Müəllif: Nurlanə QULİYEVA Bakı
Turizm biznesini son bir neçə ildə Azərbaycanın qeyri-neft sektorunun ən sürətli və uğurla inkişaf edən sahələrindən biri saymaq olar. Bakının mərkəzi küçə və parklarına çıxmaq, iri ticart mərkəzlərində gəzmək və regionlardakı populyar istirahət zonalarına baş çəkmək əminliklə deməyə imkan verir ki, istirahət sektorunun imkanları barədə, hətta ən cürətli proqnozların reallığına inanasan.
Özü də şəkkakların fikrinin əksinə olaraq, bu, heç də təkcə müsəlman ölkələrindən olan səyahət tərəfdarlarının hesabına gerçəkləşdirilmir: Amerikanın «Huffington Post» nəşri hesab edir ki, Azərbaycan populyarlığına görə Rusiya vətəndaşları arasında 2017-ci ildə səyahət üçün maraq doğuran yerlər reytinqində ilk onluğa düşüb və s. Amma bununla belə, biz Cənubi Qafqaz regionunda qonşumuz və əsas tərəfdaşımız Gürcüstandan nəzərəçarpacaq dərəcədə geridə qalırıq, Gürcüstan hər il gəzməliliyinə görə öz rekordunu təzələyir…
Statistikanın son göstəricilərinə görə, 2016-cı ildə Azərbaycana 2,2 milyon turist gəlib ki, bu, 2015-ci ilin göstəricisindən 11,7% yüksəkdir. Azərbaycana bu dövr ərzində baş çəkmiş xarici turistlərin çoxunu (33%-ni) Rusiya vətəndaşları təşkil edib, sonrakı yerlərdə isə Gürcüstan (22,5%), Türkiyə (13,9%) və İran (10,9%) vətəndaşları qərarlaşıblar.
Göstəricilərin artımında 2016-cı ildə bir sıra ölkələrin vətəndaşları üçün viza sənədləşməsini hava limanında gerçəkləşdirilməsi prosedurunun sadələşdirilməsinin də çox önəmli rolu olub. O cümlədən, Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur turistləri üçün prosedurlar sadələşdirilib - keçən il bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı önəmli dərəcədə artıb; məsələn, 2015-ci illə müqayisədə keçən il Azərbaycana İordaniyadan gələn turistlərin sayı 2 dəfə artıb, müvafiq göstərici Küveyt üçün 3,2 dəfə, Qətər üçün 5,5 dəfə, Səudiyyə Ərəbistanı və Oman üçün 10 dəfə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üçün 22 dəfə və İran üçün 30 dəfə artıb. Eyni zamanda, Asiya və Afrika ölkələrindən, Amerika və Avstraliyadan turist sayının artımı müşahidə edilir. «TurStat» agentliyinin xarici ölkələrin turist ofislərinin göstəriciləri əsasında tərtib etdiyi reytinqə görə, 2016-cı ildə 740 min rusiyalı turistin baş çəkdiyi Azərbaycan populyarlığına görə, Rusiya səyyahları arasında ilk onluğa daxil olub.
İstirahət biznesinin bu cür nəzərəçarpacaq inkişafına bir sıra obyektiv məqamlar da imkan yaradıb. Hər şeydən öncə, bunda keçirilmiş beynəlxalq müsabiqələrin, tədbir və sərgilərin, idman yarışlarının vasitəsilə ölkənin populyarlaşdırılmasının rolu da təbii ki az olmayıb. İkincisi, manatın devalvasiyası turistlər üçün əlverişlidir. Və nəhayət, inkişafın postneft dövrünə keçidlə bağlı olaraq turizm biznesinin problemləri daha sürətli və fəal həll olunmağa başlayıb; məsələn, Azərbaycan Turizm Assosiasiyası ilk dəfə turistlərə bələdçi xidmətinin göstərilməsi üçün, həmçinin bu sahədə kadrların hazırlanması üçün Bakı Ekskursiya Bürosu yaradıb. Büro Bakıda və regionlarda müxtəlif dillərdə ekskursiya xidmətləri göstərir.
Prezident İlham Əliyevin «Turizmin inkişafında əlavə tədbirlər haqqında» Sərəncamı çərçivəsində Turizm Şurası yaradılır, həmçinin ticarət festivallarının keçirilməsi, yeni əlverişli beynəlxalq reyslərin cəlbi, turizm üzrə ilk peşə-ixtisas tədris müəssisələrinin yaradılması, yeni turizm və istirahət zonalarının açılması, çimərlik turizminin inkişafı, xaricilərin və vətəndaşlığı olmayan şəxslərin nəzarət-keçid məntəqələrindən sürətli keçidinin təmin edilməsi və Turizm Reyestrinin yaradılması planlaşdırılır, Azərbaycana gəlmək üçün vizaların alınmasını sadələşdirən ASAN Viza sistemi işə salınıb və s.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, turizm infrastrukturunun yaradılması, otellərin tikilməsi, lisenziyaların ləğvi, sadələşdirilmiş viza rejiminə keçid, «ASAN viza»ların verilməsi və s. turizmin inkişafı üçün şərait yaradır. "Daha öncə turist viza alınması üçün müəyyən prosedurlardan keçməli idi. Amma indi elektron vizalar tətbiq edilir. Elektron vizaların tətbiqindən sonra, Azərbaycanla maraqlanan turistlərin sayı artdı. Artıq Malayziya, Sinqapur, İndoneziya, Hindistan və Pakistan kimi uzaq ölkələrdən də turistlər Azərbaycana maraq göstərirlər. Buna görə, bu ölkələrdən də Azərbaycana turistlərin gəlişi gözlənilir", - deyə M. Ağakərimov vurğulayır.
Onun sözlərinə görə, bu il Azərbaycan milyonlarla turist qəbul edə bilər və əsas axın artıq martda - Novruz Bayramı günlərində başlayacaq - Bakıda və regionlarda öncədən bron sistemi bundan xəbər verir. "Əsasən, turistlər İrandan və Ərəb ölkələrindən - İraq, BƏƏ, Qətərdən gələcəklər. Yay aylarında isə Rusiyadan gələn turistlərin sayı artacaq. Həmçinin, müalicə turizmi ilə bağlı Qazaxıstandan turistlərin gəlməsi də gözlənir", - deyə AzTA sədrinin müşaviri vurğulayır.
İki iri beynəlxalq idman tədbirinin - «İslamiada»nın və «Formula-1» yarışlarının keçirilməsi də nəzərə alındıqda may-iyun aylarında gələnlərin sayı yetərincə artacaq. Ancaq ölkənin turizm bazarı iştirakçılarının özləri də bildirirlər ki, gələcək inkişaf üçün daha bir sıra tədbirlərin keçirilməsinə ehtiyac var; məsələn, Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov hesab edir ki, bizim üçün prioritet kimi götürülmüş ölkələrdən birbaşa reyslərin artırılması, aviabiletlərin və yerləşmə məkanlarının qiymətinin əlverişli olmasının təmin edilməsi, hostellərin, bir və ikiulduzlu mehmanxanaların tikilməsi, xarici turistlərin gətirilməsi üzrə ixtisaslaşan şirkətlərə müəyyən güzəştlərin verilməsi də vacibdir.
Bundan başqa, gözəl təbiət, özünəməxsus mədəniyyət, zəngin tarix, milli mətbəx ilə yanaşı, turistləri Xəzər dənizi də çox maraqlandırır. Yay aylarında Xəzərin potensialından maksimum istifadə etmək, dəniz gəzintiləri təşkil etmək, adalarda turizmi inkişaf etdirmək lazımdır.
Yeri gəlmişkən, N. Bağırovun fikrincə, qonşu Gürcüstanın xeyrinə Azərbaycandan imtinanın əsas səbəbi məhz orta gəlir səviyyəli turistlər üçün otellərin olmamasıdır. «Təəssüf ki, bu seqment Azərbaycanda inkişaf etməyib. Bu gün Gürcüstanda sutkası $30-dan aşağı mehmanxana tapmaq mümkündür. Buna görə hamı dərhal düşünür ki, orada qiymətlər aşağıdır. Bu belə deyil. Sadəcə, bizim bazarda qonaq evləri və 2 ulduzlu otellər yoxdur», - deyə ekspert vurğulayır.
Qeyd edək ki, 2016-cı ildə Gürcüstan ən populyar turizm istiqamətlərindən birinə çevrildi və ölkəyə qonaq gəlmiş xaricilərin sayı keçən il 6,3 mln.-a çatdı. Bu, 2015-ci ilin göstəricisindən 449,7 min (7,6%) çoxdur və Gürcüstanın müstəqillik illərində ilk dəfə turizmdən gələn ümumi gəlirlər $2 mlrd.-ı keçdi.
Həmçinin, qeyd edək ki, Otellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndinin sözlərinə görə, bu gün Azərbaycanda fəaliyyət göstərən 550 otel və mehmanxandan yalnız 127-i «ulduz» alıb. Assosiasiyanın monitorinqinə görə, onların 26-sı «5 ulduz»lu, 66-sı «4 ulduz»lu, 26-sı «3 ulduz»lu və yalnız 2-si «2 ulduz»ludur. Əlbəttə, son iki göstərici Azərbaycan üçün, sadəcə, gülməli səviyyədə aşağıdır. Ola bilər ki, qiymətləri yetərincə əlverişli olan sertifikatsız otellər var, amma turizm firmaları, bir qayda olaraq, bu cür obyektlərlə işləməkdən çəkinirlər, ona görə də belə obyektlər, adətən, yalnız daxili turistlərə ümid edə bilirlər.
Otellərdən başqa daha bir vacib amil isə qidadır. «Gürcüstanda restoranlarda qiymətlər bizimkindən üç dəfə aşağıdır. Buna görə də sadaladığımız amillər Gürcüstan bazarını ucuz edir», - deyə N.Bağırov etiraf edib.
Həmçinin, Azərbaycanda restoranların bahalı olmasından əlavə, çox vaxt xarici turistləri bizim mətbəxə cəlb edən orjinallıq və çeşidlilik çatışmır; məsələn, Bakının kafe və restoranlarında nadir hallarda «halal» qeydini görmək olur, halbuki, bu, müsəlman turistləri üçün çox vacibdir. Xüsusi uşaq menyüsü və ya sağlamlığındakı problemlər üzündən pəhriz saxlayan turistlər üçün də menyüsü olan iaşə müəssisələri yoxdur.
Ola bilər ki, bir sıra problemlərin həlli üçün hökumətin müdaxiləsi vacibdir. Bu, turizm biznesi subyektlərinə müvəqqəti vergi güzəştləri və başqa güzəştlər şəklində, yeni ucuz otellərin tikilməsi üçün əlverişli kreditlər şəklində gerçəkləşdirilə bilər.
İstənilən halda aydındır: Azərbaycanda turizm biznesi ilə məşğul olmaq həddindən əlverişlidir. İndi, çətin ki, bayram günlərində hansısa bir otelin, restoranın, istirahət və ya əyləncə mərkəzinin yarısının boş qalması ilə rastlaşmaq mümkün olsun. Təbii ki, bu sahə nə qədər sürətli və keyfiyyətli inkişaf edərsə, dövlət büdcəsinə bir o qədər çox əlavə gəlir cəlb etmək olar və büdcənin qeyri-neft sektoru hesabına sabit doldurulması təmin edilər. Axı Türkiyə bunu edə bilib, bütün siyasi və iqtisadi problemlərə baxmayaraq, bu ölkə keçən il turizmdən $22 mlrd. qazanıb…
MƏSLƏHƏT GÖR: