
«B» PLANI
Amerika - İran qarşıdurması fonunda neft bazarını hansı perspektivlər gözləyir?
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq
BMT-nin Beynəlxalq məhkəməsi İranın ABŞ-a qarşı iddiasına baxmağa başlayıb. Tehran Vaşinqtondan birtərəfli sanksiyaların dayandırılmasını və yeni məhdudiyyət hədələrinə son qoyulmasını tələb edir. İranda hesab edirlər ki, Birləşmiş Ştatlar 1955-ci ildə imzalanmış «Dostluq, iqtisadi münasibətlər və konsulluq hüququ» müqaviləsilə üzərinə götürdüyü öhdəlikləri pozur.
Vaşinqton İrana qarşı sanksiyaları bərpa etmək niyyətini bu ilin mayında açıqlayıb. Bəyan olunmuş mərhələlərin ilk ikisi artıq avqustda qüvvəyə minib. Onlar nəqliyyat sektorunda əməkdaşlığı və qiymətli metallar ticarətini qadağan edir. Noyabrda isə ABŞ İran neftilə ticarətə də sanksiya tətbiq etməyi düşünür. ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyinin yüksək rütbəli nümayəndələrindən ibarət qrup bu məqsədlə Avropa, Şərqi Asiya və Orta Şərqin 20-dək ölkəsinə səfər edib. Onlar səfər etdikləri ölkələrin rəhbərliyinə İranla ticarətin yaradacağı risklər haqda məlumat veriblər. Lakin görünən odur ki, ABŞ bu istiqamətdə vahid cəbhə yarada bilməyəcək.
Çin, Hindistan və Türkiyə Vaşinqtonun İrana tətbiq edəcəyi neft embarqosuna qoşulmaqdan dərhal imtina edib. Amerika bu məsələdə avropalı müttəfiqlərinə də tam arxalana bilmir. Avropalılar ABŞ-ın İranla «beynəlxalq nüvə razılaşması»ndan birtərəfli imtinasını tənqid edir.
Vaşinqtonun Rusiya tərəfindən dəstəklənməsi də real deyil. Moskvanı Tehranla Yaxın Şərqdə sıx siyasi-iqtisadi və geosiyasi maraqlar birləşdirir.
Amma Vaşinqtonun «B» planı da var. O, təklifin artırılması ilə neftin qiymətinin aşağı salınmasını nəzərdə tutur. «The Wall Street Journal» yazır ki, ABŞ-da, həmçinin onun təşəbbüsü ilə bir sıra Qərb dövlətlərində neft bazarına strateji ehtiyatdan əlavə məhsulun çıxarılması imkanları müzakirə olunur. Hələlik birjalar bu xəbərə reaksiya verməsə də, avqustun əvvəlində neftin qiyməti sanki burulğana düşüb.
Məhz buna əsaslanan bəzi analitiklər hesab edir ki, dəqiq hesablanmış ssenarinin icra olunacağı təqdirdə, Vaşinqtonun neftin sürətlə ucuzlaşmasına hesablanmış addımları nəticə verə bilər. Onların fikrincə, bu texnologiyanın effektivliyini hələ ötən əsrin 80-ci illərinin ortalarında ABŞ ilə Səudiyyə Ərəbistanının sövdələşməsi göstərib. O zaman bu, ciddi iqtisadi çətinliklərlə üzləşmiş SSRİ-nin dağılması ilə nəticələnmişdi.
Amma bu günün reallıqları Birləşmiş Ştatların analoji ssenarini, güman ki, gerçəkləşdirə bilməyəcəyini göstərir. Amma bu ssenarinin uğurla reallaşacağı təqdirdə belə, Vaşinqtonla qarşıdurmada Tehranın ağ bayraq qaldıracağını iddia etmək doğru olmazdı.
Birincisi, XX əsrin 50-ci illərindən ciddi iqtisadi sanksiyalarla üz-üzə qalmış İranın, yəqin ki, öz «B» planı var. Ölkədə uzun illərdir öz-özünü dolandırmağa, xarici ticarətdən asılılığın minimuma endirilməsinə hesablanmış avtarkik iqtisadi rejimin hökm sürdüyünü də unutmaq olmaz.
İkincisi, bir neçə nəhəng OPEK üzvünün və təşkilata üzv olmayan dövlətin dəstəyi olmazsa, Vaşinqton bu istəyini həyata keçirə bilməz. Bu gün o, yalnız müttəfiqi, İranla Yaxın Şərqdə nüfuz mübarizəsi aparan Səudiyyə Ərəbistanına arxalana bilər.
Amma bu medalın iki üzü var və bu üzlərdən biri neft hasil edən dövlətlərin maraqlarına qətiyyən cavab vermir. Geosiyasi məqsədlərlə neftin qiymətinin kəskin şəkildə ucuzlaşdırılması qısa müddət üçün effektiv ola bilər. Uzaq perspektivdə o, ixracatçıları qane edə bilməz. Məsələn, Rusiyanın hərbi kontingentini Suriyaya yerləşdirməsindən sonra Səudiyyə Ərəbistanı ABŞ-ın xahişilə neft hasilatını ciddi şəkildə artırıb. Belə olan təqdirdə, bazarı itirmək riskilə üz-üzə qalmış digər nəhəng hasilatçılar da eyni addımı atıb. Nəticədə, bazarın «qara qızıl»la həddindən artıq dolması 1,5-2 ildə neft qiymətlərinin, təxminən, 3,5 dəfə devalvasiyaya uğramasına səbəb olub. Bu siyasət nəticəsində Rusiya büdcəsi xeyli vəsait itirsə də, Moskvanın yolundan dönməyəcəyi üzə çıxıb. Əvəzində, Yaxın Şərqin neft ixracından asılı olan ölkələri 2 ildə ümumilikdə 40 milyard dollaradək vəsait itirib. Yalnız 2015-ci ilin ilk yarısında Səudiyyə Ərəbistanının neft gəlirləri 150 milyard dollar azalıb. Nəticədə, Ər-Riyad 2016-cı ildə OPEK üzvlərinin, həmçinin təşkilata üzv olmayan hasilatçı dövlətlərin hasilatı azaltmaq təklifini qəbul edib. Yalnız bundan sonra neftin qiyməti yenidən yüksəlməyə başlayaraq, bugünkü həddə çatıb.
Səudiyyə Ərəbistanının OPEK-dən olan tərəfdaşların təklifini dəstəkləməsinin başqa səbəbi də var idi. Elə həmin dövrdə ABŞ Konqresində Səudiyyə hökumətinin 2001-ci ilin 11 sentyabr terroruna görə məhkəməyə cəlb olunmasına imkan verəcək qanun layihəsi müzakirə olunurdu. Məhz buna cavab olaraq, Ər-Riyad Vaşinqtonu Amerikanın 750 milyard dollar dəyərindəki xəzinədarlıq istiqrazlarını və digər aktivlərini satışa çıxaracağı ilə hədələmişdi. Belə olan təqdirdə, Ağ Ev tələm-tələsik prezident Barak Obamanın qanun layihəsini dəstəkləməyəcəyini, Konqresin onu təsdiqləyəcəyi halda belə, prezidentin sənədi imzalamayacağını bəyan etmişdi.
Doğrudur, sonda qalmaqal həll olunub. Lakin onun izləri mütləq qalıb. Yəni artıq ehtiyatlı tərpənməyə qərar vermiş Ər-Riyad Vaşinqtonun dəyişkən siyasətinə o qədər də uymamaq, öz maraqlarına zidd olan neftin ucuzlaşdırılması oyununu dəstəkləməmək qərarına gəlib.
Üçüncüsü, artıq neftin saxlanması da əlavə xərc tələb edirdi və bu, neft hasil edən ölkələrin onsuz da zəifləmiş büdcəsinə əlavə yük idi.
Yeri gəlmişkən, neftin baha olmasında Amerika şirkətləri də müəyyən qədər maraqlıdır. 2014-cü ilin iyununda onlar son 40 ildə ilk dəfə olaraq ABŞ-dan kənara yalnız neft məhsulları deyil, həm də xam neft ixrac etmək hüququ qazanıblar. Bununla yanaşı, Amerikanın şist nefti istehsalçıları yalnız neftin 1 barelinin 60 dollar olduğu təqdirdə, söz sahibinə çevrilə bilərlər.
Dördüncüsü, hasilatçı ölkələr, o cümlədən Birləşmiş Ştatların özü «qara qızıl»ın strateji əhəmiyyətini yaxşı anlayır. Bu üzdən də, onlar, çətin ki, öz resurslarını real dəyərindən ucuz satmaqla, gələcək nəsillərə ziyan vermək istəsinlər.
Beşincisi, neftin ucuzlaşması enerji sahəsinə yönəldilən investisiyaları da kəskin şəkildə azaldır. Bu isə qonşu sahələrin də zəifləməsinə, iş yerlərinin bağlanmasına aparıb çıxarır. Yeri gəlmişkən, «Arab Petroleum Investment»in məruzəsinə görə, son böhranın başladığı vaxt Səudiyyə Ərəbistanı 2015-2019-cu illər üçün investisiyaların 127 milyard dollaradək azaldılması haqda qərar qəbul edib. Halbuki, əvvəlki qiymətləndirmədə 2014-2018-ci illər üçün 180 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulurdu.
Altıncısı, neftin əsası olmayan ucuzluğu ümumilikdə yalnız hasilatçı ölkələrə deyil, həm də istehlakçı dövlətlərə ziyandır. Baxmayaraq ki, bu zaman onlar yaxşı dividend əldə edir. Məsələn, 2015-ci ilin ilk yarısında Çinin neft alışına xərci bir il əvvəlin eyni dövrü ilə müqayisədə 120 milyard dollar, Yaponiyanınkı 76 milyard, Hindistanınkı 44 milyard, Cənubi Koreyanınkı 36 milyard dollar azalıb. Avrozona ölkələrisə 142 milyard dollara qənaət edib. Onun 50 milyard dolları Avropa iqtisadiyyatının lokomotivi olan Almaniyanın payına düşüb. Yaranmış vəziyyətdən şist nefti bumuna rəğmən neft ixracını davam etdirən ABŞ da 110 milyard dollara qənaət edib.
Əlbəttə ki, bu cür qənaət həmin ölkələrdə istehsal olunan məhsullara qiymət qoyulmasına öz təsirini göstərir. Lakin ümumilikdə bu, istehlak bazarında, o cümlədən neft hasil və istehlak edən ölkələrin məhsullarına tələbatı azaldır. Sonuncular bu üzdən neft sektoruna investisiyaları məhdudlaşdırır, bu isə təchizata tələbatın kəskin azalmasına səbəb olur. Bu zaman digər sahələr də «investisiya aclığı» ilə üzləşir. Çünki qazanılan pullar əsasən «yeyilir».
Neftin ucuzlaşması «qara qızıl» ixracatçısı olan ölkələrin əhalisinin alıcılıq qabiliyyətinə də mənfi təsir göstərir. Nəticədə, neft idxal edən ölkələrin bir çox məhsullarına tələbat azalır. Analoji vəziyyət turizm və digər xidmət sektorlarında da yaranır. Bu isə inkişaf etməkdə olan dövlətlərin iqtisadiyyatına, xüsusilə enerji sektoruna nəhəng və davamlı yatırım etməkdə maraqlı olan inkişaf etmiş ölkələrin investisiya siyasətinə mənfi təsirini göstərir. Beləliklə, neftin qiymətinin düşdüyü 2 ildə dünya iqtisadiyyatının artım tempinin ciddi şəkildə azalması təsadüf deyil.
Yeddincisi, neftin baha olmasında pul saymağı, bu işdən yaxşı qazanmağı bacaran nəhəng banklar, birjalar da maraqlıdır. Məsələn, məşhur Rotşildlər sülaləsi bir sıra Amerika şirkəti vasitəsilə müxtəlif neft-qaz layihələri reallaşdırır. Buraya Vaşinqtonun Rusiyaya qarşı apardığı sanksiya savaşına rəğmən, «Saxalin-2» layihəsi də daxildir.
Sonda, Donald Trampın İranla bağlı ilk baxışdan ziddiyyətli görünən bəyanatının, əslində, neft bazarının «qızışdırılmasına» yönəldiyi də istisna deyil. Çünki bu halda nəhəng nefti ixracatçısına çevrilmiş ABŞ kifayət qədər ciddi qazanc əldə edəcək. Doğrudur, bu versiya həddindən artıq konspiroloji təsir bağışlaya bilər. Lakin dünyada «neft» və «siyasət» anlayışları artıq bir-birinə o qədər bağlıdır ki, istənilən variant mümkündür.
MƏSLƏHƏT GÖR: