Müəllif: Nadir XOSROVOĞLU
Bu il idman dünyası üçün Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyaların qazanılması baxımından həlledici il olacaq. Bu mənada Azərbaycan idmansevərlərinin ilk dəfə olimpiya proqramına daxil edilmiş karate ilə bağlı xüsusi gözləntiləri var. Daim dünya və Avropa çempionatlarında uğurlu çıxışlarıyla fərqlənən karateçilərimiz artıq planetin ən böyük yarışına gərgin hazırlıqlara başlayıb.
Bu arada ötən ilin son günlərində millidə məşqçi dəyişikliyi baş verdi. Bundan sonra kişilərdən ibarət kumite üzrə milli komandanı türk mütəxəssis Bahəddin Kandaz çalışdıracaq. 50 yaşlı mütəxəssis, 2006-cı ildən məşqçi kimi fəaliyyətə başlayıb və 2014-cü ildə İsveçrənin Bazel şəhərinə klub məşqçisi kimi işləməyə dəvət olunub. Məşqçilik dövründə bir neçə yetirməsi dünya və Avropa çempionatlarının qalib və mükafatçısı olub. B.Kandaz dörd ay əvvəl Böyük Britaniyaya məşqçi kimi dəvət alsa da, bu yaxınlarda Azərbaycan milli komandasını çalışdırmaq təklifinə üstünlük verib.
«R+»a müsahibəsində Bahəddin Kandaz, ilk növbədə, Parisdə keçirilən Karate 1 Premyer Liqasının yekunlarına qiymət verdi. Qeyd edək ki, yanvarın son günlərində Fransa paytaxtında keçirilən bu yarış ilin karate üzrə ilk beynəlxalq turniri idi. “Komandanın lideri Rafael Ağayev (-75 kq) 2019-cu il mövsümünə uğurla başladı. Çənəsi və burnundan iki zədə almasına rəğmən milli komandanın lideri finala qədər irəlilədi və nüfuzlu turniri gümüş medalla başa vurdu. Bundan başqa R.Ağayev Dünya Karate Federasiyasının (WKF) ötən mövsümün ən yaxşı idmançıları üçün təsis etdiyi "Grand Winners"in mükafatçılarından biri oldu. Namizədlərə mükafatları Yaponiyanın Fransadakı səfiri Masato Kitera və WKF-in prezidenti Antonio Espinos, həmçinin təşkilatın baş katibi Toşixisa Naqura təqdim edib. "Kiçik dünya çempionatı" adlandırılan "Paris Open" turnirində 82 ölkədən 776 idmançı iştirak edib. Azərbaycandan olan beynəlxalq hakim Cahangir Babayev isə final görüşlərini idarə edən referilər arasında olub. Karateçilərimizin növbəti rəsmi yarışı fevralın ortaları Karate 1 Premyer Liqasının Dubay mərhələsi olacaq”, - deyə baş məşqçi bildirdi.
Türk mütəxəssis Azərbaycan yığmasında işləməyə dəvət aldığı üçün qürur duyduğunu bildirib. “Azərbaycan karateçiləri kimi dünyada tanınan milli komanda ilə çalışmağa dəvət olunduğumdan şərəf duyuram. Azərbaycan karatesinin dünyadakı imicini qorumağa və mənə həvalə olunan bu məsuliyyətli işdə böyük həvəslə çalışıram. Yüksək hədəflərə çatmaq üçün qazandığım təcrübəni əsirgəməyəcəm. Karate dünyada çox nüfuzlu idman növlərindəndir. 2020-ci ildə Tokio Olimpiadasında karate üzrə ilk dəfə medallar öz sahibini tapacaq. Üstəlik, bəzi qaydaların dəyişdirilməsi də karateyə yeni nəfəs verildi. Karatenin olimpiya idman növləri sırasına daxil olması böyük uğurdur”, - deyə B. Kandaz vurğuladı.
Baş məşqçi yığmada rəqabəti daha da artırmağa çalışacağını bildirdi. “Azərbaycanda karate çox sevilir. Sizin güclü idmançılarınız çoxdur. Bununla belə, çatışmayan cəhətlər də var. Biz olimpiadaya qədər daha güclü heyət formalaşdırmağa səy göstəririk. Əlbəttə, adlar dəyişməyəcək. Milli üzvləri artıq özlərini müxtəlif yarışlarda sübut ediblər. Sadəcə onların hazırlıq səviyyəsini artırmaq istəyirik. Tokio-da medal qazanmaq çətin olacaq. Ona görə də hər çəkidə idmançımız çətin işin öhdəsindən gəlməyə tam hazır olmalıdır”, - deyə B. Kandaz qeyd etdi.
O vurğuladı ki, bu gün Azərbaycan karatesi dedikdə, Rafael Ağayev yada düşür və dünyanın ən güclü idmançıları 5-qat dünya, 11-qat Avropa çempionunun bu zəfər yürüşünü dayandırmağın yollarını axtarır. Türk mütəxəssis karatenin Türkiyədə də çox sevildiyini deyir. Onun sözlərinə görə ölkəsində Ağayev kimi idmançı olmasa da, yeni nəsil çox iddialıdır. Azərbaycan karateçilərinə gəldikdə isə baş məşqçi vurğuladı ki, onlar artıq Bakıda keçirilən Birinci Avropa Oyunları və İslam Həmrəylik Oyunlarında uğurlu çıxışlar edərək, olimpiya təcrübəsi toplayıblar.
Bununla belə, Bahəddin Kandaz Tokio-2020 olimpiadasıyla bağlı proqnoz vermək istəmədi: “İlk növbədə, biz Tokio-2020-yə lisenziya qazanmağı bacarmalıyıq. Ardınca nəticə barədə danışmaq olar. Qaydalar çox çətindir. Bildiyiniz ki, bütün çəkilər olimpiadaya daxil edilməyib. Avropa qitəsinə məhdud sayda yer ayrılıb. Olimpiadada güclülərin güclüsü mübarizə aparacaq. Olimpiadada ilk dəfə olduğundan karateyə çox ciddi diqqət verilir. Medallar uğrunda ciddi mübarizə olacaq. Hər bir idmançımız çalışacaq Azərbaycanı layiqincə təmsil etsin. Layiqincə təmsil etmək isə medal qazanmaq deməkdir. Biz planetin ən böyük yarışına ciddi hazırlaşacayıq. Bunun üçün xüsusi məşq planı tərtib olunub.
Çox istərdim ki, Azərbaycan karateçiləri olimpiadada ilk medallarını Tokioda əldə etsinlər. Hazırda idmançılarımızın hazırlığına lazımi şərait yaradılıb. Sadəcə, məşq edərək hədəfə doğru addımlamaq lazımdır”.
MƏSLƏHƏT GÖR: