26 Dekabr 2024

Cümə axşamı, 05:14

MUXTARİYYƏT MAYAKI

1917-ci il azərbaycanlıların milli oyanış ili olub

Müəllif:

01.03.2018

1917-ci il bir çox Avropa və Asiya xalqının taleyində dönüş ili olub. Həmin il Rusiya imperiyası çöküb, nəticədə, xalqlar çoxdan gözlədiyi müstəqilliyinə qovuşub. Həmin illərdə azərbaycanlılar da milli oyanış istiqamətində həlledici addım atıb. Bu, onlara artıq növbəti il - 1918-ci ildə müsəlman Şərqində ilk respublika qurmaq imkanı verib.

 

Ümid və gözləntilərlə dolu fevral

1917-ci ili fevralı… Çar Rusiyasının süqutundan dərhal sonra artıq keçmiş imperiyaya aid bütün bölgələrdə hakimiyyət Müvəqqəti hökumətin əlinə keçib. Onun ilk addımlarından biri isə vətəndaşların dini inancına və ya milli mənsubiyyətinə əsaslanan haqlarını məhdudlaşdıran bütün qanunların ləğvi olub.

Mütləqiyyətin süqutu haqda xəbər bütün Qafqaza yayılıb və fövqəldövlətin əsas iqtisadi mərkəzlərindən olmuş çoxmillətli Bakıya da gəlib çıxıb. Martın 3-ü səhər bu qədim Azərbaycan şəhərinin sakinləri mitinqlərə axışıb, ehtirasla ölkədəki yeni siyasi vəziyyəti müzakirə etməyə başlayıb. Onlar həyat səviyyələrinin yüksələcəyinə, tam azadlıq əldə edəcəklərinə və tezliklə demokratiyanın zəfər çalacağına çox inanırdılar.

Milyonlarla insanın bu ümidlərini Müvəqqəti hökumət də təşviq edirdi. O, yerli əhalinin hakimiyyət orqanlarında mümkün qədər çox təmsil olunmasını təmin etmək üçün dərhal «ölkənin qeyri-rus rayonlarında» idarəçiliyə yenidən baxmağa başlamışdı. Artıq martın 9-da bölgənin mülki hakimiyyəti Zaqafqaziya Xüsusi Komitəsinə verilmişdi. Komitə keçmiş Rusiya imperiyasının Dövlət Dumasında regionun milli qruplarını təmsil etmiş deputatlardan ibarət idi. Zaqafqaziya Xüsusi Komitəsinin tərkibində Azərbaycanın parlaq siyasətçilərindən biri, dövrün ictimai xadimi, kadet (sonradan müsavatçı) Məmməd Yusif Cəfərov da yer alırdı.

Bununla yanaşı, yerli hakimiyyət orqanları ilə, demək olar ki, eyni vaxtda Müvəqqəti hökumətin tabeliyində olan ictimai təşkilatların icraiyyə komitələri tərəfindən Fəhlə Deputatları Şurası da yaradılırdı. O, əməkçi əhalinin və solçu siyasi qüvvələrin (inqilabçı sosialistlər, menşeviklər, bolşeviklər və s.) maraqlarını təmsil edən struktur kimi nəzərdə tutulurdu. Bu, faktiki olaraq, Azərbaycan ərazisində ikihakimiyyətlilik yaratmışdı. Üstəlik, azərbaycanlı əhali Bakı Fəhlə Deputatları Şurasında yer almırdı və orada əsas rolu başqa millətlərin nümayəndələri oynayırdı. Fəhlə və Hərbi Deputatlar Şurasına 1917-ci ilin martında keçirilən ilk seçkidə azərbaycanlılar bir dənə də olsun, yer qazana bilməmişdilər. Lakin Rusiya imperiyasının digər müsəlman xalqlarında olduğu kimi, Azərbaycanın türk-müsəlman xalqının da milli oyanışının qarşısını almaq mümkün deyildi.

Rus inqilabının ilk günlərindəcə, Azərbaycan müsəlman hərəkatının formalaşdığı əsas mərkəzlərdən birinə çevrilib. Bu yolda əsas hadisələrdən biri martın 27-də Bakı Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin yaradılması olub. Onun rəhbəri postuna tanınmış hüquqşünas Məmmədhəsən Hacınski seçilib. O dövrdə Hacınski Azərbaycanda getdikcə populyarlaşan millətçi-demokrat Müsavat Partiyasının üzvü idi. Komitənin irəli sürdüyü ən önəmli tələblərdən biri yerli özünü idarəetmə orqanlarında, gələcəkdə isə Müəssislər Məclisində müsəlmanların proporsional qaydada təmsil olunması idi.

 

Partiyalar kaleydoskopu

1917-ci il, eyni zamanda azərbaycanlıları o anadək görünməmiş siyasi fəallığı ilə yadda qalıb. Bu fəallıq, ilk növbədə, özünü siyasi hakimiyyətə yiyələnmək məqsədi güdən müxtəlif təşkilatların yaradılmasında göstərirdi. Onların ən güclüsü isə hələ 1911-ci ildə yaradılmış, lakin çar mütləqiyyəti şəraitində qeyri-leqal fəaliyyət göstərən Müsavat Partiyası idi.

Fevral inqilabı Müsavatı Azərbaycan xalqının milli maraqlarının müdafiəsində öncül mövqeyə çıxarmışdı. Bakının, eyni zamanda Azərbaycanın digər şəhər və rayonlarının müsəlman əhalisi məhz bu siyasi təşkilata böyük simpatiya bəsləyirdi. Müsavat Partiyasının populyarlığının əsas səbəbi ətrafında geniş müsəlman elektoratı cəmləyə bilməsi və Rusiya Federativ Demokratik Respublikasının tərkibində Azərbaycana milli-ərazi muxtariyyətinin verilməsi tələbilə çıxış etməsi idi.

Monarxiyanın çöküşündən cəmi bir neçə gün sonra Azərbaycanın ikinci ən böyük şəhəri, millətçi qüvvələrin ənənəvi mərkəzi olan Gəncədə «Ədəmi Mərkəziyyət», yaxud Türk Federalistlər Partiyası yaradılıb. Bu təşkilatda Rusiya dövlətinin muxtar ərazilərin federasiyasına çevrilməsi tələbilə çıxış edirdi.

Müsavat Partiyası ilə «Ədəmi Mərkəziyyət»in ideoloji və siyasi yaxınlığı, onların inqilabın bürüdüyü dövlətdə idarəçilik formasına ortaq baxışı iki təşkilatın birləşməsilə nəticələnib. Bu, 1917-ci il iyulun 3-də baş verib. Yeni təşkilat Türk Federalist Müsavat Partiyası adlandırılıb. Birləşmə nəticəsində o, kifayət qədər ciddi siyasi qüvvəyə çevrilib və 1917-ci ilin yayında Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində ciddi təsir imkanları qazanıb. Lakin ən başlıcası, o, yalnız Azərbaycan xalqının milli azadlıq ideyalarının carçısı kimi çıxış etməklə kifayətlənməyib, bu sahədə miqyaslı nailiyyətlər də əldə edib.

Ölkənin dindar-mühafizəkar dairələrisə 1917-ci ilin sentyabrında yaradılan «Rusiyada müsəlmanlıq» partiyasının ətrafında birləşməyə başlayıb. Onun Gəncədə yaradılmış «İttihadi-İslam» partiyası ilə birləşməsindən sonra daha bir təşkilat - «Rusiyada müsəlmanlıq - İttihad» partiyası meydana çıxıb. Təşkilat siyasi fəaliyyətində şəriət qaydalarına əsaslanacağını bəyan edib. Odur ki, ittihadçıların millətçi-demokratik düşərgənin, ilk növbədə, Müsavat Partiyasının ideologiyasının əsaslarından olan türkizm ideyasını rədd etməsi də təsadüf deyildi.

Ciddi təşkilatlanma işləri Azərbaycan siyasi qüvvələrinin solçu düşərgəsində də özünü göstərirdi. Artıq martın əvvəlində bolşeviklərin «Hümmət» partiyası Nəriman Nərimanovun rəhbərliyilə fəaliyyətini bərpa etmişdi. Azərbaycan xalqının tarixində dramatizmlə dolu proseslərdə o da vacib rola malik idi.

 

Qurultayların fatehləri

Yeni inqilabi yüksəliş şəraitində azərbaycanlıların məqsədi Bakıda 1917-ci il aprelin 15-20-də keçirilən Qafqaz müsəlmanlarının qurultayında elan olunub. Toplantıda əsas müzakirə mövzusu Rusiyadakı siyasi düzən və sağçı kiçik xalqların gələcəyilə bağlı idi. Müsavat Partiyasının lideri Məmmədəmin Rəsulzadə də çıxışını bu mövzuya həsr etmişdi. O, çıxışında deyirdi ki, «bir dövlətə daxil olan ayrı-ayrı millətlər arasında möhkəm birliyi yalnız azad şəkildə ifadə olunan ittifaq yaratmaq istəyi» formalaşdıra bilər.

Sonda Rəsulzadənin məruzəsinə əsaslanan qurultayın qəbul etdiyi qətnamədə deyilirdi: «Qəbul edirik ki, Rusiyada müsəlman xalqların maraqlarını təmin edəcək ən məqsədəuyğun dövlət quruluşu federativ əsaslı demokratik respublikadır».

Həmin dövrdə ən prinsipial məqamlardan biri Qafqazda qadınların vəziyyəti idi. «Başqa xalqların qadınlarının kişilərlə bərabər ölkənin ictimai-siyasi həyatında iştirak etdiyi, xalqının uğurlarına töhfə verdiyi bir dövrdə müsəlman qadın dustaq kimi yaşaya bilməz və yaşamamalıdır», - deyə Rəsulzadə bildirirdi. Qurultayda qəbul olunmuş qətnamə də müsəlman qadınlarına kişilərlə bərabər siyasi və iqtisadi hüquqların verilməsini tələb edirdi.

Bundan başqa, Qafqaz müsəlmanlarının qurultayında türk (Azərbaycan) dilində ümumi, məcburi və pulsuz təhsilin verilməsi tələbi də irəli sürülmüşdü.

Azərbaycan siyasi qüvvələrinin əsas zəfərisə onların 1917-ci il mayın 11-17-də Moskvada keçirilən Ümumrusiya Müsəlmanları Qurultayında iştirakı idi. Rusiyada ərazi-federal əsaslarla dövlət quruluşunun yaradılmasına qarşı olanlar Müsavat Partiyasının ölkənin gələcək idarəçilik sistemilə bağlı fikirlərinə qarşı çıxırdılar. Bir sıra tatar və Şimali Qafqaz siyasətçiləri düşünürdü ki, federalizm prinsipi müsəlman hərəkatını parçalayacaq, əməkçi müsəlmanları ümumrusiya sosial qanunvericiliyinin üstünlüklərindən məhrum edəcək. Lakin ərazi muxtariyyəti istəyənlərin əsas məruzəçisi olan Rəsulzadə qurultay iştirakçılarının əksəriyyətini mədəni muxtariyyət proqramının türk xalqlarının artan milli özünüdərkinə ədalətli cavab verə bilməyəcəyinə inandıra bilmişdi. Federalizm əleyhdarları məhz buna etiraz edirdilər.

Beləliklə, qurultay 446 səs lehinə, 271 nəfər əleyhinə olmaqla, Rusiyada müsəlman xalqların maraqlarını ən çox təmin edəcək quruluşun milli-ərazi-federativ əsaslı demokratik respublika olacağını təsdiqləyib. Nəticədə, milli muxtariyyət istəyinə nail olan Azərbaycan liderləri və siyasi təşkilatları bununla gələcək müstəqilliyin ideya və praktik əsasını yaradıblar. Bir sözlə, Azərbaycan xalqı oyanıb və 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində baş verənlər də bunu təsdiqləyib.

 

 

MƏMMƏD YUSIF CƏFƏROV

Məmməd Yusif Hacıbaba oğlu Cəfərov (1885-1938) dövrünün ən parlaq Azərbaycan siyasətçilərindən olub. Onu haqlı olaraq Azərbaycan Demokratik Respublikasının yaradıcılarından hesab edirlər.

Cəfərov ictimai-siyasi fəaliyyətə 1912-ci ildə Moskva Universitetinin hüquq fakültəsini əla qiymətlərlə bitirərək Bakıya qayıtmasından sonra başlayıb. Vəkil köməkçisi kimi çalışan Cəfərov olduqca qısa zamanda üç quberniyanın (Bakı, Yelizavetpol və İrəvan) müsəlman əhalisinin hörmətini qazanıb. Bunu Cəfərovun IV Dövlət Dumasının deputatı seçilməsi də təsdiqləyir. O, Dövlət Dumasının kadet və müsəlman fraksiyalarının üzvü olub. Çıxışlarında Cəfərov müsəlman xalqların maraqlarını müdafiə edib, hökuməti müsəlman əhalinin təhsilinə etinasız yanaşmaqda, onların hüquqlarını məhdudlaşdırmaqda günahlandırıb.

Məmməd Yusif Cəfərov 1917-ci ilin fevral inqilabını alqışlayanlardan olub. Müvəqqəti hökumət onu yeni regional hakimiyyət orqanı -Zaqafqaziya Xüsusi Komitəsinin heyətinə daxil edib. Burada Cəfərov sənaye və ticarət sahəsində çalışıb.

Cəfərov Müsavat Partiyası və Müsəlman Milli Komitəsinin siyahısı ilə Ümumrusiya Müəssislər Məclisinə də seçilib. Oktyabr çevrilişilə bolşeviklərin hakimiyyətə gəlişindən sonra o, Cənubi Qafqazın muxtariyyət qazanması prosesində fəal iştirak edib. 1917-ci il noyabrın 15-də Zaqafqaziya komissarlığında sənaye və ticarət komissarı olan Cəfərov 1918-ci ilin fevralında açılmış Zaqafqaziya Seymində müsəlman fraksiyasının tərkibinə daxil olub. Burada o, fraksiyanın Rəyasət heyəti sədrinin müavini kimi çalışıb. O, Qafqaz xalqlarını dostluğa çağırır, onların müstəqilliyinin qorunub saxlanılmalı olduğunu deyirdi. Cəfərov Osmanlı İmperiyası ilə sülh əldə edilməsinin əsas tərəfdarlarından biri idi.

1918-ci il mayın 27-də, gürcü fraksiyasının Zaqafqaziya Seymini tərk etməsinin səhəri gün müsəlman fraksiyasının fövqəladə toplantısında Azərbaycan Milli Şurasının yaradılması haqda qərar qəbul edilib. Məmməd Yusif Cəfərov Milli Şuranın İcraiyyə Komitəsinə seçilib. Mayın 28-də Azərbaycan Demokratik Respublikasının Müstəqillik Bəyannaməsi qəbul olunub. Onu imzalamış şəxslər arasında Məmməd Yusif Cəfərov da var.

ADR dövründə Cəfərov ticarət və sənaye naziri, respublikanın Gürcüstandakı diplomatik nümayəndəsi, xarici işlər naziri kimi vəzifələrdə çalışıb. Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin, diplomatik xidmətinin formalaşmasında onun böyük rolu var.

1920-ci il fevralın 2-də Məmməd Yusif Cəfərov ADR parlamenti sədrinin birinci müavini seçilib. O, bolşeviklərin 1920-ci il aprelin sonlarında Azərbaycanı işğal etməsinə və burada Sovet hakimiyyətinin qurulmasınadək bu postda çalışıb.

Məmməd Yusif Cəfərovun adı Azərbaycan parlamentarizminin salnaməsinə, 1918-1920-ci illərdə mövcud olmuş ADR-in tarixinə qızıl hərflərlə yazılıb.



MƏSLƏHƏT GÖR:

608