Müəllif: Eldar PAŞAYEV
İllərdir davam edən Suriya münaqişəsinin mümkün həlli İdlibdə ilişib qalıb. Bununla yanaşı, orada qarşı-qarşıya duran qüvvələr nisbətində hər hansı dəyişiklik yoxdur.
Köhnə hamam, köhnə tas
Suriyanın şimalında yerləşən İdlib əyaləti 2011-ci ildə başlamış müharibənin ilk günlərindən hökumət qüvvələrinin nəzarətindən kənardır. Əvvəllər Rusiya, Türkiyə və İranın iştirakı ilə orada deeskalasiya zonası yaradılmışdı. Amma Rusiya KİV-nin məlumatına görə, o vaxtdan hökumətə qarşı vuruşan qüvvələr Dəməşqin nəzarətinə keçən ərazilərdən İdlibə üz tutmağa başlayıb. Müxtəlif hesablamalara görə, hazırda İdlibdə «Əl-Qaidə», «Cəbhət ən-Nusra» və daha kiçik terror qruplaşmalarının 10-30 min cihadçısı var.
Avqustun sonunda Suriyanın müdafiə naziri Əli Əyyub Dəməşqin İdlibi öz nəzarətinə qaytaracağını və onun ərazisini istər barışıq razılaşması, istərsə də hərbi yolla terrorçulardan təmizləyəcəyini bəyan etmişdi. Dəməşqin bu mövqeyini Rusiya rəsmiləri də dəstəkləyərək, «İdlibin terrorçulardan təmizlənməli olduğunu» bildirmişdilər. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, yaranmış vəziyyətə dözmək olmaz. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə «İdlibdəki terror yuvasının, ümumilikdə, Suriyada sabitliyə imkan vermədiyini» söyləmişdi. Müşahidəçilər hesab edir ki, Rusiya, ilk növbədə, Latakiyanın və Xmeymdəki bazaların təhlükəsizliyinin qayğısına qalır.
Rəsmi mənbələrdən məlumdur ki, Suriya HHQ və Rusiya HKQ ən azı 1 dəfə - sentyabrın 4-də - İdlibi miqyaslı bombardmana məruz qoyub. Qərargahı Londonda yerləşən Suriyada İnsan Haqlarının Monitorinqi Mərkəzindən bildirirlər ki, Rusiya HKQ-yə məxsus təyyarələr əyalət üzərində 30-dək uçuş keçirib və Qərbi İdlib, Latakiya dağları və Əl-Qab vadisindəki hədəflərə zərbələr endirib. Rusiya Müdafiə Nazirliyinin məlumatında isə bildirilir ki, dəqiq zərbələrlə partlayıcı anbarı və yaraqlıların pilotsuz uçuş aparatları hazırladıqları sex məhv edilib. Bununla yanaşı, Qərb KİV-də Rusiyanın Şimal Donanmasına məxsus «Marşal Ustinov» kreyserinin cənubdan və cənub-şərqdən krallığa məxsus Aktoriya aviabazasının hava məkanını nəzarətə götürdüyünə dair xəbərlər yayılıb. Söhbət Böyük Britaniyanın Kipr adasında yerləşən və apreldə Suriyaya qarşı reydlərin başlandığı hərbi bazasından gedir.
Bu arada «Marşal Ustinov» Aralıq dənizində keçirilən tarixin ən miqyaslı hərbi təlimində təlim atışları həyata keçirir. Təlimdə Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus 26 hərbi gəmi, o cümlədən 2 sualtı qayıq və 34 hərbi uçuş aparatı iştirak edir. Moskvanın iddiasına görə, sentyabrın əvvəlindən başlamış təlimlərin İdlibdəki durumla heç bir əlaqəsi yoxdur.
Təbii ki, ABŞ və müttəfiqləri İdlibdəki hərbi əməliyyatlara sərt reaksiya verib. Vaşinqton Rusiya və İranın regionda nüfuzunu artıra biləcəyindən narahatdır. Birləşmiş Ştatların prezidenti Donald Tramp bildirib ki, Suriya Ordusunun İdlibə mümkün hücumu «böyük humanitar səhv» olardı. «Bu halda yüz minlərlə insan qətlə yetirilə bilər. Buna imkan verməyin!», - deyə Tramp «Twitter» sosial şəbəksindəki səhifəsində yazıb.
CNN telekanalının Pentaqondakı mənbələrisə bildirir ki, Vaşinqton özünün Suriyanın Homs əyalətindəki Ət-Tanf hərbi bazasının taleyindən narahatdır. Səbəb Rusiyanın «ABŞ hərbçilərinin nəzarətində olan ərazidə yaraqlıların olduğu»na dair bəyanatıdır.
Məlumata görə, Amerika tərəfi Rusiyaya «ABŞ-ın bölgədəki hərbi mövcudluğuna meydan oxumamaq» xəbərdarlığı edib. Amerikalılar deyir ki, bu, ciddi qarşıdurmaya səbəb ola bilər: «Çünki ABŞ buna cavab addımları atmağa hazırdır».
Beləliklə, ABŞ ilə Rusiya yenidən mümkün hərbi qarşıdurma riski ilə üz-üzə qalıb. Halbuki Suriyadakı vəziyyətlə bağlı heç bir yenilik yoxdur - formal olaraq Rusiya və Qərb dövlətləri hələ də Suriyada kimin yaraqlı, kimin müxalifət olduğuna, kimin terrorçu sayıldığına dair razılığa gələ bilmir. Ən başlıcası isə bu qarışıqlıqda hər hansı tanınma nişanı olmayan insanların arasında dinc əhalini tanımaq və qorumaq mümkün deyil.
Türkiyənin maraqları
Yeri gəlmişkən, məsələnin humanitar tərəfi Türkiyəni İdlibdəki durumla bağlı narahat edən əsas məqamdır. Ankara yeni miqrant dalğasının başlayacağından narahatdır. BMT-nin Humanitar məsələlərin koordinasiyası idarəsinin məlumatına görə, İdlibdə hərbi əməliyyatların başlayacağı təqdirdə, Suriyanı tərk etmək məcburiyyətində qalacaq suriyalıların sayı 900 minə çata bilər. «Yeni qaçqın dalğası yaranır və onlar bizim sərhədlərimizə doğru gəlir. Bu, ciddi humanitar fəlakətlə nəticələnəcək. Onların Türkiyədən başqa üz tutacaqları yer yoxur. Lakin bizdə artıq 3,5 milyon qaçqın var. Türkiyə daha qaçqın qəbul edə bilməz», - deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə İdlibi yalnız Suriyanın gələcəyi baxımından deyil, həm də özünün təhlükəsizliyinin təmini baxımından vacib amil sayır. İdlibdən Türkiyə sərhədinə cəmi bir neçə kilometr məsafə var. Ankara Suriyada «ərazi, siyasi və sosial bütövlük təmin olunanadək» bu ölkədə qalacağını dəfələrlə bəyan edib. Səbəb regiondan gələn təhlükənin Türkiyənin milli təhlükəsizliyinə birbaşa təhdid yaratmasıdır. Ankara məhz bu üzdən «Əsəd getməlidir» fikrindən əl çəkməsə də, Əsədi dəstəkləyən İran və Rusiya ilə sıx əməkdaşlıq edir. Məhz bu səbəbdən, NATO üzvü olan Türkiyə bir yandan Əsədi diktator, hərbi cinayətkar sayan ABŞ ilə razılaşır, digər tərəfdən Vaşinqtonun kürd yaraqlılarına (Ankaranın terror saydığı) dəstəyini sərt tənqid edir.
Bütün bunlarla yanaşı, Türkiyə Suriyadan qaçqın axınının əsas zərbəsini qəbul edən tərəfdir.
Bu, sentyabrın 7-də Rusiya, Türkiyə və İran rəhbərlərinin Tehranda İdlibin durumunu müzakirə etdikləri zaman da gündəmdə olub. Ötən ilin yazında məhz bu ölkələr Astanada Suriyada təhlükəsizlik zonasının yaradılmasına dair memorandum imzalayıb. O zaman deeskalasiya zonası elan olunan İdlib əyalətinə (həmçinin Lakatiya, Hələb və Homs əyalətlərinin bəzi rayonları) nəzarət Türkiyəyə həvalə olunub. Həmin vaxt Rusiya tərəfi Suriya rejiminin İdlibdə hərbi əməliyyatlara başlamasına dəstək verməmişdisə, indi görünən odur ki, vəziyyət dəyişib. Lakin Ərdoğan Tehranda İdlibin deeskalasiya zonası statusunun qorunub saxlanması tələbini irəli sürüb. O, deyib ki, bu əyalət Bəşər Əsədin «mərhəmətinə buraxılmamalıdır» və İdlibə istənilən hücum ciddi insan tələfatı ilə bitəcək fəlakətə yol açacaq. Türkiyənin müdafiə naziri Hülusi Akar isə Suriyanın İdlib əyalətində aparılan yerüstü və hava əməliyyatlarının dərhal dayandırılmalı olduğunu söyləyib.
Görünür, məhz bunun nəticəsidr ki, Tehrandakı qızğın müzakirələrin sonunda Putin, Ruhani və Ərdoğan yekun bəyannamədə «sürüşkən» fikirlərə yer verməklə kifayətləniblər: «…Astana formatının müəyyənləşdirdiyi əməkdaşlıq ruhuna uyğun…».
Üç ölkə liderləri İdlibdəki yaraqlıları barışığa çağırıb, bu ölkədə terrorçularla problemin həllinin ümumilikdə ölkədə sülhün açarı olduğunu bəyan ediblər. Putin deyib ki, tərəflər İdlibdə sülh çağırışlarının eşidiləcəyinə ümid edir. O, silahlı qruplaşmaların nümayəndələrinin müqaviməti dayandırmağa, silahı yerə qoymağa «ağlının çatacağı»na ümidini dilə gətirib.
Bu arada Rusiya prezidentinin Suriya problemi üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentev ortaya fərqli fikir qoyub. Onun fikrincə, nə qədər ki, İdlib əyaləti Türkiyənin məsuliyyət zonasıdır, hansı qüvvənin müxalifət olduğunu da o müəyyənləşdirməlidir. Başqa sözlə, top Ankaradadır.
Hələliksə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriyanın şimalındakı müttəfiqlərinə - silahlı müxalifətə tam hərbi hazırlıq vəziyyətində olmağı tapşırıb. Hər halda, Türkiyə KİV-i belə yazır.
Bununla yanaşı, Türkiyə Suriya ilə sərhəddə zirehli texnikasını və artilleriya batareyalarını 2 dəfə artırıb, İdlibdə deeskalasiyaya nəzarətlə məşğul olan 12 məntəqəsini gücləndirib.
Təhlükəli mübahisə
Bütün bunlarla yanaşı, dinc Suriya əhalisinə kimyəvi silahdan mümkün hücum vəziyyəti daha da çətinləşdirir. Üstəlik, bu hücumun kimin tərəfindən edilə biləcəyi də dəqiq bəlli deyil. Qərb dövlətləri iddia edir ki, Suriyanın hökumət ordusunun arsenalında kimyəvi silah var. BMT-nin məlumatında da bildirilir ki, 2017-ci il aprelin 4-də İdlibin Xan-Şeyhun rayonunda hökumət qüvvələri tərəfindən əsəb sistemini iflic edən zarin maddəsindən istifadə olunub. Məhz bundan sonra, hər kəsin bildiyi kimi, koalisiyaya aid Hərbi Hava Qüvvələri əraziyə hava zərbələri endirmişdi.
Rusiya ilə İran isə terrorçuların («Həyat Təhrir əş-Şam» qruplaşmasından) kimyəvi silaha əl atmağa və sonradan bunu hökumətin boynuna qoymağa hazırlaşdığını bildirir.
Beləliklə, Suriyanın İdlib əyalətinə kimyəvi hücum ssenarisi bir sıra dövlətlərin Suriyaya qarşı «yeni təcavüz»ünə səbəb ola bilər. Hər halda, Suriyanın xarici işlər naziri Valid Muallem belə düşünür. Amerika KİV-i isə Vaşinqtondakı mənbələrə istinadən Donald Trampın öz planının olduğunu yazır: Bəşər Əsəd İdlibdə kimyəvi silaha əl atarsa, Amerika qüvvələri Suriyadakı Rusiya və İran qüvvələrinə zərbələr endirəcək.
Rusiya tərəfi əmindir ki, terrorçulara «Ağ kaskalılar» könüllülər təşkilatının əməkdaşları yardım edir. Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya da, Rusiya xarici işlər nazirinin müavinləri Oleq Sıromolotov ilə Sergey Ryabkov da dilə gətiriblər. Rusiyanın Suriyadakı qüvvələrin barışdırılması mərkəzindən isə bildirirlər ki, İdlib sakinlərindən gələn məlumata əsasən, orada qurama təxribatın çəkilişlərinə başlanılıb - yaraqlılar Cisr-Əş-Şuğura xlor əsaslı iki zəhərli maddə gətiriblər.
ABŞ bu ittihamları rədd edir, «Rusiyanın çoxsaylı iddialarına rəğmən, Suriya müxalifətinin əlində kimyəvi silahın olduğuna dair məlumata malik olmadığını» bildirir. Bunu Pentaqon rəhbəri Ceyms Mettis də dilə gətirib. ABŞ Dövlət Departamentinin rəsmisi Xezer Nauert isə «Ağ kaskalılar»ın müdafiəsinə belə qalxıb. «Əsəd rejimi ilə Rusiya geniş dezinformasiya kampaniyası çərçivəsində «Ağ kaskalılar»a qarşı saxta ittihamlar səsləndirir və bununla da, könüllüləri ciddi risklə üz-üzə qoyur… ABŞ və beynəlxalq birlik isə onlara dəstəyi davam etdirir», - deyə o, bildirib.
«İdilliya»nın sonu?
Bütün bu ziddiyyətlər Günəş şüşənin şüasını əks etdirdiyi kimi, İdlibdə özünü göstərir. Məsələ, sadəcə, ondadır ki, ABŞ ilə Rusiya nə qədər dərinə getməyə hazırdır? Axı, miqyaslı münaqişə və aşkar toqquşma nəticəsində mütləq qalib olmayacaq. Rusiyaya İdlibdə əməliyyatlara başlamaq lazım deyil. Çünki bu, ictimaiyyət arasında populyarlıq qazanmayacaq. Regionda Moskvanın hərbi imkanlarının məhdud olduğunu nəzərə alsaq, fiziki və maddi itkilərə də hazır olmaq lazım gələcək.
ABŞ, öz növbəsində, bir çox problemin həllilə məşğuldur (o cümlədən İraq, Əfqanıstan, İsrailin təhlükəsizliyi və s.). Üstəlik, ölkədə daxili siyasi parçalanma var.
Avropaya gəlincə, o, ilk növbədə, yeni qaçqın dalğası arzulamır. Münaqişə genişlənərsə, bu, qaçılmaz olacaq.
Beləliklə, Suriyada müharibənin proksi üslubunda getməsi, yaraqlılarla hökumətin savaşı, dinc insanların müdafiəsi, Suriya dövlətçiliyinin bərpası kimi fikirlərin onu pərdələməsi hər kəsi qane edir. Problem ondadır ki, İdlib yarasının deşilməsi bu «idilliya»nı alt-üst edə bilər.
MƏSLƏHƏT GÖR: