Müəllif: Fuad HÜSEYNƏLİYEV
Ötən ilin dekabr ayında OPEC ölkələri və OPEC-ə daxil olmayan 11 neft hasilatçısı ölkələri 2017-ci ilin ortasına qədər olan dövr üçün ümumi neft hasilatının azaldılması barədə razılığa gəlmişdilər ki, neft bazarında nikbinlik ən yüksək nöqtədə idi. Analitik mərkəzlərin və bankların əksəriyyəti neftin qiyməti izrə proqnozları təcili şəkildə artım istiqamətində dəyişdilər və gözlədilər ki, bazarda, artıq neftin aradan qaldırılması üzrə birgə qərar qiymətləri məqbul səviyyəyə gətirəcək. Analitiklərin proqnozlarına görə, 2017-ci ildə neftin orta qiyməti $60-ı keçməli və 2018-ci ildə, ən azı, $70-ə yaxınlaşmalıdır. Əgər ilk aylarda gözləntilər özünü doğrultdu və bir barelin qiyməti $55 səviyyəsinə çatdısa, yazda artıq hər şey əvvəlki vəziyyətinə döndü və qiyməti $50-a düşdü. Bütünlükdə, ilin əvvəlindən neftin qiyməti 16% azalıb.
Nəticədə, OPEC və OPEC-ə daxil olmayan ölkələrin hasilatı sutkada 1,8 milyon azaldılması qərarı yalnız qiymətlərin barel üçün $45-50 dəhlizində sabitləşməsinə imkan yaratdı. Ümumiyyətlə, hasilatın azaldılması üzrə planlaşdırılan səviyyəyə altıaylıq dövr sonunda, məhz 2017-ci ilin mayında çatmaq mümkün oldu. Burada Rusiyanın azaltma templərinin yavaş olması əsas rol oynadı.
Buna görə də, may ayında neft hasilatının azalmasına qoşulmuş ölkələrin iclasında hasilatın azaldılması sazişinin müddətini daha doqquz ay - 2018-ci ilin martına qədər uzatmaq barədə qərar qəbul edildi. Amma bu qərar bazarda optimizmi bərpa etmədi, çünki bir çox analitik hesab edirdi ki, neft hasilatının azalmasına qoşulan iştirakçıların sayının artırılması və azaldılma həcmlərini artırmaq vacibdir.
Nəticədə, neftin qiymətləri, hətta $45-dan aşağı düşdü. Üstəgəl, Liviya və Nigeriya neft hasilatının bərpa edilməsi barədə xəbərlər bazara mənfi təsir etdi, bu ölkələr OPEC üzvü olsalar da, istehsalın azaldılması ilə bağlı heç bir öhdəlik götürməyiblər. Bazara, həm də ABŞ-da şist nefti istehsalının artımı da mənfi təsir göstərdi.
«Bloomberg»in məlumatına görə, iyun ayında kartelin neft hasilatının sutkalıq göstəricisi istehsal azaldılması müqaviləsində qarşıya hədəf kimi qoyulan səviyyədən 390 min barel çox olub. Hasilatın artımına sanballı töhfə Liviya və Nigeriya tərəfindən verilib, amma OPEC-in digər üzvləri də geridə qalmayıblar - Səudiyyə Ərəbistanı may ayı ilə müqayisədə, gündəlik hasilatı 90 min barel, BƏƏ isə 40 min barel artırıb.
Bütün bu suallar Sankt-Peterburqda iyulun 24-də neft hasilatının azalması üzrə sazişin icrasının monitorinqi üzrə komitəsinin iclası zamanı əsas müzakirə mövzusu olub.
Komitə neft bazarlarında təkliflərin artımı ilə bağlı problemin olduğunu bildirsələr də, bütövlükdə vəziyyəti müsbət qiymətləndirir. İclasın yekun bəyannaməsində bildirilir ki, 2017-ci ilin birinci yarısında hasilatın azaldılması ilə bağlı sazişə 98% əməl olunub. Rusiya Federasiyası Energetika Nazirliyinin başçısı Aleksandr Novakın sözlərinə görə, anlaşmanın bütün iştirakçıları tərəfindən öhdəliklər 100% yerinə yetirilərsə, neft hasilatının sutkada daha 200 min barel azaldılması təmin edilər.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin rəhbəri Xalid əl-Falih söz verib ki, öz kvotalarını pozanlara qarşı təzyiq göstəriləcək: «Bəzi ölkələr geridə qalır və biz onlarla söhbət etmişik. Biz bu ölkələrin nazirləri ilə danışmışıq. Onlar vəziyyəti düzəltməyi və sazişi tam həcmdə yerinə yetirməyi vəd ediblər. Əgər vəziyyət düzəlməsə, mən bu ölkələrin rəhbərləri ilə danışacağam».
Liviya və Nigeriya ilə bağlı heç bir qərar qəbul edilməyib: onlar hələ də kvotadan azaddırlar və hasilatı artırmaqda davam edə bilərlər, ancaq bir çox analitiklər və bazar iştirakçıları gözləyirdi ki, onlara qarşı da kvota müəyyən ediləcək. Özü də Liviya sutkalıq hasilatı 1,2 milyon, Nigeriya isə 1,8 milyon barelə qədər artırmaq barədə planlarını açıqlayıblar. Yalnız bundan sonra onlar neft hasilatının azaldılması müqaviləsinə qoşulmağa hazır olacaqlar.
Lakin səudiyyəli nazir əl-Falih düşünür ki, bu ölkələrin neft hasilatını toplam 2,8 mln. barel//sutkaya qədər artırmağa gücləri yoxdur.
"Əslində, onlar göstəriblər ki, çox sayda texniki və maliyyə problemləri var. Bu da hasilatı cari səviyyədə qorumağı çətinləşdirir. Buna görə biz düşünürük ki, Liviya və Nigeriyanın ümumi istehsalı bir qədər məhduddur.
Mən onlara uğur arzulayıram, amma düşünürəm, 2,8 mln. barel//sutka səviyyəsini saxlamaq inandırıcı deyil. Mən bu iki ölkənin nümayəndə heyətləri ilə müzakirələr aparmışam. Bunu, eləcə də üçüncü tərəflərin və texniki komitənin qiymətləndirilməsini nəzərə alıram", - deyə H. əl-Falih bildirib.
İstənilən halda, istehsalın azaldılması haqqında müqavilənin yerinə yetirilməsinin 6 ayı ərzində bazarı 350 milyon barel neft tərk edib. İnkişaf etmiş ölkələrin ehtiyatları 90 milyon barel azalsa da və bu, son 3 il ərzində ilk dəfə baş versə də, buna baxmayaraq, bu göstərici hələ də son 5 ilin orta rəqəmindən 250 milyon barel çox olaraq qalır.
Lakin OPEC nikbinliyiin itirmir, gözləyir ki, 2017-ci ilin ikinci yarısında tələbin artım templəri birinci yarımilə nisbətən daha yüksək olacaq. Xüsusilə, əl-Falihin sözlərinə görə, üçüncü rübdə neftə tələbat 1,5 mln. barel sutka artacaq, birinci yarımildə isə bu artım 1 milyon barel / sutka olmuşdu. Bu isə ehtiyatların azaldılmasını sürətləndirəcək.
Bununla yanaşı, OPEC ölkələri, nəhayət ki, yalnız neft hasilatının azalması deyil, həm də ixracın tənzimlənməsi ilə məşğul olmağa qərar verdilər. Ən azından, Səudiyyə Ərəbistanı, BƏƏ və Küveyt ixracı azaldacaqlarını bəyan etdilər. Xüsusilə, səudiyyəlilər, artıq avqustda ixracı 1 milyon barel məhdudlaşdıraraq, 6,6 milyon barel / sutkayə qədər endirməyə söz veriblər.
İxraca nəzarət məsələsinə Rusiya ehtiyatla yanaşıb. Energetika naziri Aleksandr Novak bildirib ki, neft məhsullarının ixracı və daxili istehlak da nəzərə alınmalıdır.
İxraca nəzarət ideyası istehsal azaldılması sazişin iştirakçıları üçün əsas prioritet olmalıdır. İri neft istehsalçılarının əksəriyyətinin istehsalın azaldılması üçün ehtiyatları var və azalma ixraca tamamilə təsir etməyə bilər.
Son 6 ayda bazarda məhz bu vəziyyət müşahidə edilir və istehsalı azaltmaq üzrə səylər bazara çıxan neftin səviyyəsinə çox az təsir edir. Lakin bu məsələdə ortaq mövqeyi gəlmək çox çətindir, çünki neft hasilatçısı ölkələrin valyuta gəlirlərinin əsas hissəsini məhz neft ixracı təmin edir. Buna görə onları azalan neft qiymətləri fonunda gəlirlərinin azaldığı bir şəraitdə ixracdan imtinaya razı salmaq çox çətindir.
Monitorinq Komitəsinin digər mühüm qərarı istehsal azaldılması haqqında sazişin daha yeni bir müddət üçün uzadıldması imkanlarına baxılması təklifi ola bilər. Səudiyyə Ərəbistanı, İran, Venesuela və Rusiya, lazım gələrsə, bu addımı atmağa hazır olduqlarını bildirib. Sazişi tərk etmək mexanizmləri hələ gündəmdə deyil, çünki ehtiyatların son 5 ilin orta səviyyəsinə qədər azaldılması ilə bağlı qoyulmuş hədəfə hələ nail olunmayıb.
Əksinə, sövdələşmə iştirakçıları istehsalın azaldılması haqqında sazişə qoşulmuş ölkələrin sayını artırmaq barədə düşünürlər. OPEC-in Baş katibi Muhammed Barkindonun sözlərinə görə, təşkilat, artıq ABŞ-ın şist nefti istehsalçıları ilə müzakirələrə başlayıb.
"Keçən il biz OPEC-in tarixində ilk dəfə olaraq, ABŞ istehsalçıları ilə dialoqa başladıq. Mən deməliyəm ki, onların bu təşəbbüsü necə istiqanlıqla qəbul etməsinə təəccübləndim. İş ona çatdı ki, onlar bizi bu dialoqu davam etdirməyə çağırdılar", - deyə Barkindo "RBK" telekanalına müsahibəsində bildirib. O qeyd edib ki, dialoqun 2017-ci ilin dördüncü rübündə davam etdirilməsi və buna yeni ABŞ şirkətlərinin cəlbi ehtimal edilir.
"Biz ümid edirik ki, müəyyən müddətdən sonra, Amerika istehsalçıları da bizə qoşulacaq və birgə səylərlə bu sənayedə son 2 ildə azalmış sabitliyi qaytarmaq mümkün olacaq", - deyən OPEC başçısı 2017-ci ilin sonuna kimi kartel ölkələrində istehsal artımı gözləmədiklərini qeyd edib.
Bir çox analitiklər neft hasilatının azaldılması sazişinə ABŞ-ın qoşulması ehtimalına yetərincə şübhə ilə yanaşırlar. Bir tərəfdən, neftin qiymətinin artması şist neft istehsalçıları üçün sərfəlidir, lakin digər tərəfdən, istehsal, əsasən, kiçik şirkətlərin əlində cəmləşib, onlar üçün neft bazarının inkişafında ümumi meyillər yox, yaxın zaman üçün gəlirlər daha vacibdir və bunlar üçün fərdi kvotalar müəyyən etmək çətindir.
Bundan əlavə, texnologiyanın inkişafı daim şist neftinin istehsal dəyərini aşağı salır, bu da hasilatın artımına səbəb olur. Son aylarda ABŞ-da yeni quyuların qazılması tempi bir qədər azalsa da, istənilən halda ümumi meyil neft istehsalının artımına doğru gedir. Bundan əlavə, azad rəqabət və enerji sektoruna inzibati maneçiliklərin olmasına qarşı çıxan ABŞ Prezidenti Donald Tramp administrasiyasının siyasətini də nəzərə almaq lazımdır.
Prinsipcə, son günlərdə bazar istehsalın azaldılması üzrə Monitorinq Komitəsi üzvlərnin bəyanatına adekvat cavab verib. İyulun 27-də hərracın sonuna neftin qiyməti bir həftə əvvəlki $47-dən bir barel üçün $51,5 qiymətinə yüksəlib. Bu mərhələdə qiymət artımını ABŞ-da ehtiyatların azalması xəbəri də dəstəkləyir. Ehtiyatlar 2017-ci ilin yanvar ayının səviyyəsinə düşüb.
Amma istənilən halda, analitiklər neftin qiymətlərinin artım perspektivlərinin qiymətləndirilməsində çox ehtiyatlı davranırlar; məsələn: Beynəlxalq Valyuta Fondu aprel proqnozları ilə müqayisədə, cari il və gələn il üçün neftin qiymət proqnozlarını barel üzrə $3 aşağı salıb - "Brent" markalı neftin builki orta qiymətinin $52 olacağını proqnozlaşdırıb. ABŞ Enerji Nazirliyinin Energetika Məlumatları İdarəsinin (EIA) proqnozları isə daha bədbin olub. Qurum iyul hesabatında "Brent" neftinin qiymətinin 2017-ci il proqnozlarını yeniləyib və bir ay qabaqkı səviyyədən $2 aşağı salaraq, $50,8 səviyyəsində müəyyənləşdirib, 2018-ci il üçün isə birbaşa $4 aşağı salaraq, $51,6 proqnozlaşdırıb.
Bununla yanaşı, BVF qlobal iqtisadiyyat üçün son 10 ildə görünməmiş artım proqnozlaşdırır. "Son göstəricilər ondan xəbər verir ki, dünya iqtisadiyyatını onilliyin ən böyük sinxron artımı gözləyir", - deyə BVF iqtisadçıları "Dünya iqtisadiyatının təhlili"ndə yazıblar. Təşkilat dünyanın, demək olar ki, bütün regionları - Avropa, Yaponiya və Çin, Asiyanın inkişaf etməkdə olan ölkələri, Rusiya, Braziliya və Hindistan üzrə iqtisadi artım proqnozlarını qaldırıb. Təşkilat yalnız Donald Trampın siyasətinin qeyri-müəyyənliyi üzündən, ABŞ-ın artım temləri, həmçinin Brexit üzündən Böyük Britaniya iqtisadiyyatının gələcəyi barədə narahatlıq bildirib.
Bununla yanaşı, qlobal iqtisadi artım son nəticədə enerji resurslarına, o cümlədən neftə tələbatın artması ilə nəticələnəcək, istehsalçılar isə razılaşdırılmış birgə hərəkətlərlə neft qiymətlərinin uzun zaman gözlənilən artımına nail olacaqlar.
MƏSLƏHƏT GÖR: