
ATANIN OĞULLARA NƏSİHƏTİ
Mikayıl HACIYEV: «Cövdət Hacıyev tələbələrin zövqünü yalnız musiqiyə deyil, həm də təsviri sənətə bağlayırdı»
Müəllif: Elya ƏNVƏRLİ
Görkəmli Azərbaycan bəstəkarı, Azərbaycanın Xalq Artisti Cövdət İsmayıl oğlu Hacıyev yaşasaydı, iyunun 18-də 100 yaşı tamam olardı.
Bəstəkarın yaradıcılığı milli incəsənətin inkişafında önəmli rol oynayıb. Cövdət Hacıyev Azərbaycanda simfonizmin banilərindən biri, Şərqin ilk simfoniyasının müəllifidir. O, patriotik «Vətən» operasının müəllifidir (Qara Qarayevlə birlikdə yazıb), simli kvartet, fortepiano, xor və s. üçün əsərlər yazıb. Cövdət Hacıyev 8 simfoniyanın, «Sülh uğrunda!» (1951) simfonik poemasının, "Azərbaycan" süitasının, simfoniettanın müəllifidir. Cövdət Hacıyevin «Onu zaman seçdi» adlı səkkizinci simfoniyası tanınmış siyasi xadim, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevə həsr olunub (sözləri Fəridə Ləman yazıb).
Azərbaycan musiqi sənətində Cövdət Hacıyevin adını hər şeydən öncə, simfonik musiqinin inkişafı, milli simfoniya janrının yaranması və inkişafı ilə bağlayırlar, burada bəstəkarın xidmətləri xüsusilə böyükdür. Bəstəkarın əsas yaradıcılıq sahəsi olan simfonik musiqi nümunələri ilə yanaşı, o, gözəl kamera-instrumental, vokal, həmçinin xor əsərlərinin müəllifidir.
Cövdət Hacıyev Azərbaycan Konservatoriyasının professoru, SSRİ Dövlət Mükafatı laureatı olub, 1960-cı ildə ona Azərbaycan SSR-in Xalq artisti adı verilib.
1957-ci ildən 1969-cu ilə kimi bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub, həmçinin Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri işləyib. Milli musiqi mədəniyyətinin inkişafına görə, Cövdət Hacıyev «Şərəf nişanı», Qırmızı Əmək Bayrağı, Oktyabr inqilabı, Lenin və «Şöhrət» ordenləri, çox sayda medallarla təltif olunub.
2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi barədə Sərəncam imzalayıb. Bütün ölkədə onun şərəfinə xatirə tədbirləri keçirilir. Yubiley tədbirləri, həmçinin dünyanın müxtəlif konsert zallarında da keçirilir.
May ayında Nyu-Yorkun məşhur konsert zalı Karneqi-Hollda çox böyük uğurla bu böyük bəstəkarın yubileyinə həsr edilmiş beynəlxalq festivalın açılışı baş tutdu. Cövdət Hacıyevin və onun həyat yoldaşı, əfsanəvi Azərbaycan rəqqasəsi, xoreoqraf Əminə Dilbazinin şərəfinə keçirilən «İpək yolu üzərində Odlar Yurdu» adlı transkontinental festival ABŞ, Böyük Britaniya və Kanadadan başlayaraq, Qərbin bütün aparıcı ölkələrini əhatə edəcək, öz mədəniyyət-sülh yolunu Şərqdə - Çində və Hindistanda başa çatdıracaq.
Azərbaycanın qədim tarixi şəhəri Şəkidə - Cövdət Hacıyevin anadan olduğu və uşaqlığını keçirdiyi vətənində yubiley konsert tədbirlərinin keçirilməsinin xüsusi önəmi olacaq. Önəmlidir ki, Şəkidə onun «Vətən» oratoriyası, «Onu zaman seçdi» təntənəli odası, həmçinin Azərbaycanın müdafiəçilərinə - Qarabağ müharibəsində həlak olmuş qəhrəmanların xatirəsinə həsr etdiyi Qəhrəmanlıq simfoniyası səsləndiriləcək.
Fransada və İsveçrədə tanınmış azərbaycanlı pianoçu Adilə Əliyevanın təşəbbüsü ilə Cövdət Hacıyevin fortepiano əsərlərinin ən yaxşı ifası üzrə beynəlxalq müsabiqə keçirilib. Cövdət Hacıyevin tələbəsi, bəstəkar haqqında gözəl monoqrafiya-kitabın müəllifi Adilə Yusifovanın təşəbbüsü ilə Gürcüstanda da bu görkəmli bəstəkarın anadan olmasının 100 illiyi ilə bağlı yaradıcılıq tədbiri keçirilib.
Çağdaş dünyanın böyük bəstəkarı Dmitri Şostakoviç etiraf etmişdi ki, Cövdət Hacıyev «görkəmli simfonist olmaqla yanaşı, həm də mənim layiqli varisimdir».
Bu yaxınlarda Bakıda 3 saylı musiqi məktəbinin uşaqları üçün xatirə tədbiri keçirilib. Həmin axşam müəllifin ölümsüz əsərləri yalnız şagirdlərin canlı ifasında deyil, həm də videoyazılar vasitəsiilə səsləndirildi - «Fortepiano üçün ballada», «Mərdanın ariyası», «Vətən» operasından mahnılar və xor, həmçinin Azərbaycan xoreoqrafiyasının kraliçası Əminə Dilbazinin rəqsindən fraqmentlər göstərildi.
Musiqişünaslar böyük bəstəkarın həyat və yaradıcılığından danışıblar. Onun musiqisinin önəmi Böyük Britaniyada və ABŞ-da bəstəkarın əsərlərinin nəşri üçün əsas rolunu oynayıb.
Öz başlanğıcını məşhur Karnegi-Holldan başlamış beynəlxalq Cövdət Hacıyev festivalı ətrafında ajiotaja baxmayaraq, «R+»un müxbiri bəstəkarın kiçik oğlu, «Niaqara» festivalının fəxri artisti, Bakı Musiqi Akademiyasının kamera ansamblı kafedrasının dosenti Mikayıl Hacıyevlə söhbət etməyi bacarıb. O, atasının həyat və yaradıcılığından, mehriban ailələrindən danışıb.
- Atam 18 iyun 1917-ci ildə Nuxada (Şəkidə) sənətkar ailəsində dünyaya gəlib, daha sonra ailələri Bakıya köçüb, orada atam skripkada çalmaq öyrənib, dahi Üzeyir Hacıbəyovla tanış olub. Məhz Üzeyir Hacıbəyovun təkidi ilə bəstəkar Qara Qarayevlə birlikdə əvvəlcə Bakı Konservatoriyasında, sonra isə Moskva Konservatoriyasında oxuyub.
- Atanızın yaradıcılıq irsində hansı simfoniyalar xüsusilə seçilir?
- Bu, onun üçüncü - «Müəllimin (Şostakoviçi) xatirəsinə»; beşinci - «İnsan, Torpaq, Kosmos»; səkkizinci - «Onu zaman seçdi»; yeddiinci - "20 Yanvar" hadisələrinə, şəhidlərə həsr edilmiş simfoniyalarıdır.
- Cövdət müəllim 1957-1969-cu illərdə konservatoriyanın rektoru olub, həmin illərdə nə kimi dəyişikliklər baş verib?
- O, cəsarətlə gənc müəllimləri irəli çəkdi, Azərbaycan xalq musiqisi kafedrasının işini bərpa etdi, orqan sinfi açdı, bunun üçün Almaniyadan mütəxəssislər gətirdi. Keçən əsrin 60-cı illərində musiqiçilərin ixtisasının artırılması üçün Cənubi Qafqaz respublikaları üzrə üç müsabiqə keçirdi və bu, respublikaya böyük fayda verdi.
- O, necə pedaqoq idi?
- Möhtəşəm! O, 70 tələbə yetişdirib, onların içində sovet və Azərbaycan bəstəkarı, Azərbaycanın Xalq artisti Aqşin Əlizadə, bəstəkar Nazim Əliverdibəyov, Azərbaycan bəstəkarı, pedaqoq, Azərbaycanın Xalq artisti Ramiz Mirişli, bəstəkar, Azərbaycanın Xalq artisti Eldar Mansurov və başqaları var. Eldar Mansurov danışır ki, konservatoriyaya qəbul imtahanları zamanı onun müəlliminin adı abituriyentlər arasında heyranlıqla qarşılanırdı.
Axı maestro öz tələbələrində yalnız musiqi ilə deyil, həm də təsviri incəsənətlə bağlı sevgi və zövq formalaşdırırdı, daha Üzeyir bəyin ənənələrinə sadiq qalaraq, aşıq musiqisini və müxtəlif üslublu xalq musiqilərini unutmurdu. İlk növbədə isə dünya klassikasını yaddan çıxarmırdı.
Bir dəfə atamdan soruşdular: «Musiqi təhsilinə hansı yaşdan başlamaq lazımdır?». O isə cavab verdi: «Bəzən uşağın qabilyyəti özünü gec göstərir». Bu səbəbdən, dahi Verdi əvvəlcə heç musiqi məktəbinə qəbul edilməmişdi.
- Cövdət müəllim məişətdə necə idi? İşdəki kimi tələbkar və ciddi idimi?
- O, çox vaxt fikirli olurdu, yaradıcı fikirlərə dalırdı, hətta bir az sərt idi. Amma öz ailəsini, ailəmizin əhvalına çox təsir edən şən və gülərüz anamızı, iki musiqiçi oğlunu və iki qızını çox sevirdi. Anam gözəl rəqqasə, «Çinar» ansamblının rəhbəri, ailəmizin dayağı idi, yalnız atamı deyil, bizləri də ruhlandırırdı. Biz Aktyorlar evində yaşayırdıq və Rəşid Behbudov bizə tez-tez gəlirdi. O bizə bu sözlərə skripka açarının rəsmini çəkməyi öyrətmişdi: «Nə vaxt əsl artist olarsınız, bunu sizə kimin öyrətməsinin sirrini açarsınız». Rəssam Mikayıl Abdullayev isə valideynlərimizin birgə portretini çəkmişdi, o bizə skripkanın simlərinin adlarını öyrətmişdi.
- Böyük qardaşınız, bəstəkar və görkəmli dirijor, Əməkdar incəsənət xadimi İsmayıl Hacıyevlə siz bütün dünyada dahi Üzeyir Hacıbəyovdan başlayaraq, Vaqif Mustafazadəyə qədər Azərbaycan musiqisini və muğamları geniş təbliğ edirsiniz...
- Atamın iştirakı ilə mən və qardaşım «İlham» kamera orkestrini yaratmışdıq və orada işləyirdik. Orkestr dünyanın bir çox ölkələrində çıxış edərək məşhurlaşmışdı, Azərbaycan musiqisinin ən yaxşı nümunələrini təbliğ edirdi; məsələn, atamın əsərlərini, Fikrət Əmirovun «Nizami» simfoniyasını, «Çahargah» simfonik muğamını və başqa inciləri ifa edirdik, xaricdə əsl musiqisevərlərin qəlbini fəth edirdik. Müxtəlif səbəblər üzündən, bizim gözəl orkestr işini dayandırdı.
«İlham» orkestrinin davamı kimi, Kanadadakı Azərbaycan səfirliyi və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə biz beynəlxalq Niaqara festivalının yanında «İpək yolu» kamera orkestri yaratmışıq. Festivalın bədii rəhbəri, professor Atis Bankas ilə birlikdə Toronto, Ottava, Monreal, Vaşinqton, Nyu-York və digər Şimali Amerika şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri keçiririk. «İpək yolu» orkestri ilə, adətən, dünyanın ən yaxşı artistləri çıxış edir; məsələn, amerikalı müğənni Sevinc-Aleksandriya Sultanzadə bizimlə solo-çıxışlar edib. O, atamın «Sülh qızılgülü» simfonik poemasından fraqment ifa etdi. Poemanın sözləri tanınmış alim Aida İmamquliyevaya həsr edilib. Poema Vaşinqtonda - Amerikanın Con Kennedi Mərkəzində ifa edilib.
Cövdət Hacıyevin yubiley konsertində çağdaş dünyanın böyük dirijoru, Sankt-Peterburq Marinski Teatrının bədii rəhbəri və baş dirijoru Valeri Gergiyev iştirak edib. Daha sonra yubiley tədbirləri Vaşinqton, London, Vyana, Toronto, Niaqara və Mayamidə, həmçinin Azərbaycanda keçiriləcək.
Kanada bu gün idealquruluşlu ölkədir, sülh və harmoniya ölkəsidir, orada mədəniyyət, musiqi və incəsənət çiçəklənir. Azərbaycan və Türkiyə diasporlarının yardımı ilə biz güclü Azərbaycan lobbisi yaratmışıq. Oraya yüksəkçinli məmurlar,
Parlament deputatları, şəhər merləri, qubernatorlar daxildir. Onlar bizim musiqini sevirlər, mütəmadi olaraq Niaqara festivalının bütün mədəniyyət tədbirlərinə baş çəkirlər. Bizim heykəltəraş Eldar Ömərov Niaqaranın xoşməramlı səfiri seçilib, Tahir Salahova isə uğurlu sərgidən sonra "Müqəddəs Georgi" ordeni təqdim edilib.
Mənim böyük qardaşım İsmayıl Hacıyev Kanadada simfonik musiqinin və qədim muğamın aparıcı təbliğatçılarındandır. O, Kanadada beynəlxalq «İpək yolu». «Niaqara müzik» komitələrinin sədri, həmçinin Heydər Əliyev Mərkəzinin prezidentidir.
Qarşımızda böyük tarixi missiya durur. Nail olmalıyıq ki, Azərbaycan simfonik musiqisinin Şərq və Qərb ənənələrinin unikal musiqili sintezi olan inciləri dünyanın aparıcı dirijorları və simfonik orkestrlərinin repertuarına daxil edilsin, dünyanın ən prestijli musiqi festivallarında və konsert zallarında mütəmadi ifa edilsin. Daha sonra biz Vaşinqton, London, Vyana, Toronto, Niaqara, Mayami və başqa şəhərlərdə yubiley konsertləri keçirmək niyyətindəyik.
- Necə oldu ki, sizin böyük qardaşınız İsmayıl Hacıyev əla qiymətlərlə Qara Qarayevin kompozisiya sinfini bitirdiyi halda, dirijor oldu?
- Anamın oğlunu dirijor kimi görməklə bağlı arzusu çin oldu. Amma o vaxt Bakıda opera-simfonik dirijorluğu fakültəsi yox idi, Moskva və Leninqrad isə daxil olmaqla, demək olar ki, mümkün deyildi. Onda Heydər Əliyevin göstərişi ilə ən yaxşı Azərbaycan musiqiçiləri Moskva və Leninqrada dirijorluq fakültələrinə göndərildi. İsmayıl İ.E.Musinin yanında oxudu. Konsertlərdə çıxış edən zaman tanınmış dirijor E.A.Mravinskinin diqqətini cəlb elədi. O, İsmayılı evinə dəvət edərək, özünə assistent götürdü.
- Bizə vaxt ayıra bildiyiniz üçün sizə təşəkkür edirəm. Sizə bayram tədbirlərində və «Niaqara festivalı»nda uğur arzulayıram!
MƏSLƏHƏT GÖR: