Müəllif: Almaz MAHMUD
Azərbaycan-Estoniya münasibətləri hələ onların müstəqilliyinin başlanğıcında – 27 il əvvəl qurulub. Lakin intensiv əlaqələr, fəal əməkdaşlıq, qarşılıqlı ticarətdə ciddi göstəricilər və ya qarşılıqlı investisiyalar haqda danışmaq mümkün deyil. Bununla yanaşı, tərəflər münasibətlərin inkişafı, bütün resurslardan istifadə üçün hər hansı ciddi problem görmür. Estoniyanın «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizindən istifadəyə böyük maraq göstərdiyini qeyd etmək kifayətdir. Bu layihənin bağlayıcı bəndi isə məhz Azərbaycandır. Xoşbəxtlikdən, artıq informasiya texnologiyaları sahəsində kooperasiya baxımından uğurlu təcrübə də var.
«R+»un Azərbaycanla Estoniya arasındakı münasibətlərin hazırkı durumu və inkişaf perspektivləri haqda suallarını Estoniya parlamentinin vitse-prezidenti Kalle LANNET cavablandırıb.
- Azərbaycan-Estoniya münasibətlərinin inkişaf dinamikasını necə qiymətləndirirsiniz? Onların yaxşı səviyyədə olduğunu düşünürsünüzmü?
- Estoniya ilə Azərbaycanın münasibətləri, şübhəsiz ki, yaxşıdır. Üstəlik, o, ildən-ilə daha da yaxşılaşır. Estoniya Azərbaycanın etibarlı tərəfdaş qismində münasibət qurmağa çalışdığı dövlətlərdən biridir.
Son illərdə iki ölkənin siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığında ciddi inkişaf qeydə alınıb. Bundan başqa, qarşılıqlı şəkildə yüksək səviyyəli səfərlər olub, münasibətlərin inkişafını nəzərdə tutan vacib sənədlər imzalanıb.
- Estoniya üçün Azərbaycanla münasibətdə hansı sahələr daha böyük maraq kəsb edir? Ölkəmizi Estoniya üçün cəlbedici edən nədir?
- Hər iki tərəf iqtisadi və siyasi əməkdaşlıqda maraqlıdır. Məsələn, Estoniya rəqəmsal texnologiyalar və elektron hökumət sahəsindəki böyük təcrübəsini bölüşməyə hazırdır. Estoniyalı sahibkarlar üçün isə Azərbaycanın daşınmaz əmlak bazarı, ölkənizin rəqəmsal kommunikasiyaların inkişafı üçün mövcud olan böyük potensialı və əlbəttə ki, inkişafda olan IT sektoru maraq kəsb edir.
- Fikrinizcə, ölkələrimiz arasında hansı humanitar, iqtisadi və investisiya layihələri həyata keçirilə bilər?
- Azərbaycanla əməkdaşlıq Estoniya üçün böyük əhəmiyyət daşıyır. Bu, özünü bir çox ikitərəfli layihələrdə də göstərir. Onlardan sonuncusu bu il həyata keçirilib və «Şərq tərəfdaşlığı» ölkələrində qeyri-hökumət təşkilatlarının potensialının artırılmasını nəzərdə tutur.
İqtisadi sahədə Estoniyanın əsas diqqəti informasiya texnologiyaları və kommunikasiyaların inkişafına birbaşa investisiyalara yönəlib. Azərbaycan isə öz növbəsində, Estoniyada ticarət və daşınmaz əmlak sahəsinə investisiya qoyur. Çünki istər Estoniyanın, istərsə də Azərbaycanın bu sektorlarında inkişaf müşahidə olunur. Düşünürəm ki, bu cür birgə investisiya layihələrinin reallaşdırılması davam etdirilməlidir.
- Tallinin Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyası prosesinə, Avropa İttifaqı ilə əməkdaşlığına dəstəyi Bakı tərəfindən yüksək qiymətləndirilir. Müasir beynəlxalq şəraiti nəzərə alsaq, Estoniya bu məsələlərdə Azərbaycana hansı dəstəyi verə bilər?
- Estoniya Azərbaycanı Avropa Şurasına üzv olan zaman da dəstəkləyib. Azərbaycan bu məqsədlə rəsmi ərizəni 1996-cı ildə vermişdi və o zaman Avropa Şurasının sədri Estoniya idi. Az sonra – 2001-ci ildə o, təşkilata qəbul olundu. Bir sözlə, Estoniya Azərbaycanın Avropa strukturlarına inteqrasiyasını tam dəstəkləyir. Biz bu dəstəyi istər Estoniya Şərqi və Strateji Tərəfdaşlıq Mərkəzi vasitəsilə, istərsə də azad ticarət haqqında mümkün razılaşma ilə göstərməyə hazırıq.
- Bəs, Estoniyanın Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyi nədən ibarətdir? Müasir dünya münaqişələrin dinc yolla həllində maraqlıdırmı?
- Estoniya ilə Aİ ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini və təkliflərini tam dəstəkləyir. Biz konstruktiv danışıqlar tərəfdarıyıq və Azərbaycanla Ermənistan liderləri arasında yüksək səviyyədə dialoqun bərpasını alqışlayırıq.
- Bu ilin oktyabrında Bakıda keçirilmiş beynəlxalq humanitar forumda ölkənizi siz təmsil edirdiniz. Fikrinizcə, belə forumlar beynəlxalq münasibətlərə təsir göstərirmi?
- Çoxtərəfli münasibətlər dünya arasındakı ünsiyyətdə əsas məsələdir. Bu baxımdan, Bakı Humanitar Forumu bizim əsasını qoymalı olduğumuz təmələ yaxşı nümunədir.
- Ölkənizdə mobil və internet texnologiyalarının yüksək səviyyəsi onların vasitəsilə yalnız ödənişlərin edilməsinə deyil, seçkinin də elektron şəkildə keçirilməsini mümkün edib. Estoniya Azərbaycanda da bu sahənin inkişafına dəstək verirmi?
- Son illərdə Estoniya dünyada elektron hökuməti sahəsinin inkişafına görə ilk yerlərdən birini tutur. Əməkdaşlığımız çərçivəsində Azərbaycan məktəblərində dərslər təşkil etmişik və orada şagirdlərin elektron hökumətə real maraq göstərdiyinin şahidi olmuşuq. Məsələn, söhbət dövlətin inkişafında informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən gedir. Elektron Azərbaycan (E-Azerbaijan) son illər nəhəng nailiyyətlər əldə edib; elektron xidmətlərdən geniş istifadə və «ağıllı» qurğular bu prosesin xüsusi əhəmiyyətli cəhətləridir.
MƏSLƏHƏT GÖR: