24 Noyabr 2024

Bazar, 01:39

TƏMKİNLİ OPTİMİZM

Könüllü sığorta seqmentində yığım həcminin artımı bu sektorda müsbət irəliləmələrdən xəbər verir

Müəllif:

01.12.2017

Azərbaycanın sığorta şirkətləri ümumilikdə üçüncü ildir ki, davam edən enerji böhranının reallıqlarına uyğunlaşmağa müvəffəq olublar və bu ilin dördüncü rübünün nəticələrinə əsasən, bazar iştirakçıları müsbət artım dinamikası nümayiş etdirirlər. Ümumiyyətlə, 2017-ci ilin əvvəlində Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi bu ilin Sığorta ili olacağına söz vermişdi.  

Beləliklə, keçən müddət ərzində könüllü sığorta növləri üzrə 12%-lik artım müşahidə olunub ki, bu da bazar bazasının daralmasına təsir edən mənfi proseslərin zəifləməsinə səbəb olub. Əksinə, icbari sığorta növləri üzrə ödənişlərin azalması, habelə bu seqmentdə zərərliliyin artması perspektivi sığorta bazarını könüllü seqmentdə yeni rəqabətqabiliyyətli məhsulların inkişafına yönəldir.

 

Önəmli artım  

Böhran öncəsi dövrdə sığorta bazarının nisbətən yüksək inkişaf templəri və sabitliyi əsasən sığortaçıların fəaliyyətinin bank sektoru ilə sıx bağlı olması ilə izah edilirdi. Sadə sözlərlə, sığortaçılar bankların təqdimatı ilə icbari sığorta növləri, xüsusilə tikinti və ipoteka kreditləri, avtomobil kreditləri və s. üzrə polis satışlarının dörddə üçünü təmin edirdilər. Bununla da, bank proteksiyası amili, həmçinin Maliyyə Nazirliyi tərəfindən 2011-ci ildən bəri icbari sığorta növlərini genişləndirmək üzrə gerçəkləşdirilən siyasət böhrandan əvvəlki dövrdə sahənin dinamik inkişafının əsas hərəkətvericiləri olub. Həmçinin bu, 2006-cı ildən 2014-cü ilə qədər sığorta bazarının həcminin 6 dəfə artmasına şərait yaradıb.

Amma bu bank-sığorta əməkdaşlığı manatın devalvasiyasına səbəb olan bank böhranı dövründə fəlakətli rol oynadı, nəticədə, banka borcunu ödəməyənlərin sayı kütləvi artdı və istehlak kreditləşməsi həcmləri azaldı. Banklara bağlı olan sığorta bazarı Azərbaycan İpoteka Fondu xətti ilə kreditləşmənin dayandırılmasından, daşınmaz əmlak bazarındakı tənəzzüldən, yeni avtomobillərin satışında on dəfədən çox müşahidə edilən azalmadan böyük zərər gördü. Xüsusilə, avtomobil kreditlərinin verilməsi qaydalarının sərtləşdirilməsi könüllü KASKO sığortasına ciddi təsir göstərdi.  

Bu məhsul üzrə mükafatlar 2 ildir ki, ardıcıl olaraq azalır: 2016-cı ildə azalma 25% olub, 2017-ci ilin yanvar-avqust aylarında isə yığımlar daha 6% azalıb. Maliyyə bazarının digər iştirakçıları kimi manatla sığorta məhsulları təklif edən yerli sığortaçılar milli valyutanın məzənnəsinin aşağı düşməsi və dayanıqsız olması üzündən gəlirliliyi azalması problemi ilə üzləşdilər. Bu və bir sıra digər səbəblər sığorta bazarının ən zəif həlqələrinin bazarı tərk etməsinə gətirib çıxardı: böhranın başlanğıcından bu yana etibarən Azərbaycanın sığorta şirkətlərinin sayı 27-dən 22-dək azaldı.

Lakin bu ilin 9 ayının yekunları ilə mühakimə etdikdə, bütövlükdə, Azərbaycanın sığorta bazarının ölkənin maliyyə sektorunun transformasiyasının ən çətin dövrünü dəf edə bildiyini görmək mümkündür. Belə ki, Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, 2017-ci ilin yanvar-sentyabr aylarında sığorta şirkətləri 414,35 milyon manat sığorta mükafatı yığıb ki, bu, 2016-cı ilin analoji dövrünün göstəricisindən 6% çoxdur. Diqqətəlayiqdir ki, ölkənin sığorta bazarının artım dinamikasını könüllü sığorta seqmenti təmin edib: yığımlar 12% artaraq 281,65 milyon manat təşkil edib. Bununla da, sığortaçıların gəlirlərinin ümumi həcmində könüllü sığortanın payı 68% -dən çox olub.

Əksinə, icbari sığorta üzrə yığımlar 5% azalaraq 132,7 milyon manat təşkil edib, müvafiq olaraq, sığorta şirkətlərinin mükafatlarının ümumi həcmində onun payı azalaraq 32% olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin 9 ayında könüllü və icbari sığorta növləri arasında nisbət müvafiq olaraq 64% və 36% təşkil etmişdi. Diqqətəlayiqdir ki, könüllü və icbari sığorta növləri arasında oxşar nisbət böhran öncəki dövrdə də müşahidə edilirdi.

İlk baxışdan, könüllü sığorta növlərinin artım templəri və ümumi bazarda onların payının artımı cüzi görünə bilər, lakin bu meyil son dövrdə yerli bazarda baş verən önəmli dəyişiklikləri əks etdirir. Bəzi ekspertlərin fikrincə, məhz könüllü sığorta növlərinə meyil şirkətlər üçün əsas gəlir həcmini təmin edir, inzibati xərcləri ödəməyə və işin səmərəliliyini artırmağa imkan yaradır. Və ən başlıcası, könüllü seqment sığorta bazarının keyfiyyət xüsusiyyətlərini və bütövlükdə onun inkişaf dinamikasını müəyyən edir.

 

Asan "məcburiyyət"

İcbari sığorta növlərinə gəlincə isə, bu seqmentdə dinamik artım 2011-ci ilin sonunda "İcbari sığorta haqqında" qanun qüvvəyə mindikdən sonra başladı, xüsusilə bir çox kiçik şirkətlər üçün ayaqda qalmağa imkan yaradaraq bazarın inkişafının dəstəklənməsində mühüm rol oynadı.

Bununla yanaşı, «Ateshgah Insurance» Sığorta Şirkətinin (SŞ) İdarə Heyətinin sədri Azər Əliyevin fikrincə, icbari sığorta üzrə satışların nisbətən sürətli artımı heç də sığorta şirkətlərinin məhz bu istiqamətdə inkişafa maraqlı olması ilə bağlı deyildi. "Sadəcə, bu məhsullar icbari idi və onları satmaq asan idi. Lakin onlar özləri ilə başqa bir təhlükə daşıyırlar. Artıq bu gün icbari sığortanın zərərliliyi özünü hiss etdirir, zamanla bu seqmentdə itkilərin səviyyəsi daha da arta bilər. Mən əminəm ki, bir müddətdən sonra, sığorta şirkətləri icbari sığorta növləri üzrə sığortalanan müştərilərə könüllü sığorta məhsulları təklif edərək çarpaz satışların ciddi şəkildə inkişaf etdirilməsinin nə qədər əhəmiyyətli olduğunu anlayacaqlar", - deyə A.Əliyev vurğulayıb.  

Burada qeyd etmək lazımdır ki, icbari sığortanın bəzi növlərin zərərliliyinin artımı heç də Azərbaycan bazarına məxsus bir özəllik deyil, müəyyən dərəcədə bu amil bir çox post-sovet ölkələrində, xüsusilə də Rusiya özünü göstərir. Belə ki, Rusiyanın aparıcı sığortaçısı - "İnqosstrax" şirkəti zərərli olması üzündən icbari sığorta növlərindən imtina etmək imkanlarını nəzərdən keçirir.

Daşınmaz əmlakın icbari sığortası sahəsində bir qədər fərqli vəziyyət alınır: ISB-nin məlumatlarına görə, bu ilin oktyabr ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayı 42% azalıb. Lakin satılan polislərin sayının azalması yığım həcminin 25% artması ilə kompensasiya edilib.

Daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayı azalması şəraitində yığım həcminin artması sığortanın bu növünün yalnız (mükafat məbləğinin sabit olduğu və 30-50 manat arasında dəyişdiyi) mənzil və fərdi yaşayış evlərinin sığortasını deyil, həm də istənilən digər daşınmaz əmlak növlərini əhatə etməsi ilə bağlıdır. Məsələn, sənaye müəssisələrini, kommersiya və digər təyinatlı binaları əhatə edir ki, burada sığorta haqları əhəmiyyətli dərəcədə yüksəkdir, həm də əmlakın bazar dəyərindən və digər amillərdən asılıdır.  

Mülki sektorda daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlərin azalmasını korporativ sektorun hesabına kompensasiya edə bilən yerli sığorta şirkətlərinin çevikliyi hər cür tərifəlayiqdir. Eyni zamanda nəzərə alınmalıdır ki, mülki daşınmaz əmlakın həmin hissəsi icbari sığorta ilə kifayət qədər zəif əhatə olunub, mövcud bazar konyunkturu və sosial şərait bu istiqamətin inkişafına çox zəif təsir göstərir.

Bu gün hələ də gələn ildən icbari tibbi sığortanın kütləvi tətbiqinin perspektivlərin kifayət qədər aydın deyil: 2017-ci ilin əvvəlindən icbari tibbi sığorta sistemi Mingəçevirin və Yevlax rayonunun tibb müəssisələrində pilot layihə kimi sınaqdan keçirilir. Belə ki, Hesablama Palatasının rəyinə görə, "2018-ci ildə Azərbaycanın dövlət büdcəsi haqqında" qanun layihəsində gələn il dövlət xəzinəsindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maliyyələşdirilməsinə 16,05 milyon ayrılması planlaşdırılır ki, bu, 2017-ci ildə ayrılmış məbləğdən 32,5% azdır. Beləliklə, sığorta şirkətləri, çətin ki, yaxın gələcəkdə yeni bir növ icbari sığortanın kütləvi tətbiqini ümid edə bilərlər.

Ümumiyyətlə, «Ateshgah Insurance» Sığorta Şirkətinin İdarə Heyətinin sədrinin fikrinə görə, icbari sığorta növləri özlərində iki məsələni - sosial və stimullaşdırıcı məsələləri həll etməlidir. Yəni, ilk növbədə, sığorta halları baş verən zaman əhalini müəyyən maliyyə müdafiəsini təmin etməlidir. Bu baxımdan, Azərbaycan bazarında icbari sığorta növləri öz funksiyalarını tam yerinə yetirirlər.

"İkinci məsələ - könüllü sığorta növlərinə əhalinin marağının stimullaşdırılmasıdır. Bu istiqamətdə sığorta şirkətlərinin özləri tərəfindən də səy göstərilməli, dəqiq məlumat verilməli, təbliğ edilməli, məhz müştərilərə lazım olan məhsul təqdim edilməlidir", - deyə A.Əliyev bildirir.

Sonuncu, bəlkə də, ən vacib məsələdir. Belə görünür ki, Azərbaycanın qabaqcıl sığorta şirkətləri öz işlərini tədricən könüllü sığorta növlərinin bazar bazasının genişləndirilməsi istiqamətində yenidən təşkil edirlər.

 

Sığorta xəritəsi  

Yeri gəlmişkən, könüllü sığorta həcmlərinin artırılması üçün sığorta sektoru yetərincə əhatə edilməmiş istiqamətlərə və resurslara malikdir. Təəssüf, hələ ki, ölkə iqtisadiyyatında sığortanın payı artmır: Dünya Bankının son hesabatına görə, Azərbaycan ÜDM-ində sığortanın payı 0,7% -dir. «Azərbaycanda maliyyə xidmətlərinin inkişafı üzrə strateji yol xəritəsində» nəzərdə tutulan planların həyata keçirilməsi bu geriliyi aradan qaldırmaqda yardımçı olmalıdır.

"Yol xəritəsi"ndə perspektivli istiqamətlərdən biri kimi kənd təsərrüfatı risklərinin sığortasının inkişafı göstərilib - bu seqment son illərdə sığorta bazarının "kənarında" qalıb. Azərbaycanda bu gecikmənin aradan qaldırılması üçün 2018-ci ildə Kənd Təsərrüfatı Sığortası Fondunun yaradılması planlaşdırılır ki, bu da məhsullarını sığortalayan kənd təsərrüfatı istehsalçılarının sayını ən azı üç dəfə artıracaq. Bundan başqa, 2017-2018-ci illərdə aqrar-sənaye kompleksi sektorunda Sığorta Halları Reyestrinin yaradılması planlaşdırılır.

Sığorta sektorunun inkişafında daha bir perspektivli sahə elektron sığortanın inkişafı sahəsinin stimullaşdırılmasıdır. "AzInsurance" ASC-nin idarə heyətinin sədri Vidadi Maniyevin sözlərinə görə, sığorta məhsullarının satışlarının elektron formata ötürülməsi sahənin bütün mənzərəsini dəyişəcək. Daha çevik, dəyişikliklərə daha asan uyğunlaşan sığortaçılar üstünlük əldə edəcəklər.

Belə sığorta şirkətləri üçün işlərin elektron rejimə keçirilməsi əməliyyat xərclərinin aşağı salınmasına, gəlirliliyin yüksəlməsinə və müştəri loyallığı səviyyəsinin artmasına səbəb olacaq. Sığorta xidmətlərinin istehlakçıları üçünsə bu, daha yüksək əlçatarlıq, ehtiyaclarının daha dolğun və keyfiyyətli təmin edilməsi deməkdir. "Bunun bariz nümunəsi ölkənin ən məşhur sığorta məhsulunun - OSAQO-nun elektron satışı rejiminə uğurlu transferdir", - deyə Maniyev bildirib.

"Yol xəritəsi"ndə həmçinin göstərilir ki, növbəti dörd ildə sığorta bazarının inkişafı üçün yeni məhsullar, o cümlədən birgə sığorta, fərdi təsərrüfatlar üçün mikrosığorta və s.-in tətbiq edilməsi nəzərdə tutulur. "Yol xəritəsi"ni işləyənlər ehtimal edirlər ki, sığorta bazarının inkişafı üçün nəzərdə tutulan tədbirlər ÜDM-in 125 milyon manat artmasına səbəb olacaq, o cümlədən 40 milyon manat dolayı artımı təmin edəcək və 1,6 min yeni iş yerinin yaradılmasına kömək edəcək. Nəticədə, 2020-ci ilədək sığorta bazarının ÜDM-də payı 1,4%-ə qədər yüksələcək.


MƏSLƏHƏT GÖR:

403