Müəllif: Fasim ƏLİZADƏ Bakı
2016-cı ilin sonlarında - 2017-ci ilin əvvəllərində valyuta bazarında baş vermiş hadisələr manatın devalvasiyasının üçüncü dalğası barədə söhbətləri gücləndirib. Azərbaycan Mərkəzi Bankının (AMB) pul-kredit siyasətinin prioritetləri sırasında milli valyutanın məzənnəsinin tam üzən rejimə keçməsinin bəyan edilməsi ilə yanaşı, valyuta bazarında baş vermiş hadisələr bir sıra ekspertlər tərəfindən «yumşaq» və ya sürünən devalvasiya kimi qiymətləndirilir.
Nəticədə, təkcə 2017-ci ilin yanvar ayında manat 7,8% ucuzlaşıb və $1-ın məzənnəsi
1,92 AZN-ə bərabər olub. Bundan idxalçılar yararlanmağa və ticarət şəbəkəsinə malları dolların 1,9 manata bərabər məzənnəsindan verməyə başladılar. Bütün 2016-cı il boyunca məzənnənin 13% düşdüyünü nəzərə alan ekspertlər «fəlakətli ucuzlaşma”dan bəhs etməyə başladılar. Onlar arasında daha optimist olanları dolların məzənnəsinin yaxın zamanlarda 2,5 manata qalxacağını proqnozlaşdırdılar, başqaları isə az qala, 3-5 manat olacağını vurğulayırdılar. Amma fevralın ilk iki həftəsi belə proqnozlar üçün soyuq duş effekti verdi - dolların məzənənsi 1,92 manatdan 1,7296 manata düşdü və ya manat 10% möhkəmləndi.
Ekspertlərin fikrincə, manatın dollara nisbətdə möhkəmlənməsi bankirlərə qarşı bir sıra inzibati tədbirlərin görülməsi ilə bağlıdır. Son zamanlara qədər bank sektorunun təmsilçiləri biznes icmasının elitası sayılırdı və praktiki olaraq, AMB-dən başqa qalan dövlət qurumlarının onların fəaliyyətinə nəzarəti yetərincə məhdudlaşdırılmışdı. Bundan başqa, AMB belə bir imic formalaşdırmışdı ki, Azərbaycan bankları çoxdan beynəlxalq standartlarla işləməyə keçiblər, halbuki, qalan biznes bu standartlardan tamamilə uzaqdır.
Amma ilin əvvəlində məhz bank sektoru Prezident İlham Əliyev tərəfindən kəskin tənqidə məruz qalmışdı. «Ötən il bank sektorunun sağlamlaşdırılmasına yönəlik vacib addımlar atılıb, nəzarət gücləndirilib, şəffaflıqla bağlı tədbirlər görülüb, cəza tədbirləri, inzibati tədbirlər tətbiq edilib. Bizim iqtisadiyyata ən böyük zərbəni bank sektoru vurdu. Buna görə, bu il də bu sektorun təmizlənməsinə, sağlamlaşdırılmasına, şəffaflığının təmin edilməsinə, onun beynəlxalq standartlara uyğun hala gətirilməsinə istiqamətlənmiş ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı indən belə də ciddi mübarizə aparılacaq», - deyə İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi yekunlarına həsr edilmiş iclasında bildirib.
Daha sonra Azərbaycan Əmanətlərin Sığortası Fondu (AƏSF) məlumat yaydı ki, fondun əməkdaşları müflis elan edilmiş banklarda rəhbər vəzifələrdə çalışan bir sıra şəxslərin fəaliyyətində cinayət tərkibi aşkarlayıblar. Ləğvetmə prosesinin başlanmasına qədər bir sıra bankların rəhbərlərinin əməllərində vəzifə səlahiyyətlərini aşmaq, sənədlərin saxtalaşdırılması və möhtəkirlik qeydə alınıb.
Belə ki, borclarla bağlı bank müştərilərinin əmlakını satdıqdan sonra onlar əldə edilən vəsaitləri mənimsəyiblər və ya yalnız bir hissəsini kreditin bağlanmasına yönəldiblər, bununla da müştərinin maliyyə vəziyyəti nəzərəçarpacaq dərəcədə pisləşib. Bununla yanaşı, çox sayda saxta imzalarla kredit qurumuna müraciət etməmiş şəxslərin adına kredit rəsmiləşdirilməsi faktları aşkarlanıb ki, sonucda banklara iri zərər dəyib.
Nəzarətin sərtləşdirilməsi və bankirlərin fəaliyyətinin araşdırılmasına başlanılması, ola bilər, ona gətirib ki, bir sıra kredit qurumlarının rəhbərləri valyuta bazarında möhtəkirliyi dayandırmağı qərara alıblar. Bankirlərin möhtəkirlikdən uzaq durması nəticəsində, fevralın əvvəllərində Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarına çıxarılmış dolların böyük hissəsinə tələb olmayıb. Məsələ bundadır ki, Yeni il bayramlarından sonra bir qayda olaraq, biznes dövriyyəsi azalır, bu da təbii olaraq valyutaya tələbi aşağı salır. Nəticədə, valyuta möhtəkirlikləri olmadığına görə manat bahalaşmağa başladı.
Bundan başqa, cari ilin əvvəli milli iqtisadiyyat üçün yetərincə uğurlu olub, 2017-ci ilin yanvarında ümumi daxili məhsul (ÜDM) ötən ilin uyğun ayının göstəricisinə nisbətən 0,8% artıb, halbuki, 2016-cı ildə ÜDM 3,8% azalmışdı. Yanvarda dövlət büdcəsində 318,7 mln. manatlıq profisit yaranıb ki, bu, ölkə ÜDM-nin 6,1%-nə bərabərdir. Manatın məzənnəsinə Dövlət Gömrük Komitəsinin (DGK) statistikası da dəstək verib. Statistika göstərib ki, yanvarın nəticəsinə görə, xarici ticarət fəaliyyətində $354 mln.-luq müsbət saldo müşahidə olunub.
Milli valyutanın məzənnəsinin indiki sabitləşməsində bir il əvvəlki dövrlə müqayisədə dünya bazarlarında neftin qiymətinin artması da rol oynayır. Bir sıra ölkələrin hasilatı azaltmaq barədə anlaşmaya gəlməsindən sonra neftin qiyməti uzun müddətdir ki, barrel üçün $55 ətrafında dəyişir. Buna görə də 2017-ci ilin yanvar ayında dünya bazarlarına neft çıxarılışı ötən ilin uyğun ayı ilə müqayisədə 17% azalsa da, pul ifadəsi ilə 21% artaraq $663 mln.-a çatıb.
Ancaq yaxın perspektivdə manatın məzənnəsini nə gözləyir? Bu məsələdə ekspertlərin fikirləri haçalanır: bir sıra ekspertlər hesab edir ki, manat 1 dolların 1,65 AZN-ə bərabər olduğu səviyyəyə qədər möhkəmlənəcək, başqaları isə edir ki, manat zəifləyərək dolların 2,5 AZN-ə bərabər olduğu səviyyəyə düşəcək.
Ekspert Samir Əliyevin fikrincə, ən proqnozlaşdırıla bilən dəhliz 1 dolların 1,7-2 manat arasında dəyişməsidir. Onun sözlərinə görə, Dövlət Neft Fondu tərəfindən ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi üçün 7,5 milyard manatlıq transfer nəzərdə tutulması da buna imkan yaradır.
Ekspert sanır ki, manatın məzənnəsinin önəmli dərəcədə düşməsi ölkənin bank bazarında onsuz da yaxşı olmayan vəziyyəti daha da dərinləşdirəcək. Bu məsələdə ekspertin sözləri beynəlxalq reytinq agentliyi «Fitch Ratings»in gözləntiləri ilə uyğun gəlir. Agentliyin proqnozuna görə, 2017-2019-cu illərdə Azərbaycanda milli valyutanın məzənənsi 1 dolların 1,89 manata bərabər olduğu səviyyə ətrafında dəyişəcək.
Ümumiyyətlə, bu gün biznes üçün yalnız bir məsələ önəmlidir - manat sabit olsun və «boğulmadan yavaş üzsün».
İş dairələri, xüsusilə də söhbət orta və uzunmüddətli layihələrdən gedəndə, konkret planlar qurmaq üçün manatın dəqiq məzənnəsini bilməlidirlər. Ticarət şəbəkəsində də məzənnənin sabitliyi biznesə idxal mallarının qiymətini və əhalinin onları almaq imkanlarını dəqiq proqnozlaşdırmağa imkan yaradır. İstənilən halda, manatın növbəti devalvasiyası inflyasiyada özünü önəmli şəkildə göstərəcək və hökumətin onu birrəqəmli göstəriciyə endirmək planlarının üstündən xətt çəkəcək.
İndi çox vacibdir ki, ölkədə pul-kredit siyasətinə məsul olan Mərkəzi Bank makroiqtisadi durumun sabitliyini qorumaqla yanaşı, manatın məzənnəsini 1,7- 2 manat/dollar səviyyəsində saxlamağı bacarsın.
MƏSLƏHƏT GÖR: