26 Noyabr 2024

Çərşənbə axşamı, 00:26

ŞƏRQ ÜÇÜN İNCƏ İŞ

Ərəb dünyası inteqrasiya mexanizmlərindən çoxdan istifadə etmək istəyir və bu, heç də həmişə uğurlu alınmır

Müəllif:

01.02.2019

Ərəb dövlətləri arasında Suriya üzündən yaranmış fikir ayrılıqları və təhlükəsizliyin lazımi səviyyədə təmin olunduğuna inamsızlıq Ərəb Dövlətləri Liqasının (ƏDL) yanvarın 20-də Beyrutda təşkil olunmuş sammitini az qala pozacaqdı. 22 dövləti birləşdirən təşkilat üzvlərindən bəzilərinin lideri Livana gəlməkdən əvvəldən imtina etmişdi. Onlar bu qərarlarını İranın Livana güclü təsir imkanının olması, həmçinin Tehranın şiələrə məxsus «Hizbullah» və «Amal» kimi hərbi-siyasi təşkilatları maliyyələşdirməsilə əsaslandırırdılar.

Sammitdən öncəki bir neçə ayda Livan prezidenti Mişel Aun ƏDL üzvlərini Suriyanın təşkilata qaytarılması üçün də çox dilə tutmuşdu. Xatırladaq ki, Suriyanın ƏDL üzvlüyü ölkədə gedən vətəndaş müharibəsi səbəbilə 2011-ci ildə dondurulub. Doğrudur, təşkilat üzvlərinin bəziləri, konkret desək, BƏƏ, Küveyt və Bəhreyn artıq Dəməşqdəki diplomatik nümayəndəliklərinin fəaliyyətini bərpa etmək qərarını qəbul edib. Lakin Mişel Aunun səyləri nəticəsiz qalıb. Yəni Suriyanın ƏDL-ə qaytarılması məsələsində konsensus hələ ki, yoxdur.

Nəticədə, Beyrut ən azı toplantıya qatılmağa razılıq vermiş 8 dövlət başçısının Livana gələcəyinə ümidli idi. Lakin bu yerdə məsələyə şəxsən Livan parlamentinin sədri Nabih Berri qarışıb. Qeyd edək ki, o, həm də şiələrin «Amal» partiyasının lideridir. Berri bəyan edib ki, onun təşkilatı Liviya nümayəndə heyətinin təyyarəsinin Beyrutun hava limanına enməsinə imkan verməyəcək. Spiker bu bəyanatı livanlı şiə lideri, «Amal» partiyasının yaradıcısı Musa Sədrin 1978-ci ildə Müəmmar Qəddafi rejimi tərəfindən oğurlanaraq qətlə yetirilməsinə etiraz əlaməti olaraq verib. Nabih Berrinin sözlərinə görə, Liviyanın hazırkı hakimiyyəti sözügedən qətlin araşdırılmasından imtina edir. «Amal» partiyasının fəalları bu bəyanatdan sonra qətiyyət nümayiş etdirmək üçün sammitin başlanmasına bir neçə saat qalmış Liviya bayrağını cırıb, ona od vurub və əvəzində öz bayraqlarını ucaldıblar.

Belə bir şəraitdə Liviya rəhbərliyi, təbii ki, Beyruta uçmaqdan imtina edib və ƏDL-in digər üzvlərini də həmrəy olaraq, sammiti boykot etməyə çağırıb. Nəticədə, sammit təxirə salınmasa da, onun işinə yüksək rütbəli qonaqlar qatılmayıb. Beləliklə, demək olar ki, bütün ərəb dövlətləri toplantıda baş nazir və ya xarici işlər nazirləri səviyyəsində təmsil olunub. Sammitin açılış mərasimində iştirak etmək üçün Beyruta yalnız Qətər əmiri Tamim bin Hamad Əl Tani ilə Mavritaniya prezidenti Məhəmməd uld Abdel Əziz gəlmişdilər.

Bütün bunlardan sonra, nəhayət, 20 ərəb dövlətinin nümayəndələri (Liviya və Suriya istisna olmaqla) danışıqlar masası arxasına əyləşiblər. «Çiçəklənmə sülh amili kimi» şüarı ilə keçirilən görüşdə regional iqtisadi inteqrasiyanın perspektivləri, ərəb dünyasında ərzaq təhlükəsizliyinin təmini, yoxsulluq və işsizliklə mübarizə, ərəb dövlətlərinin siyasi və iqtisadi həyatında qadınların rolunun artırılması və s. daxil olmaqla, bir çox mövzuda müzakirələr aparılıb.

Livan prezidenti bildirib ki, o, sammitin bir sıra vacib layihə üzərində işlərin bərpasına yol açacağına ümid edir. Söhbət Yaxın Şərqdə ƏDL-in 2013-cü ildə Ər-Riyadda keçirilmiş son iqtisadi forumundan sonra başlamış müharibələr nəticəsində təxirə salınmış layihələrdən gedir.

 

Keçmişdə qalmış əzmkarlıq

Həmin forumda ərəb liderləri investisiya sazişi imzalamışdılar. Onun ratifikasiya olunacağı təqdirdə ƏDL ölkələri arasında investisiya və kapitalın hərəkətinə bütün maneələr aradan qalxacaqdı. Liqa üzvlərinin üzərinə ərazilərində investisiyaların qorunması öhdəliyi qoyan saziş bununla yanaşı, milli normativ aktlara hər hansı dəyişiklik tələb etmirdi. Sənəd ərəb işgüzar dairələrinə sazişi imzalamış dövlətlərdən hər birinin iqtisadiyyatına onun milli qanunvericiliyi çərçivəsində investisiya yatırmaq imkanı verirdi.

Həmin toplantıda ərəb liderləri azad ticarət zonasının yaradılmasına mane olan məqamların aradan qaldırılacağını da vəd etmişdilər. «Biz bu ilin sonunadək azad ticarət zonasının formalaşdırılması üçün lazım olan bütün şəraiti qurmaq əzmində olduğumuzu bəyan edirik», - deyə o zaman ƏDL-ə rəhbərlik edən Nabil Əl-Arabi bildirmişdi. O, ərəb dövlətlərinin «2015-ci ilədək Ərəb Gömrük İttifaqının yaradılması üçün maneələri tam aradan qaldırmaq əzmində olduqlarını» da demişdi.

O vaxtdan 6 il keçib, lakin bəyan olunmuş əzmkarlıq hələ də kağız üzərində qalmaqdadır. Bu, əlbəttə ki, ötən illər ərzində bir çox ərəb ölkəsinin daxili və xarici hərbi münaqişələrə cəlb olunması ilə də bağlıdır. Lakin ərəb dünyası iqtisadi inkişafa nail olmaq üçün inteqrasiya mexanizmlərindən çoxdan istifadə etməyə çalışır və bu, heç də həmişə uğurlu alınmır.

 

Uzun tarix

ƏDL-in yaradıldığı 1945-ci ildən bu yana regional siyasi və inteqrasiyaya dəfələrlə cəhd edilib. Misal kimi, 1950-ci ildə imzalanmış Birgə müdafiə və iqtisadi əməkdaşlıq haqqında müqaviləni, 1953-cü ildə imzalanmış Nəqliyyat ticarətinin sadələşdirilməsi və tənzimlənməsinə dair bəyannaməni və digər sənədləri göstərmək olar. 1964-cü ildə isə azad ticarət zonasının və gömrük ittifaqının yaradılma mərhələləri adlanaraq, ümumi bazarın yaradılması haqda saziş imzalanıb. Nəticədə, onu reallaşdırmaq, əlbəttə ki, mümkün olmayıb.

Vəziyyət 1990-cı illərdə dəyişməyə başlayıb – Tariflər və ticarət haqda əsas sazişə (1995-ci ildən Ümumdünya Ticarət Təşkilatı) qoşulmuş əksər ərəb ölkəsi diqqəti ticarətin liberallaşdırılmasına yönəldib. 1997-ci ilin fevralında ƏDL üzvü olan 22 dövlətdən 18-i Böyük ərəb azad ticarət zonasının yaradılması haqqında bəyannaməni (Greater Arab Free Trade Area - GAFTA) qəbul edib. GAFTA ərəb dünyasının ən vacib iqtisadi razılaşmalarından biridir. Artıq 2005-ci ildə iştirakçı dövlətlər malların gömrük rüsumu və vergisindən azad olunması yolu ilə ticarətin liberallaşdırılmasında önəmli nailiyyətlər əldə etmişdi. Uğurdan ilhamlanmış ƏDL liderləri elə o vaxt 2010-cu ilə gömrük ittifaqı, 2020-ci ilə isə ümumi ərəb bazarını yaradacaqlarını açıqlamışdılar.

Lakin onlar bu günədək mükəmməl azad ticarət zonası yarada bilməyiblər. Çünki gömrük rüsumları ləğv olunsa da, bir çox ölkə qarşılıqlı ticarətdə ortaya qeyri-tarif maneələri qoyur. Xidmət və investisiyalar sahəsində liberallaşma da lazımi səviyyədə deyil.

 

Yeni cəhd

Regional layihələrin reallaşdırılmasındakı uğursuzluqlar başqa region ölkələrilə inteqrasiya layihələrinin kifayət qədər uğurlu alınması ilə aşkar təzad təşkil edir. Hər halda, son 15 ildə onlar Aİ, ABŞ, Avropa Azad Ticarət Assosiasiyası, Sinqapur və Türkiyə ilə azad ticarət zonası haqqında sazişlər imzalanıb.

Beləliklə, ƏDL-in Beyrutda keçirilən son iqtisadi və sosial inkişaf sammitinin iştirakçıları gömrük ittifaqı və ərəb azad ticarət zonasının yaradılması planını növbəti dəfə bəyan ediblər. Doğrudur, Küveytin 200 milyon dollarlıq Rəqəmsal İnkişaf üzrə Ərəb İnvestisiya Fondunun yaradılması təklifi bu istiqamətdə nələrinsə dəyişə biləcəyinə ümid yaradır. Üstəlik, burada söhbət sadəcə, niyyət bəyannaməsindən getmir. Küveyt ilə Qətər artıq Fonda hərəyə 50 milyon dollar ayırmağa hazır olduqlarını bəyan edib.

 

Suriyalılar evlərinə dönməlidirlər

Beyrut Bəyannaməsi adlandırılmış birgə yekun bəyanatda azad ticarət zonasının yaradılması qətiyyətilə yanaşı, beynəlxalq birlik qaçqın və məcburi köçkünlərə qucaq açmış dövlətlərə dəstək olmağa çağırılır.

«Biz beynəlxalq birliyi suriyalı qaçqınları qəbul edən ərəb dövlətlərini dəstəkləməyə, qaçqınlarla bağlı yaranmış iqtisadi böhranın aradan qaldırılması istiqamətində addımlar atmağa çağırırıq», - deyə sənəddə bildirilir.

Həqiqətən də, ərəb dövlətlərinə üz tutmuş milyonlarla qaçqın İkinci Dünya müharibəsindən sonrakı dövrdə onların ən ciddi humanitar probleminə çevrilib və bu, bəyannamədə də əksini tapıb. Sənəddə deyilir ki, bu böhran iqtisadi inkişafa mane olur, xərcləri artırır və ərzaq çatışmazlığına yol açır. Sənəd müəllifləri bildirir ki, yaranmış vəziyyət dövlət sektoru və infrastruktur üçün ağır yüksə çevrilib və nəticədə ictimai sabitliyin pozulması riski yaranıb.

Livan prezidenti Mişel Aunun sözlərinə görə, əsasən Suriyadan (1 milyondan artıq) və Fələstindən (200 mindən çox) olan qaçqınlar hazırda ölkə əhalisinin az qala yarısını təşkil edir. Bu səbəbdən də, o, Ərəb Yenidənqurma və İnkişaf Bankının yaradılması təşəbbüsü ilə çıxış edib. Prezident hesab edir ki, bu, silahlı münaqişələr nəticəsində çətin vəziyyətə düşmüş region ölkələrinin bərpasına imkan verəcək.

Sammit iştirakçıları Suriyaya yardım məsələsilə yanaşı, Somali və Yəmənin bərpası yollarını da müzakirə ediblər.

Ərəb dövlətləri ilk dəfə suriyalı qaçqınların vətənlərinə dönməsi üçün təşviq olunması haqda da razılıq əldə edib. Bunu Livanın xarici işlər naziri Hebran Bassil sammitdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

Ola bilsin ki, ƏDL üzvlərinin suriyalı qaçqınlarının taleyi də daxil olmaqla, bir sıra çətin məsələ ilə bağlı konsensus əldə etməsi sammitə birinci şəxslərin qatılmaması ilə də əlaqəlidir.

ƏDL-in beşinci iqtisadi sammiti 2023-cü ilin yanvarında Mavritaniya paytaxtında keçiriləcək. O vaxtadək, yəqin ki, həm Suriya, Liviya, Yəmən və Somali kimi problemli ölkələrdə vəziyyətə, həm ərəb ölkələrinin vahid iqtisadi məkana inteqrasiya istəyinin nə qədər gerçək olduğuna aydınlıq gələr.



MƏSLƏHƏT GÖR:

347