
BEYNƏLXALQ TİCARƏTDƏ QARIŞIQLIQ
Çinlə Avropa İttifaqı Amerikanın maraqlarının təmini və ya mübarizə arasında seçim etməli olacaq
Müəllif: Natiq MƏMMƏDZADƏ
Dünya arenasının iki ən nəhəng iqtisadiyyatı - ABŞ ilə Çin arasında görünməmiş qarşıdurma başlayır. Dünya iqtisadiyyatının, təxminən, 40%-i bu iki ölkənin payına düşür. Odur ki, bu halda bütünlükdə qlobal təsərrüfata ciddi zərbə vura biləcək miqyaslı ticarət savaşından danışmaq olar.
Birləşmiş Ştatlar bu yaxınlarda Çindən ümumi dəyəri 34 milyard dollar təşkil edən 818 növ malın idxalına 25%-lik rüsum tətbiq edib. Pekinin buna reaksiyası özünü gözlətməyib və o da öz növbəsində, 34 milyard dollar dəyərindən 545 növ amerikan məhsuluna 25%-lik idxal rüsumunun tətbiqi haqda qərar çıxarıb.
ABŞ prezidenti Donald Tramp qərarını Çinin Amerika şirkətlərinin, ilk növbədə, qabaqcıl texnologiyalar sahəsində çalışan şirkətlərin intellektual mülkiyyət hüquqlarını pozması ilə əsaslandırıb. Başqa sözlə, Ağ Ev açıq şəkildə bildirir ki, Çinlə başlanmış ticarət savaşının əsasını yüksək texnologiyalar sahəsində mübarizə təşkil edir. ABŞ-da Amerikanın öncül texnologiyalarının qeyri-qanuni yolla Çin şirkətlərinin əlinə keçə biləcəyindən ciddi narahatlıq var. Amerikalılar hesab edir ki, bu halda həmin texnologiyalardan Çin iqtisadiyyatının yeni sahələrinin inkişafında istifadə oluna bilər və bu, sonda ABŞ-ın Pekinlə rəqabətdə uduzması ilə nəticələnər.
Bununla yanaşı, Birləşmiş Ştatların Çin əleyhinə gördüyü tədbirlər onun özünə də problem yarada bilər. Hər halda, son illərdə məhz Çin kapitalı sayəsində ABŞ-da milyondan artıq yeni iş yeri açılıb.
ABŞ-ın Avtomobil Sənayesi Assosiasiyasının Trampın qərarına reaksiyası da təsadüf deyil. Qurumda hesab edirlər ki, bu, «Amerika şirkətlərinə zərbə vuracaq, saysız-hesabsız iş yerlərinin bağlanması təhlükəsi yaradacaq və istehlakçılara mənfi təsir göstərəcək». Amerikanın Ticarət Palatası isə dövlət başçısını «xarici ticarətin tənzimlənməsində yanlış yanaşma seçməkdə» günahlandırıb.
Ekspertlərin qiymətləndirməsinə görə, Trampın qərarı ABŞ ÜDM-nin 0,5% (təxminən, 1 trilyon dollar) itirməsilə nəticələnəcək. Bu proqnoz özünü doğruldarsa, ölkə inflyasiyanın artımı, minlərlə iş yerinin bağlanması kimi risklərlə qarşı-qarşıya qalacaq.
Amma təbii ki, Trampın əsas hədəfi olan Çin də zərərdən qaça bilməyəcək. Vaşinqtonun gömrük məhdudiyyətinin tətbiqi qərarından dərhal sonra Pekin ilk şokunu yaşayıb: Çinin fond indeksləri ciddi itkiyə məruz qalıb. Perspektivdə Pekin üzləşdiyi itkinin yerini doldurmaq məcburiyyətində qalacaq. Nəzərə almaq lazımdır ki, ABŞ-dan idxalın əsas hissəsini ərzaq məhsulları təşkil edir. Lakin ənənəvi olaraq qənaətə öyrəşmiş çinlilər milyonlarla ton soyanın, donuz ətinin, qızılbalıq fəsiləsindən olan balıqların, boru, enerji daşıyıcıları və digər həyati əhəmiyyətli məhsulların tədarükçülərinin dəyişməsi dövrünü də nisbətən «ağrısız» adlayacaqlarına ümidlidirlər. Bu zaman onlar yalnız öz strateji ehtiyatlarına deyil, həm də çoxsaylı xarici tərəfdaşlarına arxalanır - bu tərəfdaşlar iki qlobal oyunçu arasındakı savaşdan nəhəng qazanc götürmək üçün fürsət gözləyir. Məsələn, Çin ABŞ-dan aldığı neftlə qazı Rusiya və İranın enerji daşıyıcıları ilə əvəzləyə bilər.
Bununla yanaşı, Pekinin Amerikanın qərarına dərhal cavab verməsi Çin rəhbərliyinin mümkün ticarət savaşı ilə bağlı əvvəldən plana malik olduğunu düşünməyə əsas verir. Birincisi, Pekinin ABŞ məhsullarına idxal rüsumu tətbiq etməsilə yanaşı, Çin Xalq Bankı və ona bağlı kredit təşkilatları yuanı, təxminən, 10% devalvasiya edib. Onlar bunu ABŞ-ın Federal ehtiyat sisteminin analoji addımı atmayacağını düşünərək ediblər. Çünki dolların məzənnəsinin 10% azaldılması bütünlükdə Amerikanın maliyyə sistemini çalxalaya bilər.
Çinin digər cavab zərbəsi hələ Trampın tarixi qərarından bir neçə gün əvvəl tətbiq olunmağa başlamış yenilikdədir. İyulun 1-dən 1500 növdə istehlak məhsulunun idxalına 6-12%, avtomobil və onların ehtiyat hissələrinə 5-10% idxal vergisi tətbiq edilir. Bundan başqa, ÇXR-in İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsi iyulun 28-dən xarici investorlar üçün maneələrin azaldıldığını bəyan edib. Bundan sonra ölkənin fond bazarı, avtomobil istehsalı, kənd təsərrüfatı və digər sahələrində salışan şirkətlərdə xarici kapitalın payı 51%-ə çatdırıla bilər. Çin hökuməti bu addımlarla yuanın dəyərini itirməsi üzündən mümkün investisiya axınını kompensasiya etməyi düşünür.
Beləliklə, ABŞ-ın iqtisadi zərbəsinə Pekin kompleks tədbirlərlə cavab verir.
Bu arada Amerika-Çin ticarət müharibəsinin kifayət qədər əlamətdar olan bir məqamına da diqqət çəkmək lazımdır: əslində, toqquşan Amerikanın azad bazar sistemilə Çinin ciddi dövlət nəzarətinin olduğu planlı bazar sistemidir. Bu sistemlərdən hansının qalib gələcəyini zaman göstərəcək.
Ticarət savaşı hər kəsə qarşı
ABŞ ilə Çin arasındakı iqtisadi qarşıdurma prezident Trampın qlobal bazarda Amerikanın maraqlarının təmini məqsədilə həyata keçirdiyi tədbirlərin tərkib hissəsidir. Bundan əvvəl Vaşinqton ABŞ ilə müttəfiq olan iqtisadi sistemlərə qarşı da ticarət savaşı açıb. Söhbət Avropa İttifaqı, Kanada və Meksikadan polad (25%) və alümin (10%) idxalına rüsumun tətbiqindən gedir. Vaşinqtonun bu addımına qarşı Aİ də analoji məhdudiyyət tətbiq edib - bundan sonra Amerikadan Aİ-yə gətiriləcək bəzi məhsullara 20%-lik vergi tətbiq olunacaq.
Çin və Avropa İttifaqının ardınca, Rusiya da ABŞ ilə ticarət müharibəsinə başlayıb. Burada isə səbəb Vaşinqtonun son illər Rusiyaya «sırf siyasi səbəblərdən» tətbiq etdiyi sanksiyalardır. Bu, Moskvanın yalnız sanksiyalar deyil, həm də Avropa polad və alümininə rüsum tətbiqinə reaksiyasıdır. Çünki sonuncu qərar rusların da maraqlarına ziddir - rusiyalı ixracatçılar bundan ildə, təxminən, 537,6 milyon dollar itirəcək. Nəticədə, Moskva idxalına yüksək rüsumun tətbiq olunacağı ABŞ məhsullarının siyahısını açıqlayıb. 25-40% arasında yeni rüsum tikinti-yol texnikasına, neft-qaz avadanlıqlarına, metal istehsalı alətlərinə və s. tətbiq ediləcək.
Ekspertlərsə bildirir ki, Rusiyanın yeni rüsumları Amerikadan idxalın cəmi 3%-nə aiddir və bu, ABŞ üçün ciddi rəqəm deyil. Üstəlik, Moskvanın məhdudiyyət tətbiq etdiyi Amerika məhsulları arasında istehlak məhsulları yoxdur. Demək, o, Rusiyanın ABŞ-dan ixracının böyük hissəsinə tətbiq olunmur.
Buna baxmayaraq, ABŞ və Rusiya arasındakı geosiyasi qarşıdurma fonunda gedən iqtisadi müharibə dünya arenasında getdikcə artan gərginliyin daha bir göstəricisidir - bu gərginlik isə artıq ticarət müharibəsi ilə də «zənginləşməkdədir». Sonuncu həm də faktiki olaraq, Birləşmiş Ştatların Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarını darmadağın etməsidir.
Domino prinsipi işə düşəcəkmi?
Vaşinqton faktiki olaraq dünyaya ÜTT-nin qaydalarının əvəzinə öz ticarət qanunvericiliyinin normalarını qəbul etdirməyə çalışır. Lakin ABŞ-a müttəfiq olan Aİ-nin də reaksiyasından məlum olduğu kimi, dünya Vaşinqtonun ticarət qaydaları ilə yaşamaq fikrində deyil. Bunu Avropa iqtisadiyyatının lokomotivi olan Almaniya da nümayiş etdirir. Kansler Angela Merkel hər kəsi ÜTT-nin qaydalarına əməl etməyə çağırır, bu məsələdə Çinlə həmrəy olduqlarını deyir, hətta Pekinlə maneəsiz ticarətə hazır olduqlarını gizlətmir.
Qlobal ticarətin əsas iştirakçılarının, ilk növbədə, ABŞ ilə Çinin qarşılıqlı zərbələrindən danışarkən, daha bir vacib məqam nəzərə alınmalıdır. İqtisadiyyatın qloballaşdığı şəraitdə beynəlxalq əmək bölgüsü də güclənir. Elə Çinin özündə saysız-hesabsız Amerika, Avropa, Yaponiya müəssisəsi fəaliyyət göstərir. Çindən ABŞ-a yalnız yerli müəssisələrin deyil, xarici kapitalla çalışan şirkətlərin məhsulları da ixrac olunur. Odur ki, Çinə tətbiq edilən rüsumlar, şübhəsiz ki, ABŞ şirkətlərinin özlərinə, həmçinin onun müttəfiqlərinin şirkətlərinə zərbədir.
Ticarət savaşının əsas aspekti isə başqadır: domino prinsipi işə düşərsə və bütün ölkələr proteksionizm siyasətinə keçərsə, bu, azad ticarət sisteminin sonu olacaq. Azad ticarət isə müasir dünya düzəninin əsaslarından biridir. Bu halda, məsələn, azad ticarət sisteminin prinsiplərindən biri yox olacaq. Söhbət bütün mübahisələrə ÜTT-də baxılması qaydasından gedir. Yeri gəlmişkən, vaxtilə ÜTT məhz iqtisadi fövqəldövlət olan ABŞ-ın böyük səyləri sayəsində yaradılıb.
Hər halda, ABŞ-ın bundan əvvəlki administrasiyası Çin bazarının qapalı xarakterini tənqid etsə də, Pekini daxili ticarət siyasətini ÜTT-nin qaydalarına uyğunlaşdırmağa çağırırdı. «Amerika hər şeydən üstündür» şüarını əsas götürmüş Donald Tramp isə vəziyyəti kökündən dəyişib. Nəticədə, onilliklərdir işləyən beynəlxalq ticarət sistemi dağılmaq ərəfəsinə çatıb. İndi, ABŞ-ın iqtisadiyyatdakı rəqibləri, ilk növbədə, Çinlə Avropa İttifaqı Amerikanın maraqlarının təmini və ya Vaşinqtonun diqtə etdiyi yeni qlobal ticarət qaydaları ilə amansız mübarizə arasında seçim etməlidir. Son hadisələr ikinci ssenarinin daha real olduğunu göstərir.
MƏSLƏHƏT GÖR: