23 Noyabr 2024

Şənbə, 16:27

ŞƏKİ: RƏNGLI ŞÜŞƏDƏN BAXARKƏN...

Nəsildən-nəslə keçən sənətkarlıq ənənələri şəbəkə yaradıcılığında ən gözəl əksini tapır

Müəllif:

01.08.2017

Məlum olduğu kimi, YUNESKO-nun ümumdünya mədəni irs Komitəsini Krakovda keçirilmiş 41-ci sessiyasında “Şəki şəhəri və Şəki Xan Sarayı” müstəsna dəyəri olan universal abidə kimi tanınıb. Bu münasibətlə Azərbaycan tərəfinə abidənin qorunması və digər məsələlərin həlli üçün vaxt ayrılıb.

... Böyük Qafqaz sıra dağlarının cənub yamacında salınmış, şəhər kimi formalaşma tarixi, təxminən, iki min il əvvələ gedib-çıxan Şəki bir çox özəllikləri ilə seçilir. Azərbaycan milli qadın başörtüyü - YUNESKO-nun qeyri-maddi irs siyahısına salınmış kəlağayı istehsalı, yalnız Şəkidə bişirilən şirniyyat - düyü unundan paxlava, qırma-badam, dum-dum halvası, bamiyə bu şəhərin adı ilə bağlıdır. Amma biz şəbəkə sənəti və onun dünyada məşhur olan ustası barədə söz açacağıq.

 

Şəkinin məhəllələrində

... Şəkidə küçələri adla tanımırlar. Gərək hansı məhəlləyə getdiyini deyəsən ki, sənə yolu göstərsinlər. Amma axtardığımız ünvanı xüsusi soruşmağa ehtiyac yoxdur. Böyük karvansaraydan piyada, ya da "11" nömrəli avtobusla yuxarı, düz, Xan sarayının qarşısınadək qalxırsan, saraya çatmamış bir qədər sağa dönüb, Tarix-Diyarşünaslıq Muzeyinin, Sənətkarlar evinin aşağı tərəfindəki emalatxananı, usta Tofiqi soruşursan.

Bu emalatxanada qədim şəbəkə sənətinin nümunələri yaranır. Xırda doğranmış taxta və şüşə parçaları heç bir yapışqan və mismar istifadə edilmədən bir-birinə geydirilir. Qırmızı, sarı, tünd-mavi, füruzəyi-yaşıl rəngli vitraj şüşələri və taxta parçalarından pəncərələr, qapılar, arakəsmələr, müxtəlif fiqurlar, fərqliölçülü suverirlər düzəldilir.

Tofiq usta bu sənəti atası Usta Əşrəfdən öyrənib, atası da öz atasından. Bu gün Tofiq Rəsulov öz emalatxanasında iki oğlu - İlqar və Vüqar ilə birlikdə çalışır. Cavanların bu sənətə marağı şəbəkə işinə müasir texnologiyanı da gətirib. Usta Tofiq deyir:

- Əgər əvvəllər eskizi kağız üzərində edirdiksə, indi uşaqlar kompüterdə model cızırlar. İlqar Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsini bitirib. Bu biliyi ilə də bizim dədə-baba sənətimizi davam etdirir.

Bəli, bu gün kompüter texnologiyaları, virtual layihələndirmə, elektriklə işləyən cihazlar, dəzgahlar şəbəkə ustasının köməyinə gəlir. Amma bu sənət yeni dövrdə meydana çıxmayıb axı... Usta Tofiq sualımı qabaqlayır:

- Şəbəkə ilə məşğul olmaq üçün mütləq insanın xüsusi rəssamlıq-memarlıq istedadı olmalı, o, riyaziyyatı, xüsusilə həndəsəni və rəsmxəti yaxşı bilməlidir. Bu iş dəqiqlik tələb edir. Bilirsiniz ki, şəbəkədə mismardan, yapışqandan istifadə olunmur. Şəbəkəni yığanda 1 ml səhv etsən, düzəltdiyin iş alınmayacaq. Buna görə də əvvəlki ustalar standart pannolar, pəncərə, qapı yığırdılar. Əsasən, 8 və 12 guşəli ornamentlərdən istifadə edilirdi. İndi İlqarla-Vüqar yeni formalar yığmağa can atırlar. Birinci Avropa Oyunları üçün milli şəbəkə sənətinə yeni işlər hazırladıq, ötən il Bakıda keçirilmiş Şahmat Olimpiadası üçün şəbəkədən şah, vəzir və at fiqurları düzəltdik.  

...Emalatxanada rəngli şüşələr ilə taxta parçalarının qovuşuğu unikal və ulitar sənət nümunələri yaradır.Tarixboyu Qafqaz Albaniyası memarlıq irsini yaşadan Şəkidə evlərin tikintisində şəbəkədən geniş istifadə edilib. XVIII əsrin memarlıq incisi sayılan Şəki Xan Sarayının bütün pəncərələri şəbəkə üslubunda düzəldilib. Maraqlıdır ki, ötən əsrin 50-ci illərində Xan Sarayı ilk dəfə bərpa ediləndə buradakı şəbəkə işləri Tofiqin atası Usta Əşrəfə həvalə edilibmiş. 2002-2004-cü illərdə həmin saray-muzeydə aparılan növbəti bərpa işlərini isə Tofiq Rəsulov yerinə yetirib. Bu gün Tofiq ustanın emalatxanasında xırdaölçülü şəbəkə suvenirlər də düzəldilir. Şəbəkə sənəti ilə maraqlanan turistlər bu sənətin bir parçasını özləri ilə aparmaq istəyirlər.

 

"Made in Sheki"

 - Vitrajşüşəli şəbəkə sənəti ilə Azərbaycanda təkcə Şəkidə məşğul olurlar. Amma bu sənət məni dünyada gəzdirib. Onlarca ölkədə keçirilən beynəlxalqmiqyaslı xalq tətbiqi-dekorativ sərgilərində iştirak etmişəm. Əsərlərimin göndərildiyi sərgilərin sayını isə unutmuşam.

Usta deyir ki, şəbəkə üçün ən yaxşı material fısdıq ağacıdır. Ağac nə qədər yaşlı olsa, bir o qədər yaxşıdır. Usta şəbəkə üçün 5 sm qalınlığında yonulmuş fısdıq lövhələr alır. Lövhələr, təxminən, 10 gün, bir növ, "buxarda bişirilir" ki, ağacın tərkibindəki şirə qurusun. Şirəsi sıxılıb elastikliyi artmış taxta lövhə, ən azı, 1 ay xüsusi temperaturda qurudulur. Əgər taxta yaxşı qurumasa, nə onun rəngi tündləşər, nə də ondan düzəldilən əşyanın ömrü uzanar. Nəhayət, tam qurumuş taxtaya mumtərkibli dolğu çəkilir. Usta Tofiq deyir ki, bu prosesdən sonra taxtanın ömrü 100 il uzanır deyə, ondan şəbəkə yığmağa dəyər. Maraqlıdır, bəs şüşələr?

- Əvvəllər Şəkiyə rəngli şüşələr Venetsiyadan gətirilərmiş. Şəki Xan Sarayında istifadə edilmiş şüşələr murano şüşələridir. Amma biz indi Rusiya istehsalı olan vitraj şüşələrdən istifadə edirik. İtaliya şüşələrinin qalınlığı 1 mm, Rusiya şüşələrinin qalınlığı isə 3 mm.-dir. Şüşə nə qədər nazik olarsa, ondan daha incə və daha xırda detallar kəsmək olar.

...Gözümün ucu ilə də Tofiq ustanın, cavan ustaların əllərinə nəzər salıram. Heç kəsin əlində cızıq, zədə yoxdur. Deməli, əsl ustadırlar. Şüşəni ehtiyatla əlimə alıb, rənginin çalarlarını bilmək üçün onu işığa tuturam. Qırmızı gah okean dibindən çıxan mərcan rəngi alır, gah da burqund şərabı kimi bordo rəngə çalır. Şəbəkənin gözəlliyi gün işığının şüşədə əksolunma bucağından asılıdır. Bu yerdə divara söykədilmiş şəbəkə pəncərə diqqətimi çəkir.

- Usta, belə pəncərəni hazırlamağa nə qədər vaxt lazımdır?

- Hər şey ornamentdən asılıdır. Bu pəncərənin 1 kvadrat-metrində 14 min şüşə və taxta parçasından istifadə edilib. Ona, təxminən, 6 ay vaxt gedib. Xırda suveniri isə 5-6 günə yığmaq mümkündür.

- Bəs sifarişiniz çox olur?

- Belə bir məsəl var: sənətkar naharadək ac qalar...

... Şəkidə küçələri adla tanımırlar. Amma şəbəkə ustası Tofiq Rəsulovun ünvanını kimdən soruşsanız, sizi mütləq onun emalatxanasına gətirəcəklər. Yeri gəlmişkən, buradan bütün Şəki ovuc içi kimi görünür. Bu mənzərəni göz yaddaşına köçürməyə dəyər: Tofiq ustanın və şəbəkə suvenirləri isə Şəki mənzərələrini yada salmaq üçün əla vasitədir.



MƏSLƏHƏT GÖR:

616