23 Noyabr 2024

Şənbə, 20:01

TƏBİƏTİN ÇAĞIRIŞI

Novruz bizi Yerin ritminə və kainatın enerjisinə bağlayır

Müəllif:

15.03.2017

Əslində, Novruz artıq fevraldan başlayır - bu ayın son iki çərşənbə axşamından. Həyətdə hələ qışdır və haradasa qar yağır, soyuqdur, amma buna baxmayaraq, yaz ürəklərdə kök salır. Bu zaman quşların ötməsi də tamam başqa cür səslənir. Onlar da bayram edir, səslərini oyanan təbiətin səsinə qatırlar.

Ürək sanki payızda ilişib-qaldığı sərtlik və süstlüyü özündən atır. İnsan bütün varlığı ilə sanki uçurmuş kimi bayram havasına girir. Novruz yaxınlaşdıqca, gözləntilər bahar rənglərinin ovsunlayıcı çılğınlığı ilə əvəzlənər, bayram şirniyyatı üçün hazırlanan ədviyyatın və qovrulmuş çərəzin, ocaqda yanan odunun ətri ilə zənginləşər.

Alovun istisi, üzlərdəki işıltı, uca səslər, quru odun axtaran uşaqların vurnuxması. Alov sönməməlidir. O daha hündür olmalıdır ki, üzərindən hoppanmaq daha çətin olsun. Odla təmizlənmə. Biz oda çox bağlıyıq, primitiv olsa da, təbiətin ən müdrik çağırışıdır o. Bu, bizi Yerin ritminə və kosmosun enerjisinə bağlayan ilkin əlaqədir, Kainat yolçuluğunun başlandığı böyük partlayışdır. Hər birimiz onu özümüzdə daşıyırıq.

Parlaq bayramdır… Bu bayram insana öz etnik mənsubiyyətini dəqiq hiss etməyə imkan yaradır. Onun hər bir təzahüründə ailə bağlarının və soyun davamının sakral anlamı, özünə aydın və ahəngdar yanaşmanın həyati fəlsəfəsi gizlənib.  Məhz Novruzda anlayırsan ki, əcdadlarının ruhu, baba və nənələrinin öz ruhlarında yetişdirdikləri mərhəmət və sevgi rüşeymləri, valideynlərinin xeyirxah əməlləri, mənsub olduğun millətin tarixi yaddaşı sənin mənliyində gizlənir və özünü göstərir. Novruzu sevməmək olmaz!

Sonra nə olacaq? Adi həyat. Qaçmaq istədiyimiz yeknəsəqlik. Buna görə də ilin bu çağında həyatın xoş olmayan yerindən qaçmaqla yanaşı, təbiətlə daha çox doğmalaşırıq. İnsan təbiətdən ayrı yaşaya bilməz. Ancaq indiyə kimi bunu dərk edə bilməyib. Təbiətin başına gətirdiyi hər əməl, insanı ondan uzaqlaşdıran hər şey böyük yanlışlıqdır. Əgər şüurlu insan öz ilkin başlanğıcını unutmasaydı, özünün bütün uğur və əməllərini təbiətin zənginliklərinin - torpağın, havanın, suyun və bütün canlı aləmin qorunmasına yönəldərdi. Özünün bütün biliklərini dağıtmağa yox, yaratmağa yönəldilərdi.

Planetin böyük ağılları insanın ömrünü uzadan ixtiralarla yanaşı, onun ömrünü əlindən alan icadlar da ediblər. Böyük elmi texnologiyalar Yerin ekologiyasının qorunması üçün avadanlıqlar yaratmağa imkan verir, amma bununla yanaşı biz acımadan onu tükəndiririk. Biz heyvanları ovda tək həyatımızın davam etməsi üçün deyil, əyləncə üçün öldürürük. Virtual gerçəklikdə yaşayaraq, biz daha az göz-gözə ünsiyyət qururuq, bir-birimizdən aralı şəkildə sosial şəbəkələrdə həvəslə mübahisə edirik. Biz meşələri qırırıq, taxtanı və mebeli qızıl qiymətinə satırıq, bununla da ağacı varlanmaq həvəsində olanların hədəfinə çevririk.  Eyni zamanda, döşümüzə döyərək planetin ağ ciyərləri olan meşələri qorumağa çağırırıq. Biz öldürülmüş heyvanların dəri və xəzini geyinməyi xoşlayırıq. Nəyin bahasına?

Əgər insanlar getdikcə təbiətdən uzaq düşərək onu məhv etməyə imkan verən hər şeyi icad ediblərsə, yenə də ən qorxulu vərdişlərindən - öz üstünlüklərini sübut etmək üçün öldürmək şakərindən əl çəkə bilməyiblər. İnsanlar heç cür dinc yaşamağı öyrənə bilmirlər. Şüuraltı səviyyədə nəsə bizi təbiətə bağlamalıdır. Böyük ehtimalla, bu gün bu bağlar daima ərazi uğrunda, təsir dairəsi, inanclar uğrunda savaşmaq istəyində özünü göstərir. Sülhün qorunması üçün yaradılmış beynəlxalq qurumlar olsa da, insanın bu refleksi özünü çox qabarıq formada göstərir. Bu, bizi təbiətə bağlayan başqa amillərdən daha güclüdür, çünki qalanları çox zəifləyiblər. 

Bəs Novruzu bayram edəndə bizimlə nə baş verir? Bu, insanın təbiətlə, kainatla, Yerin dərinliklərinin ritmi ilə vəhdətinə zidd olmayan bayramlardandır. Yaz bərabərliyi günündə bütün canlı aləmin dirçəlişi, uzun qış yuxusundan oyanması bayramıdır. Novruz daşlar üzərində işləyən zərgər kimidir. O bizi cilalayır, həyatımıza insanın nə olduğu və Yerdə həyatı daha təmiz, daha yaxşı etmək üçün nələri etməsi barədə daha dərindən düşünməyə imkan verən yeni yaşam qavramı gətirir.

Ola bilər ki, belə düşünən insanlar azdır, amma onlar var. İki belə insan artıq qrup deməkdir. Dünya məhz bu cür insanların çiynində dayanır. Novruz bizi incimədən və heç kimi incitmədən, keçmişi, bugünü və gələcəyi qiymətləndirərək, ənənələrə hörmət edərək, əldə edilmişləri, yaradılmışları və qazanılmışları qiymətləndirərək, böyüklərə hörmət edərək və təbiəti qoruyaraq yaşamağı öyrədən əsl sxemdir. Axı hər şey ondan başlayır və onda bitir. Ondan gəlib, ona dönəcək bizlər kimi. Novruzu sevməmək olmaz!



MƏSLƏHƏT GÖR:

461