Müəllif: Vəfa ZEYNALOVA Bakı
İnsanların regionlardan Bakıya miqrasiyası, əhalinin təbii artımı şəhərin həddindən artıq dolması ilə nəticələnib. Hər il Bakıya ali məktəblərə qəbul olunan çox sayda gənc üz tutur. Bu, əhalinin sıxlığını artırmaqla yanaşı, küçələrdə tıxaclara səbəb olur. Tədris ili ərzində tələbələr şəhərin bu başından-o başına hərəkət edir, bəzən isə qonşu Sumqayıtdan, Xırdalandan mərkəzi rayonlara axışır. Axı, əsas ali məktəblər məhz mərkəzdə yerləşir.
Məlum olduğu kimi, bu il martın əvvəlində Bakı-Sumqayıt yolunda dəhşətli avtomobil qəzası baş verib - tələbələri dərsə aparan «Ford Transit» markalı marşrut yol kənarında dayanmış yük maşınına çırpıldı. Nəticədə, 6 tələbə həlak olub, 17 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev məsələyə münasibət bildirərkən marşrut sürücüsünün sərnişindaşıma qaydalarını pozduğunu, avtomobilə icazə verildiyindən artıq insan mindirdiyini bildirib.
Bunun ardınca ictimaiyyət Xırdalanda kirayə evdə yaşayan 5 qızın dəm qazından boğularaq dünyasını dəyişməsi xəbəri ilə sarsılıb. Onlardan ikisinin Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbəsi olduğu üzə çıxıb. Onlar bacı imişlər. Demək, bir ailə bir anda 2 övladını itirib…
Əgər ölkənin hər universitetinin kampusları olsaydı, bu cür faciələr yaşanmazdı. Hər halda, belə kampuslarda tələbələrin müxtəlif təhlükələrlə qarşılaşmaması üçün bütün lazımi şərait yaradılır. Adətən, tələbə yataqxanaları ərazisi mühafizə olunan kampuslarda yerləşir və oraya buraxılışı olmayan heç kəs daxil ola bilmir. Bundan başqa, hər korpusun komendantı orada nizam-intizama nəzarət edir. Valideynlər istirahət günlərində oraya gələ, övladlarının yaşayış şəraiti ilə tanış ola bilirlər.
Beləliklə, təhsil sahəsində infrastrukturun müasirləşdirilməsi bir çox problemin həllinə, eyni zamanda, faciələrdən qaçmağa kömək edərdi.İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, universitet kampusları sisteminin yaradılması ilə tələbələrin ev axtarmaq problemi də həll olunur.
Tələbələrin təhlükələrdən qorunması
2013-cü ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını təsdiq edib. Bu strategiyanın dördüncü istiqaməti məhz müasir tələblərə cavab verən, təhsil prosesində fasiləsizliyi təmin edən müvafiq infrastrukturun yaradılmasını nəzərdə tutur. Burada söhbət tədris müəssisələri şəbəkəsinin rasionallaşdırılması və digər konsepsiyaların tətbiqi - məsafədən tədris, regional mərkəzlər və s. - ilə yanaşı, həm də kampusların yaradılmasından gedir.
«Kampus» sözünün yaranma tarixi gedib XVIII əsrə çıxır. Bu addan ABŞ-ın Prinston Universitetinin ərazisində istifadə olunub. «Kampus»un hərfi mənası «meydan», «açıq məkan» deməkdir. Universitet şəhərciklərinin, ali məktəb komplekslərinin yaradılması ideyası belə meydana çıxıb.
Universitetlər, adətən, bütün infrastrukturu kiçik bir əraziyə yerləşdirməyə çalışır. Bu, təbələlərin yerdəyişməyə çox vaxt sərf etməməsi üçün edilir. Kampusların - universitetlərdə inkişaf etmiş infrastruktura, yaşayış yerinə, tələbələrin qidalanması üçün şəraitə, kitabxanalara, auditoriyalara və s. malik şəhərciklərinin yaradılması, əslində, onların qurulacağı regionlara da öz müsbət təsirini göstərməlidir. Onlar istər kampusların təşkili və inşası ilə məşğul olacaq insanların, istər xidmət personalının işlə təmin olunmasına da şərait yaradacaq. Beləliklə, yüklənmə şəhərlərlə regionlar arasında bölüşdürülmüş olacaq.
Sənətşünaslıq doktoru, Memarlar Klubunun prezidenti Elçin Əliyev də kampusların yaradılması ideyasını dəstəkləyir: «Ümumilikdə, ali tədris ocaqlarının şəhərdən kənara, əyalətlərə çıxarılması kampusların yaradılmasına imkan verərdi».
Elçin müəllimin sözlərinə görə, belə proqram artıq hazırdır.
Qanunvericiliklə dəstəklənib
Yeri gəlmişkən, bu prosesin qanunvericilik bazası da ola bilər. Nazirlər Kabinetinin Torpaq Məcəlləsi ilə əlaqəli bəzi normativ hüquqi aktları haqqında qərarının 4.6-cı maddəsi akademik şəhərciklərə, elmi-tədqiqat mərkəzlərinə, konstruktor bürolarına aiddir. Akademik şəhərciklər ya şəhərdən kənarda xüsusi ayrılmış ərazilərdə, ya da iri şəhərlərin bunun üçün uyğun olan peyk-şəhərlərində yerləşməlidir. Şəhərlərdə akademik şəhərciklər kitabxanalar, tipoqrafiyalar, mühəndis-texniki infrastruktur, yollar və yaşıllıqlar daxil olmaqla, vahid planın strukturuna uyğun yerləşməlidir. Tələbə şəhərcikləri, ali və orta təhsil zonaları haqqında 4.7-ci maddə özündə liseyləri, texniki peşə məktəblərini, institutları birləşdirir. Tələbə şəhərcikləri də akademik şəhərciklər kimi, ya şəhərdən kənarda xüsusi ayrılmış yerlərdə, ya da iri şəhərlərin bunun üçün uyğun olan kənar qəsəbələrində yerləşməlidir. Bu halda sərnişin tutumu çox olan nəqliyyat vasitələri ilə təminat da nəzərdə tutulmalıdır. Şəhərciyin yataqxanaları kompleks çərçivəsində olmalıdır. Bu zona elmi-tədqiqat kompleksi, kitabxana, texniki və mədəni-məişət strukturu, idman kompleksi, istirahət zonası və piyadaların gəzintisi üçün zolaqlarla tam komplektləşdirilməlidir. Ayrıca, texniki peşə məktəbləri profilinə uyğun sənaye obyektlərinə yaxın ərazidə yerləşə bilər.
Uşaqlığın mühafizəsi
«Təhsil məkanı» deyilən peşəkar anlayış var. O, bütün yaş və kateqoriyadan olan uşaqlar, o cümlədən tələbə yaşında olanlar üçündür», - deyə təhsil sahəsində ekspert Rüfət Əliyev qapalı tədris məkanlarının yaradılması məsələsini «R+»a şərh edərkən bildirib: «Əslində, sosial-psixoloji, həmçinin fizioloji baxımdan uşaqlıq 25 yaşda bitir. Sonra əsl «böyük dövr» başlayır. Lakin bunadək insanın formalaşması prosesi gedir, davam edir. Ali məktəbdə təhsil alan zaman beyin imkanlarının formalaşması da davam edir, şərti desək, ən vacib funksiya - «nəticələri qabaqcadan görə bilmək» bacarığı yaranır (20-23 yaş)… Bunun nə demək olduğunu təsəvvür edirsiniz? 16-25 yaşlarında gənc özünü tapmağa çalışır, qəbul edir, bununla yanaşı, hələ əməllərinin, seçiminin verə biləcəyi nəticələri lazımınca qiymətləndirə bilmir… Bu mərhələdə «aldanmaq», «hər şeyin mümkün olduğuna» və «hər şeyin yolverilən olduğuna» dair illüziyalara qapılmaq ehtimalı yüksəkdir. Əgər ali təhsil «sifarişçisi» nəticənin keyfiyyətli olmasında maraqlıdırsa, o, gəncin özü üçün yeni olan təhsil mühitinə bütün enerjisi ilə tam uyğunlaşmasına lazımi şərait yaratmalıdır», - deyə Rüfət Əliyev bildirib. - «Burada vacib və ya ikincidərəcəli məqamlar yoxdur. Hər şeyə tam əlaqəli şəkildə yanaşılmalıdır… Nəhayət, ən azı, yüzilliklərdən gələn təcrübə göstərir ki, ali təhsilin şəhər mühitindən kənarda, mənzərəli, səfalı və ekoloji baxımdan əlverişli ərazidə qurulmuş kampus sosial-təhsil modeli bu gün ən effektiv seçimdir. Əminəm ki, bunu hökumət dairələri də bilir».
Bəs resurslar?
İqtisadçı Toğrul Maşallı deyir ki, universitet kampuslarının yaradılması ilə bağlı bir neçə layihə var idi. Onlardan bu yaxınlaradək gündəmdə olmuş birinə əsasən, BDU istisna olmaqla, bütün ali məktəblər şəhərdən kənara çıxarılmalı idi. «Bakı Dövlət Universiteti üçün isə əksinə, yaxınlıqda yataqxana tikilməli idi. Çünki onun ərazisi kifayət qədər böyükdür», - deyə o, bildirib.
Digər tərəfdən, ayrı-ayrı tələbə şəhərciklərinin inşası üçün ciddi vəsait tələb olunur. Bu, iqtisadi faydası şübhəli olan kifayət qədər bahalı işdir: «İlk növbədə, əlbəttə ki, şəhər nəqliyyatının yükü azalacaq. Amma o da var ki, sentyabrdan iyunadək «Elmlər Akademiyası», «28 May» kimi ərazilərin əsas istehlakçıları tələbələr olur. Onlar yoxa çıxsa, çox adam işini itirəcək - dönərçilər, qənnadı məmulatı satanlar, çayxanalar, kafelər, ucuz mağazalar və s. Və ümumiyyətlə, bütün ali məktəblərin mərkəzdən köçürülməsi ilə bağlı nəhəng layihənin icrası çox çətindir. Bizdə bunu yalnız MDU edib. Odur ki, ayrı-ayrı nümunələr ola bilər. Ali məktəblərin hamısının köçürülməsi isə alınmayacaq - bunun üçün lazımi infrastruktur yoxdur. Bununla yanaşı, mövcud layihələrə əsasən, universitetləri Bakıətrafı qəsəbələrə köçürmək olar. Ayrıca regional mərkəzin seçilməsi və iri universitetlərin oraya köçürülməsi isə daha əlverişli olardı. Bu halda region da qazanardı - infrastruktur yaradılar, kampusları olan universitetlərə xidmətlə bağlı çox sayda yeni iş yerləri açılar».
Ali məktəblərin Qəbələyə köçürülməsi məsələsinə gəlincə, bu barədə lap çoxdan danışılırdı. Ekspertin sözlərinə görə, bu layihə təsdiqlənməyib və sadəcə, söz-söhbət səviyyəsində qalıb. Hazırda yalnız bəzi dövlət akademiyaları şəhərdən kənarda yerləşir - aviasiya, gömrük və s. «Bu da qanunauyğundur. Çünki onların yaxınlığında bilavasitə bu sahəyə aid obyektlər var. Orada təhsil alan tələbələrin sayı isə o qədər çox deyil ki (maksimum 800 nəfər) bahalı tələbə şəhərcikləri salınsın», - deyə iqtisadçı bildirib.
MDU-nun Azərbaycan filialının kampusu
Lalə Quliyeva MDU-nun 3-cü kurs tələbəsidir. Burada klassik kampusun standartları tamamilə tətbiq olunub: «Bizim o qədər də böyük olmayan universitet şəhərciyimiz Xocasəndə yerləşir. Bu, coğrafi baxımdan mərkəzdən o qədər də uzaq deyil. Amma ictimai nəqliyyatla buraya gəlib-çıxmaq da xeyli çətindir. Odur ki, dərs vaxtı mən də bir çox digər tələbələr kimi, yataqxanada yaşayıram. Burada yalnız uzaqda - rayonlarda və ya şəhərdən kənarda yaşayanlara yer verilir. Şərait pis deyil. Pulsuz çamaşırxana var və bu, xüsusilə əyalətlərdən gəlmiş, bazar günləri evinə gedə bilməyən tələbələrin işinə yarayır. Burada yaşamaq da pulsuzdur. Əvəzində, yataqxana sakinləri semestrdə 16 akademik saatdan artıq dərs buraxa bilməz. Əks halda, onları yataqxanadan çıxarırlar».
Kampus şəhər sivilizasiyasından kifayət qədər uzaqda olsa da, burada asudə vaxtı xoş keçirmək üçün hər şərait var - tələbə mərkəzi, televizor, şahmat oynamaq, kitab oxumaq (mərkəzdə kiçik kitabxana fəaliyyət göstərir) imkanı var. Axşamlar isə tələbələr idman zalına toplaşaraq voleybol, basketbol, futbol oynayırlar. Bundan başqa, burada lazımi səviyyədə təchiz olunmuş trenajor zalı və hovuz da var.
«Əlbəttə ki, kampusda özünü bir qədər təcrid olunmuş hiss edirsən: bəzilərinə bu, əl verir, bəzilərinə yox», - deyə tələbə qız bildirir. - «Şəxsən mənim xoşuma gəlir. Belə vəziyyətdə bütün diqqəti dərsə ayırmaq daha asan olur və ümumiyyətlə, bura gözəldir - yaşıllıq, sanki irland təpəcikləri, yaxınlıqda göl, sakitlik. Mərkəzə getmək istəyirsənsə, pulsuz fəaliyyət göstərən xidməti avtobuslardan istifadə edə bilərsən. Onlar cədvəl üzrə hərəkət edir».
Sadalananlardan bir qənaətə gəlmək olar: kampusların yaradılması iqtisadi cəhətdən sərfəli iqtisadi layihə olmasa da, onun effektivliyinə şübhə yoxdur. Bu, ölkənin dövlət siyasətinin bir hissəsinə çevrilməlidir. Çünki bu, Azərbaycanın gələcəyi olan gənc insanların - tələbələrin təhlükəsizliyinin təmini ilə sıx bağlıdır. Belə olan təqdirdə, layihənin qiyməti haqqında düşünməyə dəyərmi? Əlbəttə ki, yox! Bu gün ölkədə kampuslar olsaydı, bəlkə də bu yaxınlarda baş vermiş faciələrdən də qaçmaq mümkün olardı.
MƏSLƏHƏT GÖR: