25 Noyabr 2024

Bazar ertəsi, 23:28

TOTAL ŞÜBHƏLƏR İLİ

2018-ci ildə baş vermiş əsas hadisələrin hər biri 2019-cu ildə də davam edəcək

Müəllif:

01.01.2019

2018-ci ildə hər hansı miqyaslı münaqişə və böhranın baş vermədiyini nəzərə alsaq, onu nisbətən sakit il kimi qiymətləndirmək olar. Bununla yanaşı, il dərin inamsızlıq atmosferində keçdi. Hər halda, ilboyu yüksək səviyyədə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində keçirilmiş görüşlərdə müxtəlif məsələlərlə bağlı ciddi şübhələr açıq ifadə olunub. Bundan başqa, bir sıra beynəlxalq müqavilələr «iflasa uğrayıb» və ən əsası, bu dünyanın ən güclü fövqəldövləti olan ABŞ tərəfindən edilib. Paralel olaraq, qlobal informasiya savaşının aparılma qaydaları durmadan dəyişib və görünən odur ki, bu savaş artıq onun əsas alətlərini yaratmış qüvvələrin belə, nəzarətindən çıxmaqdadır.

 

Rusiya-ABŞ

2018-ci ildə ABŞ-Rusiya münasibətlərinin piki iki ölkə lideri Donald Trampla Vladimir Putinin iyulda Helsinkidə keçirdikləri ilk tamformatlı görüşü sayıla bilər. Lakin görüşdə hər hansı ciddi nəticə əldə edilməyib. Tərəflər sadəcə, «yaxşı söhbət ediblər» və bu, təcrübədə hər hansı fayda verməyib. Üstəlik, sonrakı yarım ildə Moskva ilə Vaşinqton arasında dialoq daha yüksək tonla gedib. Liderlər arasında növbəti görüş planlaşdırılsa da, bu, baş tutmayıb. «Böyük iyirmilik» ölkələrinin Argentinada təşkil olunmuş sammitində onlar, sadəcə, ayaqüstü bir-iki kəlmə bölüşməklə kifayətləniblər.

Bundan başqa, il ərzində Vaşinqon Rusiyaya qarşı sanksiyalarını bir neçə dəfə sərtləşdirib və hətta istər Rusiya şirkətlərinə, istərsə də ayrı-ayrı fiziki şəxslərə qarşı, bir neçə yeni sanksiya da qəbul edib. Bir sözlə, Moskva ilə Vaşinqton arasında «soyuq müharibə» getməsə də, bir çox məqamlar bunu çox xatırladır. Məsələn, Putin Federasiya Şurasına yazdakı ənənəvi müraciətində faktiki olaraq, indiyədək məxfi sayılan yeni silah sistemlərinin təqdimatını keçirib. Onun sözlərinə görə, yerli istehsal olan bu strateji silahlar Amerikaya məxsus HHM sistemlərindən yan keçmək iqtidarındadır.

Tramp öz növbəsində, oktyabrda ölkəsinin «Orta və yaxınmənzilli raketlərin ləğvi haqqında» müqavilədən çıxmaq niyyətini açıqlayıb. Onun sözlərinə görə, səbəb «Rusiya tərəfinin müqavilənin tələblərinə əməl etməməsidir». Ekspertlərin fikrincə, Moskva ilə Vaşinqton arasında yaranmış qarşılıqlı inamsızlıq nüvə silahlarının qarşısının alınması sisteminin pozulmasına, ABş və Rusiyanın Avropa sərhədində hərbi mövcudluğunun artırmasına aparıb çıxara bilər.

 

ABŞ-Çin

Belə bir fikir var ki, ABŞ-ın «Orta və yaxınmənzilli raketlərin ləğvi haqqında» müqavilədən çıxmasının əsas səbəbi onun nüvə potensialını artırmaq niyyətidir. Bu cür düşünənlər deyir ki, Vaşinqton Çinin qarşısını almaq üçün Asiya-Sakit okean regionunda yeni silahlar yerləşdirməyi düşünür. Hər halda, 2018-ci ildə ABŞ ilə Çin arasında da ticarət savaşı yaşanıb. Lakin dekabrın 1-də keçirilmiş G20 sammitində Donald Tramp ilə Si Cinpinin sanki kəskin addımlar atmamaqla bağlı razılığa gəlmələri müəyyən ümidlər yaradır. Çünki bu qarşıdurmanın birmənalı qalibi olmayacaq.

Amerikalıları indiki Çində qıcıqlandıran məqamlar az deyil. Buraya həm «Bir kəmər-bir yol» layihəsi, həm idxalı əvəzetmə proqramı, həm də yüksəktexnologiyalı istehsalın inkişafını nəzərdə tutan «Made in China-2025» proqramı və s. daxildir.

2018-ci ildə Çinin «Huawei» şirkəti Amerikanın texnologiya istehsalçıları üçün ciddi rəqib kimi, bir qədər də güclənib. Lakin ABŞ xüsusilə Trampın sərt üslubu ilə təzyiqləri artırsa da, Çin geri çəkilmək niyyətində deyil. Bəşəriyyətin gələcək 10 il üçün inkişaf yolunu, bəlkə də, bu mübahisənin nəticəsi müəyyənləşdirəcək.

 

Koreya böhranı

Bütün diqqətini Çinə yönəltmiş Tramp gözlənilmədən qonşuluqdakı Koreya problemini də həll etməyə cəhd göstərib. Amerika prezidentinin Şimali Koreya lideri Kim Çen In ilə iyunda Sinqapurda keçirdiyi görüş haqlı olaraq, tarixi hadisə kimi qiymətləndirilir. Hər halda, Pxenyan bu görüşdən cəmi iki ay əvvəl nüvə və qitələrarası ballistik raket sınaqlarını dayandırdığını bəyan etmişdi. ABŞ isə öz növbəsində, Suellə birgə təşkil etdiyi hərbi təlimləri dayandırmışdı.

Nəzərə alsaq ki, Donald Tramp hələ seçkiqabağı kampaniyası dövründə Şimali İrlandiyadan olan həmkarı haqda, ən azı, qərəzli fikirlər səsləndirir, bu ölkəni ən sərt addımlarla hədələyirdi, gərginliyin aradan qalxmasını əsas nəticə saymaq olar. Amma bu, hələlik həm də yeganə nəticədir. İndi Pxenyanla Vaşinqton bir-birini təkrar görüşlə bağlı qərar verməməkdə ittiham edir.

Bunun fonunda Şimali Koreya ilə Cənubi Koreya arasında yaxınlaşma daha aşkar təsir bağışlayır. Çim Çen In ilə Cənubi Koreya prezidenti bu müddət ərzində bir neçə görüş keçiriblər və üstəlik, hər imkanda qarşılıqlı addımlar atmaqdadırlar.

 

Əsas nyusmeyker

2018-ci ildə dünya KİV-nin əsas nyusmeykeri, şübhəsiz ki, ABŞ prezidenti sayılmalıdır. Hər kəs xüsusilə ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkisinin Ağ Ev sahibinə nə gətirəcəyini gözləyirdi. Onun Trampa etimad səsverməsi adlandırıldığını nəzərə alsaq, prezidentin vəziyyətinin heç də pis olmadığını söyləyə bilərik. Hər halda, demokratlar Nümayəndələr Palatasına nəzarəti ələ alsalar da, Senat uğrunda seçkidə qələbə qazana bilməyiblər. Əksinə, respublikaçılar orada mövqelərini daha da gücləndiriblər.

Bundan başqa, Tramp bütün ilboyu israrla öz yolunu gedib. Məsələn, o, ABŞ-ın Paris İqlim Sazişindən çıxacağını bəyan edib və dünya birliyinin etirazlarına rəğmən, buna nail olub. Üstəlik, o, ölkəsini BMT-nin İnsan Haqları Şurasından və İranın nüvə proqramına dair ümumi fəaliyyət planından da çıxarıb. Bu azmış kimi, Tramp Tehrana sanksiyaları bərpa edib. Halbuki Tehranın İranla bağlı siyasətilə nə Avropa İttifaqı, nə Rusiya, nə də Çin razıdır. Brüssel hətta İranla bağlı Vaşinqtondan kənar fəaliyyət planı belə, hazırlayıb. Beləliklə, 2019-cu ildə beynəlxalq qeyri-sabitliyin əsas mənbəyinin İran-ABŞ qarşıdurması olacağı istisna deyil.

 

Suriyada «Proksi-müharibə»

Bəlkə də, Trampın Suriyadan ABŞ qoşunlarını çıxarmaq qərarı məhz İranla bağlıdır. ABŞ-ın ilin sonuna günlər qalmış bəyan etdiyi bu qərarı bəzi KİV tərəfindən amerikalıların Suriya müharibəsilə bağlı yeni strategiyaya keçidi kimi dəyərləndirilib. Guya, indi Vaşinqtonun əsas hədəfi Suriyadakı İran qoşunlarını və ona tabe olan qüvvələri çıxarmaqdır. Digər yandan qoşunların çıxarılacağına dair bəyanat hələ heç də hər şey demək deyil. Məsələn, ABŞ indiyədək Əfqanıstan və İraqdan birdəfəlik getdiyini dəfələrlə bəyan etsə də, hələ də bu ölkələrdə qalmaqdadır. Eyni şeyi Rusiyanın Suriyadan çıxmaq qərarı haqda da söyləmək olar.

«İslam Dövləti» təşkilatı üzərində qələbə qazanıldığına dair bəyanat da konkret nəsə demir. Yaxın Şərqin ən qəddar terror təşkilatı olan İD 2018-ci ildə xoşbəxtlikdən, sanki unudulub. Lakin bunu tam əminliklə söyləmək də asan deyil. İlk baxışdan sanki Suriyada terrorçular məğlub edilib. Digər tərəfdənsə onların güc yığaraq hər an yenidən peyda olma ehtimalı var. Bir sözlə, Suriyada «proksi-müharibə» uğurla davam edir.

2018-ci ildə Rusiya, Amerika, İran, Türkiyə və İsrail qüvvələrinin mövcud olduğu Suriya səmasında dəfələrlə hərbi insidendlər baş verib. Məsələn, apreldə ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya ərazisinə miqyaslı zərbələr endirib. Vaşinqton bunu Suriya hökumət qüvvələrinin Duma və Şərqi Qutda «kimyəvi silahdan istifadə etməsilə» əsaslandırıb. İl ərzində əsas hərbi əməliyyatlar şimaldan Afrin və İdlibdə, cənubdan Deyr-əz-Zorda və Şərqi Qutda aparılıb. Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın şimalında məskunlaşmış kürd hərbi birləşmələrinin mövqelərini dəfələrlə zərbə endirib. Üstəlik, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın sonunda verdiyi bəyanatda türk ordusunun Fərat çayından şərqdə Suriya kürdlərinin özünümüdafiə qüvvələrinə qarşı əməliyyatlara başlamağa hazır olduğunu bəyan edib. Suriyada kürdlərin əsas müttəfiqi sayılan ABŞ qoşunlarının oradan çıxarılması qərarını isə Ərdoğan «müsbət siqnal» kimi qiymətləndirib.

 

Highly likely

Rusiya üçün bütün il üzləşdiyi «casusluq», «haker-trollluq» ittihamları ilə keçib. Haaqada Rusiya vətəndaşları Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına qarşı kibercasusluqda günahlandırılıb, ABŞ-da isə rusiyalı Mariya Butina xarici hökumətə casusluq etməklə bağlı sövdələşməyə getməkdə. Lakin bu qəbildən olan ən səs-küylü hadisə kimi Baş Kəşfiyyat İdarəsinin (BKİ) sabiq əməkdaşı Sergey Skripal ilə qızı Yuliyanın Solsberidə zəhərlənmələrini göstərmək olar. Hələ SSRİ dövründə hazırlanmış və «Noviçok» adı ilə tanınmış A234 əsəb sistemini iflic edən maddə kimi bütün dünyada məşhurlaşıb. Britaniyanın baş naziri Tereza Mey baş verənlərdə Rusiya hakimiyyətinin əlinin olması ehtimalını yüksək qiymətləndirib (highly likely). Halbuki, Moskva ittihamları birmənalı şəkildə rədd edir. İstənilən halda, Skripalların işi qarşılıqlı olaraq xeyli diplomatın vətəninə göndərilməsilə müşayiət edilib.

ABŞ-da isə il ərzində Rusiyanın bu ölkədə 2016-cı ildə keçirilmiş seçkiyə müdaxilə etdiyi haqda ittihamlar səngiməyib.

 

IT nəhənglərinin ittihamları

Hətta «Google», «Apple», «Facebook», «Amazon» kimi IT nəhəngləri belə, Rusiyanın Qərbdə keçirilən seçki kampaniyalarına müdaxiləsi ilə əlaqədar tənqid atəşinə tutulub – guya Moskva bunu sosial şəbəkələr vasitəsilə edir. BBC öz mənbəsinə istinadən xəbər verir ki, Rusiya «trollar»ının Amerika siyasətinə müdaxiləsi kifayət qədər geniş yayılıb – yalnız «Facebook»da ən azı hər üçüncü amerikalı istifadəsi onların yazdıqlarını görə bilər.

Ümumiyyətlə, 2018-ci ildə IT şirkətləri kompüter asılılığı yaratmaq, manipulyasiyalar, monopoliya, məhsulların planlı şəkildə köhnələşdirilməsi və s. ittihamlarla üzləşib. Davosda keçirilmiş Dünya İqtisdi Forumunda bu, daha aşkar xarakter alıb. Məsələn, Hindistanın və Böyük Britaniyanın baş nazirləri Narendra Modi ilə Tereza Mey, həmçinin məşhur milyarder Corc Soros texnoloji yeniliklərə sanki od püskürüblər. Martda isə ABŞ-ın Kaliforniya ştatının Federal Məhkəməsinə «Facebook» ilə bağlı şikayət olunub. O, məxfi məlumatların sızdırılmasında günahlandırılır.

Daha bir narazılıq mənbəyi yalan məlumatların görünməmiş miqyasda tirajlanmasıdır. Beynəlxalq münasibətlərin hansısa kompüter qarşısında əyləşmiş zarafatcıl şəxsdən asılı ola biləcəyi dünyada qeyri-müəyyənlik çoxdur və bu, əlbəttə ki, narahatlıq yaratmaya bilməz.

 

İlin qətli

2018-ci ildə texnoloji inkişaf ilin əsas qətlinin də «əsas şahidi» olub. ABŞ-da mühacir həyatı yaşayan jurnalist Camal Qaşıqçı oktyabrda Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasından yoxa çıxıb. «Washington Post» qəzetinin icmalçısı olan jurnalist Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd ben Salmanı sərt tənqid etməsilə tanınırdı. İşgəncəyə məruz qalmış, daha sonra boğularaq öldürülmüş və… bədəni hissələrə ayrılmış jurnalistin qətlilə bağlı detallar məhz mərhumun audioyazı rejimində saxladığı «Apple Watch» saatı sayəsində üzə çıxıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, jurnalist Səudiyyə Ərəbistanı şahzadəsinə yaxın dairələr tərəfindən öldürülüb. Səudiyyə hökuməti bunu uzun müddət inkar etsə də, sonda günahkarların cəzalandırılacağını bəyan edib. Lakin onlar hadisəyə ben Salmanın aidiyyətinin olduğu haqda fikirləri, əlbəttə ki, yenə də rədd edir.

Hadisə beynəlxalq ictimaiyyətdə ciddi rezonansa və sərt reaksiyaya səbəb olub. Bunun region üçün ciddi fəsadlar verəcəyi belə, söylənməyə başlayıb. Hər kəs xüsusilə Səudiyyə Ərəbistanının regiondakı əsas müttəfiqi olan ABŞ-dan reaksiya gözləyirdi. Lakin Amerika administrasiyası məsələ ilə bağlı heç bir addım atmayıb.

Qaşıqçı, sadəcə, bir neçə digər jurnalistlə birlikdə «Time» jurnalı tərəfindən «2018-ci ilin adamı» elan olunub. Vəssalam.

 

Rusiya-Ukrayna

İlin sonuna yaxın Rusiya-Ukrayna münasibətlərində də böhran potensialı xeyli yüksəlib. Kiyev Kerç boğazında noyabrda baş vermiş insidenti açıq hücum kimi qiymətləndirib və hətta ölkədə hərbi vəziyyət elan edib. Rusiya isə bunu Ukrayna prezidentinin 2019-cu ilin martında keçiriləcək seçki öncəsi reytinqini artırmaq üçün yol verdiyi təxribat adlandırıb.

Daha bir gərginlik mənbəyi kimi, dekabrda Moskvadan müstəqil Ukrayna pravoslav kilsəsinin təsis edilməsini göstərmək olar. Birləşdirici toplantıda Moskva patriarxatının yalnız 2 keşişi iştirak edib və hələ də Moskva patriarxatına sadiq olan dindarların toplantısının necə keçəcəyi hələ məlum deyil. Üstəlik, söhbət yalnız inancdan yox, həm də kilsəyə məxsus əhəmiyyətli maddi sərvətdən gedir.

Bundan başqa, Ukrayna prezidenti Pyotr Poroşenko dekabrda faktiki olaraq, Rusiya ilə Dostluq, əməkdaşlıq və tərəfdaşlıq müqaviləsini də ləğv edib.

 

İlin etirazı

Dekabrda Fransa prezidenti Emmanuel Makron ölkəsində «fövqəladə iqtisadi və sosial vəziyyət» elan edib. Səbəb aşkar lideri olmayan, öz-özünə yaranmış və «Sarı jiletlilər» adlanan hərəkatın kütləvi etiraz aksiyalarıdır. Kütlənin küçələrə axışmasının ilkin səbəbi yanacağın bahalaşması qərarı idisə, sonradan aksiya siyasi tələblərlə keçirilməyə başlayıb. Üstəlik, nümayişçilərin ultrasağçı tələblər irəli sürdüyünü, bu cəbhəyə aid rəmzlərdən istifadə etdiyini nəzərə alsaq, aksiya müəyyən mənada sinfi mübarizəyə də çevrilib.

Beləliklə, 2018-ci ilin, demək olar ki, bütün əsas hadisələri yeni ildə də davam edəcək. Onların altında gizlənən münaqişə potensialını da nəzərə alsaq, 2019-cu ilin sakit keçəcəyini demək çətindir. «The Economist» nəşrinin ənənəvi şifrli proqnozu («dünyanın sonunun göstəricisi olan dörd atlı») narahatlığı bir qədər də artırır. «Bloomberg» agentliyisə 2019-cu il üçün «Bədbinlik gidi» kimi çıxış edib. O, bəşəriyyətə yanğınlar, daşqınlar və aclıq vəd edir…



MƏSLƏHƏT GÖR:

358