Müəllif: Nurlanə QULİYEVA
Başa çatmış il həm Azərbaycanda, həm də dünyada iqtisadi hadisələrlə zəngin oldu. Bəzi sektorlarda böhranın davam etməsinə baxmayaraq, ötən il, ümumilikdə, Azərbaycan üçün sabitləşmə və islahatlar ahəngində keçdi. Azərbaycan Prezidenti İlham Əliyev ilin sonuna yaxın etdiyi çıxışlarının birində bəyan etmişdi ki, 2017-ci ildə "Azərbaycan iqtisadiyyatının sabitləşməsi" müşahidə olunub. İl ərzində qeyri-neft sektorunda 2,5%, qeyri-neft sənayesi istehsalında 3%-dən çox, kənd təsərrüfatında 4%-dən çox artım olub.
Regional və yerli miqyaslı, yeni iri layihələrin işə salınması bu göstəricilərin bir neçə bənd irəliləməsinə imkan yaradacaq.
Yeni əsrin müqaviləsi
2017-ci ildə Azərbaycan üçün başlıca iqtisadi tədbirlərdən biri "Əsrin müqaviləsi"nin davamı kimi 14 sentyabr tarixində "Azəri - Çıraq - dərinsulu Günəşli" yatağının işlənməsi üzrə yenilənmiş müqavilənin imzalanmasıdır. Məlumdur ki, neft-qaz sektoru Azərbaycan iqtisadiyyatının əsas "nəhəngi" olub və olmaqda davam edəcək. Bununla yanaşı, son illərdə dünya bazarlarında neft qiymətlərinin kəskin dəyişməsi ilə yanaşı, neft hasilatının səviyyəsində hiss edilən azalma da ciddi narahatlıq doğurur. Məhsuldar təbəqələrin tükənməsi ilə əlaqədar olaraq AÇG-də istehsal 2010-cu ildəki günlük 830 min barelə bərabər zirvə göstəricisindən 2017-ci ilin birinci yarısında 580 min barelə enib. Yataqların
gələcək işlənməsi qeyri-neft sektoruna əlavə yatırımları təmin edəcək, həmçinin gələcək nəsillər üçün də əhəmiyyətli vəsaitlər saxlamağa kömək edəcək. Bütünlükdə, 23 illik istimar dövrü ərzində yataq blokundakı bütün ehtiyatlarının yarıdan çox hissəsi - 436 milyon ton çıxarılıb ki, bunun 245 milyon tonu mənfəət nefti kimi Azərbaycanın payına düşüb. Bu günə qədər yataqların işlənməsinə 33 milyard dollardan çox sərmayə qoyulub.
2050-ci ilə qədər olan dövrə hesablanmış yenilənmiş müqavilə çərçivəsində daha 500 milyon ton məhsul çıxarılması planlaşdırılır. «BP» şirkətinin baş icraçı direktoru Robert Dadlinin sözlərinə görə, yatağın sonrakı 32 il ərzində istismarı t üçün daha 40 milyard $ sərmayə qoyulacaq. Bu vəsaitlər yeni quyuların qazılmasına, mövcud quyuların təmirinə və yeniləşdirilməsinə yönələcək, daha bir hasilat platformasının tikilməsi də mümkündür.
Yeni müqaviləyə əsasən, Azərbaycanın mənfəət nefti payı ümumi istehsalın 75%-inə bərabər sabit səviyyədə qalacaq. Nəticədə, ilkin hesablamalara görə, ölkə 200 milyard $-a qədər ala bilər. Eyni zamanda xarici şirkətlər müəyyən şərtlərin yerinə yetirilməsi üçün Azərbaycana 3,6 mlrd. $ məbləğində bonus ödəyəcəklər. 450 milyon dollarlıq ilk tranş sazişin parlamentdə ratifikasiyasından və qüvvəyə minməsindən sonra gələcək. Digər mühüm dəyişiklik müqavilənin başqa iştirakçılarının payının azaldılması ilə SOCAR-ın payının 11.65% -dən 25%-ə qədər artmasıdır. Şirkətin mövcud vəziyyəti üçün maliyyə yükünü artırmağa imkan verir ki, bu da gələcək üçün böyük mənfəət vədləri verir.
"Dəmir" üçlük
Məhz AÇG nefti bölgənin üç ölkəsinin - Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadi dostluğunun təməlini qoyub və bu, digər sahələrdə də uğurla davam edir. Keçən ilin oktyabr ayında Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun işə başlaması yalnız bu üç ölkənin deyil, daha geniş bir regionun münasibətləri üçün yeni bir mərhələ açır. Azərbaycan bu məsələdə aparıcı rol oynayaraq uzunluğu 153 km olan Axalkalaki- Marabda dəmir yolunun təmiri, həmçinin BTQ-nin Qarsa qədər Gürcüstan hissəsinin tikintisinin başa çatdırılması üçün toplam məbləği 775 milyon $ olan bir neçə uzunmüddətli kredit ayırıb. Türkiyə tərəfinin xərcləri də nəzərə alındıqda dəmir yolunun çəkilməsinin ümumi dəyəri 1,1 milyard $ təşkil edib. Buna paralel olaraq, Azərbaycan qatarların sürətini 50% artırmaqla 120 km /saat-a çatdırmaq üçün Bakıdan Gürcüstan sərhədinə qədər öz dəmir yolunu yeniləşdirmək məqsədi ilə sərmayələr yatırıb. Bundan əlavə, Bakı-Tiflis-Qars marşrutu üçün «Alstom» və «Stander» şirkətlərinin istehsalı olan lokomotivlər və yataq vaqonları alınıb.
İlkin mərhələdə BTQ ilə ildə 6 milyon ton yük və 1 milyon sərnişin daşınacaq. 2030-cu ilə qədər bu rəqəmlər müvafiq olaraq 17 milyon ton yükə və 3 milyon sərnişinə çatacaq. İndi Çindən Avropaya yük daşınmasının həcmi ildə 240 milyon tondan çoxdur. Bu yüklərin ən azı 10%-i BTQ-dən keçərsə, bu, ildə 24 milyon ton təşkil edəcək. Beləliklə, yeni bir dəmir yolu yüklərin 12-15 gün ərzində Çindən Avropaya göndərilməsinə imkan verəcək, halbuki Cənub və Şimal dəniz dəhlizlərinin istifadəsi zamanı isə bu, 45-50 gün çəkir. Bakı, Tiflis və Ankara arasında artıq razılaşdırılmış vahid marşrut tarifinin tətbiqi isə BTQ ilə yük daşınmasını daha sərfəli edir. Marşrut sərnişin baxımından da cəlbedicidir: Bakıda qatar oturaq bir neçə gün sonra İstanbula, arzu və imkan daxilində bir sıra Avropa paytaxtlarına da getmək mümkündür. İstənilən halda, dəmir yolu biletinin qiyməti təyyarə ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olacaq. BTQ bu marşrut boyunca turist axınını əhəmiyyətli dərəcədə aktivləşdirəcək. Bundan əlavə, bu yeni yol regionda mövcud olan marşrutlara alternativ olacaq ki, indiki geosiyasi vəziyyətdə bu, çox əhəmiyyətlidir.
Şopoqliklər üçün turizm
2017-ci ildə Azərbaycanda turizmin inkişafı sürətlənib və bu sektorda əsas hadisə Bakıda iki şopinq-festivalın keçirilməsi olub - 10 apreldən 10 maya qədər və 15 oktyabrdan 15 noyabra qədər. Sahibkarlığın, ticarətin və turizm sektorunun dəstəklənməsinə yönəlmiş festivallar region dövlətlərində hiss olunan maraq oyadıb. Festivallarda iştirak üçün paytaxtın yüzlərlə ticarət obyekti və restoranları qediyyatdan keçib, şəhərin çox sayda ticarət mərkəzləri qonaqlara xüsusi endirimlər təklif ediblər, müvəqqəti ticarət məntəqələrində isə Azərbaycanın ticarət markaları və xarici brendlər geniş çeşiddə təqdim olunub.
Şopinq-festivalların keçirilməsi zamanı Azərbaycanın qonaqları və vətəndaşları aldıqları mallar (geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika) üçün ödədikləri əlavə dəyər vergisini (ƏDV) Tax Free sistemi üzrə geri qaytara bilərlər. Əgər birinci şopinq-festival zamanı Azərbaycan Vergilər Nazirliyi ƏDV qaytarılması üçün 1,5 mln. manat xərcləmişdisə, ikinci şopinq-festival zamanı bu məbləğ 3,4 mln. manata qədər artdı, bütünlükdə onun dövriyyəsi 33,8 mln. manatı ötüb.
Göründüyü kimi, ilk cəhd uğurlu olub və mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib ki, birinci şopinq-festivalın təşkilinə 700 min manat xərcləndiyi halda, büdcə daxilolmaları bu rəqəmi bir neçə dəfə ötüb keçərək 5,6 milyon manat olub. Oktyabr ayında keçirilən ikinci şopinq-festival zamanı Azərbaycana 204,686 min turist səfər edib ki, bu, 2016-cı ilin eyni dövrünə baxanda 13% çoxdur.
Ötən ilin digər mühüm turist islahatı ASAN Viza sisteminin inkişafı olub ki, bunun vasitəsi ilə Azərbaycana gələn xaricilər və vətəndaşlığı olmayan şəxslər elektron vizalar ala biləcəklər. Daha öncə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu göstərilən tədbirlər nəticəsində ötən ilin ilk 10 ayı ərzində Azərbaycanda turistlərin sayı 20% artıb, bütün 2017-ci il üzrə artım 24% təşkil edib.
Maliyyə-bank gözləntiləri
Ticarətin inkişafında əvvəlki illərdə bir neçə devalvasiya dalğası keçmiş milli valyutanın məzənnəsinin və bank sektorunun sabitləşməsi önəmli rol oynayıb. Azərbaycanın bank sektorunda 2016-cı ildə baş vermiş şoklar müəyyən dərəcədə 2017-ci ildə də bazarını sarsıtdı. Bank göstəriciləri düşməkdə davam etdi və ötən ilin 10 ayının göstəricilərinə görə, bankların aktivləri 17%, kredit portfeli 25%, manatla depozitlər 12% azalıb.
Maliyyə bazarının problemləri 2015-2016-cı illərdə neft qiymətlərinin azalması ilə başlayıb, nəticədə, manat 2015-ci ildə 2 dəfə ucuzlaşıb. Bunun nəticəsində, banklar kapitalının 60%-ni itirdi və 2015-ci ildə bazarda 43 bank olduğu halda, indi yalnız 30 var. Yeri gəlmişkən, 2017-ci ilin sonuna az qalmış - 23 dekabrda ölkənin köhnə banklarından biri olan «DəmirBank»ın lisenziyası ləğv edildi.
Bütün bunlara baxmayaraq, dövlət və tənzimləyici sektoru dəstəkləməkdə davam etdi - yalnız 2017-ci ildə problemli bankların səhmdar kapitalına inyeksiyalar 834 milyon manat təşkil edib. Bunun hesabına bankların bu ümumi kapitallaşması bu gün 3 mlrd. manatdan çoxdur və Azərbaycan bank sisteminin kapital adekvatlığı əmsalı 13%-i ötüb, minimum tələbi isə 10%-dir.
Bazar tənzimləyiciləri bildirirlər ki, ötən il əhalinin əmanətlərinin bank sistemini tərk etməsinin qarşısını əhəmiyyətli dərəcədə almaq mümkün olub. Əgər 2016-cı ilin 10 ayı ərzində əhalinin bank əmanətləri 22% azalmışdısa, 2017-ci ildə azalma cəmi 2,4% təşkil edib. Sektorun digər "zəif bəndi" - Azərbaycan Beynəlxalq Bankı (ABB) bazardakı payını (aktivlər üzrə) 41%-dən 27%-ə endirdi.
Eyni zamanda bank sistemində hazırda 6,5 mlrd. manat məbləğində sərbəst vəsait var ki, bunun 70%-i sağlam bankların sərəncamındadır, lakin bu sərbəst vəsait iqtisadiyyatın kreditləşdirilməsi üçün istifadə olunmur. Bu baxımdan, kreditorların müdafiəsi üçün yeni bir sistem yaradılması üzrə təkliflər var ki, bəzi elementləri artıq işləyir. Xüsusilə, yaxın gələcəkdə ölkədə Kredit Zəmanət Fondu yaranacaq, keçən ilin sentyabr ayından isə maliyyə ombudsmanı institutu fəaliyyət göstərir ki, 2 min $ məbləğində müqavilələr üzrə mübahisələrin tənzimlənməsinə yardımçı olur. Bundan əlavə, bank sektorunun dollarsızlaşdırılması üzrə tədbirlər tələb olunur.
Bankların özləri isə ölkənin bank sektorundakı likvidliyin bərabər paylanmasına çalışırlar, bunun üçün banklararası valyuta bazarının inkişaf etdirilməsini təklif edirlər. Yeri gəlmişkən, artıq bu istiqamətdə müvafiq qərarlar qəbul edilir.- Keçən il bank kartlarına xidmətdə iştirak edən kredit təşkilatlarının əməliyyat zamanı bir-birinə ödədiyi komissiya (interchange fee) azaldılıb.
İxrac üçün mallar
2017-ci ildə «Made in Azerbaijan» markasının təşviqi xüsusi gücləndirilib. Bu baxımdan, ixracat baxımından bu gün Azərbaycan iqtisadiyyatında neft və qaz sənayesindən sonra ikinci yeri tutan kənd təsərrüfatı sektorunun bir sıra sahələrinin inkişafı üçün müxtəlif proqramlar qəbul edilib.
Kənd təsərrüfatının inkişafı üzrə yeni "yol xəritəsi"nə görə dövlətin maliyyələşdirilməsinin əsas axını daha çox ixrac dəyəri daşıyan bir neçə sahənin inkişafına yönəldilir. O cümlədən texniki bitkilərin - pambıq və tütünün, ipək ipliyinin istehsalı artır, üzümçülük və şərabçılıq, çayçılıq və meşə arıçılığı fəal inkişaf etdirilir. Fındıqçılığın ixrac potensialı yüksəkdir, həmçinin badam və zeytun istehsalının da yüksək potenisalı var. «Made in Azerbaijan» markasının təşviqi sayəsində keçən il ümumi ixracın 50%-dən çox artım mümkün olub.
Azərbaycanın işgüzar dairələrinin mövqe əldə etməyə şansı olan xarici ölkələrdə ticarət nümayəndəliklərinin və ticarət evlərinin açılması da Azərbaycan istehsalçılarının məhsullarını ixracının artmasına böyük ümidlər yaradır.
2017-ci ildə Rusiya, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Avropa, Qətər, Qazaxıstan, Almaniya, Əfqanıstan və Pakistana ixrac missiyaları göndərilib. Bu missiyalar çərçivəsində milli stendlər təşkil olunur, dövlət bu stendlərə məhsulların çatdırılması və bir nümayəndənin iştirakı ilə bağlı bütün xərcləri öz üzərinə götürür. 2017-ci ildə Azərbaycanın rəqəmsal ticarət xabı təqdim edilib ki, bu təkcə Azərbaycan sahibkarları üçün deyil, həm də xarici sahibkarlar üçün ölkədə xarici iqtisadi fəaliyyətlə məşğul olmaq üçün imkan yaradır.
Beləliklə, Azərbaycan ölkəyə xarici sərmayə cəlbi üçün bütün sərhədləri silərək dünya iqtisadiyyatı açıq vəziyyətə gəlir. Xabın işi azexport.az portalı çərçivəsində həyata keçirilir və qeyri-rezidentlərə elektron kisə və elektron imzadan istifadə etməyə imkan verir. Öz növbəsində, Azərbaycanın kiçik və orta müəssisələri (KOM) öz məhsullarını yerləşdirməyə və satışa çıxarmağa imkan yaradan virtual mağaza yarada biləcəklər.
Şübhəsiz ki, 2018-ci ildə ixrac potensialının inkişafına olan diqqət davam edəcək və böyük ehtimalla, uğurlar daha da aydın görünəcək, çünki iqtisadiyyatın bütün sahələrində olduğu kimi bura da uğurun təməli qoyulub.
MƏSLƏHƏT GÖR: