26 Noyabr 2024

Çərşənbə axşamı, 01:23

«ÖZ AYAĞINA AÇILAN ATƏŞ»

ABŞ Türkiyəyə qarşı müttəfiq dövlətlərin təcrübəsində görünməmiş sanksiya tətbiqi prosesinə başlayıb

Müəllif:

01.09.2018

Türkiyə-ABŞ münasibətlərində gərginlik indiyədək görünməmiş həddə çatıb. NATO çərçivəsində müttəfiq olan bu ölkə arasında dialoqun pisləşməsi bir tərəfdən qərbpərəst siyasətin girovluğundan birdəfəlik qurtulmağa çalışan Ankaranın getdikcə daha müstəqil xarici siyasət yürütməsinin, digər yandan Vaşinqtonun neoimperiya strategiyasının ən yüksək həddə çatmasının nəticəsidir. Bugünkü ABŞ qlobal siyasətdə onilliklər ərzində bir çox sınaqlardan çıxmış müttəfiqlərindən belə, fərqli fikri heç cür qəbul etmir.

 

Ərdoğanın kursu

Ölkəyə 2002-ci ildən rəhbərlik edən Rəcəb Tayyib Ərdoğanın Türkiyəsi onu bərabərhüquqlu tərəfdaş hesab etməyən Qərbə (xüsusilə, Osmanlı İmperiyasının varisini sıralarında görmək istəmədiyi artıq hər kəsə, o cümlədən türklərə bəlli olmuş Avropa İttifaqına) bundan sonra geosiyasi «əlavə» rolu ilə barışmayacağını aydın şəkildə göstərib. Hər halda, özünü tam təmin edən ölkə qonşularla bərabər, dost münasibətlərdə maraqlı olur. Bu qonşular arasında isə Qərbin diqtəsi ilə oturub-durmaq istəməyən Rusiya və İran xüsusi rol oynayırlar. Bu mənada, Ankara üçün prioritet postsovet məkanında inteqrasiya proseslərinin hərəkətverici qüvvəsi olan Moskva ilə dialoqdur. Bu məkanda Türkiyəyə candan bağlı olan və Sovet İttifaqının dağılmasından sonra müstəqillik qazanmış türk respublikaları da var.

Türkiyənin Rusiya ilə strateji tərəfdaşlığı getdikcə genişlənir. O, iki Avrasiya fövqəldövlətinin bərabərhüquqlu dialoquna əsaslanır və Qərbdə, xüsusilə Moskvanı illərdir «sanksiya atəşi»nə tutan ABŞ-da çox ciddi qıcıq yaradır.

Ankara Rusiya ilə birlikdə həyata keçirdiyi «Türk axını» layihəsi və Akkuyuda Atom Elektrik Stansiyasının tikintisindən sonra, ABŞ-ın müttəfiqləri üçün toxunulmaz saydığı sahədə də razılığa gəlib. Söhbət hərbi-texniki əməkdaşlıqdan gedir. Türkiyənin Rusiyadan S-400 «Triumf» zenit-raket kompleksləri alması məhz bunun göstəricisidir. Rusiya-Türkiyə münasibətlərindən narazılığını dəfələrlə dilə gətirən Vaşinqton, nəhayət, Ankaraya qarşı sevimli sanksiya hücumuna başlayıb. Məsələn, Amerika Senatı Türkiyəyə beşinci nəsil «F-35» qırıcılarının tədarükünü qadağan edib.

«Biz istənilən tərəfdaş və müttəfiqlərimizin S-400 almasına qarşıyıq. Biz məhz hansı addımların sanksiyalara yol aça biləcəyini bütün dünyaya göstərmişik», - deyə ABŞ Dövlət Departamentinin rəsmisi Xizer Nauert birmənalı şəkildə bildirib.

Vaşinqtonun prezident Ərdoğana qarşı olan siyasi qüvvələri, o cümlədən Pensilvaniya ştatında yaşayan və Türkiyədə 2016-cı ilin iyulunda baş vermiş dövlət çevrilişi cəhdində günahlandırılan müsəlman vaiz Fətullah Güləni dəstəkləməsi də Ədalət və İnkişaf Partiyasını (ƏİP) yeni geosiyasi müttəfiqlərin axtarışına sövq edib. Türkiyənin BRHÇC (Braziliya, Rusiya, Hindistan, Çin, CAR) və ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) kimi qurumlara tərəf meyillənməsi də buradan qaynaqlanır. Yeri gəlmişkən, Rusiya bu təşkilatların hər ikisinin dəyişməz iştirakçısıdır.

Ankaranın Suriya münaqişəsilə bağlı mövqeyinin dəyişməsinə də bu kontekstdə yanaşmaq lazımdır. Problemin ilk illərində Ərdoğanın onunla bağlı mövqeyi Qərb dövlətlərinin mövqeyilə tam üst-üstə düşürdüsə, sonradan Ankara birmənalı olaraq, Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini dilə gətirməyə başlayıb (Ərdoğanın Suriya hakimiyyətinin istefaya getməli olduğuna dair tələbi qüvvədə qalsa belə). İndi qonşu ərəb dövlətində hakimiyyət dəyişikliyi məsələsi Türkiyə üçün ikinci plana keçib. Bu, böyük ölçüdə məhz ABŞ və Aİ-nin şəxsən prezident Ərdoğana təzyiqləri artırması ilə bağlıdır.

 

Maliyyə savaşı

Ankaranın ölkədə 2 il əvvəl baş vermiş hərbi qiyamın təşkilatçılarından saydığı amerikalı pastor Endryu Bransonla bağlı baş verənlər isə Türkiyənin müstəqil siyasi kursunu müdafiə edən Ərdoğanı da Qərbin tiraniyada ittiham etdiyi ərəb liderlərinin taleyini gözləyə bilər.

Türkiyə hökumətinin Bransonu azadlığa buraxmamaqla böyük səhv etdiyini açıq şəkildə dilə gətirən ABŞ prezidenti Donald Tramp, nəhayət, Türkiyəyə qarşı sanksiyalara start verib. Bu isə müttəfiq dövlətlərin tarixində görünməmiş hadisədir. Vaşinqtonun Türkiyə poladı və alümininə görə rüsumları artırması Ankaraya xüsusilə baha başa gəlib və türk lirəsinin sürətlə ucuzlaşmasına səbəb olub. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton isə Türkiyədəki maliyyə böhranının amerikalı pastorun azadlığa buraxılması ilə dərhal sona çatacağını bəyan edib.

Lakin necə deyərlər, sən saydığını say… Ənənəvi olaraq zor dililə danışmağı qəbul etməyən Türkiyə ABŞ-ın pastor Bransonun azadlığa buraxılması tələbinə əməl etməyəcəyini açıq şəkildə göstərir. «Türkiyə hüquqi dövlətdir. Pastor Endryu Bransonun işi də hüquqi prosesdir. ABŞ hakimiyyəti hər imkanda Türkiyənin və digər dövlətlərin ünvanına müstəqil məhkəmə sistemilə bağlı tövsiyələr ünvanlayır, hətta onları məzəmmət edir. Amma özləri əsassız fikirlər səsləndirir, davam etməkdə olan məhkəmə prosesilə bağlı tələblər irəli sürür. Bu, əlbəttə ki, bir sıra suallar yaradır», - deyə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

Amerikanın tətbiq etdiyi iqtisadi sanksiyalara gəlincə, prezident Ərdoğan onları ölkəsinə qarşı «maliyyə savaşı» adlandırıb. «Hər kəsə aydındır ki, xarici valyuta bazarında baş verənlərin heç bir maddi əsası yoxdur. Bu, bizim ölkəmizə hücumdur… Bir yandan biz strateji müttəfiqik, digər tərəfdən siz bizim ayağımıza atəş açırsınız. Bu, qəbulolunandırmı?» - deyə Türkiyə lideri amerikalı həmkarlarına üz tutaraq soruşub.

Şübhəsiz ki, türk lirəsinin deyək ki, Rusiya rublunun durumuna düşməsi ABŞ iqtisadiyyatının qüdrətini sübut edir. Bu, bir daha göstərir ki, Vaşinqton sadəcə, sərt sanksiyalarla hədələməklə belə, xoşuna gəlməyən dövlətin iqtisadiyyatını çalxalaya bilir. Bəs, Amerikanın bu gedişi uzaq perspektiv üçün nə dərəcədə effektivdir?

Aydındır ki, Qərb Türkiyəyə təzyiq etməklə, sadəcə, onu Avratlantik sistemdən daha da uzaqlaşdırır. Bu, məsələn, ABŞ üçün dolların dünyadakı hökmranlığının itməsilə nəticələnə bilər. «Biz Çin, Rusiya və İran kimi əsas ticarət tərəfdaşlarımızla milli valyuta ilə ticarətə keçməyə hazırlaşırıq», - deyə Ərdoğan bildirib.

Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Moskvada keçirdiyi görüşdə dedikləri də maraqlıdır: «Əminəm ki, ABŞ-ın dolların dünya ehtiyat valyutası rolundan bu qədər sui-istifadə etməsi, sonda bu rolun özünə zərbə olacaq. ABŞ-ın sanksiyalarının təsir etmədiyi ölkələr də daxil olmaqla, öz təhlükəsizliyinin qayğısına qalan dövlətlər tədricən dollardan istifadəni azaldacaq, milli valyutalarından istifadə haqda razılıq əldə edə biləcəkləri daha etibarlı tərəfdaşlara üstünlük verəcək».

Yeri gəlmişkən, son aylarda Rusiya ilə Türkiyə öz aktivlərində ABŞ Maliyyə Nazirliyinin istiqrazlarının payını kəskin şəkildə azaldıblar. Onların iqtisadi sahədə Çinlə yaxınlaşmaqda olduqları açıq şəkildə görünməkdədir. Məsələ ondadır ki, beynəlxalq maliyyə sistemində dolların liderliyinə son qoyulması Pekinin də istəyidir. Bu gün Çin qlobal əməliyyatlarda ikinci valyuta olan yuanın beynəlxalq statusunun gücləndirilməsi kimi hədəfinə nail olmaq üçün tərəfdaşlara ehtiyac duyur.

Türkiyənin «Yeni Akit» qəzeti yazır ki, «ABŞ-ın xarici ticarət defisitinin azaldılmasına yönəlmiş ticarət müharibəsi dünyanı silkələməyə davam edir. ABŞ-ın ilk hədəfləri Çin, Rusiya, İran və Türkiyədir. Trampın sərsəm əməllərinin qarşısını almağa çalışan bu dövlətlər istehsalı artırır, ticari münasibətlərdə qüvvələri birləşdirir».

Bu, öz-özlüyündə Türkiyənin Avrasiya yolunu müəyyən edir. Ankaranın bu seçimi, yəqin ki, tarixdə XXI əsrin dünya düzənindəki ciddi dəyişikliklərin əsas əlamətlərindən biri kimi qalacaq.



MƏSLƏHƏT GÖR:

352