25 Noyabr 2024

Bazar ertəsi, 22:23

ERMƏNİ «KOBRA»SI GÜRCÜSTANI SANCDI

İrəvan Azərbaycan-Gürcüstan münasibətlərini pozmağa çalışır

Müəllif:

01.02.2019

Strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanan Azərbaycan-Gürcüstan münasibətlərində son dərəcə xoşagəlməz durum yaranıb. Səbəb Gürcüstan ərazisində Mixail Avaqyan adlı şəxsə abidənin ucaldılmasıdır. Bu şəxs Azərbaycanın işğal olunmuş rayonlarında dinc əhaliyə qarşı qətliamlarda iştirak edib.

 

Mehriban qonşuluq ruhuna zidd addım

M.Avaqyanın Qarabağ döyüşləri iştirakçısı olduğunu və «Kobra» ləqəbilə tanındığını, Azərbaycan dilini bildiyini və bunun ona «kəşfiyyatda kömək etdiyini» erməni bioqraflar da yazır… O, əlləri Xocalıda günahsız uşaqların, qadınların və qocaların qanına batmış şəxslər sırasındadır. Bu gün isə Qarabağda azərbaycanlılara qarşı qətliamlar törətməklə tanınmış bu zəhərli «Kobra»ya Gürcüstanda abidə ucaldılır. Burada onun büstünün ermənilərin sıx yaşadığı rayonda ucaldılmasının heç bir fərqi yoxdur…

Məlumata görə, büstün açılış mərasimində Gürcüstan parlamentinin hakim «Gürcü arzusu» partiyasından olan deputatları Samvel Manuyan ilə Enzel Mkoyan (sonuncu Gürcüstanın Axalkalaki və Ninotsminda rayonlarının erməni icmalarının qeyri-formal lideri sayılır) da iştirak ediblər. Təntənəli mərasimin qırmızı lentini isə Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan kəsib. Üstəlik, o, tədbirdəki çıxışında Avaqyan kimi şəxslərə «erməni xalqının vacib qələbəsindəki roluna görə» təşəkkürünü də bildirib.

Bu «vacib qələbə»nin Azərbaycan ərazisinin 20%-nin işğalı olduğu aydındır. Azərbaycanın həmin torpaqlarda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə apardığı da bəllidir. Odur ki, həmin torpaqlarda erməni yaraqlıları, o cümlədən Avaqyan günahsız insanların qanını töküb…

Hərbi cinayətkara büst ucaldılmasını təşkil edənlərin həyasızlığı o həddə çatıb ki, onlar mərasimi Azərbaycanın 1990-cı il faciəsinin yüzlərlə qurbanının xatirəsini andığı 20 yanvar günü keçiriblər. Şübhəsiz ki, bu, Sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisələrin növbəti ildönümü gününə təsadüfən düşməyib. Bu, planlaşdırılmış təxribatdır və məqsəd, əlbəttə ki, Azərbaycanın hadisəyə emosional reaksiya verməsinə nail olunmasıdır. Erməni təxribatçılar düşünür ki, bununla Azərbaycan-Gürcüstan münasibətlərini korlaya bilərlər.

Bunu təsdiqləyən daha bir fakt erməni tərəfinin də dediyi kimi, Mixail Avaqyanın abidəsinin hələ ötən əsrin 90-cı illərindən Buqaşen kəndindəki qəzalı məktəbin həyətində olmasıdır. Onun əvəzlənməsinə səbəb sən demə… «abidənin təsadüfən zədələnməsi» imiş.

Bu arada, erməni əhalinin yaşadığı Samtsxe-Cavaxetiya regionunda Avaqanyana abidənin açılmasından dərhal sonra Gürcüstanın digər bölgəsində – azərbaycanlıların yaşadığı Kvemo-Kartlidə bir qrup gürcü fəalın azərbaycanlı xadim Nəriman Nərimanovun abidəsinin sökülməsi tələbilə çıxış etdiyinə dair xəbərlər yayılıb. Görünür, bu da «təsadüf»dür.

İstənilən halda, Gürcüstanın Bakıdakı səfiri Zurab Pataradze hadisə ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyinə dəvət olunub və ona baş verənlərlə bağlı rəsmi etiraz çatdırılıb. XİN-in mətbuat katibi Leyla Abdullayevanın sözlərinə görə, Azərbaycan tərəfi insidenti «ikitərəfli strateji tərəfdaş münasibətlərinin ruhuna uymayan hadisə» kimi qiymətləndirib. Bununla yanaşı, qarşı tərəfdən «faktın aradan qaldırılması üçün dərhal tədbirlər görülməsini» tələb edib.

Bununla yanaşı, Azərbaycanın Tbilisidəki səfiri Gürcüstan XİN-nə narazılığını çatdırıb, rəsmi Bakının Axalkalaki şəhərinin Buqaşen kəndində Mixail Avaqyana abidə ucaldılmasını pislədiyini bildirib.

Az sonra məsələyə Gürcüstan XİN-i də münasibət bildirib. Qurumun açıqlamasında bildirilir ki, iki ölkə diplomatları məsələni müzakirə edib, informasiya mübadiləsi aparıb. «Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bizim aramızda müzakirə olunmayacaq məsələ yoxur. Bu, normal ünsiyyət formasıdır və hadisə ətrafında ajiotaj yaradılması yersizdir», - deyə Gürcüstan XİN-in açıqlamasında bildirilir.

Əlbəttə ki, ajiotaj yersizdir. Çünki bunu ən çox elə təxribatın müəllifləri arzulayır. Lakin burada istər-istəməz bir sual da yaranır: bu məsələnin Azərbaycana heç bir aidiyyəti olmasa belə, bu abidə Gürcüstanın nəyinə gərəkdir? Axı, burada söhbət yalnız yüzlərlə azərbaycanlının deyil, həm də gürcünün ölümündə əli olmuş şəxsdən gedir. Məsələ ondadır ki, Avaqyan Abxaziya münaqişəsinin ən qızğın vaxtında bu muxtariyyətin daxili işlər orqanlarında çalışıb və «Baqramyan batalyonu»nun yaradılmasında bilavasitə iştirak edib. Bu batalyonun Abxaziyanın gürcü əhalisinə qarşı hansı vəhşilikləri törətdiyi isə bəllidir.

Beləliklə, Avaqyanın nəinki Gürcüstan və gürcü xalqı qarşısında heç bir xidməti yoxdur, əksinə, o, elə Gürcüstan Respublikasının ərazisində gürcü xalqına qarşı törədilmiş cinayətlərin iştirakçısı olub. Demək, cinayətkara, Gürcüstanı satmış şəxsə abidənin ucaldılması heç də boş yerə atılmış addım deyil. Abidəsi ucaldılmış şəxsin Gürcüstana dost olan Azərbaycanda da dinc əhaliyə qarşı kütləvi qətliamlar törətməsi məsələni daha da qəlizləşdirir – demək, gürcülərə və azərbaycanlılara qarşı cəlladlıq etmiş şəxsə abidə qoyulması yolverilməzdir.

 

Tbilisidən layiqli cavab gələcəkmi?

Axalkalakidə Avaqyana abidə ucaldılmasının istər Azərbaycan, istərsə də Gürcüstan ictimaiyyətində hiddətə yol açması təəccüblü deyil. Bir çox gürcü siyasətçi və ekspert Buqaşen kəndində baş verənlərin Gürcüstanın Azərbaycanla strateji müttəfiqliyinə, tərəfdaşlığına mənfi təsir edəcəyindən narahatlığını dilə gətirib. Məsələn, politoloq Mamuka Areşidze Avaqyana abidə ucaldılmasını «məqsədyönlü, nümayişkaranə akt» kimi qiymətləndirib. Onun fikrincə, bu, «bütünlükdə regionda vəziyyəti son dərəcə qəlizləşdirə bilər».

Gürcüstanın sabiq müdafiə naziri Dmitri Şaşkin isə deyib: «Bu abidənin ucaldılması Azərbaycan-Gürcüstan münasibətlərinə mənfi təsir göstərəcək. Gürcüstan Qarabağ münaqişəsinin lap əvvəlindən hər zaman düzgün mövqe tutub, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Tbilisinin bu mövqeyi İrəvanda da anlayışla qarşılanıb. Təəssüf ki, konkret olaraq Axalkalaki regionundakı cəzasızlıq siyasəti hökumətin son dərəcə kobud səhvilə nəticələndi. Bu səhv dərhal aradan qaldırılmalıdır».

Bütün bunların fonunda elə təəssürat yaranır ki, Tbilisi özünü çıxılmaz vəziyyətdə hiss edir. Guya bu abidənin sökülməsi Axalkalakinin yeri erməni əhalisinin müqavimətilə qarşılaşacaq. Gürcüstan parlamentindəki hakim «Gürcü arzusu» fraksiyasının rəhbəri Mamuka Mdinaradze «məsələnin mərkəzlə razılaşdırılmadığını» deyir.

Amma aydındır ki, Tbilisi sadəcə ajiotajdan qaçmaq cəhdilə vəziyyəti düzəldə bilməz. Bunun üçün ölkələrimiz arasındakı strateji tərəfdaşlığın ruhuna uyğun konkret addımlar atılmalıdır. Bakı hər zaman tərəfdaşlığa sadiq olub və bu, Azərbaycan və Gürcüstan rəhbərliyinin, həmçinin ictimaiyyətinin səylərilə strateji səviyyəyədək qalxıb. Bu gün Azərbaycan-Gürcüstan tərəfdaşlığı regional əməkdaşlıq və təhlükəsizliyin əsas amillərindən biridir. Azərbaycanın bu qonşu dövlətlə ən sıx, dost münasibətlərinə sadiqliyini göstərən saysız-hesabsız misal çəkmək olar: Azərbaycanın nəhəng enerji və nəqliyyat layihələrinin Gürcüstanın iştirakı ilə reallaşdırılması, ona təmənnasız yardımların göstərilməsi, o cümlədən kilsələrinin (erməni əhalinin yaşadığı rayonlar daxil) pulsuz qazla təmini, Gürcüstanın müasir tarixində və ən ağır anlarında dəfələrlə göstərilmiş siyasi-mənəvi, maddi-iqtisadi yardımlar və s. Odur ki, Bakı Tbilisidən onun maraqlarına zidd addım atmamasını gözləməkdə haqlıdır. Üstəlik, bundan həm də Gürcüstanın özünün gələcək firavanlığı aslıdır.

Əlbəttə ki, erməni qatilə abidənin ucaldılması Azərbaycan-Gürcüstan ittifaqını pozmayacaq. O, uzağı, xoş olmayan «çöküntü» verəcək. Bu «çöküntü»nün ikitərəfli münasibətlərdə silinməz ləkəyə çevrilməsi nə Azərbaycanın, nə də Gürcüstanın marağındadır. Bu münasibətlərin pozulmasında üçüncü ölkənin millətçi dairələrinin maraqlı olduğuna heç bir şübhə yoxur. Söhbət Azərbaycanın Qarabağ bölgəsini işğal etmiş, Gürcüstanın Cavaxetiya regionuna isə ərazi iddialarını gizlətməyən ölkədən gedir. Odur ki, Azərbaycan Tbilisinin ciddi iradə nümayiş etdirməsini, bədxahların Buqaşen təxribatına layiqli cavab verməsini gözləyir.



MƏSLƏHƏT GÖR:

388