23 Dekabr 2024

Bazar ertəsi, 16:51

MƏSULİYYƏTLİ MƏRHƏLƏ

2019-cu il Azərbaycanın idman həyatında əhəmiyyətli hadisələrlə zəngin olacaq

Müəllif:

15.01.2019

2019-cu il Azərbaycan idmanı üçün önəmli və məsuliyyətli illərdən hesab edilir. Bu ildən etibarən Yay Olimpiya Oyunlarına lisenziya uğrunda yarışlara mübarizəyə start verilir. Eyni zamanda ölkəmiz bir sıra idman növlərində dünya və Avropa çempionatlarına ev sahibliyi edəcək.

2019-cu ildə Bakıda ilk dəfə olaraq Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcək. Tədbirin açılış mərasimi 21 iyul, 2019-cu il tarixdə Crystal Hall-da baş tutacaq. Yarışda iştirak üçün Bakıya 50 Avropa ölkəsindən 2000 idmançı, 1500-dən artıq nümayəndə heyəti, ümumilikdə 3500-4000 qonağın gələcəyi gözlənilir. İdmançılar 10 idman növündə (əsas 9, ev sahibi olan ölkəyə əlavə 1 idman növü verilir: atletika, basketbol, velosiped, idman gimnastikası, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, yunan-Roma- sərbəst güləş mübarizə aparacaqlar. Qeyd edək ki, festival 14-18 yaşlılar arasında gənc Avropa atletləri üçün yüksək səviyyəli idman tədbiridir. İlk dəfə festival 1991-ci ildə Belçikada, Brüsseldə baş tutub.

Azərbaycan Gimnastika Federasiyası da 2019-cu il ərzində Bakıda təşkil olunacaq gimnastika növləri üzrə beynəlxalq yarışların təqvimini təqdim edib. Yeni mövsümə Federasiya 16-17 fevral tarixlərində Batut Gimnastikası üzrə Dünya Kuboku ilə start verəcək. Bir ay sonra – 14-17 mart tarixlərində meydan idman gimnastlarının ixtiyarında olacaq. Bu tarixlərdə artıq dördüncü dəfə ölkəmizdə İdman Gimnastikası üzrə Dünya Kuboku baş tutacaq. Aprel və may ayları isə bədii gimnastların çıxışları ilə əlamətdar olacaq. 26-28 aprel tarixlərində bu növ üzrə Dünya Kuboku, bir neçə həftə sonra – 16-19 may tarixlərində isə Avropa Çempionatı təşkil olunacaq. Bu il federasiya ilk dəfə olaraq, gimnastikanın iki növü üzrə Avropa Çempionatına ev sahibliyi edəcək. Belə ki, bədii gimnastların ardınca, 24-26 may tarixlərində qitənin ən güclü aerobika gimnastları paytaxtımızda toplaşacaq. Gimnastlarımız Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalında da çıxış edəcək. Bu festival çərçivəsində baş tutacaq idman gimnastikası üzrə yarışlar Milli Gimnastika Arenasında baş tutacaq.

İlin son yarışı isə bədii gimnastika üzrə Dünya Çempionatı olacaq. Bakı 14 ildən sonra yenidən dünya birinciliyinə ev sahibliyi edərək, ən güclülərin müəyyənləşdiyi mübarizənin şahidi olacaq. Paytaxtımızda baş tutacaq hər üç Dünya Kuboku, eləcə də Dünya Çempionatının əsas özəlliklərindən biri isə məhz Olimpiya Oyunları 2020-ə lisenziya xarakteri daşıması olacaq.

Bu il Bakıda keçiriləcək ilk lisenziya xarakterli yarış isə cüdo üzrə Böyük Dəbilqə turniri/Paracüdo üzrə Qran Pri (10-12 may (13-14 may)/Bakı, Azərbaycan) olacaq. 50-dən çox ölkənin iştirak edəcəyi yarışda 300-ə yaxın cüdoçunun mübarizə aparacağı gözlənilir.

Avropanın ikinci ən nüfuzlu klub yarışının finalı Azərbaycan paytaxtında keçiriləcək. UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Finalda UEFA prezidenti eləcə də bir sıra tanınmış ulduz futbolçuların iştirakı gözlənilir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 26-28 aprel 2019-ci il tarixlərində Formula 1 Azərbaycan Qran-Prisinin növbəti yürüşünü keçirəcək. Dünyada milyonlarla auditoriyası olan Formula-1 dördüncü dəfə paytaxt küçələrində təşkil olunacaq. Paytaxt Bakının mərkəzi küçələrində bu möhtəşəm idman tədbirinin yayımıyla əlaqədar Azərbaycana 150-yə yaxın jurnalistin gələcəyi gözlənilir.

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess-2019 superturniri altıncı dəfə şahmatsevərlərin diqqətini Şəmkirə cəlb edəcək. Ənənəvi turnirdə bu dəfə də 10 qrossmeysterin çıxış edəcəyi planlaşdırılır. Azərbaycanı yarışda bir ya iki şahmatçı təmsil edəcək. Hazırkı dünya çempionu Maqnus Karlsenin də yarışda iştirak edəcəyi söylənilir.

İdmançılarımızın ölkəmizdən kənarda keçiriləcək bir sıra mühüm yarışlarda iştirak edəcəyi də dəqiqləşib. İlk olaraq karatedən başlayaq. Bu idman növü üzrə Avropa Çempionatı (28-31 mart/Qvadalaxara, İspaniya) Azərbaycanın medal qazana biləcəyi ilk mötəbər turnirdir.

İyunda Minskdə keçiriləcək Avropa Oyunlarına lisenziya reytinq cədvəli üçün xallar verəcək. Rumıniyada güləş üzrə Avropa Çempionatı (8-14 aprel/Buxarest) – baş tutacaq. Bu yarış da Avropa Oyunlarına lisenziya xarakteri daşıyacaq. Azərbaycan yenə bu turnirdə həm yunan-Roma, həm qadın, həm də sərbəst güləşdə Avropa çempionları bəxş edə bilər.

İki ildən bir keçirilən taekvando üzrə Dünya Çempionatı mayda Böyük Britaniyada olacaq.

İlk dəfə Bakıda keçirilmiş Avropa Oyunları bu il 21-30 iyunda Belarusun paytaxtı Minsk şəhərində baş tutacaq. Yarış 15 idman növü (kamandan oxatma, atletika, badminton, basketbol (3x3), çimərlik futbolu, boks, kanoe, velosiped idmanı, gimnastika, cüdo, karate, sambo, atıcılıq, stolüstü tennis, güləş) üzrə keçiriləcək. Avropa Oyunları həm də boks, badminton, cüdo, kanoe, kamandan oxatma və atıcılıqda Avropa Çempionatını əvəzləyəcək.

İki ildən bir təşkil olunan Yay Universiadası bu il 3-14 iyul tarixlərində İtaliyanın Neapol şəhərində keçiriləcək. 2017-ci ildə Tayvanda keçirilən Universiadada 22 idman növü vardısa, bu dəfə atletlər özlərini 18 idman növündə sınayacaq.

Cüdoçularımız bu dəfə Yaponiyada keçiriləcək dünya çempionatında iştirak edəcək. Dünya çempionatı Olimpiadaya lisenziya xarakteri daşıyacaq. Boks və güləş üzrə dünya çempionatı müvafiq olaraq Soçi və Astana şəhərində olacaq.



MƏSLƏHƏT GÖR:

386