23 Noyabr 2024

Şənbə, 21:46

KREDİT TARİXÇƏSİ

Ölkədə aparılan islahatların fonunda Azərbaycanın bank sektorunun «donu açılır»

Müəllif:

01.12.2018

Azərbaycanın bank sektoru üç il əvvəl neftin kəskin ucuzlaşması və nəticədə milli valyutanın dəyərdən düşməsindən sonra yaranmış bütün çətinlikləri demək olar ki, geridə qoyub.

Dövlətin post-neft islahatlarını sürətləndirməsi sayəsində banklar yeni müasir məhsulların və texnologiyaların inkişafına getdikcə daha çox diqqət ayırmağa başladılar. Bir tərəfdən bu yeniliklər sektorun öz ayaqları üstə daha möhkəm dayanmasına, digər tərəfdən isə müştərilərin sarsılmış etibarını bərpa etməyə kömək edir. Bununla yanaşı, dövlət bank və real sektorlar arasında daha sıx "ünsiyyət" yaratmaqda maraqlıdır. Axı, iqtisadi "ailənin" bu önəmli üzvləri arasında mehribanlıq dərəcəsi "evdəki ab hava"dan çox asılıdır.

 

Pul çox da olarmış

Real iqtisadiyyatın kreditləşdirməsində bank sektorunun payının artırılması – bu, bəlkə də, bu gün həm bazar iştirakçıları, həm də hökumətin qarşısında duran əsas problem və hədəfdir. Sirr deyil ki, 2015-ci ilin devalvasiyasından sonra banklar kreditlərin verilməsində son dərəcə ehtiyatlı olmağa başladılar və borcalanlar üçün tələbləri sərtləşdirdilər. Amma bunun nəticəsində banklarda artıq likvidlik, yəni bu gün artıq 5 milyard manata çatan sərbəst vəsaitlərin yığılmasına gətirib çıxardı. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, artıq 2018-ci ildə Azərbaycan iqtisadiyyatında pul kütləsi 8%-dən çox artıb. Yəni paradoksal bir vəziyyət yaranıb - iqtisadiyyat maliyyə qıtlığından deyil, sərbəst vəsaitlərin istifadə olunmamasından çətinlik çəkir.

Biznesin əsaslarından az-çox başı çıxanlar bilir ki, mənfəətin müəyyən bir hissəsi mütləq təkrar yatırıma yönəldilməlidir, əks halda bu mənfəətin özü də yoxa çıxacaq. Təbii ki, bunu banklar da bilirlər. Lakin buna baxmayaraq sərbəst vəsaitlərini özlərinin əsas funksiyası olan kreditləşdirməyə deyil, E.Rüstəmovun qeyd etdiyi kimi, qiymətli kağızların alınmasına yönəldirlər.

İfrat likvidlik problemi bir neçə yolla həll edilməlidir. Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev bildirib ki, hazırda banklar sərbəst pullarının çoxunu xarici valyuta ilə saxlayırlar. Əgər kredit verirlərsə də, əsasən dollarla verirlər, nəticədə, artıq manat kütləsi yaranır.

"Problemdən çıxış yolu banklardan toplanmış dollarların manata çevrilməsi və ya manatla svop əməliyyatlarıdır ", - deyə o bildirib.

Digər tərəfdən banklara "kredit xofunu" aradan qaldırmaqda kömək etmək lazımdır. Yəni qapalı bir çevrə yaranıb - əhali banklara güvənmir və onlara depozit qoymur, banklar əhaliyə etibar etmir və kredit vermir. Bu məsələni inzibati üsullarla həll etmək mümkün deyil: banklar özəl biznesdir və iş strategiyalarını özləri düşünürlər. Amma bu prosesi stimullaşdırmaq olar.

Nəzəri olaraq, bu il AMB-nin uçot dərəcəsinin əhəmiyyətli dərəcədə azaldılması - 15%-dən 9,75%-ə qədər salınması bankları "tərpədə" bilərdi. Lakin təəssüf ki, bu baş vermədi. Buna görə, kredit dövriyyəsi üzrə qərarlar qəbul edilərkən sektora risklər baxımından kömək edilməlidir. Axı, nəticədə, onlarda yaranmış xofun əsas səbəbi problemli kreditlərin həcmi və onların artması perspektivi ilə bağlıdır.

Bu baxımdan, aparıcı rol bu ilin əvvəlində yaradılan ilk Azərbaycan Kredit Bürosuna verilib.

 

Borclular bürosu

«Azərbaycan Kredit Bürosu» (AKB) MMC-nin yaradılması Azərbaycanın Dünya Bankı tərəfindən hazırlanmış "Doing Business" hesabatında "kredit almaq" indikatoruna görə 125-ci yerdən 22-ci yerə kimi qalxmasına səbəb olan əsas amillərdən biridir.

Qeyd edək ki, bu komponentdə iki alt bənd var: kredit məlumatı indeksi və kredit hüququ indeksi. Hər iki kateqoriyada da qanunvericilik bazasının yaxşılaşdırılması və yeni institutların yaradılması hesabına önəmli irəliləyişlər əldə edilib.

AKB-nin baş direktoru Elçin Həbibovun qeyd etdiyi kimi, reyestrdə 2,9 milyon vətəndaş, o cümlədən cari kredit borcları barədə məlumatlar toplanıb. Onun sözlərinə görə, bank bazarında getdikcə bir qədər dirçəliş müşahidə olunur ki, bunun hesabına artıq kredit borclanmalarında da artım meyli görünür və bu daha da inkişaf edəcək. Bununla bağlı, borcların ümumi həcmində problemli kreditlərin payı azalır. "Bundan başqa, Azərbaycan bankları kreditlərin verilməsinin anderaytinq (itkilərdən sığortalanma) rəqəmsallaşdırılmasına ciddi sərmayələr qoymağa başlayıblar və mən düşünürəm ki, proses bu istiqamətdə gedəcək", - deyə E.Həbibov vurğulayıb.

Nəticədə, bu, kreditlərin dəyərinin azaldılmasında və uyğun olaraq faiz dərəcələrinin azaldılmasında müsbət rol oynayacaq. AKB-nin yaradılması məqsədlərindən biri də borcalan haqqında məlumat toplama xərcinin azaldılması, bununla kreditin dəyərinə təsir etməkdir. Yeri gəlmişkən, bank kreditlərinin tarixçəsi haqqında məlumatlarla yanaşı, büro banklara potensial borcalanın kommunal xidmətlərə görə və həm də mobil rabitə üçün ödənişləri barədə məlumat vermək imkanına malikdir.

"2019-cu ildə biz büronun işini yeni IT platforma üzərinə köçürəcəyik, bundan sonra büronun işi önəmli dərəcədə təkmilləşəcək. Həm də strukturumuz tərəfindən göstərilən xidmətlərin sayını artırmaq niyyətindəyik", - E.Həbibov qeyd edib ki, inkişaf etmiş ölkələrdə kredit bürosu iqtisadi inkişafın önəmli komponentlərindən biridir.

Beləliklə, bir tərəfdən AKB-nin yaradılması borcalanın məsuliyyətinin artırılması, digər tərəfdən bank risklərinin azaldılmasına yönəlib. Lakin yuxarıda qeyd edildiyi kimi, real olaraq bu qurum bir neçə ay əvvəl fəaliyyət göstərməyə başlayıb, ona görə də bu addımın kreditlərin verilməsi ilə bağlı statistikaya praktik təsirini ən yaxşı halda yalnız gələn ilə qədər gözləmək lazımdır.

 

Nağdsız leqallaşdırma

Bununla yanaşı, bankların kredit fəaliyyətinin artması və onların real sektorda iştirakı üçün başlıca stimul kimi ənənəvi olaraq iqtisadiyyat və biznesin özü qalır. Bu mənada, vergi sahəsində əksəriyyəti sahibkarlığın inkişafına və kölgə iqtisadiyyatının leqallaşdırılmasına yönəlmiş inqilabi dəyişikliklər əsas rol oynayır. Sirr deyil ki, banklar son vaxtlar istehlak kreditləşməsinin payının azalmasından "əziyyət çəkir" ki, bunun əsas səbəbi potensial borcalanın real gəlirlərinin vergi xidmətindən gizləməsidir.

Bu problemi həll etmək üçün fiskal islahatlarla yanaşı, iqtisadiyyatda nağdsız ödənişlərin payını artırmaq üçün ciddi addımlar atılır ki, bu, proses iştirakçılarını maliyyə əməliyyatlarını «ağartmağa» məcbur edir.

Beləliklə, Mərkəzi Bank gözləyir ki, 2021-ci ilədək ölkədə nağd əməliyyatların həcmi 74%-dən 40%-dək azalacaq. Bankın sədr müavini Alim Quliyev III Beynəlxalq Bank Forumunda bildirib ki, orta hesabla, hər il nağdsız ödənişlərin həcmi 7% artacaq.

Z.Nuriyevin fikrincə isə, rəqəmsallaşdırma Azərbaycanın bank sisteminin hərəkətvericilərindən biri ola bilər, çünki əmanətçilər və banklar arasında inamın artırılmasına imkan yaradar və sektorda şəffaflığı təmin edə bilər. ABA-nın rəhbəri qeyd edib ki, 2012-2017-ci illərdə banklar maliyyə texnologiyalarının tətbiqi üzrə, təxminən, 310 milyon manat xərcləyiblər. "Rəqəmsallaşdırma banklardan böyük sərmayələr tələb edir. Ancaq qeyd etmək lazımdır ki, bunun nəticəsində banklar orta müddətdə böyük gəlirlər əldə edəcəklər. Bu ilin sonuna qədər bu göstərici 255 milyard manata çatacaq", - deyə Nuriyev vurğulayıb.

Bununla yanaşı, hələ ki, 2018-ci ilin ilk 9 ayında cari hesablardan aparılan bütün əməliyyatların yalnız 25%-i elektron əməliyyatların payına düşür. Ancaq nəzərə alsaq ki, keçən ilin müvafiq dövrünə nisbətən onların sayı 3,3 dəfə artıb, onda bankların rəqəmsallaşmasının inkişafının sürətlə davam etdiyi aydın olar. Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışovun sözlərinə görə, artıq Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 24-də internet-bankinq sistemi fəaliyyət göstərir, 25 bank isə mobil-bankinq sisteminə qoşulub.

Bank sektorunda inkişaf etmək və problemləri aradan qaldırmaq arzusuna uyğun olaraq tənzimləyici qurumlar bu istəkləri dəstəkləmək üçün hazırdırlar, hökumət isə iqtisadiyyatda sabitlik olacağına zəmanət verir. Bütün bunlar nəticədə bank sektoru ilə real sektor arasında soyumuş "hissləri" yenidən "tərpədə" bilər.


MƏSLƏHƏT GÖR:

373