Müəllif: Nurlanə QULİYEVA
Skeptiklərin gözləntilərinin əksinə olaraq, Azərbaycan iqtisadiyyatının altıaylıq inkişaf göstəricilərini qaneedici saymaq olar. Maliyyə-bank sahəsində yetərincə mürəkkəb duruma baxmayaraq, iqtisadiyyatın real sektoru, daha doğrusu, qeyri-neft iqtisadiyyatı inamlı 1,7 faiz artım göstərib. Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında Prezident İlham Əliyevin dediyi kimi, ən böyük artım qeyri-neft sənayesində baş verib - 4,4 faiz - «bu, mümkün olan ən gözəl göstəricidir».
Energetika amilidən asılılıq və neft gəlirlərinin azalması, əlbəttə, iqtisadi göstəricilərin sabit səviyyədə saxlanması məsələsini çətinləşdirib. Bank sahəsində xarici borclanmalar limitini 500 mln. manatdan 4,5 mlrd. manata qədər qaldırmağa səbəb olan böhran real sektoru da silkələyə bilərdi. Amma bütün istiqamətlərdə islahatların sürətlənməsi balansı qorumağa və iqtisadiyyatın digər vacib sahələrində göstəricilərin yaxşılaşmasına imkan yaratdı.
Qeyd edək ki, hökumət limitin qaldırılmasına Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması çərçivəsində gedib. Çünki dövlət öz üzərinə $2,4 mlrd.-lıq öhdəlik götürməli olacaq ki, bununla bağlı avrobondların emissiyası planlaşdırılır.
Bununla yanaşı, valyuta ehtiyatları $3 mlrd. artıbvə bugünə 40,6 milyarddollartəşkiledir. Bu, bir daha manatın devalvasiyası barədə qərarın doğru olduğunu göstərir, çünki dövlətin valyuta ehtiyatlarını məhz milli valyutanın məzənnəsinin dəstəklənməsi əridib. Mərkəzi Bank bu istiqamətdə önəmli məbləğlər yönəltməyi dayandıran kimi, vəziyyət düzəlməyə başladı. Bununla yanaşı, manat son günlər, xüsusilə də "üzən məzənnə" rejiminə keçəndən sonra nisbətən sabit qalıb.
Bundan başqa, İlham Əliyevin dediyi kimi, Neft Fondundan büdcəyə transfertlər azalıb ki, bu da orada yığılmış valyutanı qorumağa imkan yaratdı.
Yeri gəlmişkən, bu yaxınlarda parlament tərəfindən qəbul edilmiş düzəlişlərdən görünür ki, ilin ikinci yarısına dövlət büdcəsinin parametrləri bir qədər genişlənib. Belə ki, gəlirlər üzrə proqnozun 3,1%, xərclər üzrə proqnozun isə 6,2% artırılması qərara alınıb. Yəni düzəlişlərdən sonra gəlirlər üzrə proqnoz 16,8 mlrd. manat olacaq və ümumi daxili məhsulun (ÜDM) 25,2%-ni təşkil edəcək. Xərclər üzrə proqnoz isə 17,9 mlrd. manat (ÜDM-in 26,9%-i qədər) olacaq, büdcə kəsri 1,2 mlrd. manata (1,8%) bərabər olacaq.
Maraqlıdır ki, əlavə gəlirlərin strukturunda liderlik Azərbaycan Mərkəzi Bankının (AMB) gəlirlərinə (250 mln. manat) məxsusdur. Əlavə xərclər isə Azərbaycan Əmanətlərin Sığortası Fondunun nizamnamə kapitalının (546 mln.) ödənilməsinə, SOCAR-ın əhaliyə təbii qazın güzəştli qiymətlərlə satışından yaranmış itkilərin örtülməsinə, dövlət kapital yatırımlarının artırılmasına (191 mln.) və s. yönəldiləcək.
Sonuncu bəndlə bağlı qeyd edək ki, 6 ay ərzində ölkə iqtisadiyyatına $5 mlrd. sərmayə yatırılıb ki, bunların böyük hissəsi xaricidir. «Dövlət İnvestisiya Proqramı uğurla icra olunur və tam icra edilməlidir. Buraya məktəb, xəstəxana, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, infrastruktur layihələri, yol salınması və sair daxildir», - deyə Prezident İ.Əliyev bildirib.
Ancaq o əlavə edib ki, yerli özəl sərmayələrin artımı üçün böyük səylər göstərmək vacibdir, ən azından, elementar qaydada bu prosesə mane olmamaq lazımdır. Belə ki, dövlət başçısı qeyd edib ki, regionlarda bəzi hallarda sərmayəçiyə yardım etmək əvəzinə, problemlər yaradırlar.
«Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var. Bəzi hallarda investorlara kömək etmək əvəzinə problemlər yaradılır. Bunlara son qoyulmalıdır. İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək», - deyə Azərbaycan Prezidenti bildirib.
Ümumiyyətlə, dövlət başçısının narahatlığı anlaşılandır, xarici sərmayəçilər, İlham Əliyev demişkən, Azərbaycanı «sabitlik məkanı» sayaraq, həvəslə ölkə iqtisadiyyatına sərmayə yatırdığı halda, yerli sahibkarlar passivlik göstərirlər. Halbuki, dövlət tərəfindən çox sayda dəstək alətləri mövcuddur. Aydındır ki, hələ də məmur maneçilikləri var və onların üzərində inzibati nəzarət yerli sərmayələrin statistikasını yaxşılaşdırmağın yeganə yoludur.
Yeri gəlmişkən, xarici biznesin marağının artımına sübut kimi, yalnız bir neçə rəqəmi misal çəkək: Azərbaycanın neftdənkənar sektoruna xarici sərmayələr 2016-cı ildə 98,3% artaraq $1,7 mlrd. təşkil edir, bu zaman əsas sərmayəçilər beşliyinə İsveçrə, Rusiya, Türkiyə, Böyük Britaniya və Niderland daxil olub.
Prezident niyə regionları göstərdi? Çünki məhz son illərdə oralarda fəal şəkildə müxtəlif sənaye zonalarının və klasterlərin yaradılması gerçəkləşdirilir. Bundan başqa, İqtisadiyyat Nazirliyi və başqa qurumlar bazarın öyrənilməsi ilə məşğul olur və istehsalatın perspektivli istiqamətlərini müəyyən edirlər. Belə ki, Mingəçevir Sənaye Parkında 9 zavod tikiləcək, Neftçala Sənaye Parkında isə artıq iki müəssisə fəaliyyətə başlayır, Masallı Sənaye Zonasında isə tikinti prosesinə başlanılıb.
Yəni çox vaxt yerli sahibkarların yalnız hazır layihələrə vəsait yatırması lazım gəlir. Bu proses isə bürokratiya və məmur özbaşınalığı üzündən əngəllənir. Azərbaycanın qeyri-neft sənayesi və kənd təsərrüfatının inkişaf etdirilməsinin vacib olduğu bir zamanda bu, sadəcə, cinayətdir.
Bununla belə, Azərbaycan məhsullarına maraq ildən-ilə artır. Xarici ticarət dövriyyəsi statistikasına görə, ilin 6 ayı ərzində ixrac 36% artıb, qeyri-neft ixracı isə 27% artıb. Bununla yanaşı, idxal 15% azalıb, müsbət saldo $1,9 mlrd. olub. «Düşünürəm ki, bu, istənilən ölkə üçün ən arzuolunan nəticədir», - deyə Prezident İ.Əliyev bildirib.
Burası çox vacibdir ki, Azərbaycan məhsullarının ixracının coğrafiyası genişlənib, Azərbaycan İran körfəzinin bir sıra ölkələrinə kənd təsərrüfatı və emal məhsulları göndərməyə başlayıb. «Mənim, demək olar ki, bütün xarici səfərlərim çərçivəsində və xarici həmkarlarım Bakıda olanda bu məsələni qaldırıram, siyahını onların qarşısına qoyub deyirəm ki, biz bu məhsulları ixrac edə bilərik, siz də bunları alırsınız, gəlin bizdən alın. Biz də sizin ixrac etdiyiniz məhsulları alaq. Ona görə, indi biz bütün görüşlərə bu siyahı ilə gedirik və bunun gözəl nəticələri var. Avropa ölkələrində, Körfəz ölkələrində, Asiya ölkələrində bizim məhsullara maraq var, sadəcə olaraq, bu günə qədər onlarda məlumat yox idi», - deyə İlham Əliyev bildirib və əlavə edib ki, «Azexport» portalının yaradılması bu istiqamətdə ciddi addımdır.
Bir sıra məhsul qrupları üzrə rəqəmlər daha çox artıb: qızıl 64%, elektrik enerjisi 3 dəfə, toxuculuq məhsulları 73%, daş, gips, sement 30 dəfə artıq ixrac edilib! Azərbaycan üçün ənənəvi olan kənd təsərrüfatı məhsulları da yetərincə uğurlu olub: bu il pomidor ixracı 55%, kartof ixracı 63%, soğan ixracı 11 dəfə, süd məhsullarının ixracı, təxminən, 4 dəfə, emal edilmiş meyvə və tərəvəz ixracı 54%, xam dəri ixracı 38%, spirtli və alkoqolsuz içkilər ixracı 16% artıb.
Ancaq mənfi azalma meyilləri də var, ən ağrılısı, xaricə fındıq satışlarının 9% azalmasıdır. Amma bu, ən gəlirli məhsuldur və ildə $100 mln. gəlir gətirir və onun iki dəfə artması üçün potensial var. «Qarşıya vəzifə qoyulub ki, əlavə 40 min hektarda fındıq bağları salınsın. Bu proses gedir və bu 40 minin 18 mini artıq əkilib», - deyə Prezident bildirib.
Onun sözlərinə görə, gələcəkdə Azərbaycan zeytun ixracından ildə 50 milyon dollar əldə edə bilər. Ötən il respublika 300 ton bu məhsuldan ixrac edib. Azərbaycan kənd təsərrüfatının ən perspektivli bəndlərindən biri pambığa gəldikdə isə 2016-cı ildə 51 min hektarda pambıq əkilmişdi, bu il isə əkin sahələri, demək olar ki, üç dəfə artaraq 136 min hektara çatıb. Uyğun olaraq məhsul yığımı 260-270 min ton səviyyəsində proqnozlaşdırılır. Qeyd edək ki, ilin birinci yarısında pambıq ixracı 154%, pambıq lifi ixracı isə 6,5 dəfə artıb. Rəqəmlər yetərincə ümidvericidir. «Bunu o ölkə əldə edib ki, onun gəlirləri son iki il ərzində üç-dörd dəfə azalıb», - Prezident İ.Əliyev bildirib. Ümumiyyətlə, psixoloqlar məsləhət verirlər ki, uğur və inkişaf qazanmaq üçün zaman-zaman «komfort zonası"ndan çıxmaq və çətinliklərlə mübarizə aparmaq lazımdır. Azərbaycan iqtisadiyyatındakı vəziyyətlə bağlı onu da demək olar ki, bu fikir özünü doğruldur.
MƏSLƏHƏT GÖR: