Müəllif: Xəzər AXUNDOV
Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan tərəfindən Trans-Xəzər yük daşınmalarının və Çinlə-Avropa arasında tranzitin genişləndirilməsi məqsədi ilə gerçəkləşdirilən birgə layihələr Azərbaycanın əsas regional tranzit habı kimi mövqelərinin güclənməsinə səbəb olur. Yeni nəqliyyat dəhlizlərinin inkişafında önəmli rol Xəzər dənizinin limanları arasında yükdaşımalarına verilir. Bununla bağlı son illərdə Azərbaycanda çağdaş liman infrastrukturunun formalaşdırılması və «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin yük donanmasının potensialının artırılması üzrə irimiqyaslı proqram gerçəkləşdirilir.
Son iki-üç il Xəzər hövzəsində dəniz yükdaşımalarının inkişafı üçün dönüş dövrü olub. Buna uzunmüddətli infrastruktur layihələrinin başa çatması, Böyük İpək yolu marşrutu çərçivəsində yeni logistik dəhlizlərin özünü təsdiq etməsi, Xəzəryanı dövlətlərin donanmalarının genişlənməsi, həmçinin regionda nəqliyyat şirkətlərini, o cümlədən Xəzər elementli yeni marşrutlar aramağa məcbur edən kəskin geosiyasi dəyişikliklər ilə bağlı amillər imkan verib.
Dəniz daşımalarının dinamikasının artımına imkan yaradan önəmli amillərdən biri, Aktau və Türkmənbaşı limanlarının köklü yenidənqurulması, həmçinin Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının («Yeni Bakı») birinci növbəsinin işə salınmasıdır. 2010-cu ildən başlayaraq, paytaxtdan cənubda tikilən «Yeni Bakı» limanının obyektləri mərhələli şəkildə istismara verilir - 2014-cü ildə hər il 10 milyon ton yük dövriyyəsinə, o cümlədən 40 min konteynerin emalına imkan verən bərə terminalı işə salındı. Növbədə quru yüklər və konteynerlər üçün universal terminalın, həmçinin “Ro-Ro” tipli gəmilər üçün dörd yan körpünün daxil olduğu körpünün tikintisidir. Üçüncü yekun mərhələsinin başa çatması ilə limanın illik yük dövriyyəsini 25 milyon tona və təxminən, 1 milyon konteynerə çatdırmaq planlaşdırılır.
Ələtdə limanın genişləndirilməsi ilə yanaşı, «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC (XDG) 2010-cu ildə tikilmiş «Zığ» quru yük limanı infrastrukturunun genişləndirilməsi layihəsini gerçəkləşdirir və onun bazasında yeni nəqliyyat-logistika mərkəzi yaradılır. Bakı körfəzində yerləşən «Zığ» limanında 7 körpü var və onlar, eyni zamanda, 14 gəmini qəbul edib yola sala bilir, həmçinin limanda yüklərin saxlanması üçün üç pakhauz var, dalğaqıran tikilib və dəmir yolu çəkilib.
Hazırda liman, əsasən, yük avtomobillərini daşıyan bərələri, konteyner, boru və dirəkdaşıyan quru yük gəmilərini qəbul edir və yola salır. Gələcəkdə yüklərin çeşidi və yükötürmə həcmləri nəzərəçarpacaq dərəcədə artacaq.
«Tranzit yükdaşımaları üçün Azərbaycanda yaradılmış çağdaş nəqliyyat infrastrukturu yatırılan sərmayələri gəlirə çevirməyə imkan verir. Xəzərdə ən iri beynəlxalq dəniz ticarəti limanının tikintisi və onun yanında sərbəst iqtisadi zonanın yaradılması Azərbaycan iqtisadiyyatına sərmayə yatırılması üçün imkanları genişləndirir», - deyə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə «TransCaspian/Translogistica 2017» sərgisinin açılışı zamanı bildirib.
İnfrastrukturun çağdaşlaşması və limanların yük həcminin artırılması ilə yanaşı, 2015-ci ildən Azərbaycan, Qazaxıstan və Türkmənistan fəal danışıqlar apararaq, yüklərin dəmir yolu-dəniz ötürülməsi sahəsində tariflərin optimallaşmasına nail oldular. Həmçinin yüklərin emalı və limanlarda sərhəd-gömrük prosedurlarının keçidi prosedurlarını bir neçə dəfə sürətləndirdilər. İki ildən bir az əvvəl isə Bakı, Astana və Tiflis səyləri, həmçinin Ankara və Kiyevin fəal tərəfdaşlığı nəticəsində, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) yaradıldı. Bununla da Çinlə Türkiyə və Avropa bazarları arasında, o cümlədən bir neçə «Nomad Ekspress» konteyner qatarı vasitəsilə yüklərin daşınmasına başlanıldı.
Keçən iki il ərzində TBNM üzrə əməkdaşlıq dinamikliyi yalnız artıb: 2016-cı ilin əvvəlindən Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna rəqabət qabiliyyətli, güzəştli tariflərin təsdiqi ilə bağlı protokola imza atdılar. Aprel ayında isə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu yaradıldı. Onun üzvləri sırasına Azərbaycandan «ADY Express» və «ACSC Logistics» MMC-lər, Qazaxıstandan «KTZ Express» SC və Gürcüstandan «Trans Caucasus Terminals» MMC daxil oldu.
TBNM-in institusionallaşdırma prosesi bu il də davam etdi. Belə ki, 2017-ci il aprelin əvvəllərində Azərbaycanın, Qazaxıstanın və Gürcüstanın dəmir yolu və dəniz operatorları "Trans-Xəzər Nəqliyyat Dəhlizi" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin yaradılması haqqında sazişə qol çəkdilər. Birliyin fəaliyyəti TBNM-yə tranzit və xarici ticarət yüklərinin cəlbinə, həmçinin TBNM marşrutu üzrə inteqrasiya edilmiş logistika məhsullarının inkişafına yönəlib.
Bu il aprelin əvvəlinə XDG və «Qazaxıstan Dəmir Yolları» (QDY) SC paritet əsasda birgə müəssisə yaratmaq haqqında saziş imzalayıblar. Birgə müəssisənin fəaliyyəti bərə və dəmir yolu daşımalarını əhatə edəcək, TBNM-yə Avropadan, Mərkəzi Asiyadan və Çindən konteyner yüklərinin cəlbində vacib rol oynayacaq.
Trans-Xəzər daşımalarının inkişafını stimullaşdıran vacib amil Rusiya - Türkiyə münasibətlərinin soyuması oldu. Bunun nəticəsində 2015-ci ilin sonlarından başlayaraq, Türkiyədən Mərkəzi Asiyaya gedən konteyner və avtomobil yükləri marşrutu Bakı limanından keçməyə başladı. Bu isə bərələrin və “Ro-Ro” tipli gəmilərin yüklənməsini dəfələrlə artırdı. Əgər əvvəllər Bakı - Aktau istiqamətində və ya əksinə, il ərzində 1000-ə yaxın ağır yük maşını gedirdisə, keçən il bu həcm, orta hesabla, bir ayın payına düşdü.
TBNM-in inkişaf dinamikasını «Yeni Bakı» limanının 2016-cı il üzrə yükötürmə statistikası bariz şəkildə əks etdirir. Belə ki, keçən il yükdaşımalarının həcmi 47% artaraq, 4,5 mln. tona çatıb, özü də yüklərin 87%-i tranzit daşımalarının payına düşüb. Hesabat dövründə iriölçülü nəqliyyat vasitələrinin (TIR) daşınması 3 dəfə artıb.
Bütünlükdə, keçən ilə yük daşınması prosesinə 23,4 min nəqliyyat vasitəsi cəlb olunub, halbuki 2015-ci ildə bu göstərici 8,7 min idi. Yüklərin 60 faizə qədəri Bakı - Aktau - Bakı marşrutunun payına düşüb. Qalan daşıma həcmini isə Bakı - Türkmənbaşı - Bakı istiqaməti təmin edib. Konteyner daşımalarının artımı faktı da az önəm kəsb etmir: 2015-ci illə müqayisədə, iyirmifutluq konteynerlərin (TEU) daşınması 28,5% artaraq, 17 100 TEU-ya çatıb.
Eyni zamanda, Xəzərdə konteyner və quru yüklərin klasterinin inkişafı ilə yanaşı, neft daşınmalarının genişləndirilməsi üçün infrastrukturun inkişafı da davam etdirilir. Belə ki, bu ilin mart ayının sonlarından başlayaraq, Qazaxıstanın yeni işə salınmış Kurık limanından Azərbaycana neft sisternlərinin tranzit nəqlinə başlanılıb. Kurık limanından yüklərin ötürülməsində əsas rolu Xəzərdə yeganə bərə operatoru olan Xəzər Dəniz Gəmiçiliyi oynayır.
Zaman keçdikcə, bu limanın TBNM-in inkişafı üçün önəmi daha da artacaq. Nəzərə almaq lazımdır ki, Kurık limanında “Ro-Ro” və “Ro-Pax” tipli gəmilər üçün daha bir körpünün tikintisi aparılır. Hələ ki, Azərbaycana tranzit neft və neft məhsullarının əsas həcmi Aktau və Türkmənbaşı limanlarından daxil olur. Yeri gəlmişkən, keçən il neft daşınması 87,5% artaraq, 1,575 mln. tona çatıb.
Bütünlükdə, Azərbaycanın dəniz limanları ötən il müşahidə edilən meyli 2017-ci ilin birinci rübündə davam etdirib və yüklərin ötürülməsini 26% artırıblar. Maraqlıdır ki, 2015-ci ildə İranın üzərindən beynəlxalq sanksiyaların götürülməsi barədə qərar qəbul edilib, bu da Xəzər tranziti sahəsinə əlavə intriqa daxil edib. Yaxın illərdə İran Xəzərdə çox iri Əmirabad limanının açılışını planlaşdırır. Orada iri bərə terminalı tikiləcək və həmçinin azad iqtisadi zona yaradılacaq. Yeni Əmirabad limanı Şimal-Cənub dəhlizinin dəniz hissəsinin inkişafı üçün işə salınmaqla yanaşı, həm də Cənub - Qərb istiqamətində quru və konteyner yüklərinin daşınmasında əlavə gəlir mənbəyinə çevrilə bilər.
Beləliklə, bu yaxınlara qədər tanker daşımalarının üstünlük təşkil etdiyi Xəzər dənizi hövzəsində, prinsipcə, yeni durum formalaşır: quru, konteyner və avtomobil yüklərinin ötürülməsinə tələbin kəskin artımı bərələrə və “Ro-Ro” tipli gəmilərə, uyğun liman infrastrukturuna ehtiyacı artırıb.
Burada qeyd etmək yerinə düşər ki, Azərbaycan Xəzərdəki yeni trendləri nəzərə alaraq, liman infrastrukturu və donanmanın inkişafı üçün maksimum səy göstərir. Hazırda XDG-nin sərəncamında 13 bərə var və onlardan ikisi “Ro-Ro” tipli gəmidir. Yeddi bərə 28 vaqon tutur, qalan altı bərəyə isə 52-54 vaqon yerləşir.
"Bütünlükdə, son 3 il ərzində gəmiçiliyin donanmasına 15 yeni gəmi daxil olub, onların tikintisi üçün XDG $139 mln. sərmayə yatırıb", - deyə ACSC QSC-nin başçısı Rauf Vəliyev bildirib.
Ancaq bərə-donanmasının maksimum səviyyədə məşğul olduğunu və gələcəkdə nəqliyyat şirkətlərinin sifarişlərinin artacağını nəzərə alan XDG bu tipli gəmilərin tikintisini artırır.
"Bakı Gəmiqayırma Zavodu «Baku Shipyard» Ukraynanın "Morskoye injenernoye byuro" MMC tərəfindən layihələndirilən “Ro-Pax” bərətipli 2 yeni unikal gəminin tikintisinə başlayır", - deyə bu yaxınlarda Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Dedveyti 5 540 ton olan gəmilər Xəzər dənizi şərtlərində işləməyə maksimum uyğun gəlirlər. Yükün xüsusiyyətindən asılı olaraq, onlar göyərtəyə 56 dəmir yolu sisterni, 46 yarım vaqon və ya 44 yük vaqonu götürə bilər. Gəmilərin quruluşu, həmçinin 50 təkərli yük maşınının (TIR-trak) daşınmasına imkan yaradır, göyərtə hissəsinə isə 100 sərnişin yerləşir. Gözlənilir ki, gəmilər 2018-ci ilin sonlarına istismara veriləcək.
Ancaq bərələrə artan tələbin təmin edilməsi məqsədi ilə XDG qonşu ölkələrdən hazır gəmilər almaq imkanını istisna etmir. Bununla bağlı Ukraynanın "Geroi Şipki" və "Geroi Plevnı" bərələrinin satınalınması və ya icarəyə götürülməsi imkanlarına baxılır.
2016-cı ildə XDG-nin gəlirləri 493,4 mln. manat təşkil edib ki, bu, 2015-ci il göstəricisindən 34% çoxdur. "Hazırda gəmiçiliyin xarici banklardan dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə vaxtıkeçmiş və ya ödənilməmiş öhdəliyi yoxdur. Qarşıdan gələn 5 il üzrə mövcud kreditlər və onların faizləri üzrə öhdəliklər XDG-nin illik gəlirinin yalnız 1,5%-ni təşkil edəcək", - deyə QSC-nin rəhbəri Rauf Vəliyev bildirib.
Başqa sözlə, son ilyarım - 2 il ərzində yükdaşımalarının artması XDG-ni layiqli gəlirlə təmin edib. Bu isə gəmiçiliyə yeni gəmilər almağa, donanmanı modernləşdirməyə, həmçinin liman və gəmi təmiri infrastrukturuna sərmayə yatırmağa imkan yaradıb.
MƏSLƏHƏT GÖR: