Müəllif: Kamil MAHMUDOV
Avropada miqrasiya böhranı son illər dünyada «İslam Dövləti» qruplaşması ilə mübarizə qədər müzakirə olunan əsas məsələlərdən birinə çevrilib. «Avropada miqrasiya böhranı» termininin özü hələ 2015-ci ilin əvvəlində Afrika və Yaxın Şərqdən Avropaya qaçqın axınının dəfələrlə artması ilə yaranıb. Bu problemin istər iqtisadi, istər mədəni xarakteri var. Çünki söhbət iki tam fərqli mədəniyyətin qarışmasından gedir - Şərqlə-Qərbin.
İnsanların öz evlərini, ölkələrini tərk etməsinin səbəblərinə gəlincə, bu, müxtəlifdir: terrorçuluqla mübarizədən tutmuş, iqtisadi vəziyyətə, tamhüquqlu həyat yaşamaq imkanının olmamasına, yoxsulluğa, aclığadək.
Dünya birliyinin bu prosesə münasibəti birmənalı deyil. Bəziləri iddia edir ki, bu böhran Avropa ölkələrini iqtisadi, demoqrafik və mədəni cəhətdən zəiflədə bilər. Digərləri düşünür ki, «gəlmələr» son dərəcə təhlükəli insanlardır. Onlar baş verən zorakılıq hallarını, terrorçuluğu, müxtəlif növ hüquqpozmaları bu insanlarla əlaqələndirir. Üçüncü qrup hesab edir ki, bu məsələnin hər hansı təhlükəli tərəfi yoxdur və tezliklə hər şey yerli hökumətlərin tam nəzarətində olacaq.
Problemin həlli yolları ilə bağlı da müxtəlif variantlar var. Belə bir fikir mövcuddur ki, məsələn, Macarıstanın etdiyi kimi, sərhədləri bağlamaq lazımdır. Lakin çoxları bu yanaşma ilə razı deyil. Qeyd edək ki, miqrant problemi yalnız Avropanı narahat etmir; məsələn: bu prosesdən ehtiyatlanan Birləşmiş Ştatlar da artıq miqrasiya siyasətini sərtləşdirib.
Bəs bütün bunlar nə ilə nəticələnə bilər? Dövlət başçıları hansı ehtiyat tədbirləri görməlidir? Bu, Avropa ölkələri sakinlərinin əhvalına hansı təsiri göstərəcək?
«R+» jurnalının bu və digər suallarını miqrasiya hüququ sahəsində mütəxəssis, «Ka' Foskari» universitetinin (Venesiya) professoru Bryus Leymsidor cavablandırıb.
- Miqrantların Almaniyaya, əsasən, sosial təminat ardınca gəldiyini düşünmək olarmı? Bu, ölkə iqtisadiyyatına necə təsir göstərə bilər?
- Əslində, Almaniya immiqrantlar üçün inteqrasiya proqramlarının tətbiqinə çox gec başlayıb. 2010-2011-ci illərədək Berlin onlardan alman dilinin öyrənilməsini tələb etmirdi. Hazırda çox sayda işsiz miqrantın olması da bundan irəli gəlir. Bundan başqa, əcnəbi işçilərin cəlbinə dair ötən əsrin 60-70-ci illərinə aid alman proqramı Türkiyənin öz doğma dilini belə, yaxşı bilməyən kənd əhalisinə yönəldilmişdi. Sonradan onlar öz ailələrini də kənd Anadolusundan buraya daşıdı. Halbuki, onlar şəhər, sənaye həyatına hazır deyildilər.
- Avropa ölkələrində anti-İslam əhvalı artır. Nümunə kimi, bu yaxınlarda Londonda məscidə hücumun təşkil olunduğu Britaniyanı göstərmək olar. Bu, birbaşa anti-İslam əhvalı ilə bağlı idi. Köklü əhali arasında gəlmələrdən narazılıq çox sürətlə artır. Avropa ölkələrinin əhalisi arasında ultrasağçı ideyaların yenidən populyarlıq qazanmağa başladığını söyləmək olarmı?
- Ksenofob partiyalar əsas problem kimi, miqrantların ucuz işçi qüvvəsi kimi cəlbi siyasətini qabardırlar. Əslində isə, işçi qüvvəsinin cəlbinə məsuliyyətsizcəsinə yanaşanların ucbatından, Avropaya düşmüş əhalinin inteqrasiyadan imtinası daha ciddi problemdir. Şübhəsiz ki, ksenofobiya, daha konkret desək, islamofobiya artmaqda olan problemdir. Almaniya Hökumətinin işçi qüvvəsinə ehtiyac duyduğunu bəyan edərək, qaçqınlar üçün "açıq qapı" siyasəti yürütməsi ilə bu, daha da dərinləşir. Bu, alman əhalisində müəyyən gözləntilər yaratmışdı. Lakin miqrantların təhsil səviyyəsi gözlənildiyindən daha aşağıdır və onların inteqrasiyası son dərəcə ləng gedir. Beləliklə, hökumətin yerli əhaliyə aşıladığı böyük gözləntilər, sonra elə həmin əhalinin miqrantlara müqavimətini artırıb.
- Bəs təhlükəsizlik nöqteyi-nəzərindən sərhədlərin miqrantların üzərinə qapadılması nə qədər doğrudur? Məgər sərhədlərin qapadılması təhlükəli elementlərin ölkəyə daxil olması riskini azaldır?
- Egey marşrutunun bağlanması, Balkan sərhədlərinin qapadılması ilə miqrant axınının azalması belə, dözümlülük səviyyəsini artırmayıb. Son bir neçə ildə çox cüzi istisnalarla, terror aktları, əsasən, Aİ vətəndaşları, yaxud bu və ya digər Avropa ölkəsinin daimi sakinləri tərəfindən törədilib. Təhlükəsizlik məsələsi sadəcə bəhanədir.
- Avstriya İtaliya ilə sərhədini bağlayıb və sərhədə zirehli texnika yerləşdirib. Halbuki, Avstriya Almaniya ilə birlikdə böyük sayda miqrantı qəbul etməyə hazır olduğunu bildirən ölkələrdən idi. Bu qərar nə ilə bağlıdır?
- Avstriyanın siyasətində bir müddət əvvəl baş vermiş dəyişikliklərə diqqət yetirin. Radikal sağçılar, demək olar ki, prezident seçkisində qalib gəlib, Baş nazir postunu tutan sağ-mərkəzçi siyasətçi isə vəzifələrə miqrasiya siyasətinə radikal sağçı kimi yanaşan şəxsləri təyin edib.
- Bəs ABŞ-ın miqrasiya siyasəti barədə nə düşünürsünüz?
- Miqrantlar ABŞ-da Birləşmiş Ştatlar vətəndaşlarının iş yerlərini tuturlar. Bununla da vəziyyət Avropadakından fərqlidir - orada müqavimət iqtisadi və ya praktik deyil, daha çox mədəni xarakter daşıyır. Digər tərəfdən, ABŞ-ın bir çox sahələri, məsələn, fermer təsərrüfatı immiqrasiya olmadan yaşaya bilməzdi.
- Avropaya miqrant axınının gələcəkdə «Köhnə Dünya»nın demoqrafik, etnomədəni tərkibini tam dəyişəcəyni, yeni xalqın yaranmasına şahid olacağımızı söyləyə bilərikmi?
- Hesab edirəm ki, ayrı-ayrı siyasi qüvvələrin ciddi müqaviməti, Aİ-nin insan haqlarına əməl olunması razılaşmasını pozmaq cəhdləri, Aİ-yə girişin bağlanması üzündən, ən azı, yaxın 100 ildə kütləvi köçə şahid olmayacağıq.
MƏSLƏHƏT GÖR: