Müəllif: Fasim ƏLİZADƏ Bakı
Müstəqil Dövlətlər Birliyi (MDB) həyat qabiliyyəti elə yarandığı andan mübahisə mövzusuna çevrilmiş, ən çox müzakirə edilən təşkilat olaraq qalır. O zaman bir çox ekspertlər Birliyi Sovet İttifaqının «qəbirqazanı» adlandırırdı. O, keçmiş SSRİ respublikalarının sivil şəkildə müstəqil dövlətə çevrilməsinə kömək etməli və sonradan yox olmalı idi. Digər qrup ekspertlər isə bu gün də o fikirdədir ki, MDB Avropa İttifaqının özünəməxsus prototipinə çevrilməlidir. Onlar hesab edir ki, o, artıq mövcud olan əlaqələr hesabına maksimum inteqrasiya yolu ilə getməlidir.
Lakin Birliyin yaradılmasının 25-ci ildönümündə onun üzvlərinin sayı 12-dən 11-ə enib - 2008-ci ilin avqustunda baş vermiş müharibədən sonra Gürcüstan təşkilatı tərk edib. Üstəlik, artıq Ukraynanın da MDB-yə üzvlüyü formal xarakter daşıyır. Bu ölkənin yeni rəhbərliyi hələ 2014-cü ilin martında MDB-ni tərk etmək haqqında danışmağa başlayıb, 2016-cı ilin noyabrından isə müvafiq qanun layihəsi müzakirə olunmaqdadır.
Puç olan xəyallar
25 il ərzində MDB-nin postsovet məkanındakı ən qəliz münaqişələrin həlli imkanları ilə bağlı xəyallar nəzərəçarpacaq dərəcədə puç olub. Çünki ötən 25 ildə bu problemlərin heç biri həllini tapmayıb: Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı münaqişələr hələ də nifaq səbəbi olaraq qalır.
Bununla yanaşı, postsovet məkanında yeni gərgin nöqtələr yaranmaqdadır; məsələn, Krımın Ukraynadan ayrılması, bu ölkənin Donetsk və Luqansk vilayətlərində separatçı rejimlərin qurulması, faktiki olaraq, Kiyevi MDB-ni tərk etmək kursu götürməsinə yol açıb.
Münaqişələr MDB çərçivəsində iqtisadi inteqrasiyanın səviyyəsinə də bilavasitə təsir göstərir. Nəticədə Birlik məkanında yeni inteqrasiya təşkilatları yaranıb - Avrasiya İqtisadi İttifaqı (Aİİ - Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya), İttifaq Dövləti (Belarus ilə Rusiya).
Lakin ən ciddi inteqrasiya birlikləri sayılan Aİİ və İttifaq Dövləti çərçivəsində belə, hələlik Aİ-də olduğu qədər sıx iqtisadi əlaqələr haqda danışmaq mümkün deyil. Bununla yanaşı, MDB çərçivəsində koorperasiya davam edir, hətta müsbət siqnallar verir.
MDB və Aİİ formatı
Martın 17-də Moskvada MDB İqtisadi Şurasının 73-cü iclası keçirilib. İştirakçılar 2020-ci ilədək olan dövr üçün Birliyin Dövlətlərarası radionaviqasiya proqramını təsdiq edib, 2020-ci ilədək MDB ölkələrinin dövlətlərarası innovativ əməkdaşlıq proqramının aktuallaşdırılmasına dair kompleks məsələləri nəzərdən keçiriblər. Bu proqramın 2017-2020-ci illərdə reallaşdırılması üzrə kompleks tədbirlər layihəsi də təsdiqlənib.
İclas iştirakçıları MDB üzvlərində ümumi əmək bazarının mərhələli şəkildə yaradılması və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsi konsepsiyasını da dəstəkləyiblər.
Elə həmin gün Rusiya paytaxtında «MDB - gələcəyə baxış» adı altında Beynəlxalq İqtisadi Forum keçirilib. Forum çərçivəsində MDB İqtisadi Şurasının sədri İqor Şuvalov maraqlı təkliflə çıxış edib. O, MDB və Aİİ azad ticarət zonası ölkələrinin əməkdaşlıq mexanizminin yaradılmasının vacibliyini bildirib. Bu, müvafiq olaraq, Aİİ yanında birliyin İcraiyyə Komitəsi nümayəndəliyinin yaradılmasını zəruri edir. Şuvalovun sözlərinə görə, MDB çərçivəsində iqtisadi gündəmin kifayət qədər geniş olmasına baxmayaraq, MDB və Aİİ üzvləri arasında uçurum var. «Aİİ üzvü olan ölkələrlə MDB-nin azad ticarət zonasında yer alan və ya almayan, məsələn, Azərbaycan kimi ölkələr arasında əlaqəsizlik yaranır və biz bu uçurumun daha da böyüyə biləcəyindən narahatıq. 2017-ci il ərzində biz MDB-nin azad ticarət zonasına daxil olan ölkələrlə Aİİ üzvləri arasında əməkdaşlıq mexanizmi yaratmalıyıq. Ən vacibi, Avrasiya İqtisadi Komissiyası yanında MDB İcraiyyə Komitəsinin nümayəndəliyinin yaradılmasıdır. Bu, rahat və effektiv işləyəcək bir format olacaq», - deyə Şuvalov qeyd edib.
Onun fikrincə, komissiya yanında bu cür nümayəndəlik forması tam informasiya mübadiləsini təmin etməlidir.
Rusiyanın maraqları
Şuvalovun sözlərindən belə məlum olur ki, Rusiya MDB-nin həyat qabiliyyətini təmin etmək üçün ciddi səylər göstərir.
MDB-nin fəaliyyətinin ilk günlərində üzv dövlətlər arasında özünəməxsus qruplaşma da yaranmışdı: bir tərəfdə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistan dövlətüstü orqanların yaradılması ilə daha sıx iqtisadi əlaqələrə tərəfdar idi. Digər tərəfdə yer alan Ukrayna, Gürcüstan, Azərbaycan, Moldova, Özbəkistan və Türkmənistan isə bunun əleyhinə çıxış edirdilər.
Bu gün MDB daxilində daha sıx inteqrasiyanın tərəfdarları mövqelərini xeyli gücləndirib. Bu, Gürcüstanla Ukraynanın birliyi faktiki olaraq tərk etməsi, Azərbaycan, Moldova və Özbəkistanın isə MDB sərhədlərində əməkdaşlığını fəallaşdırmaq arzusu sayəsində mümkün olub. Türkmənistan isə hər zaman olduğu kimi, dövlət səviyyəsində üzərinə heç bir öhdəlik götürmür.
Düşünmək olardı ki, Aİİ çərçivəsində böyük əməkdaşlıq perspektivinin olduğu bir şəraitdə, Rusiyanın MDB-nin dağılması prosesini sürətləndirməsi mümkündür. Amma rəsmi Moskva heç də buna çalışmır - Birlik formatı Rusiyaya, ən azından, Aİİ-yə daxil olmayan postsovet respublikaları ilə iqtisadi əlaqələri də bu təşkilat daxili səviyyəyə çatdırmasına yardım göstərə bilər.
MDB Bakının prioritetləri arasında
Azərbaycan rəhbərliyi MDB çərçivəsində sıx siyasi və iqtisadi münasibətlərin qurulmasında maraqlıdır.
«Biz MDB-də üzvlüyə mühüm əhəmiyyət veririk və hesab edirəm ki, 25 il ərzində bu təşkilat çox böyük yol keçib, zamanın sınağından çıxıb. Bizim təşkilatımız müəyyən tarixi hadisələr nəticəsində yaradılıb. Mənim fikrimcə, xalqlarımızın və onların rəhbərlərinin müdrikliyi sayəsində 25 ildən sonra bizim həm region, həm də dünya üçün çox böyük əhəmiyyətə malik olan bir təşkilatımız var. Ona görə ki, bizim təşkilatın coğrafiyası yetərincə genişdir. Biz xalqlarımızı, ölkələrimizi narahat edən mühüm məsələləri, həlli tələb olunan çoxsaylı məsələləri dostcasına müzakirə edirik», - deyə Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının 16 sentyabr 2016-cı ildə Bişkekdə keçirilən iclasında bildirmişdi.
Azərbaycanın Aİİ və digər regional təşkilatlara üzv olmamasının əsas səbəbi isə torpaqlarının Ermənistan tərəfindən işğalı və Birlik üzvlərinin buna lazımi reaksiyanı göstərməməsidir. Yəni, rəsmi Bakı hər hansı təşkilat çərçivəsində Azərbaycandan Ermənistan vətəndaşlarının, mallarının onun ərazisində sərbəst hərəkətini tələb edən razılaşmaları imzalaya bilməz.
Amma bu, Azərbaycanın MDB üzvləri ilə birgə inteqrasiya layihələrindən kənarda qaldığı anlamına da gəlmir. Bakı, Ermənistan istisna olmaqla, ikitərəfli və çoxtərəfli razılaşmalarla, postsovet məkanında reallaşdırılan müxtəlif layihələrdə son dərəcə fəal iştirak edir.
Azərbaycan, xüsusilə nəqliyyat daşımalarının inkişafı sahəsində intensiv əməkdaşlıq edir və bu, onun əlverişli coğrafi mövqeyi ilə bağlıdır. Hazırda «Şimal-Cənub» layihəsinin reallaşdırılması məsələsi müzakirə olunmaqdadır. O, yüklərin Şimali Avropa-Rusiya-Azərbaycan-İran marşrutu ilə Fars körfəzi və Cənubi Asiya istiqamətində daşınmasını nəzərdə tutur. 2017-ci ilin yayında istismara verilməli olan Bakı-Tbilisi-Qars dəmir yolu isə yüklərin Avropa-Türkiyə-Gürcüstan-Qazaxıstan-Çin və ya Türkmənistan-Çin marşrutu üzrə daşınmasına geniş imkan yaradacaq.
Nəzəriyyədən-təcrübəyə
MDB-nin paytaxtı kimi, Minsk qəbul olunur. Elə Belarusdan olan ekspert Birliklə bağlı kifayət qədər maraqlı fikir səsləndirib. Belarus Milli Elmlər Akademiyasının dünya iqtisadiyyatı və xarici iqtisadi araşdırmalar şöbəsinin rəhbəri Tatyana Vertinskaya hesab edir ki, təşkilatın problemi model seçimindədir. Yəni, ölkələrin sıx əlaqədə olduğunu əsas götürüb, Avropadakı inteqrasiya səviyyəsinə çatmağın mümkünlüyünü düşünərək, kor-koranə şəkildə Avropa modelinin təkrarlanması yanlış olub. Ekspertin sözlərinə görə, MDB-də çox sayda təkrar sayıla biləcək sənədlər imzalanıb və indi, hüquqi sahə «təmizlənməli», təşkilatın vəziyyəti real qiymətləndirilməlidir. «Nəticədə biz, sadəcə, külli miqdarda hüquqi sənədlərdən ibarət müxtəlif orqanlar yaratmışıq», - deyə Vertinskaya qeyd edib.
İndi, MDB çərçivəsində biznesin və vətəndaşların qarşısında dayanan problemlərin müzakirəyə çıxarılması vacibdir; məsələn, pensiyaların ödənilməsi üçün stajın hesablanması məqamlarının koordinasiyası, əmək miqrasiyası probleminin həlli. Yəni, 15-20 il sonrakı perspektivə aid məsələlərin müzakirəsinə ehtiyac yoxdur. Çünki dünya iqtisadiyyatında vəziyyət sürətlə dəyişir. Bu üzdən bilavasitə kiçik və orta biznesin inkişafı ilə məşğul olmaq, Birliyi inkişaf etdirə biləcək detallara etinasız yanaşmamaq lazımdır. «MDB-nin yenilənməsi üçün yeni modelin axtarışı vacibdir. Bu, növbəti elmi iş yox, təcrübəyə əsaslanan seçim olmalıdır», - deyə ekspert bildirib.
Əlbəttə, MDB-nin potensialı iflasa uğramayıb və o, istər regional və beynəlxalq həyata dair aktual məsələlərin müzakirəsi, istərsə də müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün vacib meydan olaraq qalır. Lakin hərtərəfli əməkdaşlıq üçün Sovet İttifaqından miras qalmış ağır münaqişələrin həllinə daha ciddi səy göstərilməlidir.
MƏSLƏHƏT GÖR: