Müəllif: Nurlanə QULİYEVA
Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı gerçəkdən Prezident İlham Əliyevin iqtisadi siyasətinin "vizit kartı" adlandırıla bilər. Hələ ölkəyə rəhbərliyinin başlanğıcında o, bölgələrin problemlərini həll etmək niyyətində olduğunu açıqlamışdı və elə 2004-cü ildə ilk proqram qəbul edilmişdi. Bu il artıq üçüncü proqramın icrası tamamlanır və dördüncü üzərində iş başlayır. 2018-ci ildə növbəti prezident seçkilərinin keçiriləcəyi nəzərə alınarsa, İlham Əliyevin 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramının icrasının nəticələrinə dair konfransda etdiyi çıxışı son 14 ilin hesabatı və gələcək planlar haqqında bəyanat saymaq olar.
İnfrastruktur imkanları
"Birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Həyat bunu əyani şəkildə göstərir. 2004-cü ilin əvvəllərində qəbul edilmiş proqram, demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı. Azərbaycan regionlarının sürətli inkişafı məhz birinci proqramın icrası ilə bağlı idi ", - deyə dövlət başçısı qeyd edib və əlavə edib ki, son 14 ilin gerçəklikləri göstərir ki, verilən bu vədlərin hamısı yerinə yetirilib.
Yalnız qeyd etmək kifayətdir ki, Azərbaycan iqtisadiyyatı bu illər ərzində dünyada rekord sayılacaq səviyyədə - 3,2 dəfə artıb. Eyni zamanda, məhz regionların inkişafı qeyri-neft iqtisadiyyatının 2,8 dəfə, qeyri-neft ixracının isə 4,1 dəfə artmasını təmin edib.
Əvvəla, infrastruktur layihələrinin uğurlarını qeyd etməyə dəyər - onların həyata keçirilməsi Azərbaycan əyalətlərinin görkəmini dəyişdirib və bunun heç bir statistik sübuta ehtiyacı yoxdur. Yalnız yenilənmiş avtomobil yolları ilə getmək, müasir hotellərdə qalmaq, elektrik enerjisinin, qazın, içməli suyun və s.-in çatışmazlığı haqda hər hansı bir narazılıq eşitmədən-duymadan kənd evlərində yaşamaq kifayətdir. Buna baxmayaraq, rəqəmlərə dönülərsə, deyilənlər daha ətraflı təsdiqlənər.
Ötən 14 il ərzində ölkədə 30 elektrik stansiyası tikilib. 2004-cü ildə ölkədə generasiya gücü yalnız 2500 MVt olan 9 elektrik stansiyası olubsa, bu il bu rəqəm 2900 MVt-a çatdırılacaq; 2004-cü ildə Azərbaycanda qazlaşdırma səviyyəsi 51% olub, bu gün 93%-ə çatıb, bu ilin sonuna qədər isə 95% -ə çatacaq; 2004-cü ildə ölkə daxilində əhalinin içməli su ilə fasiləsiz təchizatı 26% təşkil edib, indi isə 67% təşkil edir.
Bundan başqa, 2004-cü ildən bu yana dörd su anbarı - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçayda su anbarları tikilib, 12,3 min km yol çəkilib, 443 körpü tikilib. Burada nəqliyyat sisteminə aid bir neçə rəqəm əlavə edəcəyik - çox qısa müddətdə ölkədə 7 hava limanı tikilib, onlardan 6-sı beynəlxalq hava limanıdır, özü də regionlarda tikilib. Sosial infrastrukturla bağlı çox işlər görülüb - 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib və təmir olunub, 43 Olimpiya idman kompleksi tikilib.
Daha az idxal, daha çox ixrac
Doğrudur, bu gün həyata keçirilmiş işlərin çoxu 2004-cü ildə sadəcə iddialı plan sayılırdı və heç də hamı bu uğura inanmırdı. Çünki Dövlət Proqramı cəmi 1,8 mlrd. $ ehtiyatımız olanda başlamışdı. Özü də ilk proqramın böyük hissəsi regionlarda infrastruktur layihələrinə və digər baza problemlərin həllinə yönəlmişdi ki, yatırılan vəsaitlərin birbaşa geri qaytarılmasını nəzərdə tutmurdu. Amma zamanla bu iddialı planlar həyata keçdi və bir tərəfdən valyuta ehtiyatları artdı, digər tərəfdən ilk işlərin uğuruna sonrakı proqramlar dəstək verdi, işlər genişləndi, müfəssəlləşdi və təkmilləşdi. Buna görə də, bu gün ölkənin valyuta ehtiyatlarının 23 qat artaraq 42 milyard dollara çatdığı şəraitdə bölgələrin qarşısında artıq daha irimiqyaslı vəzifələr durur.
İdxalı əvəzetmə və ölkənin ərzaq təhlükəsizliyi proqramlarının həyata keçirilməsində böyük iş məhz regionların üzərinə düşür. Bu illərdə görülən tədbirlərə baxmayaraq, bir sıra sahələrdə hələ də ciddi çatışmazlıqlar var və müəssisələrin inkişafı üçün lazımi şərait yaratmaqla bu problemləri asanlıqla aradan qaldırmaq mümkündür.
Prezident İlham Əliyevin sözlərinə görə, xüsusilə 2017-ci ildə Azərbaycana 227 milyon $-lıq buğda, 160 milyon $-lıq siqaret, 211 milyon $-lıq dərman preparatları, 100 milyon $-lıq trikotaj məhsulları, 100 milyon $-lıq yuyucu vasitələr, 80 milyon $-lıq şüşə qablar, 55 milyon $-lıq mineral gübrələr və s. idxal edib.
"Göründüyü kimi, hər il biz yalnız yuxarıda qeyd olunan mal və məhsulları 1 milyard $-dan artıq idxal edirik, halbuki idxalın əvəzlənməsi ilə bu xərcləri azalda bilərik. Bunun üçün ölkə daxilində süd emalı zavodları, əczaçılıq müəssisələri, trikotaj fabrikləri, yuyucu vasitələr istehsalı üzrə müəssisələr qurulmalıdır. Bundan başqa, siqaret fabriki, karbamid zavodu, şüşə tara və məmulatlar istehsal edən zavod tikiləcək", - deyə dövlət başçısı bildirib.
İdxalın azaldılması ilə yanaşı, hökumət və biznes qarşısında ölkənin ixrac potensialının artırılması bir vəzifə kimi durur ki, bu da, nəhayət, neft amilindən asılılığı azaldacaq. Bu sahədə müəyyən nailiyyətlər artıq mövcuddur. Məsələn, təkcə ötən il ölkədən kənara 1,5 milyard dollardan çox qeyri-neft məhsulları göndərilməsi mümkün olub ki, onların üçdə biri meyvə və tərəvəzin payına düşüb. Əslində, kənd təsərrüfatı həmişə qeyri-neft ixracında lider olub, buna görə də regionlar üzrə dövlət proqramlarında əsas diqqətin bu sahəyə yönəldilməsi tamamilə başadüşüləndir.
Məhz bu sənədlərdə təsbit olunan hədəflər kənd yerlərində tamamilə yeni idarəetmə sistemləri olan aqro-park sayının ölkə üzrə 43-ə və onların əhatə zonasının 183 min hektara çatdırılmasına imkan yaradıb. Bu, təsərrüfatların mahiyyətcə yeni böyük birlikləri kənd təsərrüfatı məhsullarının istehsalını keyfiyyət və kəmiyyətcə yeni səviyyəyə çıxarmalı, məhsuldarlığın artımını təmin etməli və xammaldan hazır məhsula kimi bütün istehsal zəncirinin yaradılmasını təmin etməlidir. Eyni zamanda, aqrar sektorla müqayisədə daha yavaş templərlə olsa da Azərbaycandan qeyri-ərzaq mallarının ixracı da artır.
Sərmayə axını
Təbii ki, bütün layihələr və planlaşdırılan hədəflər mütəmadi maliyyə vəsaitləri, kapital qoyuluşları tələb edir. Son 14 il ərzində Azərbaycan iqtisadiyyatına 231 milyard dollar həcmində sərmayə qoyulub, onların yarısı xarici, yarısı isə daxili kapitaldır. Müstəqillik dövründə ölkəyə yatırılan bütün sərmayələrin 93% -i son 14 ilin payına düşür və bu gün Azərbaycan da adambaşına sərmayə baxımından dünyanın aparıcı ölkələrinin sırasındadır. Bu proses davam etməkdədir və bu il ən azı 15 milyard ABŞ dolları məbləğində sərmayə göstəricisi gözlənilir ki, bu, demək olar ki, ötən ilin göstəricisinə ekvivalentdir.
Ancaq bu sahədə də ölkənin rəhbərliyinin narahatlığına səbəb olan bəzi mənfi nüanslar var. Məsələn, regional layihələr yerli sərmayəçilər üçün daha maraqlıdır və bu, təbiidir. Dövlət tərəfindən bu layihələr üçün vergi güzəştləri və digər imtiyazların yaradılmasına, təşviq tədbirlərinə, yüngülləşdirilmiş kredit şərtlərinə baxmayaraq, yerli icra hakimiyyəti orqanlarının çox vaxt, əksinə davranaraq şəxsi mənfəətləri naminə maneəçilik törədirlər. İcra hakimiyyətləri potensial sərmayəçilərin qarşısına «şərtlər» qoyurlar və yalnız bu şərtlərin yerinə yetirilməsindən sonra yeni biznesin başlanmasına "yaşıl işıq" yandırırlar. "Bu cür hallar azdır, lakin hələ ki mövcuddur və onlarla mübarizə aparmaq lazımdır", - deyə Prezident İlham Əliyev bildirib.
O, hər bir rayonda sərmayə fəaliyyətinin təhlilini aparmağı tapşırıb. Bu, gecikmələrin səbəbini müəyyənləşdirməyə kömək edər və icra hakimiyyətlərini daha aktiv şəkildə sərmayəçi cəlbinə yönəldər.
Bundan əlavə, dövlət başçısı böyük biznesi kiçik və orta müəssisələri öz layihələrinə cəlb etməyə, bu yolla onların inkişafına və "üzdə qalmasına" kömək etməyə çağırıb. "İri biznes qurumları gərək öz sosial məsuliyyətini dərk etsinlər. Sosial məsuliyyət təkcə hansısa xeyriyyəçiliklə məşğul olmaq deyil", - deyə Prezident İlham Əliyev bildirib.
Yəqin ki, bütün bu məqamlar regionların inkişafı üzrə yeni dövlət proqramında nəzərə alınacaq, yuxarıda göstərildiyi kimi sənəd artıq hazırlıq mərhələsindədir. Qeyd edək ki, bu dövlət proqramlarının əsasında onlarla sahə proqramı, planı və layihəsi hazırlanıb və artıq həyata keçirilir.
Onların çoxu "Milli iqtisadiyyatın və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi"nə daxil edilib. Yəni bu dövlət proqramları, əslində, yalnız bölgələrin deyil, ölkənin bütün qeyri-neft iqtisadiyyatının inkişafı üçün baza konturlarına çevrilib. Prezident İlham Əliyev tərəfindən 14 il bundan əvvəl irəli sürülən təşəbbüs bir növ müstəqil Azərbaycanın iqtisadi dirçəlişi üçün özünəməxsus modelə çevrilib və yeni dövlət proqramı onun məntiqi davamı olmalıdır, lakin qarşısına keyfiyyətcə yeni səviyyəli, daha iddialı məqsəd və planlar qoymalıdır.
MƏSLƏHƏT GÖR: