26 Noyabr 2024

Çərşənbə axşamı, 00:48

SON MƏŞQ

Gürcüstanda keçirilmiş prezident seçkisinin nəticəsindən hansı qənaətə gəlmək olar?

Müəllif:

01.12.2018

Gürcüstanda prezident seçkisinin ikinci turu Salome Zurabişvilinin qələbəsilə başa çatıb (səslərin 59,54%-i və ya seçicilərin 1,1 milyondan çoxunun dəstəyi). Hakim partiyanın da dəstəklədiyi bu müstəqil namizəd Gürcüstanın tarixinə ilk qadın prezident kimi düşüb. Onun rəqibi, müxalifətçi «Güc və birlik» hərəkatının təmsilçisi Qriqol Vaşadze isə ikinci turda 40,46% (təxminən, 780 min nəfər) səs yığıb. Gürcüstanın parlament üsul-idarəsinə keçməsinə baxmayaraq, prezident seçkisi keçid hadisəsi olmayıb. Əksinə, o, dünya KİV-nin diqqətini kifayət qədər cəlb edə bilib. Məsələ ondadır ki, dövlət başçısı postuna seçki istər Gürcüstan daxilində, istərsə də xaricdə 2020-ci ildə təşkil olunacaq parlament seçkisinə son məşq kimi dəyərləndirilirdi. Ölkənin gələcək taleyini məhz həmin seçkinin nəticəsi müəyyənləşdirəcək.

Prezident seçkisində intriqanı artıran daha bir məqam mübarizənin əslində Zurabişvili ilə Vaşadze arasında deyil, daha çox milyonçu və sabiq baş nazir, hakim partiyanın yaradıcısı və sponsoru Bidzina İvanişvili ilə sabiq prezident, «Vahid Milli Hərəkat»ın (VMH) arxasında dayanmış, vətənə qayıtmaq arzusunu ifadə etmiş Mixail Saakaşvili arasında getməsində idi.

«Gürcü arzusu» son zamanlar reytinqini bir qədər itirmişdi və artıq onu əhalinin əksəriyyəti dəstəkləmirdi. VMH isə kifayət qədər sabit reytinq nümayiş etdirir. İctimai rəyin öyrənilməsi (IRI-nin sifarişi ilə) nəticəsində məlum olmuşdu ki, ölkədə parlament seçkisi bu ilin mayında keçirilsəydi, hakim partiya yalnız 27, müxalifətçi VMH isə 17% səs yığardı. Hakim partiya üçün ən yaxın rəqibi ilə 10%-lik fərq narahatlıq verici amildir. Eyni sorğu daha bir təhlükəli tendensiyanı üzə çıxarmışdı – Gürcüstan vətəndaşlarının əksəriyyəti (30%-dək) faktiki olaraq, siyasi qüvvələrin heç birini dəstəkləmirdi.

Seçki günü sorğunun nəticələrinin həqiqətə çox yaxın olduğu üzə çıxıb. Çoxları Zurabişvilinin ilk turdaca qələbə qazanacağını düşünsə də, yarış iki namizəd arasında cəmi 1%-lik səs fərqilə (38,6%-ə qarşı 37,7%) başa çatıb. Üstəlik, ilk turda üçüncü yeri tutmuş «Avropa Gürcüstanı» partiyasının üzvü David Bakradze tərəfdarlarını ikinci turda Vaşadzeyə səs verməyə çağırmışdı. Bu, əlbəttə ki, hakim partiyanın vəziyyətini bir qədər də çətinləşdirirdi. Bu, hakimiyyət üçün sanki bir silkələnmə səbəbi, bəlkə də, şok idi.

Hakim partiya formal olaraq seçkiyə öz namizədilə qatılmamış və bunu «maksimum plüralizmin təmini üçün» etdiyini bildirmişdi. Lakin o, Zurabişviliyə o qədər aşkar dəstək verirdi ki, onun kimin namizədi olduğuna heç kəsdə şübhə qalmamışdı. İkinci tura isə hakim partiya bütün resurslarını maksimum səfərbər etmişdi. Nəticədə, «Gürcü arzusu» seçkini planlaşdırdığı qədər asan olmasa da, yenə də qələbə ilə başa vura bildi.

Yeri gəlmişkən, müxalifətçilərin sabiq prezidentin ikrah oyadan namizədinə dəstək verməklə səhv etdiyinə dair də fikirlər var. Saakaşvili Gürcüstanı ikinci prezidentlik dövrünün başa çatmasından sonra tərk edib və Gürcüstan vətəndaşlığı aldıqdan sonra Gürcüstan vətəndaşlığından məhrum edilib. Onun Ukraynada qurduğu siyasi karyera isə üçün sürməyib və ciddi qalmaqallardan sonra Saakaşvili Ukrayna vətəndaşlığından da məhrum olunub. Odur ki, Vaşadzenin qələbəsi keçmiş hakimiyyətin revanşı olardı və bu, vətənində maliyyə cinayətlərində, hakimiyyətdən sui-istifadədə günahlandırılan Saakaşvili vətənə qayıtmaq və bəlkə də, adını təmizə çıxarmaq imkanı qazanardı. Görünür, elektoratın bir hissəsi məhz bundan ciddi narahat olub.

Bundan sonra, yəqin ki, hakimiyyətə Saakaşvilinin dövründə gəlmiş insanların tədricən hakimiyyət strukturlarından təmizlənməsinə başlanılacaq. Hakim partiya buna 2020-ci ildə keçiriləcək parlament seçkisində arzulanmaz sürprizlərlə qarşılaşmaması üçün gedəcək. Bununla yanaşı, Saakaşvili və onun adamları, əlbəttə ki, inqilabçı keçmişlərini yada salmağa çalışırlar. Məsələn, Vaşadzenin tərəfdarları prezident seçkisinin ikinci turunda çoxsaylı qanun pozuntularına yol verildiyini bəyan edərək, səsvermənin nəticəsini tanımayıblar. Onlar deyir ki, indi «Gürcüstanın prezidenti yoxdur». Vaşadze Gürcüstan vətəndaşlarını növbədənkənar parlament seçkisinin keçirilməsi tələbilə küçələrə çıxmağa belə, çağırıb. «…Biz kütləvi itaətsizliyə keçirik. …Müxalifət birləşib və parçalanmaq fikrində deyilik. Hər şey hələ indi başlayır», - deyə o, nömrəmizin çapa hazırlandığı saatlarda verdiyi bəyanatda bildirib.

Amma görünən odur ki, Gürcüstanda aranın qarışmasını heç kəs istəmir – xalqın küçələrə axışması, şübhəsiz ki, ölkənin sabitliyinə və iqtisadiyyatına, eyni zamanda siyasi hədəflərinə satmasına müsbət təsir göstərməyəcək. Bu ssenarini xüsusilə Gürcüstan əhalisi arzulamır. Onlar son illərdə kifayət qədər etiraz aksiyası görüblər və inqilabın tələblərinin heç də hamısının reallıqda əksini tapmadığını bilirlər. Qərbdən olan müşahidəçilər də məhz bu səbəbdən seçkilə bağlı müəyyən tənqidlər səsləndirsələr də, ümumilikdə onun nəticəsini tanıyıblar. Onlar qüsur kimi hökumətin seçkiyə bir neçə gün qalmış 600 mindən çox insanın banklara olan borcunu silməsini göstəriblər.

İndi diqqətlər yeni seçilmiş prezidentə yönəlib. Zurabişvilinin səlahiyyətlərinə, ilk növbədə, xaricdə ölkəsini formal olaraq təmsil etmək daxildir və bu işdə o, kifayət qədər təcrübəyə malikdir. Bunadək Fransa vətəndaşı olmuş siyasətçi uzun illər Fransa Xarici İşlər Nazirliyində çalışıb, daha sonra ölkəsini İtaliyada və BMT-nin ABŞ-da yerləşən mənzil-qərargahında təmsil edib. Zurabişvilinin məhz avropalı keçmişi ekspertlərin Tbilisinin bundan sonra Aİ-yə, yoxsa ABŞ-a daha yaxın olacağı haqda düşünməsinə yol açıb. Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra amerikalılarla avropalılar arasında yaranmış fikir ayrılıqlarını nəzərə alsaq, bu, əlbəttə ki, maraqlı sualdır. Yeri gəlmişkən, Zurabişvili artıq prezident kimi ilk səfərlərini Brüssel, Berlin, Paris və Baltikyanı ölkələrə edəcəyini bildirib. Amma bundan sonra Tbilisinin Vaşinqtona, yoxsa Brüsselə daha yaxın olacağı o qədər də önəmli deyil. Əsas odur ki, ölkənin qərbpərəst xarici siyasəti dəyişməyəcək.

«Bu 6 il Avropaya, Avropa İttifaqına, NATO-ya inteqrasiya yolu ilə gedən Gürcüstan üçün çox vacib olacaq. Biz Qərbik! Biz Avropayıq! Biz avropalıyıq!», - deyə yeni prezident BBC-yə müsahibəsində bildirib.

Vaxtilə az qala rusiyapərəstlikdə ittiham olunmuş Zurabişvili elə həmin müsahibəsində açıq şəkildə bildirib ki, «hazırda Rusiya ilə əməkdaşlıq üçün çox da uyğun vaxt deyil». Bununla da, o, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin sözlərinə qiyabi cavab verib. Karasin demişdi ki, Moskva Gürcüstanda keçirilmiş prezident seçkisinin nəticələrinin iki ölkə münasibətlərinin normallaşmasına yardım göstərəcəyinə ümid edir.

Hər halda, Gürcüstan-Rusiya münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyini zaman göstərəcək. Tarix isə göstərir ki, seçkiqabağı vədlərin, bəyanatların qələbədən dərhal sonra şəklini siyasi və iqtisadi reallıqlara uyğun olaraq dəyişməsi hallarına az rast gəlinmir. Ola bilsin ki, bunu artıq Salome Zurabişvili də özündə hiss edib. Hər halda, onun bəzi düşünülməmiş bəyanatları nəinki Gürcüstanda, həm də Türkiyə və Azərbaycanda narazılığa səbəb olmuşdu. Söhbət xanım siyasətçinin erməni əsilli seçicilərlə seçkidən öncə keçirdiyi görüşdə türklərlə (daha doğrusu, Türkiyədən olan etnik gürcülərlə) erməniləri qarşı-qarşıya qoymuş bəyanatından gedir. O, Gürcüstan vətəndaşlığının verilməsi məsələsində sonunculara üstünlük vəd etmişdi. Əksər siyasətçi və ictimai xadimin fikrincə, Zurabişvili bununla regionun ən ağrılı yerlərindən birinin üzərinə basıb və bu da yeri gəlmişkən, onun Gürcüstan azərbaycanlılarının dəstəyindən məhrum olması ilə nəticələnib.

Təbii ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlığı seçkiqabağı verilmiş ayrı-ayrı bəyanatlardan asılı deyil. Xüsusilə bu ölkələr arasındakı siyasi və iqtisadi inteqrasiyanın səviyyəsini, onların Bakı-Tbilisi-Ceyhan neft kəməri və ya Bakı-Tbilisi-Qars dəmir yolu kimi miqyaslı birgə layihələrdə iştirakını nəzərə alsaq, buna şübhə yoxdur. Demək, Bakı ilə mehriban qonşuluq siyasəti Tbilisinin strateji maraqlarına daxildir və bu, Gürcüstanda hakimiyyətdə hansı xarici siyasi oriyentasiyaya malik qüvvənin gəlməsindən asılı olmayaraq belədir.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev artıq Salome Zurabişvilini qələbə münasibətilə təbrik edib, «Bakı ilə Tbilisi arasında qarşılıqlı inama və dəstəyə əsaslanan strateji tərəfdaşlığın daha da güclənəcəyinə» əminliyini bildirib.

Beləliklə, bundan sonrakı 6 ildə Gürcüstan prezidenti Zurabişvili olacaq. Bu, dövlət başçısının ümumxalq səsverməsi ilə seçildiyi son seçkidir. Bundan sonra Gürcüstanda perzidenti 300 nümayəndə seçəcək. Gürcüstanın sayca 5-ci prezidentinin dekabrın 16-na təyin olunmuş inauqurasiya mərasimindən sonra ölkədə yeni Konstitusiya qüvvəyə minəcək. Bununla da, «Gürcü arzusu» 2020-ci ildə keçiriləcək parlament seçkisinə hazırlaşmağa başlayacaq.

Gürcüstan ictimaiyyətində atmosferin kifayət qədər gərgin olduğunu, siyasiləşdiyini nəzərə alsaq, hakim partiya əhalinin inamını geri qaytarmaq üçün çox iş görməli olacaq. Vaşadzenin seçkidə qazandığı 40%-lik səsi nəzərə almamaq olmaz və hakim partiya, təbii ki, siyasi Olimpdə qalmaq üçün yeni yollar müəyyənləşdirəcək. Üstəlik, o, bunu Avropanın demokratiya ənənələrinə uyğun edəcək. Lakin, ilk növbədə, ölkənin sosial-iqtisadi vəziyyəti yaxşılaşdırılmalıdır. Bu isə yalnız yaxın qonşular və tərəfdaşların dəstəklənməsi, onlarla əməkdaşlıq ilə mümkündür.



MƏSLƏHƏT GÖR:

390