Müəllif: Valentina REZNİKOVA
İçərişəhərdə, Əzim Əzimzadə bağında rəfli şüşə dolab quraşdırılıb. Bakı sakinləri başqaları ilə paylaşmaq istədikləri jurnal və kitabları buraya gətirirlər. Bu, bir növ səyyar ədəbiyyat fondudur. Bir çoxları bunu bilir və şəxsi kitabxanasından nəsə qoymaq və ya «xalq kitabxanası»ndan nəsə götürmək üçün bu yerə gəlir. Bəli, məhz «xalq kitabxanası». Uzun illər Qalada mövcud olan bu ədəbiyyat mübadiləsi fondu məhz belə adlanır. Biz də tez-tez oxuduğumuz jurnal və kitabları ora aparırıq.
Alatoran və bürkülü axşamların birində rəflərdə kitab axtarırdım. Onlardan birinin arasından məktəb dəftərindən cırılmış bir neçə vərəq çıxdı - üzərində xırda yığcam xətlə Süleyman Rüstəmin "Ana və poçtalyon" poemasından parçalar yazılmışdı. Vərəqin bir tərəfində rus dilində, digər tərəfində isə azərbaycan dilində. Səhifənin kənarında isə karandaşla yazılmış qeyd var idi: "Vera Şirye - bu şeirlərin ən parlaq ifaçısı". Həqiqətən, elədir! O, bu şeirləri elə parlaq ifa edirdi ki, insanlar ona "Poçtalyon" təxəllüsü vermişdilər. Bu əhvalatı Vera Karlovnanı "Şöhrət" ordeni və fərdi prezident təqaüdü ilə təltif edərkən, böyük Heydər Əliyev xatırlamışdı.
Poçtalyonun gətirdiyi poçt
Yəqin ki, müasir oxucu bu şeiri o qədər də anlamaz. Çünki indi poçtalyonlar, demək olar ki, həyət-həyət gəzmir, evlərin girişində isə poçt qutuları çoxdan yoxdur. İndi onlar elektrondurlar! Qəzet və jurnalları isə internetdən asanlıqla tapmaq olar! Artıq kağız üzərində məktublar yanız rəsmi yazışmalar zamanı istifadə olunur. Çünki bu yazışma mütləq imza və möhür tələb edir. Çox nadir hallarda kompüterdən, ümumiyyətlə, başı çıxmayan insanlar bir-birilə məktublaşır, qısa açıqcalar göndərir. Onların da sayı getdikcə azalmaqdadır.
İndi sifarişli məktub, banderol və ya bağlama göndərənlər, bir qayda olaraq, poçt ünvanının yanında alıcının mobil telefon nömrəsini də göstərirlər. Poçt işçisi (operator) alıcıya zəng edir, yük və ya sifarişli məktub alınması barədə məlumat verir, o da poçt şöbəsinə gəlir ki, öz məktubunu və ya bağlamasını alsın. Bəzi poçt şöbələri isə ənənəvi poçtalyonları müqavilə əsasında çalışan kuryerlərlə əvəzləyiblər.
Öz adamınız
Ancaq heç otuz il olmaz ki, hər şey fərqli idi! Yadımdadır, Müqtədir küçəsi, 41 ünvanında yaşayan Mariya "nənə" -Mariya Vladimirovna Tolstaya poçtalyon Svetanı necə gözləyirdi. Sveta artıq pensiya yaşına çatmışdı, uzun müddət çiynində daşıdığı dəri çanta isə qamətini əymişdi.
Artıq 20 il idi ki, poçtalyon işləyirdi və bu küçədə yaşayan hər kəs ona öz adamı kimi baxırdı. Svetanın həlim, nikbin bir xasiyyəti vardı, hər şeydən, hər kəsdən də xəbərdar idi. Çünki Müqtədirdən başqa bir neçə küçəyə də poçt xidməti göstərirdi. Odur ki, məhəllələr arasında xəbərlərin yayılmasında da Svetanın əvəzi yox idi.
Musya (Maria nənə) 90-cı illərin əvvəllərində artıq pis görür və yaxşı eşitmirdi. O, qəzet oxumur, televizor izləmək istəmirdi. Yalnız bəzi bədii filmlər istisna idi. Təkcə Svetanın günorta saat 12-də gəlişi mütləq bir rituala çevrilmişdi! Sveta həftədə bir dəfə - çərşənbə günü, bir də Musyaya pensiya gətirəndə üzə çıxardı. Onun gəlişi ilə məxməri çay dəmlənər, səliqəli şəkildə fransız bulkası doğranardı, süfrəyə ağ pendir, kərə yağı, bal və qaymaq qoyulardı. Bəzən isə xüsusi bankadan xaricdən gəlmə vetçina çıxarılardı ki, bu da Svetanı təsvir edilə bilməyəcək dərəcədə riqqətə gətirərdi. Axı, o vaxtlar qıtlıq illəri idi.
Onu soyadı ilə deyil, poçtalyon Sveta deyə çağırırdılar. Sanki peşəsi onun bütün başqa xüsusiyyətlərini özündə cəmləşdirmişdi, qalan hər şey isə peşə mənsubiyyətindən daha az əhəmiyyətlilər sırasına düşmüşdü.
Budur, onlar masa arxasına otururlar. Adəti üzrə ilk bir neçə dəqiqə sükut içərisində keçir. Musya Kustodiyevin məşhur personajı ("Tacir arvadı") kimi qaynar çayı nəlbəkiyə tökür və dodaqlarını uzadaraq içməyə başlayır. Sveta isə onun qarşısında ürkək bir şəkildə oturur, sakitcə büllur stəkandan çayını içirdi. Nəhayət, ucadan (Musya özü ağır eşidirdi!) və həvəsləndirici bir şəkildə «Hə, danış görək, nə var, nə yox?!» eşidilir və Sveta diksinərək söhbətə başlayırdı.
Onun verdiyi xəbərlər dedi-qodu deyildi və kənardan iki qadının başqasının qeybətini etməsi təsiri bağışlamırdı. Yox. Bu, daha çox salnaməyə bənzəyirdi: hadisələrin və həyatın vaxtında təsbit edilməsinə. Musya o biri küçədəki qonşulardan birinin xəstələndiyini bilən kimi mütləq öz dəmləmələrindən Sveta ilə ona göndərirdi. Musyanın dəmir məntiqinə görə, bu dəmləmə bütün dərdlərin dərmanı idi. O, həblər qəbul etmirdi, onları «zərərli kimya» sayırdı. Sveta başını yelləyərək onunla razılaşdığını bildirsə də, dərhal «təzyiqə qarşı nəsə» içməyi məsləhət görürdü.
Lakin bunlar çoxdanın söhbətidir! İndi poçtalyonlar ev yiyələri ilə bir masa arxasında oturmur. Danışdıqlarım insanların bir-birinə güvəndiyi və ünsiyyətə açıq olduqları vaxtların xatirəsidir. Üstündən, sadəcə, otuz ilə yaxın bir vaxt keçib! Bəs, yüz - iki yüz il əvvəl necə olub? Onda poçt necə çatdırılırdı? O vaxtlar hər hansı bir poçt xidməti olubmu?
Daha əvvəllər
Uşaqlıqda oxuduğum kitablardan birində bəhs edildiyinə görə, Misirdə arxeoloqların tapdığı qədim bir papirusda bir nəfərin oğluna belə bir vəsiyyəti həkk olunub: "Kim istəyirsən ol, amma poçtalyon olma". Niyə? Çünki çaparın peşəsi ağır və təhlükəli idi. Çünki yolda ona həm heyvanlar, həm də insanlar hücum edə bilərdi. Fars hökmdarları, ümumiyyətlə, acımadan, pis xəbər gətirən çaparları öldürərdilər. İranda Əhəmənilər sülaləsinin dövründə atlı çaparlara anqarlar, poçt xidmətinə isə anqarion deyirdilər.
Herodot özünün "Tarix" əsərinin 8-ci kitabında yazır: "Farslarda poçt çox ağıllı təşkil edilib! Bütün yolboyu atlar və insanlar elə növbə çəkir ki, hər günə ayrıca bir at və bir adam düşsün. Nə qar, nə də yağış, nə istilik, nə də gecənin qaranlığı çapara yolun təyin olunmuş hissəsini lazımi sürətlə keçməyə mane ola bilmir".
Müasir Azərbaycan ərazisində poçt rabitəsi carçıların, çaparların və hətta dəvə karvanlarının istifadə edildiyi ən qədim zamanlarda yaranıb. XVI əsrdə isə Şah İsmayıl Xətai müntəzəm dövlət poçtu qurub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətində Yollar, Poçt və Teleqraf Nazirliyi yaradılıb və həmin ilin oktyabrında Azərbaycan Cümhuriyyətinin Poçt və Teleqraf Nazirliyi adlandırılıb.
İlk poçt təyyarəsi isə Azərbaycanda 1921-ci ildə, hava nəqliyyatı ilə sərnişin daşımalarından 2 il əvvəl uçuş edib.
Lakin poçtun əsas inkişafı XIX-XX əsrlərə - Azərbaycanın Rusiya imperiyasının və Sovet İttifaqının tərkibində olduğu dövrlərə təsadüf edir. Sovet İttifaqının dağılması ilə müstəqil Azərbaycanda poçt rabitəsinin inkişafında müvəqqəti tənəzzül baş vermişdi. 1992-ci ildən müstəqil Azərbaycanın ilk poçt markaları çıxır, 1993-cü ildən isə ölkə Ümumdünya Poçt İttifaqının (ÜPİ) üzv olur.
Bəs, bu gün necədir?
Poçt bu gün necə yaşayır? Onun işində nə dəyişib və nələr əvvəlki kimi qalıb? Azərbaycan milli poçt şəbəkəsinin operatoru "Azərpoçt" bu gün dövlət müəssisəsidir. Əhali ilə poçt arasındakı əlaqənin strukturunda ən əhəmiyyətli və etibarlı bənd isə əvvəlki kimi insandır. Onların vəzifələri də eynidir. Hələ də poçtalyonlar (kuryerlər) korrespondensiyanı ünvanlara çatdırmaqla məşğul olurlar. Yüksək texnologiyalar dövründə yaşamağımıza baxmayaraq, şəxsi və rəsmi xarakterli teleqramlar, eləcə də dövri nəşrlər hələ də poçtalyonlar tərəfindən çatdırılır.
Statistikaya görə, 2016-cı ildə əhaliyə, təxminən, 4 milyon nüsxə qəzet və 130 min nüsxə jurnal çatdırılıb. Özü də bütün bunlar poçtalyonların iştirakı ilə baş verib!
Və yəqin ki, poçt xidmətinin zəncirində bu bəndə tələbat həmişə olacaq. Ən azından, hələ çox uzun müddət! Bir evə və ya müəssisənin ofisinə məktub çatdıran robotu təsəvvür etmək çox çətindir. Baxmayaraq ki, insan yeni kəşflər edir! Mümkündür ki, müəyyən vaxtdan sonra o, məlumatların ötürülməsi və çatdırılması üçün tamamilə fantastik bir şey ortaya çıxaracaq! Hər şey telepatik olmasa belə, hansısa məkan-görüntü çərçivəsində baş verəcək! Amma bu artıq fantastik gələcəkdir, hələlik poçtda insan əvvəlki kimi əvəzolunmazdır.
"Rabitə ustası"
Bu gün sovet dövründə olduğu kimi poçt xidmətində "ən yaxşı işçi" kimi anlayışlar qalır. Milli poçt işi tarixinə Həcər xanım İsababayeva kimi poçtalyonun adı həkk olunub - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş bu qadın son vaxtlara, yəni təqaüdə çıxana qədər öz sevimli işilə məşğul olub. Bu gün poçt işində ən yaxşı mütəxəssislər də eyni meyarlara görə təyin edilir: bilik, peşəkarlıq, müştərilər ilə ünsiyyət qabiliyyəti, vicdanlı iş və s.
Poçt işçilərinin səmərəli işi diplom, pul mükafatı və "Rabitə ustası" adı ilə təşviq edilir. XX əsrdə olduğu kimi XXI əsrdə də poçt işçilərinin başlıca missiyası eynidir - insanlara xidmət etmək. Yeganə fərq indi iş yerlərinin müasir informasiya texnologiyalarının istifadəsi ilə avtomatlaşdırılmasındadır. Artıq istənilən müştəri internetdənn istifadə edərək öz poçtunun dünyanın istənilən nöqtəsində hərəkətini izləyə bilər.
Poçtamtlar artıq əhaliyə yeni xidmət növləri də təqdim edirlər. Məsələn, valyuta mübadiləsi, müxtəlif ödənişlərin qəbul edilməsi, pül köçürmələri və s. «Azərpoçt» əməkdaşları əmindirlər ki, müasir dövrdə əhali əsas məlumat mənbəyi kimi internetdən istifadə etsə də, insan fəaliyyətinin elə sahələri var ki, poçtsuz keçinmək mümkün deyil.
Bəli, biz qabaqcıl texnologiyalar və ultrasürətlər dövründə yaşayırıq. Ancaq həyatımızın çox proseslərində insanın iştirakı hələ də aktualdır. Ofis və ya mənzil qapısının zəngini basan poçt işçisi keçmişin olduğu kimi, bu günün də gerçəyidir. Bu günün, sabahın və birisi günün. Nə qədər ki, bəşəriyyət yalnız insana xas xüsusiyyətlərin ifadə edilməsinə ehtiyac duyacaq, bu, davam edəcək.
Oktyabrın 9-u həm də Birləşmiş Millətlər Təşkilatı səviyyəsində qeyd olunan Ümumdünya Poçt Günüdür. 1874-cü il oktyabrın 9-da Berndə (İsveçrə) yaradılmış Ümumdünya Poçt İttifaqının 14-cü Konqresinin qərarı ilə bu bayram hər il ittifaqın yaradıldığı gün keçirilir.
MƏSLƏHƏT GÖR: