Müəllif: Rasim MUSABƏYOV, Milli Məclisin deputatı, politoloq
Noyabrın ikinci ongünlüyündə Azərbaycan Prezidenti İlham Əliyev Belarusa səfər edib. Bu, onun dost ölkəyə sayca 5-ci səfəri idi. Belarusun dövlət başçısı Aleksandr Lukaşenko isə Azərbaycanda 4 dəfə olub. Bu, yalnız Azərbaycanla Belarus arasındakı tərəfdaşlığın strateji xarakterini göstərmir, həm də iki liderin dostluğundan xəbər verir.
İlham Əliyevin budəfəki səfəri iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuşdu. Odur ki, səfərin gündəliyində protokol tədbirlərlə yanaşı, bir sıra digər məsələlər də yer alırdı. Kifayət qədər zəngin proqram əsasında keçmiş səfəri yekununda Bakı ilə Minsk arasında ikitərəfli sənədlər və yekun bəyanat imzalanıb. Orada ikitərəfli münasibətlərin prioritet istiqamətlərilə yanaşı, açıq şəkildə bildirilir ki, «tərəflər Dağlıq Qarabağ münaqişəsinin tezliklə ümumbəşəri prinsiplər və beynəlxalq hüququn normaları əsasında həllini vacib sayır». «Problem, ilk növbədə, dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır», - deyə sənəddə vurğulanır.
Bakı ilə Minsk münasibətləri möhkəmləndirir
Sənədlərin imzalanması mərasimindən sonra jurnalistlərin qarşısına çıxan Prezident İlham Əliyev deyib: «Siyasi münasibətlərin yüksək səviyyəsi, ölkələrimiz arasında qarşılıqlı hörmət, etimad, prezidentlər arasında şəxsi dostluq - bütün bunlar üzərində Belarus-Azərbaycan dostluğunun möhtəşəm binasının tikildiyi təməldir». Dövlət başçısı fikrini belə davam etdirib: «Biz beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstəririk, bütün məsələlərdə bir-birimizi dəstəkləyirik. Mən deyərdim ki, bu dəstək avtomatik xarakter daşıyır - hətta müzakirəsiz, məsləhətsiz, razılaşmasız. Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Biz, həmçinin ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir».
İlham Əliyev hərbi-texniki sahədəki əməkdaşlığı xüsusi vurğulayıb: «Biz bu əməkdaşlıqdan çox razıyıq, məhsulların keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Buna görə də təsadüfi deyil ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın artıq yaxşı tarixi, kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlər arasında memorandum da var. Bu sənəd ən qısa müddətdə Belarusdan hərbi texnikanın növbəti partiyasının alınması üçün müqaviləyə çevriləcək».
Belarus prezidenti Aleksandr Lukaşenko isə mətbuat üçün bəyanatında deyib: «Cari ildə biz qarşılıqlı ticarətin artımını müşahidə edirik. Bir vaxtlar təşəbbüskarları prezidentlər olan layihələr gücünü artırır. Məsələn, Gəncə Avtomobil Zavodunda 11 il ərzində artıq 10 mindən çox “Belarus” traktoru və onların bazasında xüsusi texnika yığılıb. Müəssisə, həmçinin 3500-dən çox MAZ avtomobili və qoşqular buraxıb. Bu gün məmnuniyyətlə öyrəndim ki, sizin aldığınız Amerika və alman taxılyığan kombaynları ilə yanaşı, Azərbaycana Belarusun ilk “Qomselmaş”ı da gəlib. Bizim üçün bu, qarşılıqlı səmərəli əməkdaşlığın əla nümunəsidir. Yeri gəlmişkən, lokallaşma artıq, demək olar ki, yarıya çatıb. Bu, Azərbaycan sənayesinin böyük imkanlarından və onun yüksək kadr potensialından aydın xəbər verir. Minsk Traktor Zavodu və Gəncə Avtomobil Zavodu hazırda Türkiyədə traktorların yığılması ilə bağlı bizim ümumi layihə üzərində işləyir. Biz bu mühüm perspektivli istiqaməti inkişaf etdirəcəyik».
Lukaşenko Azərbaycanla əməkdaşlığın başqa istiqaməti haqda da danışıb: «Nəqliyyat-logistika sahəsində də birlikdə çox iş görmək olar. Biz Azərbaycanın infrastruktur layihələrində - yeni dəmir yollarının, dəniz limanlarının, logistika mərkəzlərinin tikintisində iştirak etməyə hazırıq. Səhiyyədə, təhsildə, informasiya-kommunikasiya texnologiyalarında, idmanda, turizmdə əməkdaşlıq ehtiyatları mövcuddur. Bu gün əldə olunan razılaşmaların gerçəkləşdirilməsi lap tezliklə niyyətlərimizi konkret işlərə çevirməyə imkan verəcək. Məsələn, artıq Azərbaycanda Belarus dərmanlarının buraxılışı üzrə birgə müəssisənin yaradılması sahəsində işlər aparılır. Tam əminəm ki, digər irimiqyaslı maraqlı layihələrin gerçəkləşməsi də çox uzaqda deyil».
«Fikrimcə, bizim gələcək əməkdaşlığımızın əsas istiqamətlərindən biri nəqliyyat sahəsi ilə bağlı olacaq», - deyə öz növbəsində, Azərbaycan Prezidenti bildirib: «Siz çıxışınızda Şimal-Cənub nəqliyyat dəhlizini qeyd etdiniz. Azərbaycan öz ərazisində bu dəhlizin fəaliyyəti ilə əlaqədar bütün işləri başa çatdırıb. İndi biz bu gün xeyli yük daşımağa qabil olan nəqliyyat infrastrukturumuzun daha da modernləşdirilməsi məsələləri ilə məşğuluq. Azərbaycan həm də Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Düşünürəm ki, bu iki mühüm nəqliyyat marşrutu üzrə ölkələrin fəaliyyətinin əlaqələndirilməsi əməkdaşlıq üçün tamamilə yeni şərait yaradacaq, on minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq, ölkələrimiz arasında yük axınını xeyli artıracaq. Təsadüfi deyil ki, hökumətlərarası komissiyanın dünənki (noyabrın 18-i – red.) iclasında mühüm mövzulardan biri nəqliyyat sahəsi ilə bağlı məsələlər olub».
Azərbaycan və Belarus liderlərinin dilə gətirdikləri faktlar, nümunələr və qiymətləndirmələr iki ölkə arasında strateji tərəfdaşlığın formalaşdığını, zamanla sınaqdan çıxdığını və sürətlə inkişaf etməkdə olduğunu göstərir. İqtisadi fəaliyyətdə subyektlər sadə ticarəti çoxdan aşıb və yüksək texnologiyalı məhsulların istehsalında koorperasiya səviyyəsinə yüksəlib. Artıq birgə istehsal olunan məhsulların, xidmətlərin üçüncü ölkə bazarlarına çıxarılması belə, gündəmdədir. Azərbaycan tərəfdaşların birgə maraqlarının Türkiyə, İran, Mərkəzi Asiya və Yaxın Şərq bazarlarında təmini üçün yaxşı baza ola bilər. Belarusun isə öz növbəsində, bu addımı Baltikyanı region və Şimal-Şərqi Avropa istiqasmətində atması mümkündür. Hər iki tərəfin malik olduğu coğrafi üstünlüklərlə yanaşı, Belarus birgə layihələrə Sovet İttifaqı dövründən qalmış güclü elmi və istehsalat bazası, yüksək ixtisaslı kadrları ilə də töhfə verə bilər. Azərbaycana gəlincə, onun bu işdə müsəlman ölkələrinin bazarına çıxışı, əhəmiyyətli sərbəst maliyyə resursları ilə müsbət rol oynamaq imkanı var.
İrəvanın isterikası nə ilə bağlıdır?
Azərbaycanla Belarus arasında qarşılıqlı və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə hesablanmış strateji tərəfdaşlıq hər hansı üçüncü ölkəyə qarşı yönəlmir. Lakin İrəvan bundan qıcıqlandığını gizlətmir. Məsələ ondadır ki, Ermənistan KTMT və Aİİ-də Belarusla formal müttəfiq olsa da, Minsk Cənubi Qafqazda Azərbaycanı özünə əsas tərəfdaş sayır. Bu ilin əvvəlindən Ermənistanla Belarus arasında ticarət dövriyyəsi cəmi 31 milyon dollar təşkil edib. Bu, Bakı ilə Minsk arasında eyni dövrə aid ticarət dövriyyəsindən, təxminən, 10 dəfə azdır.
İrəvanın mövcud reallığa qarşı ortaya qoyacaq heç nəyi yoxdur. Bu üzdən də, ölkənin lideri Nikol Paşinyan qəzəbini cəfəng inciklik, ittiham və tələblər formasında ifadə edir. O, jurnalistlərlə söhbətində bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun KTMT-nin Astanada keçirilmiş sammitindən sonra toplantının gizli məqamlarını Azərbaycanın Minskdəki səfirinə açıqlamasını anlaya bilmir. Paşinyan bununla bağlı həm Lukaşenkodan, həm də KTMT-yə baş katib təyinatı hüququnun Minskə veriləcəyini demiş Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən izahat tələb edəcəyini bildirib.
Belarusdan Paşinyana cavab özünü çox gözlətməyib. Ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: «Görünür, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən şəxs özünü cəzalandırmaq və əfv etmək hüquqlarına malik beynəlxalq prokuror hiss edir. Ola bilsin ki, bu KTMT-nin sabiq baş katibi – Ermənistan vətəndaşı Yuri Xaçaturovla bağlı keçərlidir. Lakin dövlətlərarası münasibətlərdə kifayət qədər konkret protokol və etik qaydalar var. Yəqin ki, cənab Paşinyan hələ küçə demokratiyası qaydalarına böyük siyasətdə yer olmadığını anlamayıb. Təəssüf. Ümid edirik ki, vaxt keçdikcə, düzələcək».
Paşinyanın sələfləri də vaxtilə özləri üçün xoş olmayan bu cür məqamlarla üzləşirdilər, amma onların təcrübəli olduğundan, formal müttəfiqlərilə açıq qarşıdurmaya getmirdilər. Məsələn, Nazarbayevin 2014-cü ilin mayında İlham Əliyevin «üçümüzə ünvanlanmış» (Putinə, Lukaşenkoya və Nazarbayevə) məktubunu oxumaqla Serj Sarqsyanla Edvard Nalbandyanı neçə alçaltdığı yaddaşlardadır. O vaxt Azərbaycan liderinin Ermənistanın Aİİ-yə qəbulu zamanı təşkilatın qaydalarının Dağlıq Qarabağa da şamil olunmasının yolverilməzliyi haqda çağırışı nəinki səsləndirilmiş, həm də qəbul edilmişdi. Daha sonra prezidentlər Lukaşenko ilə Nazarbayev 2016-cı ilin aprel döyüşləri zamanı İrəvana sözdə belə, dəstəkdən yayınmışdılar. Bu, Ermənistan KİV-də ciddi etiraza səbəb olmuş, lakin Serj Sarqsyan və hökuməti baş verənlərdən şikayətlənməklə kifayətlənmişdi.
Ermənistanın indiki «inqilabçı» rəhbəri, nə qədər təəccüblü də olsa Serj Sarqsyanı asanlıqla devirərək hakimiyyətə yiyələnmiş Nikol Paşinyan isə az qala özünü dünya liderlərinin cərgəsində görür. Halbuki bu gün o, sadəcə, özünü dilənçi kimi aparan ölkənin heç də tam qanuni rəhbəri deyil. «Mən baş verənlər və bir sıra digər məsələlərlə bağlı izahat tələb edirəm… Söhbət Ermənistanın maraqlarından gedən zaman susmaq fikrində deyilik», - deyə N.Paşinyan bildirib.
O, İrəvanın KTMT çərçivəsində müttəfiqlik öhdəliklərinə hər zaman birmənalı şəkildə əməl etdiyini deyib. Bununla yanaşı, Paşinyan Aİİ-nin dekabrın əvvəlinə təyin olunmuş sammitinə qatılmaqdan çəkinib. Halbuki Minskə getməklə, o, toplantıda opponent-müttəfiqlərinə narazılığını şəxsən çatdıra bilərdi. Bunun əvəzində Nikol Paşinyan tərəfdarları ilə görüşlərdə «səs-küylü» bəyanatlar verir, «Ermənistan kiçik ölkə olsa da, ermənilər böyük xalqdır» kimi sevimli tezisini təkrarlamaqdan yorulmur. Müşahidə olunan susqunluq isə onun bu hikmətinin dünyanı çox da maraqlandırmadığını göstərir.
Paşinyan deyir ki, o, KTMT və Aİİ çərçivəsindəki müttəfiqlik öhdəliklərinə, münasibətlərə aydınlıq gətirilməsinə nail olacaq. O, bu təşkilatların üzvlərindən, ilk növbədə, Azərbaycana silah satışının qadağan olunmasını tələb edəcək. Belarus və Qazaxıstan liderlərisə buna cavab olaraq, KTMT üzvünün 25 ildən artıqdır, BMT TŞ-nin qətnamələrinə, MDB-nin Nizamnaməsinə niyə əməl etmədiyini, Azərbaycan ərazilərini niyə işğal altında saxladığını soruşa bilərlər. Maraqlıdır, Paşinyan özündə Azərbaycana Minsklə müqayisədə 10 dəfə artıq silah-sursat satan Moskvadan da eyni izahatı tələb etmək cürəti tapacaqmı?
Ola bilsin ki, bütün bu ritorika ictimai rəyin Ermənistanın KTMT-ni tərk etməsinə hazırlanması məqsədi güdür. Paşinyan və tərəfdarları müxalifətdə olan zaman bu tələbi dəfələrlə səsləndirmişdilər. Lakin hakimiyyətə gəldikdən sonra o, tam əks mövqe nümayiş etdirməyə başlayıb. Buna rəğmən, Paşinyanın ətrafı KTMT-yə üzvlüyün Ermənistana fayda vermədiyini düşünür və Moskva ilə ikitərəfli münasibətlərin kifayət olduğunu deyir. Odur ki, Paşinyanın əslində KTMT daxilində bilərəkdən münaqişə yaratmağa çalışdığı istisna deyil. O, bu yolla təşkilatdan çıxmaq üçün bəhanə qazanmağa, günahı isə Lukaşenko və Nazarbayevin üzərinə qoya bilər – guya onlar özləri Ermənistanı təşkilatdan uzaqlaşdırmağa çalışırlar. Vaşinqtonla Brüsselə isə İrəvanın KTMT-ni tərk etməsi ölkənin Qərbə doğru istiqamətlənməsi kimi təqdim oluna bilər. Ermənistan, yəqin ki, bu yolla Dağlıq Qarabağ münaqişəsinin həllində Qərbin dəstəyinə, həmçinin iqtisadi yardımlara ümid edir.
Ermənistan isteblişmentində bu əhvalın kifayət qədər güclü olduğunu Ermənistan prezidentinin məsləhətçisi Tevan Poqosyanın açıqlaması da təsdiqləyir. Poqosyan jurnalistlərlə söhbətində bildirib ki, İrəvan KTMT-ni tərk etməyin onun maraqlarına cavab verdiyi qənaətinə gələrsə, bu addımı ata bilər. Prezident məsləhətçisinin sözlərinə görə, onları bu addımı atmaqdan çəkindirən KTMT-yə üzvlük səbəbilə Rusiyadan güzəştli qiymətlərlə silah ala bilmələridir.
Ermənistanın yeni hakimiyyətlə Moskvadan tədricən uzaqlaşacağını Qərbin siyasi-analitik dairələri də proqnozlaşdırır. Məsələn, Amerikanın «kölgə MKİ»si adlandırılan məşhur «Stratfor» analitik mərkəzinin məqalələrindən birində deyilir: «Ermənistan daim Rusiyanın ən yaxın, ən loyal müttəfiqlərindən olub. O, Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Lakin müxalifət lideri Nikol Paşinyanın apreldə baş vermiş «məxməri inqilab» sayəsində hakimiyyətə gəlişilə, Ermənistanla Rusiya arasında siyasi gərginlik yaranıb». «Stratfor»da hesab edirlər ki, «Birləşmiş Ştatlar Ermənistanla Rusiyanın arasını vurmaq üçün bu gərginlikdən yararlanmaq istəyir və Vaşinqton artıq buna cəhd edib. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun ötən ay Ermənistana səfər etməsi də bunun göstəricisidir. Bolton səfər zamanı Ermənistana Amerika silahlarının satışında maraqlı olduqlarını bildirib».
Hər halda, Paşinyanın KTMT ilə münasibətlərdə getdiyi oyun kifayət qədər risklidir və Ermənistana baha başa gələ bilər. Bu, sadəcə, küçə siyasətçilərinin inqilab romantikasının ruhuna uyğun gəlir. Bəs, Paşinyan populizmdən real işə keçəcəkmi? Onun dekabrın əvvəlinə təyin olunmuş parlament seçkisində gözlənilən qələbədən sonra daha ehtiyatlı davranıb-davranmayacağını zaman göstərəcək. İndi, bir şey aydındır ki, Azərbaycanın postsovet məkanındakı qonşuları ilə münasibətlərini gündən-günə inkişaf etdirməsi fonunda Ermənistan özünün izqoy dövlət statusunu daha da möhkəmləndirir.
MƏSLƏHƏT GÖR: