Müəllif: Nigar ABBASOVA
Sentyabr ayı Azərbaycanın neft sənayesi işçiləri üçün ənənəvi olaraq peşə bayramı - Neftçi günü və "Əsrin müqaviləsi"nin imzalanmasının ildönümü ilə yadda qalandır. Bu il də sentyabr ayının gəlməsi ilə elə bir xüsusi sürpriz gözlənilmirdi, lakin aydın oldu ki, payız yalnız havası ilə heyrətləndirməkdə qalmır.
Sentyabrın 23-də OPEK+ nazirlərinin monitorinq komitəsinin Əlcəzairdə keçirilən iclasında bu ilin iyun ayında əldə edilmiş razılaşmaya (günlük hasilatı 1 milyon barel artırma anlaşmasına) riayət etməyi qərara aldı, istehsalın daha da artırılması qərarı isə olmadı. Eyni zamanda ölkələrarası kvotalar da bölüşdürülmədi.
Barel üzrə 100 $ gözlənilir
Komitənin qərarı elə ertəsi gün neft qiymətlərinin kəskin artmasına səbəb oldu. «Brent» markalı xam neftin qiyməti bir barel üçün 80,60 dollara yüksəldi. İndi ABŞ-ın sanksiyaları üzündən İranın dünya bazarına çıxaracağı neftin azaldacağı üzrə optimist tələb və gözlənti üzrə proqnozlar bir barel üçün 81 $-ı keçir.
Vəziyyətin bu cür inkişafı qiymətlərin 2014-cü ilin noyabr səviyyəsinə qayıdacağı ilə bağlı ehtimallar yaratmaya bilməzdi. Dünyada neft qiymətlərinin 100 dollar/barel səviyyəsini bərpa edəcəyi mövzusunda ilk daşınan neft treyderləri «Trafigura» və «Mercuria» oldular.
Belə ki, «Mercuria Energy Group Ltd.»nin həmtəsisçisi Daniel Yeqqinin fikrinə görə, 2018-ci ilin dördüncü rübündə neftin barel üzrə qiyməti 100 dollardan çox ola bilər. Ekspertin sözlərinə görə, «bazarda gündə 2 milyon barel İran neftinin əvəzlənməsi üçün elə də çox imkanlar mövcud deyil, bu həcm ABŞ sanksiyalarının ikinci mərhələsi nəticəsində itirə bilər».
«Trafigura» isə gözləyir ki, Milad bayramına neftin qiyməti, təxminən, 90 dollar olacaq və 2019-cu ilin əvvəlində bu, barel üzrə 100 dollara çatacaq. Bu barədə neft treydinq şirkətinin rəhbəri Ben Lukok bildirib.
«Bank of America Merrill Lynch» də «Brent» markalı xam neftin qiymətinin 2019-cu il üzrə proqnozunu yenidən nəzərdən keçirərək, əvvəllər barel üzrə gözlənilən 75 dollardan 80 dollara yüksəldib. Əvvəlki qiymətləndirmələrdə bankın analitikləri gözləyirdilər ki, İranın neft ixracı gündə 500 min barel azalacaq, hazırda isə ABŞ-ın daha aqressiv mövqeyi ilə əlaqədar olaraq itkilərin 1 milyon barelə bərabər olacağı təxmin edilir. Ekspertlər, «Brent» üçün qiymət proqnozunu gələn ilin ikinci rübünün sonu üzrə barel üçün 90 dollardan 95 dollara qədər artırıblar.
OPEK+ monitorinq komitəsinin növbəti iclası noyabrın 11-də Əbu Dabi şəhərində, OPEK ölkələrinin nazirlər toplantısı Vyanada dekabrın 6-da və OPEK+ ölkələrininki, dekabrın 7-də keçiriləcək. Bu görüşlərdən heç bir sürpriz gözlənilmir. Belə görünür ki, dekabr ayında tərəflər neft hasilatını "dondurmaq" əməliyyatının bitməsi barədə hələ 2016-cı ilin dekabrında əldə edilmiş qərarı açıqlayacaqlar, həmçinin OPEK və OPEK + ölkələri arasında yeni formatda əməkdaşlığın davam etdiriləcəyni bildirəcəklər.
Dünya mətbuatının məlumatlarına inanılarsa, əməkdaşlığın yeni formatına dair sənəd layihəsi hazırdır. Rusiya və Səudiyyə Ərəbistanı yeni müqavilənin lideri olmağa ümidlidirlər və gözləyirlər ki, dekabr ayında OPEK+ ölkələri, həmçinin yeni potensial iştirakçılar qarşılıqlı əlaqə formatını razılaşdıracaqlar və 2019-cu ildən bu mexanizm işə başlayacaq.
Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih də gələn il neft hasilatında azaltma siyasətinə qayıtma ehtimalı olduğunu açıqlayıb. "2019-cu ildə təklif artıqlığı gözləyirik, azaltmaya dönməyə məcbur olacağıq. Ümid edirəm ki, 2019-cu ildə biz bazarı idarə etmək, çatışmazlıq və təklif artıqlığı vəziyyəti yaratmamaq üçün hər hansı bir formada neft hasilatının azalması ilə bağlı razılıq əldə edəcəyik. Biz indi çox komfortlu bir tələb səviyyəsi və OPEK+-la əməkdaşlığa dair bəyannamənin öz işini gördüyünü müşahidə edirik, lakin biz önümüzdəki illərdə nə edəcəyimiz barədə düşünməliyik", - deyə əl-Falih vurğulayıb.
Yeri gəlmişkən, OPEK və OPEK+ razılaşmasının aktiv iştirakçılardan biri olan Azərbaycan neft bazarında vəziyyətin daha da tənzimlənməsi üçün davamlı əməkdaşlığın tərəfdarıdır. Bununla bağlı, çıxış edən enerji naziri Pərviz Şahbazov bildirib ki, "dondurmaq" haqqında saziş neft bazarında titrəmələrin azalmasına gətirib çıxardı, lakin OPEK+-un göstərdiyi səylər dayandırılmamalıdır.
"Qiymətlərin barel başına 80 dollara yüksəlməsinə baxmayaraq, neft bazarında vəziyyət hələ tam sabitləşməyib. Avropa İttifaqı, ABŞ və Çin iqtisadiyyatlarının artması neftə tələbatın artmasına səbəb olub, bu da qiymətlərə təsir göstərir ", - deyə P. Şahbazov bildirib.
Sürprizli «Qobustan»
Azərbaycanın dünya neft istehsalına töhfəsi həcmcə böyük deyil və neft bazarına əhəmiyyətli təsir göstərə bilmir, amma OPEK ilə əməkdaşlıq çərçivəsində Bakının göstərdiyi səylər diqqətdən qaçmır. Bunun nəticəsi kimi gələn il Bakıda OPEK+ nazirləri monitorinq komitəsinin iclaslarından birinin keçirilməsi qərara alınıb.
Yeri gəlmişkən, ölkədə neft hasilatı həcmlərinin təbii azalması gələcəkdə bir qədər yavaşıya bilər, çünki xarici şirkətlər getdikcə yeni layihələrə maraq göstərirlər. Belə ki, dünya neft istehsalının liderlərindən biri olan
BP şirkətinin ölkənin quru yataqlarından birinin işlənməsi layihəsinə daxil olma qərarı sürpriz oldu. İndiyə qədər Britaniya şirkəti diqqətini yalnız Xəzər dənizinin Azərbaycan sektorundakı dəniz yataqlarının kəşfiyyatına və işlənməsinə yönəltmişdi.
BP-nin Cənub-Qərbi Qobustan (CQQ) quru blokunun işlənməsi üzrə hasilatın pay bölgüsü sazişinin (PSA) səhmlərinin 61%-ni əldə etməsi barədə rəsmi məlumat bu ilin sentyabr ayında açıqlanıb. Satıcı rolunda Kanadanın «Commonwealth Gobustan Limited» şirkəti çıxış edib (Britaniyanın «Arawak Energy» şirkətinin 100%-lik törəmə şirkətidir və «Vitol Group»a daxildir).
SOCAR tərəfindən dəstəklənən saziş çərçivəsində BP blokun potensialını qiymətləndirmək üçün bir kəşfiyyat quyusunun qazma operatoru kimi çıxış edəcək. Şirkət 2019-cu ilin ikinci yarısının başlanğıcında qazma əməliyyatlarına başlamağı planlaşdırır.
Ümumi sahəsi 600 kv.km olan Cənub-Qərbi Qobustan bloku Bakıdan 50 km-lik məsafədə yerləşən 13 yatağı və işlənməmiş strukturları əhatə edir. Bu blokun bərpası və işlənməsi üzrə müqavilə 1998-ci il 2 iyun tarixində Bakıda imzalanıb. İndiki anlaşmadan öncə tərəflərin PSA-ya payı aşağıdakı şəkildə paylanmışdı: SOCAR (20%) və «Commonwealth Gobustan Limited» (80%).
Təəssüf ki, blokun cari istehsal həcmi barədə heç bir məlumat yoxdur. Açıq mənbələrdə olan məlumatlarda göstərilir ki, CQQ blokundakı sübut edilmiş neft ehtiyatları 15,8 milyon barel, qaz ehtiyatları isə 214,6 milyon kub fut qiymətləndirilir. Ümumi (sübut edilmiş və mümkün) ehtiyatlar 66,6 milyon barel neft və 412,9 milyon kub fut qazdır.
«Vitol»un saytında göstərilir ki, CQQ-nin karbohidrogen ehtiyatları əsasən pliosen, oliqosen və miosen dövrlərinə aid qum daşlarında yerləşir. Karbohidrogen ehtiyatlarının aşkarlanması üzrə əlavə potensial daha dərində yerləşən əhəng və yura çöküntülərində mövcuddur. Bu, qismən BP-nin seçimini izah edir. Hər halda, şirkət öz layihəsinin müvəffəqiyyətinə güvənmədən riskə getməzdi.
Britaniya şirkətinin gəlməsi yalnız Cənub-Qərbi Qobustan layihəsi çərçivəsində cari fəaliyyətin güclənməsi ilə qalmayacaq, həmçinin kəşfiyyat qazma işlərinin uğurlu nəticələnməsi halında əməliyyatların həcmini önəmli dərəcədə genişləndirə bilər. "İşlər uğurlu olsa, biz inkişaf planını razılaşdırarıq və gələcək fəaliyyətimizi açıqlayarıq ", - «NewsBase Intelligence» nəşri BP-nin Londondakı mətbuat xidmətinin məlumatını dərc edib.
Bu layihənin Azərbaycan üçün əhəmiyyətini qiymətləndirmək çətindir, çünki ölkədə ümumi neft hasilatına onun töhfəsi cüzidir. Lakin CQQ blokunda yeni neft ehtiyatlarının aşkar edilməsi ümumi neftin hasilatı prosesinin sabitləşdirilməsi ümumi işində müsbət rol oynaya bilər.
Dənizdə əlavə işlənmə
Ümumiyyətlə, Azərbaycanın quru hissəsi neft axtarışı üçün daha perspektivli hesab olunur, çünki dənizdə edilən son kəşflər qaz ehtiyatları ilə bağlıdır. Ona görə də, hazırda SOCAR xarici şirkətlərlə birgə qurudakı Mezozoy çöküntülərində neft yataqlarını axtarır.
Buna baxmayaraq, hökumətin neft hasilatını sabitləşdirmək üçün əsas planları «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqları blokunun əlavə işlənməsi ilə bağlıdır. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda ildən-ilə hasilat həcmlərinin sabit azalması müşahidə edilir (cədvəl) və hasilat şirkətlərinin (SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) əsas vəzifəsi onu sabit səviyyədə cilovlamaqdır.
Bəllidir ki, SOCAR 2017-ci ilin sentyabrında AÇG üzrə xarici tərəfdaşlarla birlikdə 2050-ci ilə qədər olan müddət bu blokun inkişafı üçün yeni müqavilə imzalayıb. Yeni razılaşma çərçivəsində yatırılacaq sərmayələr 2017-2049-cu illər üzrə 43 milyard dollar səviyyəsində qiymətləndirilir. Layihənin məqsədi əlavə həcmli neft hesabına mövcud istehsal dövrünü uzatmaqdır.
Müqavilənin imzalanmasından bu yana ötən bir il üzrə «Mərkəzi Şərqi Azəri» (MŞA) adı verilmiş layihənin yetərincə aydın təsviri ortaya çıxıb. Bu layihə "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsinin növbəti mərhələsidir və zirvədə hasilatın gündəlik 100 min barel neftə və 350 min kub fut təbii qaza çatdırılmasına yönəlib. Bu məqsədlə dənizin 137 m dərinliyində yeni "Mərkəzi-Şərqi Azəri" qazma platforması və üzərində həmçinin yaşayış bloku tikiləcək.
Platformanın dayaq blokunun və üst modullarının, həmçinin sualtı infrastrukturun bir hissəsinin tikintisi Azərbaycanda gerçəkləşdiriləcək. 2019-cu ilin birinci rübünün sonunadək BP obyektlərin tikintisi üçün podratçıların seçilməsi üçün tenderləri başa çatdırmaq niyyətindədir, dördüncü rübdə isə dənizdəki platformanın yerləşdirməsinə qədər altı qabaqlayıcı quyunun qazılması proqramına başlayacaq. Şirkətin hesablamalarına görə, bu, neft hasilatı prosesini sürətləndirəcək. Qabaqlayıcı qazma proqramı 12 ay davam edəcək.
2023-cü ilin ikinci rübündə MŞA platforması ilə qabaqlayıcı quyuları birləşdirdikdən sonra qazma artıq birbaşa platformadan başlayacaq. Ümumilikdə, MŞA layihəsi çərçivəsində ən çoxu 26 istismar, 5 su vurma və 7 qaz doldurma quyusunun, 2 ədəd şlam çöküntülərinin yenidən laylara qaytarılması üçün quyunun qazılması nəzərdə tutur. BP «Mərkəzi-Şərqi Azəri» layihəsi çərçivəsində ilk neftin alınmasını 2023-cü ilin əvvəllərinə gözləyir və 2024-cü ildə pik hasilata çıxılacağı düşünülür. Hökumətin təxminlərinə görə, 2050-ci ilədək AÇG blokundan 500 milyon tondan artıq neft çıxarılacaq və Azərbaycanın gəlirləri, təxminən, 200 milyard dollar təşkil edəcək.
Bir sözlə, ehtiyatlar üzrə proqnozlar nəzərə alınarsa və Azərbaycanda neft sənayesinin potensialı qiymətləndirilərsə, ölkəmiz üçün neft erasının dövrünün belə tez başa çatmayacağını cürətlə söyləyə bilərik. Ancaq bu, rahatlaşmaq üçün səbəb ola bilməz, çünki neft bazarı böhrandan sığortalanmayıb. Yüksək neft kvotaları yalnız dövlət xəzinəsini artırmağa yox, həm də milli iqtisadiyyatın tam şaxələndirilməsi üçün bir fürsət kimi xidmət etməlidir. Həqiqətən, təcrübə göstərir ki, "uçuş" tamamilə gözlənilməz qırıla bilər və bu, istənilən neft ölkəsi üçün əhəmiyyətli dərəcədə ağrılı ola bilər.
MƏSLƏHƏT GÖR: