24 Noyabr 2024

Bazar, 04:49

NƏTİCƏ VERƏN SAĞLAMLAŞDIRMA

Beynəlxalq reytinq agentlikləri Azərbaycan iqtisadiyyatı üçün sabitlik proqnozlaşdırırlar

Müəllif:

01.04.2017

Neft bazarında sabitlik və neftdənkənar bölmənin inkişafı üzrə qəbul edilmiş tədbirlər Azərbaycan hökumətinə iqtisadiyyatda müşahidə olunan staqnasiyadan yaxın perspektivdə qurtulmaqla bağlı ümid verir. Beynəlxalq qurumlar da oxşar mövqe nümayiş etdirirlər; məsələn, «Fitch Ratings» agentliyi 2017-ci il üçün Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 0,2% artacağını proqnozlaşdırır, 2018-ci ildə artım 1,7%-ə bərabər olacaq.

Qeyd edək ki, Azərbaycan hökumətinin özü isə 2017-ci ildə ÜDM-in 1% səviyyəsində artacağını proqnozlaşdırır. Prezident İlham Əliyev bu yaxınlarda bildirib ki, bu il Azərbaycan üçün iqtisadi artım ili olacaq. Artıq ilk iki ayda ÜDM 0,4% artım nümayiş etdirir, özü də yanvar-fevralda qeyri-neft sektorunda artım 5,3% təşkil edib. İlham Əliyevin sözlərinə görə, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi 2014-2016-cı illərdə Azərbaycan iqtisadiyyatına ciddi zərər vurdu. "Bizim gəlirlərimiz 3-4 dəfə azaldı. Bu, bizdən ötrü ciddi çətinlik yaratdı, amma öhdəsindən gəldik. Biz aşağı neft qiymətləri şəraitində öz iqtisadiyyatımızı yenidən qurmağı bacardıq", - deyə Prezident vurğulayıb.

Özü də sabitləşən neft qiymətləri fonunda büdcə göstəricilərinə düzəlişlərin edilməsini gözləməyə dəyməz. Yada salaq ki, mümkün risklərdən qorunmaq üçün büdcə göstəriciləri üç ssenari üzrə proqnozlaşdırılır - pessimist (neftin barreli $35-dən götürülür), baza ($40) və optimist ($45). Düzdür, parlamentin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə neftin qiymətinin bir barrelə görə $50-dən yuxarı olacağı şəraitdə büdcə proqnozlarına düzəliş edilə biləcəyini vurğulamışdı, amma ölkə Maliyyə Nazirliyində açıq bildirilib: bu istiqamətdə heç ir hazırlıq işləri görülmür.

Bununla yanaşı, maliyə sektorunda böhran əlamətlərinin qarşısının tam alındığını demək hələ tezdir. Beynəlxalq və yerli ekspertlər ehtimal edirlər ki, bəzi bankların iflası üzündən bank bazarı iştirakçılarının sayı azalacaq. "Biz kapital çatışmazlığı üzündən sektorda təmizlənmənin davam etdiriləcəyini gözləyirik, bu, aktivlərin aşağıkeyfiyyəti və valyuta riskləri ilə bağlıdır", - deyə «Fitch»in analitikləri bildiriblər.

Keçən ilin əvvəlinə «Fitch» tərəfindən qiymətləndirilən 8 bankdan 5-nin, o cümlədən Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqləri aşağı düşdü. Bundan başqa, agentlik tərəfindən qiymətləndirilməyən 10 bank lisenziyadan məhrum edildi. Nəticədə, indi bazarda 32 bank qalıb. Requlyatorun vəziyyəti düzəltmək cəhdlərinə baxmayaraq, manatın devalvasiyası Azərbaycanın bank sektoruna təzyiq göstərməkdə davam edir və bankların kapitalın azalması problemi ilə üz-üzə qalırlar.

«Fitch»in Azərbaycan üzrə Bakıda keçirdiyi 6-cı illik görüşdə agentliyin analitikləri bildiriblər ki, keçən il sektorun təmiz zərəri 1,7 mlrd. manat təşkil edib ki, bunun 1,3 mlrd.-ı ABB-nin zərəridir ki, bu da məzənnə fərqi ilə bağlıdır. Özü də bu meyil cari ilin birinci ayında da davam edib - Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatına görə, 2017-ci ilin yanvarında bankların xalis zərəri 496 mln. manat olub.

«Fitch»in fikrincə, Azərbaycanın maliyyə institutlarının əsas problemlərindən biri depozitlərin dollarlaşması olaraq qalır (2016-cı ilin sonuna 80% olub). Bu da təbii olaraq, monetar siyasətin çevikliyini məhdudlaşdırır və milli valyutada likvidlik çatışmazlığı yaradır.

Bu, ilk növbədə, bankların əsas gəlir mənbəyində - kredit çantasında özünü göstərəcək. Beynəlxalq ekspertlərin fikrincə, 2017-ci ildə bu, 5% azalacaq. Nəticədə, kapitalın məhdudlaşması ilə bağlı banklar yeni problemli kreditlərin sayının artması problemi ilə üzləşə bilərlər. Misal üçün, 2016-cı ildə Azərbaycanın bank sektorunun kredit portfeli

26,6% azalıb. "İşləməyən (vaxtı 90 gündən artıq ötmüş) kreditlərin ümumi portfeldə payı 2016-cı ilin sonunda 21%-ə çatdı. Biz gözləyirik ki, kredit portfelinin 48%-ni təşkil edən valyuta kreditləri 2017-ci ildə portfelin keyfiyyətinə əlavə təzyiq yaradacaq", - deyə «Fitch»in maliyyə təşkilatları üzrə analitik qrupunun direktoru Dmitri Vasilyev vurğulayıb. Onun sözlərinə görə, sektor 2017-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) transfertləri və dövlət zəmanəti hesabına dəstəyə ehtiyac duyacaq.

Ümumiyyətlə, dollarlaşma problemi yalnız Azərbaycan banklarına xas deyil. Başqa nüfuzlu reytinq agentliyi «Moody`s Investors Service»in ekspertlərinin fikrincə, MDB ölkələrinin banklarının çoxu yüksək valyuta risklərinə yoluxub. Ancaq narahat edən fakt odur ki, Azərbaycan agentliyin yeni siyahısında Ukrayna, Tacikistan və Belarusla birlikdə risqin daha yüksək olduğu ölkələr siyahısına salınıb.

Agentlik ehtimal edir ki, MDB ölkələrində valyuta kreditlərinin həcminin azalması, əsasən, requlyatorların qadağaları ilə bağlıdır: «Bir sıra MDB ölkələrində, o cümlədən Qazaxıstan, Azərbaycan və Ukraynada requlyatorlar ixrac gəlirləri olmayan fərdi və korporativ müştərilərə xarici valyutada kredit verilməsinə müvəqqəti olaraq qadağa qoyublar. Bu, məntiqli, amma böyük ehtimalla, gecikmiş addımdır ki, bu da xarici valyutada verilmiş kreditlərin həcmində özürü açıq biruzə verir. Bundan başqa, çox banklar valyuta kreditlərini yenidən strukturlaşdırdılar və onları milli valyutaya keçirdilər. Bu prosesə kreditin ödəniş vaxtının uzadılması da daxildir. Amma aylıq ödənişlər dəyişməz qaldı", - deyə «Moody`s» analitikləri vurğulayırlar.

Ancaq Azərbaycan hökuməti maliyyə sektorunun perspektivləri ilə bağlı daha optimist əhvaldadır. Ölkənin Baş naziri Artur Rasizadənin fikrincə, «2016-cı ildə qəbul edilmiş məqsədyönlü qərarlar və əvvəlki illərdə toplanmış güclü iqtisadi potensialın düzgün istifadə edilməsi hesabına» vəziyyəti sabitləşdirmək mümkün olub. «Dünya bazarlarında karbohidrogenlərin qiymətinin kəskin şəkildə aşağı düşməsi ölkənin ixrac gəlirlərinin yetərincə azalmasına səbəb oldu və tədiyyə balansında böyük kəsr yaratdı. Bir sıra bankların əlverişsiz işi, sistem əhəmiyyətli Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərliyinin cinayətkar fəaliyyəti vəziyyəti daha da mürəkkəbləşdirdi», - deyə o vurğulayıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) əmindirlər ki, bank sektorunun ən ağrılı yeri olan vaxtıkeçmiş kreditlər üzrə də vəziyyət sabitləşdirilib. MBNP-nin şöbə müdiri Rüstəm Tahirovun sözlərinə görə, banklar üçün ilk növbədə, sağlam borclanma və məsuliyyətli kreditləşdirmə çərçivələri müəyyən edilib, bunun hesabına bank - müştəri münasibətlərində keyfiyyətcə yeni mərhələ başlayıb. Bundan başqa, bankların aktivləri qiymətləndirilib və onların qarşısına kapitallaşma ilə bağlı tələblər qoyulub: "Kapitallaşma üzrə tələbləri yerinə yetirməyən bankların lisenziyaları ləğv edilib. Bəzi banklar öz kapitallarını artırıb, başqalarında isə bu proses indi davam edir. Biz kapitallaşma prosesinin tezliklə başa çatdırılmasını gözləyirik", - deyə R.Tahirov vurğulayıb.

Onun sözlərinə görə, banklar problemli kreditlər üzrə rezervlər yaradılmasına yetərincə vəsait ayırdıqlarına görə, məhz bu fakt nəticədə onların gəlirlərinin azalmasına və çox vaxt kapital itkisinə səbəb olur. Likvidliyə gəldikdə isə, bu, indi banklarda artıq vəziyyətdədir. "Palata periodik olaraq stress-testlər keçirir və likvidliklə bağlı vəziyyət keçən ilin sentyabr ayı ilə müqayisədə daha sabitdir. Bu müddət ərzində banklar xarici öhdəlikləri azaltmaq imkanı qazanıblar və xarici borc, təxminən, 20% azalıb", - deyə R.Tahirov bildirib.

Ekspertlərin fikrincə, maliyyə bazarında dollarlaşmanın zəifləməsini yalnız manatın məzənnəsinin uzun müddət sabitləşməsindən sonra gözləmək olar. Yerli ekspertlərdən fərqli olaraq, bu məsələdə beynəlxalq analitiklər daha optimist çıxış edirlər. Belə ki, «Fitch» hesab edir ki, 2017-ci ildə manatın orta illik məzənnəsi 1,76 manat/$1 səviyyəsində, 2018-ci ildə isə 1,7 manat/$1 dollar səviyyəsində qərarlaşacaq ki, bu da cari məzənnəyə (1,72 manat/$1) yaxındır. Yəni hələ ki, təlatümlər və yeni devalvasiya görünmür. Uyğun olaraq, bank sahəsində sağlamlaşma prosesinin fəallaşmasını, həmçinin biznesin canlanmasını, bütünlükdə isə inflyasiyanın azalması ilə yanaşı, əksər makroiqtisadi göstəricilərin düzəlməsini gözləmək mümkündür.


MƏSLƏHƏT GÖR:

446