Müəllif: Nurlanə QULİYEVA
Vaxtaşırı olaraq Neft İxrac Edən Ölkələr (OPEC) Təşkilatının "yaşama qabiliyyəti" haqqında müzakirələr getməsinə baxmayaraq, onun qərarları hələ də enerji bazarlarına ciddi təsir edir və dünya iqtisadiyyatının böyük hissəsini gərginlikdə saxlayır. Bugünkü dünyada neft qiymətləri, demək olar ki, bir çox ölkələrin maliyyə sabitliyinə qısa müddətdə təsir etməyə qadir olan "kütləvi qırğın silahı" kimi bir şeydir. Bu çərçivədə, OPEK və OPEK+ ölkələrinin iyun ayında keçirilmiş sonuncu görüşü zamanı ajiotaj və iri dövlətlərin siyasi təzyiq cəhdləri gözlənilən idi.
Eyni zamanda energetika sahəsində çalışan məmur və ekspertlər hasilat səviyyəsinin 2016-cı ilin sonuna razılaşdırılmış səviyyədən artırmaq barədə qərarın neft qiymətlərinə əhəmiyyətli təsir edəcəyini gözləmirlər. Buna görə də Azərbaycanın 2018-ci il dövlət büdcəsinin dəyişikliklər edilmiş versiyasını yerinə yetirməkdə performans problemi olmamalıdır - dövlət xəzinəsinin gəlirlərinin və xərclərinin yenidən artımı məhz artan neft qiymətlərinə yönəlib.
Ən yaxşı variant
Bazarın gözlənildiyi kimi, kartel iştirakçıları 2018-ci ilin iyul ayından sutkalıq hasilatı 1 milyon barel artırmaq barədə razılığa gəliblər. Düzdür, ekspertlər bildirir ki, bir sıra ixracatçı ölkələr (İraq, Venesuela, Meksika), çox güman ki, istehsal templərini sürətlə artıra bilməyəcəklər və 2018-ci ilin ikinci yarısında real artım sutkada 0,6-0,8 mln. barel təşkil edəcək.
Hər halda, qəbul edilən qərarlar Venesuela, Anqola, Qabon, Ekvatorial Qvineya və Qatarda neft hasilatının ilyarım ərzində müşahidə edilən azalmasını kompensasiya edəcək. Bununla əlaqədar, may ayında OPEK ölkələri neft istehsalını toplam şəkildə 2016-cı ilin dekabr ayında müəyyən edilmiş kvotaların tələb etdiyindən 58% daha çox azaldıblar. Səudiyyənin energetika naziri Xalid əl-Falih bunu belə açıqlayıb ki, OPEK ölkələri hasilatı tələb olunan 1,2 milyon barel əvəzinə 2,2 milyon barel azaldıblar. İyunun 22-23-də əldə olunan razılaşma gündəlik 32,5 milyon barelə bərabər istehsal səviyyəsinə qayıtmağa imkan verir.
Əslində, dünyada istehsal imkanları ilə bağlı vəziyyət son dərəcə asimmetrikdir və demək olar ki, tamamilə Səudiyyə Ərəbistanında cəmlənib. Hazırda krallıq gündəlik hasilatı rahat şəkildə 2 milyon barel artıra bilər. Halbuki İraq, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Küveyt günlük hasilatı yalnız 200-300 min barel artırmaq gücünə malikdirlər. Qalan ölkələr isə öz ehtiyat güclərini on minlərlə barellə ölçürlər. Buna görə də, OPEK qərarlarında hər bir ölkənin kvotası ayrıca göstərilmir və gündə "şərti" 1 mln. bareldən bəhs edilir.
Qeyd edək ki, bir növ kartelin iqtisadi şöbəsi rolunu oynayan texniki komitə neft bazarında vəziyyəti təhlil edərək bildirib ki, «dünyada neftə tələbat tempi özünü göstərir və ehtimal edilir ki, bu meyil ilin ikinci yarısında da olduqca güclü qalacaq. Ancaq əgər OPEK və onun müttəfiqləri hasilatı may səviyyəsində qorumağa davam edəcəklərsə, bazarda növbəti altı ay ərzində kəsir yarana bilər», - deyə Komitə tərəfindən təqdim edilmiş hesabatda deyilir.
Əlverişli dəhliz
Bununla yanaşı, OPEK-in iyun iclasında olduqca uzun müzakirələr getdi, mübahisələr və intriqaların ən yüksək səviyyədə olması son qərarların daha da dərin əsaslı olmasını göstərir. Əsas səbəb iqtisadidir: 2014-2016-cı illər böhranını əvəz edən yüksək neft qiymətləri səthi baxışdan, əlbəttə ki, bütün neft istehsal edən dövlətlər üçün bir qurtuluş kimi görünür. Ancaq məhz böhran nəzarətsiz qiymət artımının ölkələrin iqtisadi inkişafı üçün necə mənfi bir amilə çevrildiyini göstərdi. Yada salaq ki, yalnız OPEK ölkələri və Rusiya, Meksika, Qazaxıstan kimi dövlətlərin daxil olduğu bir sıra qeyri-OPEK ölkələrinin 2016-cı ilin sonuna neft hasilatını 1,8 milyon barel azaltmaq barədə razılığa gəldikdən sonra Brent tipli xam neftin qiyməti 2016-cı ilin sonunda qeydə alınmış bir barelə görə 45 $ səviyyəsindən yüksəldi və 2018-ci ilin may ayında 80 dolları keçdi.
Eyni zamanda həm ekspertlər, həm də bazar iştirakçıları düşünür ki, 60-75 dollar arasındakı dəyişiklik optimaldır və qiymətin bundan sonrakı artımı istehlakçılara zərər verə bilər. "Düşünürəm ki, bəli, biz qiymətləri aşağı səviyyədə tutmalıyıq, çünki yüksək qiymətlər istehlakçılara zərər vurur",- deyə BP-nin rəhbəri Robert Dudli bazarda daha çox neftə ehtiyac duyulması ilə bağlı suala cavab verərkən jurnalistlərə bildirib. Onun sözlərinə görə, ilin sonuna qədər BP öz büdcəsində neft qiymətini barelə görə 55-65 dollar səviyyəsində saxlayır.
Rusiyanın "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov üçünsə neftin optimal qiyməti 75 dollardır. «Hesab edirəm ki, balans barel üçün 75 $ və artıq bu yoxlanılıb»,- deyə o bildirib və əlavə edib ki, bu qiymətdə neft istehsalçıları onun qiymətinin kəskin azalmasından qorxmadan xammal hasilatını artırmağa başlaya bilərlər. «Əgər hasilatın artması qiymətə təsir edərsə, bu, qısa müddət ərzində ola bilər. Orta müddətli dövrdə isə, bu, bərpa olunacaq. Çünki dünyada neft istehlakı artır və kommersiya ehtiyatları sürətlə azalır", - deyə Ələkbərov bildirib.
Əslində, neft qiymətlərinin yüksək səviyyədə olması dünya istehlakçılarına alternativ yanacaqlara və ya bərpa olunan enerji mənbələrinə keçməyə məcbur edərək dünya üzrə tələbata zərbə vurur. Bu risk artıq Beynəlxalq Energetika Agentliyinin son sahə hesabatında öz əksini tapıb, hesabatda bu il üzrə neft tələbatının proqnozlaşdırılan artımı 100 min barel/s azalıb. Həm də ənənəvi xammal təchizatçıları istəmirlər ki, onların bazar payını cari qiymətlərdə özlərini rahat hiss edən şist neft istehsalçıları tutsun.
Siyasi rakurs
Lakin tamamilə iqtisadi amillərdən əlavə, neft qiymətləri həmişə ətrafda baş verən siyasi intriqaları da izləyir. Xüsusilə də, İranın karbohidrogen ixracatına qarşı ABŞ sanksiyalarının bərpası dünya bazarından sutkada, təxminən, 1 milyon barel nefti aradan çıxardı. Buna görə də, İranın Vyana görüşlərində kvotanın artımına qarşı sərt bir şəkildə çıxış etməsinin səbəbi aydın olur. ABŞ sanksiyalarının qaytarılmasından sonra İranın payı, təxminən, iki dəfə azaldı. Bu da o deməkdir ki, kvotaların artması ilə ölkələr faktiki olaraq İranın payını bölüşdürəcəklər.
Bundan əlavə, İraq da kvotanın artırılmasına qarşı idi, çünki öz xarici siyasətində çox şeydə İran yönümlüdür. Nəhayət, Venesuela da sazişi tənqid etdi, çünki neftin qiymətinin artması, indiki hökumətin uzun sürən böhrandan çıxışının, demək olar ki, tək yoludur və kvota artımı, artıq qeyd olunduğu kimi, bazara əks istiqamətdə təsir etməlidir.
Rusiyanın mövqeyinə gəlincə, ekspertlər onu "ən radikal və sirli" kimi qiymətləndiriblər. Belə ki, 2016-cı ildə Rusiya neft istehsalını azaltmazdan öncə, kifayət qədər uzun müddət bazarlıq aparmışdı, halbuki OPEK-i belə bir addım atmağa yetərincə fəal çağırırdı. 2018-ci ilin əvvəlində istehsal kvotalarının artırılması müzakirə edilən zaman Rusiya bu ssenariyə qarşı çıxdı, aşağı qiymətlərin yeni dövr başlamasından qorxdu. İndi ruslar sadəcə ölkələr üçün kvotanın artırılması üçün çıxış etməklə qalmadılar. Moskvanın danışıqlarda mövqeyi hasilatın sutkada 1,5 milyon barel artırılması olub, bu da 2016-cı il kvotalarından, demək olar ki, tam imtina deməkdir.
Rusiya özü bu vəziyyəti "qiymətləri süni şəkildə üstələməmək" kimi dəyərləndirir, çünki bu, hər kəsə zərər vura bilər. Daha böyük izah faktiki olaraq Vyanada Səudiyyə Ərəbistanı və Rusiya danışıqlarını aparanlar tərəfindən açıqlandı:
«OPEK +» müvəqqəti birlikdən daha böyük quruma çevrilə bilər. Məsələ bundadır ki, iclasdan bir qədər əvvəl, iki ölkə neft bazarında sabitliyə məsuliyyətlə bağlı ikitərəfli saziş hazırlamaq barədə razılığa gəliblər ki, bu, balanslı bazara nail olunmasına əsaslanacaq.
Xatırladaq ki, Ər-Riyad kvotaların artması üçün əsas lobbiçiyə çevrilib, çünki hasilatına məhdudiyyətindən ən çox zərər çəkən ölkə Səudiyyə Ərəbistanı olub. Krallıq bir sıra sosial proqramları məhdudlaşdırmalı və digər gəlir mənbələrinə yönəlməli olmuşdu.
«Bloomberg»in məlumatına görə, «OPEK+»a nəzarətə nail oluna bilməyəcəyini anlayan Rusiya və Səudiyyə Ərəbistanı «OPEK+» neft hasilatını məhdudlaşdırma müqaviləsində iştirak edən neft ixracatçılarını yeni bir analoji struktura dəvət etməyə hazırlaşırlar. Yeni təşkilatın yeganə fərqi odur ki, iri neft istehsalçılarının onda daha çox səsi olacaq ki, bunlar da, əlbəttə, Rusiya və Səudiyyə Ərəbistanıdır. OPEK-də bunun tərsinə olaraq "bir ölkə - bir səs" prinsipi fəaliyyət göstərir. Ancaq mütəxəssislər, hələ ki, hadisələrin bu inkişaf ssenarisinə skeptik yanaşırlar və ixracatçıların kütləvi şəkildə yeni təşkilata daxil olacağına inanmırlar.
Digər tərəfdən yenə «Bloomberg»ə istinadən xəbərlər yayılıb ki, OPEK-dən neft istehsalını gündə 1 milyon barel artırmağı ABŞ istəyib. Ümumiyyətlə, ABŞ prezidenti Donald Tramp iclasa qədər iki dəfə «Twitter»dən OPEK-in siyasətindən və neft qiymətlərinin yüksəlməsindən narazılığını ifadə etmişdi. Sitatlar: "Təbii ki, OPEK köhnə əməlinə qayıdıb. Neft qiymətləri süni olaraq qaldırılıb və çox yüksək qaldırılıb! Bu, yaxşı deyil və qəbul edilə bilməz!"
Ekspertlərin fikrincə, bu şərhlər və əlavə neft haqqında xahiş Bill Klintonun prezidentliyinin ikinci dövründə enerji naziri işləmiş Bill Riçardsonun OPEK-ə etdiyi güclü müdaxilələrə bənzəyir, Riçardson 2000-ci ildə OPEK-in iclasının ortasında Səudiyyə Ərəbistanı nazirinə zəng edərək neft hasilatının artırılmasını xahiş etmişdi. Agentlik yazır ki, həmin müdaxilə kartelin digər üzvlərini hiddətləndirmişdi, Səudiyyə Ərəbistanı və İran arasında düşmənçiliyin artmasına səbəb olmuşdu.
Lakin Vyana qərarlarına baxdıqda bu dəfə ABŞ-ın mövqeyinin tam nəzərə alındığını görmək olur. Bundan əlavə, analitiklər hesab edir ki, Trampın İran üzrə qərarları sərt olaraq qalacaqsa, böyük ehtimalla 2018-ci ilin sonunda «OPEK+» istehsalı daha da artıracaq.
Azərbaycan büdcədə neftin qiymətini artırır
Qeyd etmək lazımdır ki, Azərbaycan neft istehsal edən ölkələrdən biri kimi «OPEK+» formatında baş verən bütün proseslərin fəal iştirakçısıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə təşkilatın nazirlər toplantısı Bakıda keçiriləcək.
Kvotaların artırılması ilə bağlı məsələdə ölkəmizin mövqeyinə gəldikdə isə, energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, bəzi əsas istehsal ölkələrində hasilatın kəskin azalması və bazarda çıxışa gözlənilən məhdudiyyətlər, eləcə də «upstream» (hasilat, mədən daxili daşıma və karbohidrogenlərin ilkin emalı) sektorunda cəlbediciliyi son illərdə neft qiymətlərinin aşağı olması səbəbindən itirilməsi transmilli şirkətlər üçün gələcəkdə neftə olan qlobal tələbatı qarşılamaqda çətinlik vəd edir. Şahbazov vurğulayıb ki, «OPEK +» çərçivəsində əməkdaşlıq enerji bazarında yeni balans və neft sənayesinin ehtiyaclarına uyğun olaraq yeni investisiyaların təmin edilməsi üçün vacibdir.
Buna görə də Azərbaycan bundan sonra da neft istehsalçısı və ixracçısı ölkələrin maraqlarına uyğun olaraq neft bazarının inkişafına dəstək verməyə hazırdır. «OPEK +» ilə müqavilə üzrə öz öhdəliklərini artıqlaması ilə həyata keçirən Azərbaycan, kvotalara uyğun olaraq neft hasilatı həcmlərinin unifikasiyası üzrə ümumi prosesə öz töhfəsini verir" - deyə Pərviz Şahbazov OPEK və «OPEK+» arasında imzalanmış "Əməkdaşlıq Bəyannaməsi"ni şərh edərkən bildirib.
Bununla belə, «OPEK+»in kvotalar üzrə qərarı Azərbaycanın neft hasilatı sənayesinə elə də ciddi təsir etmir: dünya neft "qazan"da ölkəni payı həlledici rol oynamağa imkan vermir. Məsələnin başqa tərəfi kimi, neft amilindən çox asılı olan Azərbaycan iqtisadiyyatı üçün qərarın neft qiymətlərinə təsiri, əlbəttə ki, çox vacibdir. Ötən illərdə baş verən böhranın nəticələrini xatırlamaq kifayətdir: manatın devalvasiyası, bankların iflası, iş fəallığının azalması və s. Ona görə də, əlbəttə ki, Azərbaycan bu gün sabit neft qiymətlərinin sabit saxlanmasının tam tərəfdarıdır.
Özü də, hökumət dövlət büdcəsi gəlirlərini və xərclərini 2018-ci ilin ikinci yarısından başlayaraq ilkin proqnoza nisbətən təxminən 10% artırılmasına hazırlaşır. Bu, əsas iqtisadi sənəddə götürülmüş neft qiymətinin artırılması hesabına mümkün olur: neftin qiyməti barel üçün 45 dollardan 55 dollara qaldırılır. Bununla yanaşı, neftin yüksək qiymətləri Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürmələri artırmağa imkan verir.
Bir sözlə, bir neft istehsalçısı və neftlə bağlı iqtisadiyyata malik ölkə kimi Azərbaycan üçün əlverişlidir ki, yanacağın qiyməti yalnız yuxarı səviyyəyə qalxmaqla kifayətlənməsin, həm də bu səviyyədə saxlanıla bilsin. Buna görə də, kartelin bazarın sabitliyini təmin edə biləcək istənilən qərarı bizi razı salmaqda davam edəcək.
MƏSLƏHƏT GÖR: