Müəllif: Nurlanə QULİYEVA
ABŞ-ın bir sıra iri ölkələrə, o cümlədən Azərbaycanın yaxın qonşularına qarşı başladığı ticarət müharibəsi siyasəti artıq dünyanın iqtisadi xəritəsinə düzəlişlər edir. Əgər Amerika Birləşmiş Ştatları - Çin qarşıdurması bizim hökumət və iqtisadçılar üçün, hələ ki, diqqətli müşahidə və analiz mövzusudursa, Türkiyə lirəsinin kəskin düşməsi, Rusiya və İranın Amerika sanksiyaları ilə üz-üzə qalması Azərbaycan iqtisadiyyatı üçün təsirsiz ötməyəcək. Ölkənin öz qonşuları tərəfdaşlıq münasibətləri riayət etməsi və öz ticari maraqlarının qorunması, digər tərəfdən yerli valyutanın dəstəklənməsi daha diqqətli iqtisadi siyasət aparmaq məcburiyyəti yaradır.
Valyutanın üç qat çöküşü
2018-ci ilin yayından etibarən Azərbaycanın əsas qonşuları və ticarət tərəfdaşları - Rusiya, Türkiyə və İran ABŞ-ın iqtisadi sanksiyalarının hədəfindədir. Vaşinqton birtərəfli qaydada İran üzrə beynəlxalq müqaviləni tərk etdi və 2018-ci ilin avqustunda Tehrana qarşı ticari və iqtisadi sanksiyaları bərpa etdi. May ayında prezident Tramp bəyan etdi ki, ABŞ-ın nüvə anlaşmasını da tərk edəcək, İran rialı düşməyə başladı.
İran valyutasının düşmə templəri bu ölkənin qənaətbəxş olmayan iqtisadi vəziyyətdə olduğunu göstərir. Hətta Avropa və Birləşmiş Krallığın amerikalı müttəfiqlərinin qərarına qarşı kəskin çıxmasına və 2015-ci ildə imzalanmış Birgə hərtərəfli Fəaliyyət Planı çərçivəsində işlərinə davam edəcəklərini bəyan etməsinə baxmayaraq, əgər İran ABŞ ilə danışıqlardan imtina edərsə, Amerika Birləşmiş Ştatlarında artıq 2018-ci il noyabrın 4-də qüvvəyə minəcək ikinci sanksiyaların paketi hazırdır. Bir çox ekspertlərin fikrincə, bu paket İran üçün daha zərərli olacaq, çünki İran neftinin idxalına məhdudiyyətlər də ona daxil olacaq.
Yayda, İrana qarşı sanksiyaların bərpasından elə bir gün sonra məlum oldu ki, ABŞ Rusiyaya qarşı yeni təsir tədbirləri tətbiq edəcək. Sonda bu, onunla bitə bilər ki, Amerika banklarına Rusiyadan olan istənilən şirkəti kreditləşdirmək qadağan edilə bilər, Rusiyadan ABŞ-a istənilən idxal dayandırıla bilər, Rusiya aviaşirkəti "Aeroflot"un Amerikaya uçuşları dayandırıla bilər və s. Bu məlumatların fonunda avqustun əvvəlində rus rublunun məzənnəsi son iki il üzrə dollara və avroya qarşı minimum nöqtəyə düşdü. Bir çox rus şirkətinin səhmlərinin də qiyməti düşdü.
Ancaq ən kəskin valyuta çöküşü avqustda Türkiyə lirəsi ilə yaşandı. Özü də, ABŞ sanksiyalarından, xüsusilə də Türkiyə alüminiumunun idxalına rüsumların ikiqat artırılmasından sonra bu, baş verdi. Asiya birjalarında hərraclar zamanı Türkiyə lirəsi tarixi minimuma qədər düşdü. Bu fonda «Moody`s» və «S&P GlobalRatings» kimi aparıcı reytinq agentlikləri Türkiyənin suveren reytinqlərini endirdi. Düz bir ay sonra Türkiyə Mərkəzi Bankı 13 sentyabr iclasının yekunlarına görə əsas faiz dərəcəsini bu il üçüncü dəfə artırmağa məcbur oldu. Həftəlik repo əməliyyatları üzrə faiz dərəcəsi 6,25 faiz bəndi artaraq 17,75% -dən 24% -ə qədər qalxdı.
Mərkəzi bankın qərarı lirəyə müsbət təsir göstərdi və o, yavaş-yavaş qalxmağa başladı. Amma bütünlükdə bu il ölkədə inflyasiyanın kəskin artması fonunda Türkiyə valyutası, təxminən, 40 faiz ucuzlaşıb. Türkiyədə istehlakçı qiymətlərinin artımı avqust ayında illik hesabla 17,9%-ə yüksəlib. Avqust inflyasiyası 2003-cü ildən bəri ən yüksək göstəricidir.
Valyuta təzyiqi
Yaranmış vəziyyətdə Azərbaycan, əlbəttə, yalnız bir müşahidəçi kimi qala bilməz və hökumət, əlbəttə, qonşu ölkələrdə vəziyyətin mənfi təsirindən ölkəni qorumaq üçün bir sıra tədbirlər hazırlayıb.
«Sberbank Investment Research»in hesabatında göstərilib ki, rublun zəifləməsi və Türkiyə lirəsinin bu yaxınlardakı kəskin düşməsi yaxın xarici ölkələrin hamısının valyutalarına təsir edib. İyulun sonundan bu yana daha 6% ucuzlaşmış Rusiya rublu ilə yanaşı, volatillik baxımından Qazaxıstan, Belarus və Gürcüstan valyutaları daha həssas vəziyyətə düşüblər. Hesabatda bildirilir ki, "Azərbaycan manatı və tacik somonisi də, məzənnələri hələ də dollara bağlı olmasına baxmayaraq, təzyiq altına düşüblər".
«Sberbank Investment Research»in analitikləri hesab edirlər ki, neftin qiymətinin yüksək olması Azərbaycan manatını dəstəkləyir. "Düzdür, «Bloomberg» yazır ki, Azərbaycanın bəzi banklarının əhaliyə dollar satışına məhdudiyyət qoyub, amma buna baxmayaraq, biz hazırda manatın ABŞ dollarına bağlanması üçün təhlükə görmürük, çünki neftin qiyməti barel 70 $ üzərində dəyişir",- deyə hesabatda vurğulanır.
Beləliklə, qonşularda valyuta çöküşündən bir aydan çox vaxt keçməsinə və xarici təzyiqlərə baxmayaraq, manat, hələ ki, sabitdir. Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, AMB valyuta bazarlarındakı vəziyyəti diqqətlə izləyir.
Digər tərəfdən ARDNF-in (Dövlət Neft Fondu) investisiya portfelinin valyuta səbətinin gəlirlilik vəziyyəti ekspertlərdə narahatlıq doğurur. Söhbət bu ilin birinci yarısının sonunda 37,8 milyard $-a bərabər olub. Bu məbləğdən hər biri 0,9% olmaqla, Türkiyə lirəsi və Rusiya rublu ilə yerləşdirilib ( 2017-ci ilin sonunda bu göstərici müvafiq olaraq 1% və 1,1% olmuşdu). Avqust ayında ARDNF açıqlama verib ki, cari investisiya strategiyasından razıdır, həmçinin bunu orta və uzunmüddətli perspektivdə real gəlirlilik gözləntilərinə uyğun hesab edir. Bununla yanaşı, ARDNF son zamanlar daha çox Rusiya və Türkiyədə görünən geosiyasi riskləri nəzərə alaraq qeyd edir ki, fondun bütün investisiya portfelinin cari vəziyyətinin, bazar konyunkturunun və gözləntilərinin ciddi təhlili aparılır. "Gərək olanda müvafiq çevik taktiki addımlar vasitəsilə ARDNF-in investisiya portfelinə müvafiq dəyişikliklər edilir", - deyə fondun məlumatında vurğulanır.
Müsbət və mənfilər
Ancaq unutmaq olmaz ki, Rusiya və Türkiyə xüsusilə idxalla bağlı Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Belə ki, statistikaya görə, bu ilin 7 ayının nəticələri üzrə Azərbaycana idxal əməliyyatlarının 31%-i məhz bu ölkələrin payına düşür: Rusiya - 16%, Türkiyə - 15%. İqtisadçı Qubad İbadoğlunun sözlərinə görə, "yəqin ki, bu rəqəmlər artmaqda davam edəcək - qonşularda məzənnə aşağı olduqca onlardan almaq daha yaxşı olur. Digər tərəfdən bu qeyri-neft məhsullarının yerli istehsalçılarının mövqelərinin zəifləməsi deməkdir".
Bu baxımdan, bu dövrdə onları dəstəkləmək üçün əlavə tədbirlər lazımdır. Yerli istehsalçıya dəstək olmaq üçün müəyyən məhsulların, məsələn, kartofun və s.-in idxalına gömrük rüsumlarının artımı nəzərdə tutulub.
İqtisadçı ekspert Samir Əliyev qeyd edib ki, bu, mənfi təsir elə də hiss edilən deyil, çünki Azərbaycan ixracatının əksəriyyətini neft və neft məhsulları təşkil edir. "Əgər ixracatda qeyri-neft məhsullarının payı 50% təşkil etsə idi, onda Rusiya və Türkiyə gedən proseslərin Azərbaycana təsiri daha böyük olardı, bu, milli valyutanın ucuzlaşmasına səbəb olardı. Hər iki ölkənin valyutalarının devalvasiyası orada çalışan həmvətənlərimizin Azərbaycana pul köçürmələrini azaldacaq. Həm də Azərbaycan turistlərinin Rusiyada və Türkiyədə ödəniş qabiliyyətini artıracaq ", - deyə iqtisadçı vurğulayıb.
Lakin, digər tərəfdən Rusiya, İran və xüsusilə Türkiyəni Azərbaycanla bir sıra iri regional layihələr birləşdirir. Onlarla necə olacaq, onların həyata keçirilməsi ilə bağlı problemlər yaranmayacaq ki? Ekspertlər hesab edir ki, bir qayda olaraq, bu cür irimiqyaslı layihələr uzun həyat üçün hesablanır və mümkün risklər nəzərə alınaraq işlənir. Özü də, enerji resurslarının tranziti üzrə bütün regional layihələr, demək olar ki, artıq başlayıb. Nəqliyyat dəhlizlərinə, xüsusilə "Şimal - Cənub" (Hindistan - İran - Azərbaycan - Rusiya - Qazaxıstan) və Bakı - Tbilisi - Qars dəmir yoluna gəldikdə isə, onların həyata keçirilməsi ilə bağlı problemlər yoxdur və gözlənilmir.
Daha bir məqam - Azərbaycan qonşu ölkələrdə böyük sərmayələr yatırmağa başlayıb, xüsusilə də SOCAR-ın xətti ilə Türkiyədə bir sıra layihələr gerçəkləşdirir. SOCAR Türkiyədə fəaliyyəti üçün törəmə şirkət - «SOCAR-Turkey Yatirim AS» (STYAS) yaradıb, onun sərmayələri 2017-ci ilin sonuna 12,2 milyard manat həcmində qiymətləndirilir. Bu investisiyaların əksəriyyəti 6,3 mlrd. $ səviyyəsində qiymətləndirilən STAR neft emalı zavodunun tikintisi layihəsinə yatırılıb.
Lirənin ucuzlaşmasının bunlar üçün hansı müsbət və mənfiləri var? «Moody`s» reytinq agentliyinin nəşr etdirdiyi icmalında deyilir ki, Türkiyə lirəsindəki dəyər itkisi STAR neft emalı zavodunun tikintisinə SOCAR tərəfindən yatırılan sərmayələrin qaytarılma müddətini uzadacaq.
"Son 5 il ərzində lirə 70% ucuzlaşıb, 2018-ci ilin əvvəlindən isə 40%. Son 12 ay ərzində dəyərinin, təxminən, yarısını itirənin məzənnəsinin volatilliyi və ucuzlşması SOCAR üçün ABŞ dolları ilə yatırılan sərmayələrin qaytarılmasında problemlər yaradacaq ", - deyə agentlikdə qeyd ediblər.
Bundan əlavə, lirənin ucuzlaşması SOCAR-ın Türkiyədəki digər aktivinin - «Petkim» neft-kimya kompleksi fəaliyyətinə mənfi təsir göstərə bilər. "2017-ci ilin sonuna «Petkim»in xarici öhdəlikləri 1,4 milyard $ həcmində qiymətləndirilir. Bir nafta istehlakçısı kimi «Petkim» xam neftin qiymətinin volatilliyindən asılıdır. Bu, xam neft alınmasına xərclərinin artmasına gətirib çıxaracaq ki, bu da holdinqin mənfəətinin azalmasına səbəb ola bilər,» - deyə hesabatda vurğulanır.
Bununla yanaşı, «Interfax Global Energy» agentliyinin nəticələri daha çox müsbət görünür, agentliyin ekspertləri sanırlar ki, türk lirəsinin zəifləməsi SOCAR-a Türkiyədə öz biznesini genişləndirmək üzrə planlarının həyata keçirilməsində kömək edə bilər. «SOCAR Türkiyə qaz bazarında öz payını 20%-ə qədər artırmağı düşünür. Lirənin ucuzlaşması şirkət üçün aktivləri daha aşağı qiymətə əldə etməyə imkan yaradır», - deyə agentliyin ekspertləri deyirlər.
Hər halda, hökumət səviyyəsində Azərbaycan bütün bu üç "böhran" qonşusu ilə əməkdaşlığı davam etdirəcəyini bəyan edib və bir etibarlı tərəfdaş kimi onlara ümumi biznes layihələrdə dəstəyini davam etdirəcək. Böhran - istənilən halda müvəqqəti haldır, amma yaxın qonşuları ilə iqtisadi əlaqələr uzun illər üçün nəzərdə tutulub.
MƏSLƏHƏT GÖR: