Müəllif: Xəzər AXUNDOV
Son iyirmi il ərzində mikrokreditləşdirmə sahəsi Azərbaycanda kiçik sahibkarlığın inkişafı üçün effektiv vasitələrdən birinə çevrilə bilib: bu müddətdə ölkədə verilmiş mikrokreditlərin toplam həcmi 20 milyard manatı ötüb. Yüksək gəlirlilik, təşkilati çeviklik və yarım milyondan çox müştəri bazasının əhatə olunması bank olmayan kredit təşkilatlarının (BOKT) bir çox sahələrdə çox banklara nisbətən daha effektiv fəaliyyət göstərməsinə imkan yaradır. Lakin qlobal enerji böhranı, bunun nəticəsində manatın devalvasiyası və Azərbaycanın iqtisadi inkişafının artım templərinin yavaşlaması iki il ərzində faktiki olaraq mikromaliyyə bazarını çökdürdü və kredit həcminin 10 dəfə azaldılmasına səbəb oldu.
Tamamilə aydındır ki, son iki il yarım ərzində baş verən iqtisadi sarsıntılardan ən çox Azərbaycanın kredit sektoru ziyan çəkib. Post-neft dövrünün reallıqları ənənəvi olaraq bankların fəaliyyəti üçün baza istiqamətləri olan sahələrdə (hər şeydən öncə tikinti və daşınmaz əmlak sektorlarında, avtomobil və istehlak bazarında) istehsalın və ticarətin azalması ilə nəticələndi.
Öz növbəsində, vəziyyət milli valyutanın devalvasiyası ilə ağırlaşdı, bu isə istehlak kreditləri üzrə öhdəliklərin kütləvi yerinə yetirilməməsi böhranına səbəb oldu ki, nəticədə, maliyyə sektorunun bütün sahələrinə yetərincə ciddi mənfi təsir göstərdi.
Aktivlərin strukturunun pisləşməsi, əməliyyat məkanının məhdudlaşması və mənfəətin azalması ölkədə fəaliyyət göstərən bankların, demək olar ki, üçdə birinin bağlanmasına səbəb oldu: 2015-ci ildən bu yana bankların sayı 45-dən 31-ə qədər azaldı.
Bununla yanaşı, keçən dövr ərzində Mərkəzi Bankın və Maliyyə Bazarlarının Nəzarət Palatasının səyləri sayəsində bank sektorunda bütövlükdə vəziyyəti sabitləşdirmək mümkün olub. Təəssüf ki, bütün bu illər ərzində bank olmayan kredit təşkilatlarının dominant mövqe tutduğu mikrokreditləşdirmə bazarında tamamilə fərqli vəziyyət yaranıb.
Banklardan fərqli olaraq, bank olmayan kredit təşkilatları son iki il ərzində həyata keçirilən maliyyə bazarlarının sağlamlaşdırılması proqramlarından kənar qaldı. Onların da banklara edilən səviyyədə yardıma ehtiyacı vardı, çünki devalvasiya nəticəsində yaranmış borcların ödənilməməsi böhranı və regionlarda kredit fəallığının azalması bank olmayan kredit təşkilatlarına ikiqat zərbə vurdu.
Bu problemin miqyasları "Azərbaycanda mikromaliyyələşmənin gələcəyi: problemlər və imkanlar" 5-ci İnvestisiya yarmarkası zamanı səsləndirilib.
Nisbətən bu yaxınlara kimi - 2015-ci ildə mikromaliyyə təşkilatlarının (MMT) müştərilərinin sayı 600 min nəfərdən çox olub və kredit portfeli 800 milyon manata çatıb. "Lakin 2016-cı ildə müştərilərin sayı 298 min nəfərə qədər azalıb və 2017-ci ildə 118 min nəfərə, ümumi kredit portfeli 80,1 milyon manata düşüb", - deyə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) sədri Süleyman Kələşov bildirib.
Mikromaliyyə sahəsində belə bir çətin vəziyyətin səbəbləri BOKT-ların fəaliyyətinin xüsusiyyətləri ilə bağlıdır. İlk öncə, bu onunla bağlı idi ki, MMT-lər tərəfindən verilmiş kreditlərin ödənilməməsi problemi bank sektorundakından daha kəskin idi. BOKT-lar banklardan fərqli olaraq, əsasən Azərbaycanın rayonlarında fəaliyyət göstərirdi və əksər hallarda, girov təminatı olmadan mikrokreditlər verirdi.
MMT-lərin əsas müştəriləri kiçik ailə fermer müəssisələri, kiçik ticarət biznesi, kiçik emalatxanalar idi və onlar nisbətən qısa müddət üçün (çox vaxt bir-iki aylığa) borca dövriyyə kapitalı götürürdülər. Həm də Azərbaycanda fəaliyyət göstərən BOKT-ların böyük bir hissəsi xaricdən kredit xətləri cəlb edən ixtisaslaşmış xarici şirkətlərin filiallarıdır ki, onlar kiçik sahibkarlara kreditləri ya birbaşa xarici valyutada, ya valyuta məzənnəsinə uyğunlaşdırılmış manatla verirdilər.
Adətən, manatın məzənnəsinin sabitliyi zamanı (orta hesabla, 500 manatdan 5 000 manata kimi dəyişən) belə kreditlərin qaytarılmasında elə bir çətinlik yox idi. Lakin devalvasiyadan sonra mikrokreditlərin qaytarılması mikrokredit bazarında iştirakçılarının xeyli hissəsi üçün çətin məsələyə çevrilmişdi. Ölkənin regionlarındakı istehlak bazarlarındakı məhdudluq nəzərə alınarsa, bir çox borcalanlar öz biznes fəaliyyətlərini əhəmiyyətli dərəcədə azaltmağa və ya hətta bağlamağa məcbur olmuşdular.
Nəticədə, böhran prosesləri mikrokredit təşkilatlarının sayının yetərincə azalmasına gətirdi: məsələn, iki il əvvəl əgər Azərbaycanda 150 BOKT var idisə, indi onların sayı 123-ə düşüb. Vəziyyət həm də ona görə mürəkkəbləşib ki, banklardan fərqli olaraq, BOKT-ların əmanət cəlb etmək hüququ yoxdur və buna görə borc vəsaitlərini qaytarmaq üçün ADİF vəsaitlərindən istifadə edə bilməzlər.
"Nəticədə, biz mikrokredit təşkilatlarının portfelinin keyfiyyətinin pisləşməsinin şahidi olduq, sektor zərərlə işləyib müştəriləri və aktivləri itirdi, - deyə Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini Asim Zülfüqarov bildirib. - Palatanın fəaliyyətinin əvvəlindən biz sektorun sağlamlaşdırılması üçün böyük işlər gördük: bir sıra fəaliyyətsiz, tənzimləyicinin tələblərinə uyğun gəlməyən maliyyə təşkilatı bazarı tərk etməli oldu. Qeyd etmək lazımdır ki, bu bazar artıq mənfəətlə işləyir."
A.Zülfüqarovun sözlərinə görə, hazırda tənzimləyicinin əsas vəzifəsi mikromaliyyə bazarının davamlılığını təmin etməkdir ki, bunun üçün sektorun sabit fəaliyyəti və maliyyə resurslarına çıxışı təmin edilməlidir.
Bu istiqamətdəki ilk addımlar mikrokreditləşmə bazarına müəyyən müsbət təsir göstərib. Devalvasiyanın səbəb olduğu mənfi təsirləri azaltmaq və borcalanların vəziyyətini yüngülləşdirmək üçün, mikromaliyyə təşkilatları kreditlərin restrukturizasiyasını keçirməyə məcbur oldular, vaxtı keçmiş kreditlərə görə cərimələri sildilər, həmçinin digər tədbirlər həyata keçirdilər", - deyə AMFA sədri Süleyman Kələşov sədri bildirib.
Bununla yanaşı, keçmiş mövqeləri qaytarmaq və mikrokreditləşdirmə bazarı göstəricilərinin keyfiyyətcə artımını təmin etmək üçün bir sıra təcili tədbirlər görülməlidir. Birincisi, MMT sektorunun aşağı faizli manat resurslarına çıxışını təmin etmək lazımdır.
"Milli valyutanın devalvasiyası həm bank, həm də mikromaliyyə sektorlarında qaytarılmayan kreditlərin həcminin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxardı. Sektorda fəaliyyət göstərən mikromaliyyə investorları və kreditorlar bu gün daha ehtiyatlı yanaşmaya üstünlük verirlər ", - deyə AMFA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib və maliyyə resurslarına sahibkarların çıxışının asanlaşdırılmasında Kredit Zəmanət Fondunun yaradılmasınn vacibliyini qeyd edib.
Devalvasiyadan sonra istehlak sektoru borcalanlarının, həmçinin kiçik və orta biznes sahibkarlarının əksəriyyətinin xarici valyutada kredit cəlb ehtiyatlı yanaşmasına görə manat resurslarından istifadəni təmin etmək üçün dövlətin dəstəyi son dərəcə əhəmiyyətli məsələyə çevrilib. Lakin yaranmış şəraitdə Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının siyasəti milli valyutada resursların verilməsinin əhəmiyyətli dərəcədə genişləndirilməsini istisna edir.
Əksinə, ölkədə son iki ildə sərt monetar siyasət həyata keçirilir: o cümlədən Mərkəzi Bankın faiz dərəcəsi bir neçə dəfə qaldırılıb, artıq manat kütləsinin sterilizə edilməsi və inflyasiyanın aşağı səviyyədə saxlanılması üçün depozit hərracları təşkil edilir. Mövcud meyillər nəzərə alınmaqla, MMT-nin dövlət tərəfindən maliyyələşdirilməsinin əhəmiyyətli dərəcədə artımına ümid etmək çətindir.
Bəzi bank olmayan kredit təşkilatları manat resurslarının cəlbi üçün qiymətli kağızların emissiyasını artırır, istiqrazlar üzrə gəlir dərəcəsini artırır. Amma bu, qaçılmaz olaraq borc verilmiş resursların dəyərinin yüksəlməsinə gətirib çıxarır ki, bu da mövcud şərtlərdə bazarda onlara tələbatı azaldır.
Eyni zamanda Azərbaycan əhalisindən əmanətlərin cəlb edilməsinə hüququ olmayan BOKT-lar özləri xaricdən valyuta kredit xətlərinin cəlb edilməsində müəyyən çətinliklərlə üzləşirlər.
S.Kələşovun sözlərinə görə, bir neçə yeni xarici investor Azərbaycan mikromaliyyə təşkilatlarını manat kreditləri ilə təmin etməyə hazırdır: "Onlar yerli mikromaliyyə bazarına maraq göstərir və öz dollar vəsaitlərini konvertasiya edərək milli valyutada kredit verməyə hazırdırlar".
Bununla belə, bu məsələdə valyuta bazarında baş verə biləcək növbəti böhran vəziyyətində sərmayəçilərin risklərini minimuma endirən mexanizmlərin yaradılmasına nail olmaq lazımdır.
Bu maneəni aradan qaldırmaq üçün Azərbaycanın mikromaliyyə bazarının iştirakçıları ölkədə hec-fondların (hedge fund) yaradılmasına çağırırlar. "Xarici sərmayəçilərdən cəlb edilən dollar vəsaitləri üzrə risklərin sığortalanması və yerli müştərilərə manat kreditləri verilməsi üçün hec-fondların yaradılması təklif edilir. Bu, mikromaliyyə təşkilatları tərəfindən kreditləşməni əhəmiyyətli dərəcədə genişləndirməyə kömək edə bilər", - AMFA-nın idarə heyətinin üzvü, maliyyə eksperti Cəlal Əliyev bildirib.
Qeyd edək ki, Azərbaycanda «Hedge» alətlərinin tətbiqi iqtisadiyyatın əsas sektorlarının inkişafı üzrə strateji yol xəritəsində də nəzərdə tutulub.
«Hec-fondların yaradılması Avropa bankları və beynəlxalq maliyyə korporasiyaları tərəfindən Azərbaycana milli valyuta kreditlərinin verilməsini əhəmiyyətli dərəcədə sadələşdirə bilər»,- deyə Dünya Bankının (DB) Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə aparıcı eksperti Anjela Priqojina bildirir.
Mikromaliyyə bazarının inkişafını sürətləndirmək üçün tələb olunan digər tədbirlər sırasında BOKT-lar haqqında qanunvericiliyə yenidən baxılması və borcların məhkəmə qərarı ilə qaytarılması prosedurlarının modernləşdirilməsinə ehtiyac görünür. Mikromaliyyə bazarının erkən bərpası üçün AMFA ekspertləri BOKT-ların dəstəklənməsi təklifi ilə çıxış edirlər, onlara bir neçə il vergi tətili, xüsusilə gəlir vergisi üzrə tətil verilməsini təklif edirlər.
Mikromaliyyə sektorunun inkişafı üçün ehtiyatlardan biri də BOKT-lar tərəfindən islam binkinq alətlərinin istifadəsi sayılır.
Öz növbəsində, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının fikrincə, Azərbaycanın mikromaliyyə təşkilatları mikrosığorta, mikroyığım və transferlər hesabına öz xidmət siyahılarını genişləndirməlidirlər.
Həmçinin, o qeyd edib ki, mikromaliyyə təşkilatları öz işlərində maliyyə texnologiyalarından fəal istifadə etməlidirlər. Söhbət məsləhətlərin avtomatlaşması üçün istehlakçı ilə birbaşa əlaqəni dəstəkləyən, o cümlədən maliyyə məsləhətçisi və ya vasitəçi funksiyalarının daxil olduğu onlayn-platformadan (robotlaşdırılmış proqramdan) gedir. Belə mexanizmlər maliyyə qurumlarının fəaliyyətini dəfələrlə sürətləndirir, sadələşdirir və ucuzlaşdırır.
"Əgər mikromaliyyə institutları yeni maliyyə alətlərindən və texnologiyalardan istifadə etməyə başlamasalar, onlar xərcləri azaltmağı bacarmayacaqlar, belə olan halda onların kreditləri biznes və ev təsərrüfatları üçün elə də cəlbedici olmayacaq. Bahalı kreditlər dövrü artıq geridə qaldı və bu gün müştərilər üçün cəlbedici olan borclar təklif etmək lazımdır ", - deyə V.Qasımlı vurğulayıb.
Bir sözlə, maliyyə sektoru üçün bu çətin zamanda mövcudluğu davam etdirmək üçün vasitələr istisna deyil, ən başlıcası isə məqamı qaçırmamaq və bazar meyillərini yaxalamağı bacarmaqdır.
MƏSLƏHƏT GÖR: