Müəllif: Fasim ƏLİZADƏ
Azərbaycan hökuməti fəal şəkildə milli iqtisadiyyatda Con Keynsin inkişaf konsepsiyasını tətbiq etməyə başlayıb. Bu nəzəriyyəyə görə, sərbəst bazarda iqtisadiyyatın böhrandan çıxmasını təmin edən mexanizmlər olmadıqda, dövlət iqtisadiyyata fəal şəkildə müdaxilə etməlidir.
İngilis iqtisadçısı Con Keynsin nəzəriyyəsi “Böyük Depressiya” adlandırılan 1930-cu illər böhranından zərər çəkmiş ölkələrin hökumətlərinə tövsiyə edirdi ki, əhalinin istehlak tələbatını artırmaq üçün bazara təsir göstərsinlər. Tələbatın çevik pul və büdcə-maliyyə siyasətinin gerçəkləşdirilməsi, dövlət satınalmalarının genişləndirilməsi və dövlət tərəfindən birbaşa yeni iş yerlərinin yaradılması yolu ilə artırılması tövsiyə edilirdi.
Əlbəttə, keçən 100 ildə dünya iqtisadiyyatı önəmli səviyyədə dəyişib və çağdaş Azərbaycandakı vəziyyəti heç də “Böyük Depressiya” kimi səciyyələndirmək düzgün deyil, amma Keyns nəzəriyyəsinin ümumi müddəaları indiki dövrdə geniş tətbiq edilə bilər.
Azərbaycan hökumətinin atdığı addımlar, meyillər və üsullar da Keyns nəzəriyyəsinə uyğun gəlir. Bunu daha parlaq şəkildə martın 28-də Saatlıda pambıqçılığın inkişafı üzrə keçirilmiş respublika müşavirəsində və 2017-ci ilin birinci rübü üzrə sosial-iqtisadi inkişafın yekunları ilə bağlı hökumət iclasında görmək olur.
Xammal bazasının yaradılmasında dönüş
Ötən 2016-cı il təkcə milli iqtisadiyyatın bu əsrdə ilk dəfə azalması və ümumi daxili məhsulun 3,8% aşağı düşməsi ilə yadda qalmadı. Məhz 2016-cı il perspektivdə milli iqtisadiyyatın yeni inkişaf mərhələsinin başlanğıc nöqtəsi oldu və məhz bu il əsas diqqət ölkənin qeyri-neft sektorunun potensialına yönəldildi. Qəbul edilən qərarlar və görülən tədbirlər isə artıq öz nəticəsini verir. Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin birinci rübünün yekunları ilə bağlı iclasda bildirib ki, iqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıb: «Qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olubdur, kənd təsərrüfatı 3,5 faiz artıbdır. Xüsusilə qeyd etmək istəyirəm ki, bitkiçilik 20 faizdən çox artıbdır. Bu, onu göstərir ki, bizim gördüyümüz işlər, ciddi islahatlar, investisiyalar artıq öz nəticələrini verir».
Bu artım ölkənin xarici ticarət dövriyyəsinin göstəricilərində özünü göstərib. Bu ilin 3 ayında ticarət dövriyyəsi 15 faiz artıb, ixrac isə təxminən, 50 faiz artıb. «Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft ixracımız, təqribən, 10 faiz ətrafında artmışdır, idxal isə 17 faiz azalmışdır. Bu da bizim siyasətimizin təzahürüdür. Çünki biz idxaldan asılılığımızı azaltmaq üçün yerli istehsalı stimullaşdırdıq, biznes qurumlarına çox gözəl şərait yaratdıq, xüsusilə kənd təsərrüfatı sahəsinə texnikanın alınmasına və digər tədbirlərə dövlət investisiyaları qoyuldu», - deyə İlham Əliyev vurğulayıb.
Dövlətin aqrar sektora öz yardımı ilə müdaxiləsi, ilk növbədə, kənd təsərrüfatında texniki bitkilər üçün vacib oldu. Fermerlərlə emal müəssisələrinin sahibləri arasında əlaqələrin kəsilməsi daha yüksəkgəlirli, buna görə də ölkə üçün daha vacib olan və zəhməttutarlı bitkiçilik sahələrini tam məhvin astanasına gətirmişdi.
İlk növbədə, söhbət pambıqçılığın dirçəldilməsindən gedir, çünki 2015-ci ilin yekunlarına görə, «ağ qızıl» adlandırılan bu bitkinin əkinləri 18 min hektara qədər azaldılıb, məhsul isə 35 min ton pambığa düşüb. Halbuki, Azərbaycanda 1980-ci illərədə pambıq yığımı 800 min tona qədər çatırdı.
Ümumiyyətlə, 2016-cı il ümidləri geri qaytardı, 51 min hektar sahədən 90 min tona yaxın pambıq yığıldı. Bu il 136 min hektar sahədə pambıq əkildiyini nəzərə alınarsa, ən azı, 270 min ton «ağ qızıl» məhsulu əldə ediləcəyi gözlənir. Yəni iki il ərzində yığılan pambıq 8 dəfə arta bilər.
İpəkçiliyin inkişafını nəzərəçarpacaq saymaq olar. Əgər 2015-ci ildə 232 kiloqram barama əldə edilmişdisə, 2016-cı ildə bu, 70,7 tona qalxıb. 2016-cı ilin dekabrında Çindən xüsusi gətirilmiş 1,5 milyon tut tingi əkiliib. Sıxyarpaqlı tinglər ölkənin 37 rayonunda fermer təsərrüfatlarına verilib və əkilib. Bununla da gözlənilir ki, 2019-cu ildə 1,3 min ton barama əldə ediləcək ki, bu da 2015-ci il göstəricisindən 5,6 min dəfə (!) böyükdür.
Xammal bazasının yaradılması yüngül sənayedə pambıq və ipəkdən parça, paltar və digər hazır məhsulların buraxılmasına təkan verəcək.
Çağdaş müəssisələr şəbəkəsi
Xam pambıq və ipək baraması üzrə etibarlı xammal bazasının yaradılması, artıq pambığın yetişdirilməsindən emala qədər çağdaş müəssisələrin bütöv istehsal zəncirinin inkişafına təkan verib. İmişlidə yeni zavodun tikintisi nəzərdə tutulur. Həmçinin çox sayda fəaliyyətsiz zavodlarda önəmli həcmdə iş görmək lazımdır, çünki yaxın 2 ildə Azərbaycan 400 min ton xam pambıq yığmağa hazırlaşır. Hazırda ölkəyə pivot suvarma sistemləri gətirirlər, onlar çağdaş və effektivdir. Keçirilən iclasda Prezident İ.Əliyev bu sistemlərin ölkə daxilində istehsalının təşkili barədə Sərəncam verib.
Ölkədə daha bir çağdaş müəssisə pestisid istehsalı zavodu olacaq. Dövlət başçısının söylədiyinə görə, 2017-ci ildə ölkədə gübrə istehsalı, o cümlədən azot gübrələrinin istehsalı üzrə zavod işə düşəcək. Bu, ölkənin tələbatını tam ödəməklə yanaşı, həm də xaricə gübrə ixrac etməyə imkan yaradacaq.
2016-cı ildə Mingəçevirdə sənaye parkının əsası qoyulub, orada 9 zavod tikiləcək, onların içində əyirici zavod da olacaq. Bu ilin sonuna ilk müəssisələr işə başlamalıdır. Şəksiz, çağdaş zavod və fabriklərin sayı sürətlə artacaq, bu, gəlir gətirməklə yanaşı, həm də yeni iş yerlərinin açılması kimi vacib məsələni həll etmiş olacaq.
Sosial cəhət
Azərbaycan hökumətinin apardığı sosial siyasət bira sıra Avropa ölkələrinin apardığı siyasətdən çox fərqlənir. Çünki əhaliyə sosial yardım şəklində sədəqə yox, öz zəhməti ilə «çörəkpulu» qazanmaq imkanı verilir.
«Pambıqçılığın inkişafı, ilk növbədə, məşğulluğun artırılması və insanların, bu rayonlarda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılır. Ona görə biz neftdən əldə edilən vəsaiti bu sahəyə qoyuruq ki, camaat daha yaxşı dolansın, işləsin, pul qazansın, halal zəhmətlə dolansın. Biz yaxşı pul qazanmaq üçün imkanlar yaradırıq. Ona görə pambıqçılığın inkişafı Prezident kimi mənim üçün, ilk növbədə, sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir», - deyə Prezident İlham Əliyev vurğulayıb.
Artıq yaxın zamanlarda 200 min hektar sahədə pambıq yetişdirilməsi nəzərdə tutulur ki, bu da 300 min adamı işlə təmin etməyə imkan yaradacaq. Yeri gəlmişkən, pambıqçılıq sahəsinin inkişafından yalnız kənd sakinləri deyil, həm də şəhər sakinləri pul qazanacaqlar; məsələn, Mingəçevir sənaye parkının işləməsi nəticəsində, ən azı, 5 min adam işlə təmin ediləcək.
Aydındır ki, pambığı ölkənin bütün regionlarında becərmək mümkün deyil. Amma dövlət ipəkçiliyin də inkişafına yardım göstərir. İndi tut əkilməsindən və barama yetişdirilməsindən ip əyirilməsinə və ipək toxunmasına qədər istehsal halqası bütünlüklə bərpa edilir. Daha sərin iqlimə malik bölgələrdə fındıq əkilir, bu, yeni iş yerlərinin açılması ilə yanaşı, ölkənin ixrac imkanlarını yetərincə artırır.
Yeni bazarların mənimsənilməsi
Dövlətin dəstəyi Azərbaycan sahibkarlarına tezliklə xarici bazarlara xammalla yox, hazır məhsulla çıxmağa imkan yaradacaq. Bununla bağlı potensial xarici alıcıların «Made in Azerbaijan» brendi ilə tanış edilməsi siyasəti aparılır. Almaniya, Çin, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Rusiyada keçirilən sərgilər çərçivəsində vahid «Made in Azerbaijan» milli stendi altında çıxış ediblər. Keçirilmiş sərgilərdə Azərbaycan şərabı, meyvələri, tərəvəzi, çayı, nar şirəsi və fındığı yeni bazarlar fəth edir. Bu günə kimi bir sıra aparıcı ticarət şəbəkələri ilə sazişlər bağlayıblar. Bunlar Azərbaycan məhsullarına yalnız ənənəvi MDB bazarlarında deyil, həm də Fars körfəzi ölkələrində satılmağa imkan yaradır.
O cümlədən, 2017-ci il martın əvvəlində Dubayda keçirilmiş beynəlxalq ərzaq sərgisi "Gulfood 2017" çərçivəsində Azərbaycan sahibkarları «Lulu» marketlər şəbəkəsinin rəhbərliyi ilə saziş bağladılar. İndən belə BƏƏ, Oman, Qətər, Küveyt, Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya və Hindistanda «Lulu» marketlər şəbəkəsinə aid 138 mağazada «Made in Azerbaijan» malları almaq mümkün olacaq.
Bundan başqa, Prezidentin Sərəncamı ilə ticarət evlərinin yaradılması üzrə iş gedir, yaxın gələcəkdə Rusiya, Belarus, Ukrayna, Çin, Birləşmiş Ərəb Əmirliklərində ticarət missiyaları fəaliyyətə başlayacaq. «Hesab edirəm ki, indiki mərhələdə bu, bizim üçün əsas bazarlardır. Eyni zamanda, biz Avropa İttifaqı bazarlarına da çıxmalıyıq, daha geniş çıxmalıyıq. İndi də ixrac edirik, ancaq hesab edirəm ki, bu, lazımi səviyyədə deyil. Biz bu istiqamətdə də işləyirik», - deyə Prezident İlham Əliyev vurğulayıb.
Bununla yanaşı, Azərbaycanın işgüzar dairələri dünya şəbəkəsinin imkanlarından da fəal istifadə etməlidirlər. Bu məqsədlə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən «www.azexport.az <http://www.azexport.az>» portalı yaradılıb. Azərbaycan sahibkarları üçün yaradılmış ticarət platforması dünyanın “eBay”, “Alibaba”, “AllBiz” kimi iri elektron ticarət meydanlarının məlumatlar bazasına inteqrasiya edilib. Bu da tezliklə özünü göstərib. Azərbaycan mallarını almaq üçün daxil olan sifarişlərin coğrafiyası müxtəlifdir: Rusiya, Türkiyə, İraq, Bolqarıstan, Liviya, Moldova, Bolqarıstan, Liviya, Qana və Nigeriya.
Ölkə rəhbərliyinin milli iqtisadiyyatın bazar proseslərinə fəal müdaxiləsi, artıq nəticələr verməyə başlayır. Yeni model ölkədə iş yerlərinin açılması və qeyri-neft sektorunda ixrac potensialının yüksəlməsində ilk bəhrəsini verməyə başlayır.
MƏSLƏHƏT GÖR: