Müəllif: Valentina REZNİKOVA
Əsrlərdir ki, insanlıq sevginin nə olduğunu düşünür. Bu mövzuda traktatlar, poema və romanlar yazan insanlar, bu gün də həmin suala cavab axtarışındadırlar. Deyə bilərsiniz ki, axı, bu nəyə gərəkdir? Bizim bu praqmatik əsrdə hər şey yetərincə bəsitləşib. Ola bilər. Ancaq heç də hamı üçün deyil. Elə insanlar var ki, onlar axına qarışıb üzə bilmirlər. Onların «sevgi dunyası» mənəvi dəyərlər və əqidə üzərində qurulub və bu dəyərlər «Quran», «İncil» və «Tövrat»ın buyurduqları ilə həmahəngdir.
«Bütün yollar insanlara doğru aparır»
(Antuan de Sent-Ekzüperi)
Əliyulla və Xədicə Mütəllibovların qızı Xalidə «mən kim olacam?» sualına cavabı hələ uşaqlıqda Lev Tolstoyun «Hərb və sülh» romanını oxuduqdan sonra tapmışdı. Əsərin qəhrəmanları bir-birilə fransızca danışırdı. Bu dil çox gözəl, qeyri-adi səslənir və adamı həyəcanlandırırdı! Bu həyəcanın sirrini balaca qızcığazın özü də tam anlamırdı, lakin əmin idi ki, xarici dil öyrənmək bir sovet uşağı üçün ən doğru məşğuliyyətdir. Bu yerdə qeyd etmək lazımdır ki, onun anası Xədicə xanım seyid nəslindən olsa da, xasiyyətcə çox üsyankar, yetərincə demokratik və müasir dünya görüşə malik bir xanım idi. Bu səbəbdən də, beş övladının hamısını rus məktəbinə qoymuşdu. Balaca Xalidənin bir çox xüsusiyyətləri ona məhz anasından keçmişdi. Bu sıraya onun öz mövqeyini qorumaq bacarığı da daxildir.
Fransız təmayüllü rus məktəbini bitirən çekist Əliyullanın qızı Xarici Dillər İnstitutuna daxil olmaq istəyirdi. Lakin ailəsi hesab edirdi ki, həkim olmaq daha vacibdir. Axı, insanları xilas etmək və ömrünü uzatmaq gözəldir! Çox tutarlı arqument idi və bir az düşündükdən sonra Xalidə razılaşır. İmtahanları asanlıqla verən Xalidə tibb institutuna daxil olur. Lakin cəmi yarım il oxuduqan sonra, sənədlərini götürür və çıxıb gedir. Tibb aləmi onluq deyildi. Üstəlik, axı, müəllim peşəsi də həkimlikdən pis deyil! Müəllim insanları işıqlı günə çıxarır! Dil öyrətmək isə ikiqat gözəldir. Xalidənin bu qərarını ailəsi də hörmətlə qarşılayır. Hötenin «Nə qədər çox dil bilirsənsə, o qədər insansan!» deyimi sovetlər ölkəsində çox dəbdə idi. Onsuz da Mütəllibovlar ailəsində uşaqlar Azərbaycan və rus dillərini mükəmməl bilirdilər. Xalidə isə Xarici Dillər İnstitutuna hazırlaşmağa başlayır. O, çox oxuyur, Azərbaycan, rus, xarici ədəbiyyata, xüsusən fransız ədəbiyyatına böyük maraq göstərir. Lakin onda gənc qız hələ bilmirdi ki, instituta daxil olanda o, artıq ailəli olacaq! Yaşının 18 olmasına baxmayaraq, ailəli xanım statusu ona bir ciddilik verirdi. Xalidə xanımla Azər bəyin bu izdivacı çox möhkəm və xoşbəxt olur.
Anasının zərif gözəlliyi və zövq hissini əğz edən Xalidə, o zaman söyləndiyi kimi, özünü doğru təqdim edə bilirdi. O dövrün ağ-qara fotolarından bizə çox gözəl bir gənc qadın baxır. Maraqlıdır ki, onu kinoya çəkməyiblər! Hərçənd, belə bir təklif onu, çətin ki, maraqlandırardı. Şəkildən bizə sovet dövrünün ən son dəbinə uyğun geyinmiş xanım baxır. Təkcə sovet dövrünün yox. Heç kimə sirr deyil ki, Avropanın moda jurnalları kimlərinsə çantalarında Bakıya Moskvadan da, Leninqraddan (Sankt-Peterburq – red.) da tez gəlib çıxırdı.
«Ulduzların nə üçün işıq saçdığını bilmək istərdim. Yəqin, onun üçün ki, hər kəs tez ya gec öz ulduzunu tapa bilsin»
(Antuan de Sent-Ekzüperi)
Xalidə öz ulduzunu tapa bilmişdi. Bu xoşbəxtlik heç də hər kəsə nəsib olmur. Bəziləri saçları ağarsa belə nə üçün dünyaya gəldiyini anlaya bilmir. Ancaq bu, ona aid deyil. Yəqin ki, onun özü də ulduzlar tərəfindən seçilib ki, başqa insanların yoluna işıq salsın. Doğmalarının, tələbələrinin, həmkarlarının, qonşularının, dostlarının, bir sözlə, həyatın qarşısına çıxardığı hər kəsin yoluna. Fransız dili müəllimi olan Xalidə xanım tez bir zamanda öz üzərində çalışaraq peşəkar kimi püxtələşdi. 50 ildən artıq pedaqoji əmək gözəl nəticələr verdi.
1969-cu ildə o, fransız və Azərbaycan dillərinin müqayisəli qrammatikası mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edir. 1971-ci ildə isə dosent elmi vəzifəsinə layiq görülür. Ölkəmizdə onun çox sayda tələbələri və davamçıları yaranır, o, orta və ali məktəblər üçün dərsliklər yazır, fransız-Azərbaycan və fransız-Azərbaycan-rus lüğətlərini hazırlayır. Xalidə xanım bir çox linqvistik beynəlxalq konfransın əvəzsiz iştirakçısı idi. İsveçrə, ABŞ, Fransa, İsveç, İtaliya, Hindistan, İran, Türkiyə – bütün bu ölkələrdə o, öz ölkəsini ləyaqətlə təmsil edib. Çekist ailəsində böyümüş Xalidə xanım üçün vətənpərvərliyin tam dəqiq bir anlamı var idi. Elə bunun üçün də o partiya sıralarına daxil olur – sovetlər ölkəsində belə qəbul olunduğu üçün deyil, inandığı üçün. Lakin Qara Yanvar faciəsindən sonra Xalidə xanım öz partiya biletini yandırır. Artıq o, kommunist partiyasına aid olmaq istəmir, çünki indi bu, onun əqidəsinə ziddiyyət təşkil edirdi.
Fransız dilində ilk dəfə oxuduğu Antuan de Sent-Ekzüperinin «Balaca şahzadə»si çoxdan onun həyat fəlsəfəsi üçün örnəyə çevrilmişdi. Xalidə xanımın aldığı bu kitab sonradan bütün ailənin masaüstü kitabına çevriləcəkdi. O, bütün həyatı boyu həm övladlarına, həm dostlarına, həm də tələbələrinə «Balaca şahzadə»dən sitatlar gətirirdi. Böyüklər üçün nağıl bu insanın şərəf və ləyaqət kodeksinə çevrilmişdi. Bu səbəbdən də, SSRİ-nin süqutundan sonra Azərbaycanın çətin günləri başlayanda o, əqidəli və xarakterli bir xanımın olmalı olduğu yerdə – ön cəbhədə oldu. Bunu ondan heç kim tələb etməmişdi, necə davranmalı olduğunu o, özü müəyyən edirdi. Odur ki, onun Qarabağ münaqişəsinin gedişində tez-tez döyüş bölgəsinə səfər etməsi, müharibədən zərərçəkmiş insanlara humanitar yardım aparması təbii bir hal idi. Hətta dəfələrlə düşmən atəşinə məruz qalması belə onu bu yoldan çəkindirmədi. Şuşaya gedərkən, Xankəndidə üzərindən keçdiyi körpü bir an sonra partladı, lakin bu da onu qorxutmadı. O, öz yurdunun qızıdır və hər zaman bəxt ulduzunun göstərdiyi yolla gedib. Bu da onu insanlara aparan yol idi. Həmin o balaca şahzadənin dediyi yol…
«Biz özümüzə alışdırdığımız insanlara görə məsuliyyət daşıyırıq»
(Antuan de Sent-Ekzüperi)
Bu sözlər heç bir müzakirə tələb etmir. Yaxınlarını bir dəqiqəlik, bir anlıq belə unutmaq olmaz. Biz elə etməliyik ki, onlar heç vaxt göz yaşları axıtmasın, onları həmişə öz qayğımızın çətiri altında qorumalıyıq. Bu heyrətamiz insanın nə qədər insanı öz çətiri altında qoruduğunu yalnız o insanların özləri bilir. Biz hamı və hər şey barədə bilmirik. Axı o, öz əməllərini bir hadisəyə çevirməyi sevmir, etdiklərində qeyri-adi heç nə görmürdü. Onun üçün bu sadəcə həyat idi. Normal insanın adi həyatı.
Bəzən onun evində valideynlərindən birini itirmiş yad uşaqlara rast gəlmək olardı. Həyat yoldaşlarını itirmiş kişilərə eyni vaxtda həm işləmək, həm də uşaq tərbiyə etmək çox çətindir. Xalidə xanım bunu gözəl anlayırdı və həmin uşaqların küçənin təsiri altına düşməsinin qarşısını almağa çalışırdı. Birgə naharlar tədricən kitab və ya kino müzakirələrinə keçir və mütləq operaya səfərlərlə başa çatırdı. Bununla o, məhəllə uşaqlarını elitar mədəniyyətə alışdırırdı. Bu, artıq vərdiş halını almışdı - hər şənbə-bazar müxtəlif teatrlara getmək – opera, Rus Dram Teatrı, Dövlət Dram Teatrı. Xalidə xanım hesab edirdi ki, incəsənət insanın gündəlik həyatının ayrılmaz hissəsi olmalıdır. Öz xalqının tarixi və mədəniyyətinə gözəl bələd olduğu üçün insanları ən böyük dəyər hesab edir və onları sevməyi bacarırdı. Görüntü xatirinə yox. Piar sözündən isə hətta biraz zəhləsi gedirdi. Etdiklərini isə insanları sevdiyi üçün, onlara fayda vermək istədiyi üçün edirdi. O, böyük mesenat Zeynalabdin Tağıyevin qızı Sara xanımın dar günlərində ona dəstək olurdu. Sara xanım həyatını dəyişəndə isə Xalidə xanım onun son mənzilə atası evi olmuş binadan yola salınmasına nail olmuşdu. Bəlkə də, bu, təkcə bizdə mümkündür. Başqa hansısa ölkədə dövlətə məxsus binanın ata evi qismində vida mərasimi üçün istifadə olunması çətin mümkün olardı. Lakin axı, Xalidə xanım o qədər doğru sözlər seçir və fikrini əminliklə ifadə edirdi ki, nəticə əldə olunmaya bilməzdi.
«…özünü qaydaya saldınsa, dərhal öz planetini də qaydaya sal»
(Antuan de Sent-Ekzüperi)
Xalidə Mütəllibovanın planeti onun 20 ölkədə olan dostları, onun övladları, nəvə, nəticələri və çoxsaylı qohumlarıdır. O, onların heç birini unutmur, onların gündəlik qayğıları və problemlərindən xəbərdar olmağa çalışırdı. Onlar da ona etibar edir, güvənir, ən mərhəm sirlərini onunla bölüşürdülər. Xalidə xanım onları sevir və hansısa mənada özünün davamı sayırdı. Elə özünü də onların davamı hesab edirdi. «Balaca şahzadə»nin qəhrəmanı kimi o da əmin idi ki, hər bir canlı digərində təzahür edə bilər. Hətta xəstələnəndə belə, insanları diqqətsiz qoymurdu. Tez-tez yataqdan qalxır, özünü zəifləməyə qoymurdu. «Hərəkətdə həyat var» formulunu hələ uşaqlıqdan mənimsəmişdi və son nəfəsinə qədər bu yanaşmaya sadiq qaldı. Planşetlə işləməyi öyrənən Xalidə xanım özünün planeti saydığı insanlarla WhatsApp vasitəsilə əlaqə saxlayırdı. Dünyasını dəyişməzdən cəmi bir neçə saat əvvəl isə hamıya belə bir vəsiyyət göndərib: «Qoy işləriniz yalnız yaxşı olsun!»
Böyük insanlar haqqında danışmaq çox çətindir, hətta bəzən mümkün deyil. Çünki nə desəniz az olacaq. Xalidə xanım Mütəllibova məhz belə insanlardandır. Ötən il dekabrın 23-də bu dünyanı tərk edən Xalidə xanımı uşaqlıqdan çox sevdiyi Yeni il bayramından cəmi 9 gün, özünün doğum günündən isə 12 gün ayırdı. Yanvarın 3-də onun 81 yaşı tamam olacaqdı. Lakin o, «Balaca şəhzadə»nin qəhrəmanı kimi öz dünyasını tərk etdi ki, başqa dünyaya köçsün. Planşeti isə hələ də müxtəlif ölkələrdən mesajlar alır. Onların hamısını toplamaq mümkün olsaydı, qeyri-adi ölçülərdə bir kitab yaranardı. Bəlkə də, tələbələrindən kimsə bunu edəcək. Kitabın hansı dildə yazılacağı da vacib deyil. Bu, Azərbaycan, rus və fransız dili də ola bilər. Əsas odur ki, o yaranmalıdır, çünki bir məqalədə belə bir insanı təsvir etmək mümkün deyil.
Aydındır ki, doğmalarının acısı qarşısında sözlər acizdir. Bu acı həmişə ürəyin bir kənarında yaşayacaq. Ürəyin yaddaşı tamam başqa, emosional və güclü yaddaşdır. Gah ananın vurduğu ətrin qoxusunu xatırladar, gah da keçmişdən hansısa bir detalın göz önünə gətirər. Məsələn, onun Kislovodskdan gətirdiyi şəffaf stəkan. Axı, ana övladlarını Leninqrad və Moskvaya gəzməyə aparmışdı. Elə məşhur abidələrin, memarlıq incilərinin, muzey və sərgilərin gözəlliklərini onlara göstərən ilk bələdçi də ana olub.
Onun tələbələrinin də itkisi böyükdür. Əziz müəllimini itirmiş insanların onun planşetinə göndərdiyi başsağlığı mesajlarının bir neçəsi diqqətimizi cəlb edir: «Əziz müəllimimiz, mən çox istərdim ki, sənə bənzəyim», «Nə qədər ki, biz sağıq, sən bizim qəlblərimizdə yaşayacaqsan», «Onun ruhu cənnətlikdir» və daha nə qədər səmimi, emosional ismarıc.
Keçmiş tələbəsi, pedaqoq Güldəstə Məmmədova və Azərbaycan Qadınlar Cəmiyyətindəki həmkarı Nazilə Vahabovaya bir sualla müraciət etdik.
- Xalidə xanım Mütəllibovanın özəlliyi nədə idi?
Nazilə Vahabova, Azərbaycan Qadınlar Cəmiyyəti sədrinin müavini:
- Onun özəlliyi yardıma ehtiyac duyanlara hər an köməyə gəlməyə hazır olmağında və böyük şəxsiyyətə xas bir çox başqa təkrarolunmaz xüsusiyyətlərində idi. O, gözəl natiq, böyük istedad sahibi idi. Çox az adam onun kimi şeir oxuya bilərdi.
Güldəstə Məmmədova, fransız dili müəllimi:
- O, elə edirdi ki, biz olduğumuzdan daha yaxşı olmağa çalışırdıq. Hər işdə və həmişə. O, bizim bənzəmək istədiyimiz ideal idi. Bu gün də hərdən hiss edirəm ki, nələrisə onun etdiyi kimi edirəm. Mən tələbələrimə maraqlı və lazımlı olmağa çalışıram. Necə ki, Xalidə xanım bizim üçün maraqlı idi. O, bizim üçün ana, dost, məsləhətçi və rəhbər idi.
«Gözlər kordur. Ürəklə axtarmaq lazımdır»
(Antuan de Sent-Ekzüperi)
Dünyasını dəyişərkən o, qızı İradənin əlini möhkəm sıxıb və gözlərini geniş açaraq, sanki haqq səsini ucaldırmış kimi: «Ölürəm!» deyib… ucadan, aydın və titrəməyən səslə, bələd olmadığı dünyaya köçməkdən qorxmadan, ruhunun gücünü və dəyanətini, baxışının və ağlının aydınlığını itirmədən, üz cizgilərini dəyişmədən. Sanki ölmək adi bir iş imiş kimi başına toplaşan doğmalarını «Ölürəm!» deyə xəbərdar edib və başqa bir aləmə üz tutub. İradə xanım, onun qardaşı Əliheydər və həmin an orada olan insanlar bunu dönə-dönə xatırlayırlar. İradə xanım sanki o an anlaya bilmədiyi nəyisə hələ də anlamağa çalışır…
Yaqub həkimin Oslodan yazdığı məktubda çox dərin sözlər, təsirli hisslər və əvəzolunmuz bir itkinin acısı ifadə olunub. Koqniktiv terapiya sahəsində tanınmış mütəxəssis olan Yaqub həkim ailənin dostudur. Bir neçə il əvvəl o, Xalidə xanımı dərman qəbul etmək üçün yola gətirməyə çalışsa da, Xalidə xanım həmin dərmanları qəbul etmək istəməyib - anasının ölümündən sonra onda dava-dərmana inam qalmamışdı. Atasının ovcunun içində bir topa dərman tutaraq, «bu qədər dərman anana kömək etmədi!» - deməsi hələ də yadında idi. Elə buna görə də Xalidə xanım dərman atmağın mənasız olduğunu düşünürdü. Onun üçün yalnız, şüur, güc və iradə əhəmiyyət kəsb edirdi. İnsanın xilasını yalnız bunda görürdü. Elə bu yanaşma ilə də xeyli il yaşadı. Lakin yaş öz işini görürdü və artıq ürək dərmanları qəbul etmək lazım idi. Odur ki, ailəsi nüfuzlu həkim dostun peşəkar dəstəyinə müraciət edib. Avropalı həkim Bakıya gəlib onunla bir neçə saat söhbət etsə də, qohumlarının qarşısına çıxıb çaşqın halda deyib: «Mən bacarmadım, o, öz məntiqi ilə mənim bütün arqumentlərimi heçə endirdi!» Bu, Xalidə xanım idi, hər işin dərinliyinə gedən, məsələnin mahiyyətinə varan və uşaqlarını da buna öyrədən Xalidə xanım. Qızı İradəyə hansısa kitabı tövsiyə edəndə deyirdi: «Mətnin üstündən keçmə! Dərinə get, mənasını başa düş!»
… Son dərsində Dillər Universiteti ilə vidalaşan Xalidə xanım tələbələrinə deyib: «Mən sizin hər birinizə görə cavabdehəm!» Bu, onları dəhşətə gətirmişdi. Bu gün də o sözləri xatırlayan tələbələri bu aydın şəxsiyyəti tanıyan hər kəs kimi hüzn içindədirlər, təsəlli tapa bilmirlər. Qalanı yalnız xatirələrdir.
Bernar Verber Xalidə xanımın diqqətini cəlb etmiş sonuncu yazıçı idi. Onun əvvəlki romanlarının çoxunu dönə-dönə oxuyan Xalidə xanım deyirdi ki, hər dəfə oxuyanda o, yeni, əvvəllər görə bilmədiyi dərinliklərə dalır. Hələ uşaqlıqdan onha milli mədəniyyətimizə, adət-ənənələrimizə, mənəviyyatımıza sevgi aşılamış mədəni irsimizin də dərinliklərinə tez-tez baş vurardı Xalidə xanım. Yalnız «Balaca şahzadə» onun üçün rəqabətdən kənar idi və bəlkə də, o, indi də tanımadığımız aləmdən bizə baxaraq, Ekzüperinin ibrətamiz mesajlarını göndərir.
MƏSLƏHƏT GÖR: