbət enerji bəxş edir. Onun bütün işləri bu cür şən, nikbin boyalarla yerinə yetirilib ki, müəllifin könül harmoniyasına şübhə etmək mümkün deyil.
«Bu, belə gözəl qalereyada mənim ilk fərdi sərgimdir. Burada təqdim edilən hər şey mənim zamanların tarixi bağlantısında harmoniya axtarışlarımın nəticəsidir. Bəşəriyyətin qorunan yaddaşı olan tarix bir elm kimi məni həmişə cəlb edib. Amma həyatımın hansısa mərhələsində arxiv materiallarını öyrənən zaman təəccüb və sevinclə anladım ki, təsviri incəsənət özü də tarixdir. Tarix maraqlı, vacib və heyranedici bir elmdir, çünki bəşəriyyət üçün fövqəladə gözəllik və dərin məna öyüdlərini daşıyır».
Gənc rəssamın mövzuca müxtəlif olan işlərinin yerləşdiyi üç zal yalnız onun maraqlarının müxtəlif olmasını göstərməklə qalmır, həm də dünyanın estetik təkmilləşməyə orqanik ehtiyacından xəbər verir.
«Rənglərin mozaikası»
Bu, ilk baxışdan bizə elə gəlir ki, qarşımızdakılar, sadəcə, məişət detallarıdır. Amma baxın: naxışların həndəsi rəsmlərində ötən çağların irsi qorunub. Bizim ulu nənələr qadının sözlə deməsi qəbul edilə bilməyən fikirləri bu cür elementlərə həkk edirdilər. Milena Nəbiyeva öz işləri ilə bu iç monoloqunu zamanlar üzrə davam etdirir. İndi əsas iş onun müasirlərinin boynuna düşür, ondan lazımi məlumatları oxumağı bacarmalıdırlar.
«Cənnət bağında»
İşin mərkəzində iki tutuquşu, ətrafında isə parça qurama mozaikası təsvir edilib. Bu, keçmişdən bugünə, bugündənsə gələcəyə ünvanlanmış daha bir ismarışdır. Bizim ulu nənələrimiz bu cür parçalarda öz hisslərini, düşüncələrini, həyəcanlarını, gündəlik həyatın öhdəliklərini kodlaşdırmağı bacarıblar. Rəssam qız keçmişə təşəkkür edərək və gələcəyə ehtiram göstərərək, bu ənənəni davam etdirir.
«Heyvanın sirri»
İlk baxışda elə bir özəllik görünmür: sadəcə, quramanın həndəsi kəsişmələrinin ortasında yetişmiş heyva meyvəsi var. Yunanıstanda heyvanı yeni evlənənlərin alması sayırlar. Veneraya da belə alma həsr edilib. O, doğum və artımın rəmzidir, yeni evlənənlərin qidasıdır. Heyva həm də Eridanın əməlləri haqqında əfsanə ilə bağlıdır. Əfsanəyə görə, Erida üzərində Kallisti («Ən gözələ») sözləri yazılmış heyvanı Peley və Fetidanın toy masasının üstünə atır, buna görə heyvanı ayrılıq alması adlandırırlar. Çünki ziyafətə gəlmiş ilahələr Afina, Gera və Afrodita savaşıblar. Onların hər biri özünü ən mükəmməl sayırdı. Onların mübahisəsini yalnız Paris dayandıra bildi, o, qızıl almanı Afroditaya - sevgi və gözəllik ilahəsinə apardı. Amma bu, heyvanın bizə bəxş etdiyi yeganə sirr deyil və rəssam izləyicini intellektual avantüraya çəkir.
«Kainatın fırlanması»
Kompozisiyanın mərkəzində rəqs edən dərvişlər təsvir edilib. Onlar kosmosun enerjisini və düşüncələrini yayırlar. Onlar sadə fani insanların içində seçilmişlər kastasıdır. Məhz buna görə, onlar bizim görə bilmədiklərimizi görürlər. Onlar Kainat sirlərinin kahinləridirlər.
«İlham damlaları»
Buta sanskrit dilində alov deməkdir. Bu rəmz bizə zərdüştlüklə gəlib. Bu dinin kökündə magiya dururdu, buna görə, buta insanların yaddaşında magiya rəmzlərinin bir elementi kimi qalıb. Buta təsvirləri qədim zamanlarda cəmiyyətin iyerarxiya pilləkənində fərqlilik işarəsi kimi istifadə edilib. «Cığa-buta» kişilik rəmzi, «Man-buta» isə şərəf, ləyaqət və gözəllik rəmzi olub. Təbii ki, butanın müstəsna qoruyucu rolu olduğu da vurğulanıb. O, şər ruhlardan və pis gözdən qoruyub. Buna görə də zərdüştlük dövrünün insanlarının evlərində üzərində buta rəsmi olan çox əşya olardı. Həmçinin bəylə- gəlinin toy geyimləri də buta ilə bəzədilirdi. Bu qədim rəmz bu gün də həyatımızı tərk etməyib.
«Gizli arzular»
Pas izləri düşmüş şüşənin arxasında mulat qızın profili görünür. O, sanki daxilində gizli qalmış nəsə barədə düşünür. Nə barədə? Variantlar çox saydadır.
«Həvəs»
Daha bir mulat qız profili. Çox gözəldir və dərin duyğulara dalıb. Görəsən, bu həyatda onu çətin qərar qarşısında qoyan məsələ nədir? Bu işi də müxtəlif versiyalarla şərh etmək mümkündür. İzləyicinin qavraması nə qədər geniş olarsa, versiyalar da bir o qədər çox olar.
«Dirçəliş» kolleksiyası
Şərq üslubunda kiçik divan, üzərində isə çox sayda müxtəlif yastıqlar. Yastıq üzlərində rəssamın işlərinin miniatür forması təsvir edilib. Yastıqlar da müxtəlif formalıdır: kvadrat və dairəvidir. Bu, estetik qavranış baxımından rahatlıq atmosferinə özəl çalar qatır və bizim ulu nənələrin üslubunda olan xalq sənətkarlığı fərqli, tamamilə çağdaş ritm və məna qazanır. Divanın və yastıqların forması orijinal olaraq müəllifə məxsusdur.
«Nizaminin sirli baxışı» («Avtoportret»)
Yarımtəbəssüm, sirli-müəmmalı baxış fəzaya ünvanlanıb, ətrafda isə boynunu əymiş çiçək qönçələri. Qız bizlərin - izləyicilərin yerləşdiyi fəza ilə dialoqdadır. Onun da öz düşüncələri və gözəlliyə baxışı barədə bizə deyəcəkləri var. Axı gözəllik, bəllidir ki, həyatı daha ahəngdar edir. Hər bir adam üçün böyük dünyanın kiçik təzahürü onun öz evinin dünyasıdır. Buna görə də evin fəzasında nəyin olması çox önəmlidir. Yastıqlar, mebel, rəsmlər, rəsmli şüşə - bu dünyaya özəl anlam verir. Məhz bu anlam ahəngdarlıq duyğusu bəxş edə bilər.
«Müəllif mebeli - bu, rəng və forma vasitəsilə qavrayış baxımından evin özəlliyinin yaradılmasının bir bölümü kimi məişət fəzasına mənim baxışımdır. Rəsmlər və tətbiqi incəsənət -bu, ətraf fəzanın pazllar rolunda geniş qavrayışıdır ki, gündəlik həyata duyğu və qavrama müxtəlifliyi əlavə edir».
Rəssam Milena Nəbiyeva bizim həmvətənimizdir. O, gəncdir və çox sayda yeni ideyaları var. Belə ideyalardan biri, evin bədii fəzasının yaradılmasıdır. Ola bilər ki, zaman keçəcək, Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin elə həmin İncəsənət Qalereyasında biz Milena xanımın çağdaş evin bədii fəzası üzrə müəllif versiyasını görə biləcəyik.
MƏSLƏHƏT GÖR: