Müəllif: Xəzər AXUNDOV
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi 2017-ci ilin turizm mövsümünün yekunlarını açıqlayıb. Nazirlik bunu sentyabrın 27-də qeyd olunan və BMT tərəfindən dəstəklənən Ümumdünya turizm gününə həsr edib.
Açıqlanan rəqəmlər deməyə əsas verir ki, son iki ildə bu sahədə aparılan islahatlar Azərbaycanın turizm sektorunu iqtisadiyyatın ən dinamik inkişaf edən sahəsinə çevirib. Artıq ardıcıl olaraq ikinci ildir ki, ölkədə turizm xidmətləri balansında ciddi profisit müşahidə olunur. Bu, xarici turistlərin sayının artımı ilə təmin olunub.
«2017-ci ilin yanvarından avqustunadək Azərbaycana 1,818 milyon turist gəlib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 23,1% artım deməkdir», - deyə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya turizm gününə həsr olunmuş brifinqdə bildirib. Onun sözlərinə görə, Azərbaycanın regionlarında turizm kifayət qədər fəal inkişaf edir. Məsələn, yalnız yay fəslində regionlardakı hotellərdən 860 min nəfərlik yer sifariş edilib. Ümumilikdə isə bu ilin yanvar-avqust aylarında regionlarda yerləşən hotel və mehmanxanalarda 1,294 milyon turist dincəlib.
«İlin ilk yarısında xarici turistlər Azərbaycanda 1,3 milyard dollar xərcləyib. Azərbaycanlı turistlərin xaricdə xərclədikləri məbləğ isə 1,2 milyard dollar olub. Beləliklə, 100 milyon dollarlıq müsbət saldo yaranıb. Bu gün turizm sektoru artıq dövlət büdcəsinə ciddi gəlir gətirir», - deyə nazir qeyd edib.
Sadalanan məlumatlara əsaslanaraq demək olar ki, bu və ötən ilin dinamikası yerli turizmin inkişafı perspektivinə müsbət təsir göstərəcək. Mehmanxana xidmətlərinin nisbətən ucuz olması (manatın devalvasiyası nəticəsində), viza rejiminin sadələşdirilməsi, ucuz aviaşirkətlərin bazara buraxılması, həmçinin Yaxın Şərq və postsovet məkanından turistlərin cəlbi üçün fəallığın artırılması Azərbaycanın bu sektorunun gəlmə (incoming) turizm istiqamətində dönüş etməsinə imkan verib.
«Ötən il Prezident İlham Əliyevin vacib qərarları sayəsində Azərbaycanın turizm sektoru üçün inqilabi il oldu. Nəticədə, qısa vaxt ərzində, artıq 2017-ci ildə ölkəyə xarici turist axını, demək olar ki, 4 dəfə artdı. Ölkənin turizm sənayesi qarşısında vəzifə konkretdir - 2020-ci ilə ölkəyə xarici turist axınının 4-4,5 milyona çatdırılması. Bu, kifayət qədər real rəqəmdir», - deyə Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə bildirib.
Baş verən dəyişiklikləri Azərbaycan Mərkəzi Bankının bu yaxınlarda açıqladığı ödəniş balansı göstəriciləri də təsdiqləyir. Maraqlıdır ki, turist axınının strukturu gəlmə turizmin xeyrinə hələ 2016-cı ildə dəyişməyə başlayıb: son 10 il ərzində ilk dəfə olaraq ötən il turizm xidmətləri balansında profisit 219 milyon dollar təşkil edib. Güman ki, bu ilin sonuna göstərici daha da yaxşılaşacaq. Məsələ ondadır ki, yalnız 2017-ci ilin ilk yarısında sözügedən balans profisiti 186 milyon dollar idi. Ümumilikdə, Azərbaycanda qarşılıqlı (gediş-gəliş) turizm xidmətlərinin həcmi 2017-ci ilin yanvar-iyun aylarında 5,6% artaraq 2,5 milyard dollar təşkil edib.
«Xarici turistlərin ölkəyə səfəri minimum 5-7 gün çəkir. Onun 3-4 günü Bakıya gəlib çatmağa gedir», - deyə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Vüqar Şıxməmmədov bildirib: «Orta hesabla, Azərbaycana gələn hər bir turist 700-1000 dollar xərcləyir».
Rəqəmlər yerli turizm sahəsində baş verən keyfiyyət dəyişikliklərini də ortaya çıxarır: bu gün Azərbaycanda incoming turizmin payı getmə (outgoing) turizmi üstələyir və bu, bu sektorun dinamik inkişaf etdiyi başqa ölkələrin göstəricilərinə tam uyğundur. Azərbaycan üçün bu modelin cəlbediciliyi, ilk növbədə, xaricdən valyuta axınının və 2014-2015-ci illərdə müəyyən tənəzzül yaşamış sektorun tam maliyyələşməsinin təminindədir. Ölkənin Mədəniyyət və Turizm Nazirliyinin yeni turizm strategiyası kütləvi ucuz turizmin inkişafı ilə yaxın xaricdən qonaqların cəlbini nəzərdə tutur.
Turizm idarəsinin məlumatına görə, bu il Azərbaycana dünyanın 25 ölkəsindən turistlər gəlib. İlk beşlikdə Rusiya (17%-lik artım), Gürcüstan (4%), İran (89%), Türkiyə (7,6%) və BƏƏ (3,3 dəfədən çox) yer alır. Digər ölkələrdən gələn turistlərin sayında da ciddi artım var. Məsələn, 2017-ci ilin 7 ayı ərzində Omandan Azərbaycana 16, Küveytdən 8, Səudiyyə Ərəbistanından 6, Qətər və Mərakeşdən 5, BƏƏ-dən 4,4, Pakistan və Əlcəzairdən 3,5, İordaniyadan 2,2, Türkmənistandan 2 və İraqdan, təxminən, 2 dəfə artıq turist gəlib.
Aİ ölkələrindən (13%), Asiyadan (64,4%), Afrikadan (72%), ABŞ və Avstraliyadan (22,8%) gələn turistlərin sayında da artım var.
Maraqlıdır ki, ölkəyə gələn xarici turistlər arasında ilk yeri əvvəlkitək Rusiya vətəndaşları tutur - bu ilin ilk yarısında oradan Azərbaycana, təxminən, 500 min insan üz tutub. Rusiyanın İşgüzar Turizm Agentliyi- «Aeroklub» şirkətlər qrupunun məlumatına görə, 2017-ci ildə Azərbaycan Rusiyanın işgüzar turizm bazarında ən populyar 5 istiqamətdən biri olub. Digər istiqamətlər Qazaxıstan, Özbəkistan, Gürcüstan və Belarusdur. Rusiyanın «TurStat» analitik agentliyinin məlumatında isə bildirilir ki, Bakı 2017-ci ilin payızı üçün MDB şəhərləri arasında ən populyar şəhərlər sırasındadır. Turistlərin hərəkət vasitələrinin onlayn sifarişi səviyyəsini təhlil edən «TurStat» ekspertləri belə qənaətə gəlib ki, payızda Bakıya, orta hesabla, 3 günlük gəlir və sutkada 78 dollar xərcləyir.
Son iki ilin təcrübəsi göstərir ki, Azərbaycan üçün ərəb ölkələrilə turizm əlaqələri də vacib əhəmiyyət daşıyır. Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırovun sözlərinə görə, Fars körfəzi ölkələrindən ölkəyə turist axınının artması Mədəniyyət və Turizm Nazirliyi ilə profil assosiasiyalarının Dubay və Şarjada keçirilən turizm sərgilərində Azərbaycanın turizm potensialını lazımınca reklam etməsi, həmçinin turist vizalarının verilməsi qaydalarının sadələşdirilməsi və Yaxın Şərq regionu ilə aviasiya əlaqələrinin artırılmasının nəticəsidir.
Məsələn, hazırda ASAN viza sistemi sayəsində dünyanın 94 ölkəsinin vətəndaşları Azərbaycana gəlmək üçün vizanı maksimum 3 gün ərzində avtomatik rejimdə əldə edə bilir. Xaricilərin Azərbaycana gəlişi regionun bir sıra ölkələrilə aviasiya əlaqələrinin genişləndirilməsi sayəsində də asanlaşıb. Hazırda Azərbaycandan Küveytə, Qətərə, həmçinin BƏƏ-nin nəhəng şəhəri olan Dubaya birbaşa aviareyslər təşkil olunur. AzTA rəhbəri N.Bağırovun sözlərinə görə, Ciddə (Səudiyyə Ərəbistanı), Banqkok (Tailand) və digər istiqamətlərə birbaşa aviareyslərin də populyarlıq qazanacağı gözlənilir. Bu da ölkəyə turist axınının artmasına öz töhfəsini verəcək.
Maraqlıdır ki, Azərbaycan bazarının Rusiya, Macarıstan, Türkiyə və bir sıra ərəb ölkələrindən olan aviaşirkətlərə açılması ilə yanaşı, ölkə özünün ucuz xidmət göstərən aviaşirkətlərini də yaratmağa çalışır. Məsələn, bu il sentyabrın əvvəlindən «Azərbaycan Hava Yolları» QSC (AzAL) yanında yaradılmış yeni ucuz «Buta Airways» şirkəti tərəfindən uçuşların təşkilinə başlanıb. «Embraer 190» təyyarələri ilə təmin olunmuş «Buta Airways» Bakıdan Moskva, Kiyev, Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana, oktyabrın sonundan isə İstanbula və Sankt-Peterburqa, həmçinin Gəncədən Moskvaya uçuşlar təşkil edəcək. Bütün istiqamətlərdə bir tərəfə minimal biletin qiyməti 29 avrodur.
Əksər ekspertlər hesab edir ki, aviabiletlərin ucuzluğu ucuz turizm seqmentinin formalaşdırılması üçün əhəmiyyətinə görə ikinci amildir. Bu sahənin inkişafı isə Azərbaycanda prioritet elan olunub. Bu sahədə ilk yerdə, əlbəttə ki, münasib qiymətə çox sayda hotel və pansionatların olmasıdır. Təəssüf ki, Azərbaycan bu göstəriciyə görə qonşu Gürcüstandan geri qalır. Orada turizm bazarının 90%-i məhz ucuz mehmanxanalardan, hostellərdən, turistlər üçün nəzərdə tutulmuş mənzillərdən və evlərdən ibarətdir. AzTA rəhbəri N.Bağırov deyir ki, Gürcüstan Azərbaycan üçün də ən münasib istiqamətdir: azərbaycanlı turistlərin bu ölkəyə marağı onun coğrafi yaxınlığı ilə əlaqələndirilir. Bu, logistikanı asanlaşdırır və ucuzlaşdırır. Üstəlik, orada istirahət də nisbətən ucuz başa gəlir.
Hazırda ölkədə 33-35 min insanı qəbul edə biləcək 575 hotel fəaliyyət göstərir. Bu ilin turist bumu təcrübəsi göstərib ki, bu, getdikcə artmaqda olan xarici turist axınını qarşılamaq üçün kifayət deyil. Odur ki, xidmət haqqı baha olmayan 2 və 3 ulduzlu hotellərin, hostel və digər bu tipli obyektlərin tikintisi Azərbaycanın ixtisaslaşmış turizm sənayesinin inkişafı üzrə strateji yol xəritəsinin əsas prioritetlərindəndir.
«Turizmin daha da inkişaf etdirilməsi üçün Azərbaycanda 1000-dən artıq müxtəlif tipli və səviyyəli hotelin işləməsi lazımdır», - deyə AzTA sədrinin məsləhətçisi Müzəffər Ağakərimov bildirir. Onun sözlərinə görə, Bakıda 155 hotel var ki, bu da kifayət qədər azdır.
Mədəniyyət və Turizm Nazirliyi ilə AzTA-nın Çin, Malayziya, Qazaxıstan, Özbəkistan, həmçinin Polşadan turistlərin ölkəyə cəlbilə bağlı planlarını nəzərə alsaq, xeyli sayda ucuz və orta qiymətli hotellərə ehtiyacın olduğu bir daha anlaşılar. «Hər il 200 mindən artıq polşalı turist Gürcüstana gedir. Biz də Azərbaycanı təklif etməklə, bu prosesə qoşulmaq istəyirik. Azərbaycandan tranzit kimi istifadə olunması, ölkəmizin ərazisindən beynəlxalq turların təşkili mümkündür», - deyə N.Bağırov bildirib. Avropa ölkələrindən ən kütləvi turist axını gənclərdən ibarətdir və təcrübə göstərir ki, onlar, bir qayda olaraq, ucuz mehmanxanaların xidmətinə müraciət edir.
N.Bağırovun fikrincə, bu il turizm sahəsindəki bir sıra problemləri də meydana çıxarıb və onlar operativ şəkildə həll olunmalıdır. Əks təqdirdə, problemlər ölkəyə turist axınının azalmasına səbəb ola bilər. Məsələn, daha peşəkar bələdçilərə ehtiyac var, hotellərdə və xidmət obyektlərində «tələb-təklif» sxeminə uyğun daha çevik qiymət siyasəti yürüdülməlidir. Bağırovun sözlərinə görə, bu il yalnız adi deyil, brend hotellərdə belə, keyfiyyətsiz xidmət hallarına rast gəlinib. Bəzi hallarda qonaqlar sifariş etdikləri nömrələrə yerləşmək üçün saatlarla gözləmək məcburiyyətində qalıblar.
Nəhayət, son iki ilin turist bumu fonunda daha bir ciddi problem aktuallıq qazanıb - turizm agentliyinin fəaliyyəti üçün lisenziyanın ləğvindən sonra yerli bazarda 800-dək şirkət peyda olub ki, onların çoxu haqda heç kəs heç nə bilmir. Belə birgünlük turizm şirkətləri tez-tez müştəriləri aldadaraq, onlara saxta turizm məhsulu satır. Lazımi xidmət səviyyəsi və şəraiti olmayan bəzi hotellər də qaydaları pozur. AzTA mütəxəssisləri belə mənfi halların qarşısının alınması üçün müştəriləri aldatmaqla məşğul olan turizm şirkətlərinin «qara siyahı»sını hazırlayıb.
«Əsas hədəf «Turizm haqqında» qanunun qəbuludur. Biz keyfiyyətə və sağlam rəqabətə daha çox diqqət ayırmalıyıq», - deyə nazir Əbülfəs Qarayev bildirib. Onun sözlərinə görə, turizm sahəsindəki problemlərin həlli üçün xidmət keyfiyyəti sisteminin meyarları hazırlanır və bunun üçün müvafiq reyestr yaradılacaq.
Ölkənin turizm sektorundakı çatışmazlıqlardan danışan nazir bildirib ki, bütün səylərə baxmayaraq, yay mövsümündə çimərliklərdə xidmət keyfiyyətinin arzulanan səviyyəyə çatdırılmasına nail olunmayıb. «Bəzi yerlərdə çimərlik turizminin təşkili mümkün olmayıb. Hər halda, biz nümunəvi çimərliklərin yaradılmasına, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən nəticələrə nail ola bilməmişik. Lakin bu istiqamətdə işlər davam edir. Onunla yerli icra hakimiyyəti orqanları məşğul olur. İnanıram ki, gələn il bu sahədə ciddi inkişafa nail olacağıq», - deyə mədəniyyət və turizm naziri bildirib.
Yerli turizm sektorunun ən ciddi problemlərindən biri isə hələ də mövsüm amili olaraq qalır: Azərbaycanın turizm obyektlərinin fəaliyyətində pik faktiki olaraq, yay aylarına təsadüf edir. Qalan vaxtlarda mehmanxana, pansionat və istirahət evi sahiblərinin gəlirləri heç də hər zaman xərcləri üstələmir. Azərbaycanın iki regionunda dağ xizəyi kurortu yaradılıb və orada müştərilərə ilboyu xidmət göstərilir. Lakin mövsüm yenə də əksər turizm şirkətlərinin rentabelli işləməsinə imkan vermir. Bu amil turizm obyektləri personalının keyfiyyət xarakteristikasına da son dərəcə mənfi təsir göstərir: işçilərin bir hissəsi yalnız yay mövsümündə işləyir ki, bu da hər il kadr yığımında, lazımi peşəkarların tapılmasında problem yaradır. Bu problemə də toxunan Ə.Qarayev bu yay mövsümünün də sona çatması ilə əlaqədar ölkəyə gələn turistlərin sayının azalma ehtimalını vurğulayıb. Onun sözlərinə görə, turizm sektorunun mövsüm amilindən asılılığının azaldılması üçün çox iş görülməlidir.
MƏSLƏHƏT GÖR: