23 Dekabr 2024

Bazar ertəsi, 10:23

TARIN DİBSİZ DƏRİNLİYİ

Şəhriyar İMANOV: «Ermənilər dünyaya bu alətin onlara məxsus olduğunu nə ifaları ilə, nə münasibətlərilə sübut edə bilər»

Müəllif:

15.02.2019

Tarzən Şəhriyar İmanov. Onun xalq musiqisinə, Azərbaycan klassikasına yeni cür yanaşması sübut edir ki, istənilən yaradıcılıq dondurulmuş formada qalmamalıdır. O, zamanla ayaqlaşmalıdır. Amma bu yanaşma ənənəvi üslubdan o qədər incəliklə yan keçir ki, qarşında bir virtuoz olduğunu anlayırsan. O, irəli gedir, lakin bununla yanaşı keçmişi unutmur. Keçmişi qiymətləndirir və hörmət edir.

Tarzənin çağdaş texnikalı kompozisiyaları istənilən zamanda etnik musiqinin nə qədər aktual ola biləcəyini göstərir. Virtuoz improvizasiya, bəstəkar dühası, inamlı ifa ədası, zərif müəllif imzası və melodiyaya hopmuş məzmun: bütün bunlar Şəhriyar İmanovun istedadının həm yerli, həm də xarici pərəstişkarlarını riqqətə gətirir. Adama elə gəlir ki, bir musiqiçi üçün daha yaxşı heç nə ola bilməz. Amma mükəmməlləşməyin də son həddi yoxdur. Bir musiqiçi üçün əsas məsələ sonsuzluğa qədər uzanan daimi hərəkət yoludur.

- Görüşümüz üçün ruhunuza yaxın bir yer seçməyi təklif etdik. Siz müəllimi olduğunuz Azərbaycan Milli Konservatoriyasını seçdiniz. İlk növbədə, müəllimsiniz, yoxsa səhnə adamı?

- Bəli, mən artıq 2013-cü ildən burada pedaqoji fəaliyyətlə məşğulam. Bu altı il ərzində çox sayda tələbəm olub. Düzdür, deyirlər ki, gənc müəllimin tələbələrlə dil tapması asan olur. Amma açığını desəm, kiçik yaş fərqinin həm üstünlükləri, həm də mənfi cəhətləri var.

- Hansı cəhətlərdir bunlar?

- Bilirsiniz, biri var ki, məsələn, 50-60 yaşlarında bir insansan və onlar bir qədər çəkinərək və ya hansısa başqa bir səbəbdən müəllimin sözünə əməl edirlər. Biri də var ki, cəmi 5-6 yaş fərq var aramızda. Ancaq biz dil tapmaqda elə də çətinlik çəkmirik, mən dostam onlarla.

- Çox vaxt gənclər çağdaş təhsil sistemini və proqramını bir qədər darıxdırıcı və köhnəlmiş sayırlar. Necə düşünürsünüz, bu sahədə dəyişikliklər tələb olunurmu?

- Çoxdan. Mən hər zaman rəhbərliyin, müəllim heyətinin qarşısında, elmi şuralarda bu məsələlərə toxunuram. Əslində, bilirsiniz, burada verilən təhsil gözəldir, çünki klassik ənənələrə söykənir. Bizim muğamımız, əsərlərimiz öyrənilməlidir, bu, mütləqdir. Bizim musiqi irsimiz – bizim xəzinədir, köklərimizdir, o olmadan mədəniyyətimizi təsəvvür etmək çətindir. Amma eyni zamanda, klassik muğam köklərinin üzərinə bir çox əlavələr etməyin vaxtıdır. Əgər bizim əsas məqsədimiz dünya səhnələrinin fəthi və milli musiqimizin tanıdılmasıdırsa, onda təhsilin forması dəyişdirilməlidir, çünki sovet təhsil sistemi ifaçıları haradasa geri atır. Biz texnologiya, internet, bir-birini sürətlə əvəzləyən yeniliklər və məlumat yayımı əsrində yaşayırıq, buna görə də dəyişikliklər etmək lazımdır.

- Sizin fikrinizcə, Azərbaycanın musiqi təhsilinə hansı yeniliklər gətirilməlidir?

- Məsələn, mən həftədə iki - üç dəfə improvizasiya dərsi keçilməsini təklif edərdim. Hətta həftədə bir improvizasiya dərsi öz işini görərdi. Bu cür dərslərdə tələbələrə sıfırdan musiqi əsəri yaratmaq və sonradan onu pedaqoqla müzakirə etmək tapşırığı verilə bilərdi. Bu cür dərslər şagirdə özünü və bacarıqlarını doğru istiqamətdə inkişaf etdirməkdə kömək edə bilər. Axı, razılaşın ki, bəlkə də, tələbə böyük bir improvizatordur və bu, sizin heç ağlınıza belə gəlmir. Bizim vəzifəmiz yaradıcı gənclərin istedadını genişləndirmək, dərinləşdirmək və inkişaf etdirməkdir. Siyavuş müəllim də (konservatoriyanın rektoru Siyavuş Kərimi – red.) bu məsələni vurğulayıb və yaxın gələcəkdə bu dərslərin təhsil sisteminə daxil ediləcəyinə ümid edirik.

- Siz bizim konservatoriyada klassik təhsil almısınız. Tarda qeyri-ənənəvi ifa texnikasını harda öyrənmisiniz?

- Əslində, bunu mən çoxdan bacarırdım. 2013-cü ildə Bakıda Respublika Muğam Müsabiqəsi keçirilirdi və orada mən də iştirak etmişdim. Siyavuş Kərimi bütün iştirakçılardan nəsə yeni, qeyri-ənənəvi, yəni milli musiqinin ənənəvi qavrayışından fərqlənən bir şey göstərmələrini xahiş etdi. Bu tapşırıq mənim üçün çox maraqlı idi və öz bəstələrimi böyük məmnuniyyətlə təqdim etdim. Mənim "Yeddi an" kompozisiyam həm münsiflər heyəti, həm də tamaşaçı tərəfindən müsbət qəbul edildi və mən müsabiqənin qalibi oldum, bu, məndə yola davam etməyim üçün böyük inam yaratdı.

- Öz yaradıcılığınızda siz korifey sənətkarların tənqidi ilə rastlaşmısınız, onunla sizin qeyri-adi ifanız barədə narazılıq bildiriblər…

- Bəzən olur, daha doğrusu, əvvəllər indikindən daha tez-tez olurdu. Bildiyiniz kimi, 90-cı illərdə məşhur tarzən Həmid Vəkilov ilk dəfə olaraq ayaq üstə ifa etməyə başladı və alətin özündə də çox dəyişikliklər etdi. Məsələn, tarda o, gitaradakı kimi kökləmə sistemi tətbiq etdi, alətin "kəllə" deyilən hissəsinə bəzi dəyişikliklər etdi. Sonra aşağı dörd sim saldı, oktavaları genişləndirdi. Bunlar çox mənfi qarşılandı. Təsəvvür edin ki, o, Türkiyəyə köçmək məcburiyyətində qaldı və orada fəaliyyətinə davam etdi. Belə misallar çoxdur. Əvvəllər mən də tənqidlərə çox həssas yanaşırdım və açıq danışaq, bəzən depressiyaya düşürdüm. Mənə elə gəlirdi ki, yanlış yoldayam. Zamanla Siyavuş müəllim başda olmaqla bir çox incəsənət ustaları məni dəstəklədilər. Və əlbəttə, tamaşaçılar da, onların qarşılıq verməsi məni ilhamlandırdı və bu günə qədər məni irəli getməyə ürəkləndirir.

- Belə demək olar ki, Respublika Muğam Müsabiqəsində qələbə qazandıqdan sonra özünüzə və öz işinizə inam yarandı?

- Şəksiz. Müsabiqədən sonra mənim musiqi həyatıma yeni nəfəs gəldi. Müsabiqədən əvvəl də həm yerli səhnədə, həm də ölkə hüdudlarından kənarda çıxışlarım olmuşdu, amma müsabiqədən sonra həyatımda yeni era başladı. Ona görə bu musiqi yarışmasına çox borcluyam.

- Fransa, Əbu-Dabi, Braziliya, başqa ölkələr - xarici dinləyici tar melodiyasını qəbul edirmi? Ümumiyyətlə, dinləyicinin musiqini başa düşməsi önəmlidirmi, yaxud sadəcə zövq alması yetərlidir?

- Bu, əslində, çox həssas və vacib bir məqamdır. Mən deyərdim ki, bunda qızıl ortanı tapmaq lazımdır. Tar, ilk növbədə, həmin toplum üçün tanış deyil, ikincisi, sən öz ölkəni və dövlətini təmsil edirsən. Burada dinləyicini yalnız öz klassikanızla və milli alətin ənənələri ilə tanış etməklə qalmamalı, həm də alətin müasir imkanlarını göstərməlisən. Bildiyimiz kimi, tar gitara kimi elə kütləvi alət deyil, ancaq sən sübut etmək istəyirsən ki, heç nə ilə geri qalmır. Bunu göstərmək və bildirmək üçün sən ən qızıl ortanı tapmalısan.

- Bunu necə etmək olar?

- Bu, əlbəttə ki, ifaçının təcrübəsindən və repertuarı düzgün seçməsindən asılıdır. Hansı ölkədə olmağınızdan, hansı izləyici kütləsi qarşısında çıxış etməyinizdən asılı olmayaraq, əgər bir saat boyunca klassika ifa edəcəksənsə, 10-15 dəqiqədən sonra dinləyiciləri itirəcəksən. O, yorulacaq və artıq səni başa düşməyəcək, çünki sənin musiqin onun üçün ekzotikadır. Musiqi sevgi ilə qəbul etməlidirlər ki, sonra onu axtarsınlar. Misal üçün, Hindistan mahnıları bizə bu ölkəni sevdirdi və bir çoxları ora səfər etmək istəyirlər. Amerika repini dinlədikdən sonra, biz ABŞ-a getməyi, Tupak yaşadığı küçədə olmağı arzulayırıq.

Həmçinin, dünya səhnəsində milli musiqimizi doğru təqdim edərək biz turistləri və mədəniyyətə laqeyd olmayan insanları ölkəmizə cəlb edə bilərik ( "Ağlayan şəlalə" melodiyasını ifa edir).

- Sizin öz bəstəniz olan çox sayda əsəriniz var. Siz "Ağlayan şəlalə" melodiyasını ifa etdiniz. Şəhriyar İmanovun şəlaləsi niyə ağlamalıdır?

- (Gülür). Bu melodiyanın yaranma hekayəsini danışacam. Qeyd etdiyim kimi, 2013-cü ildə mən muğam müsabiqəsinin qalibi oldum və münsiflər heyətində dünyada tanınmış musiqiçi, türkiyəli darbuka ustası Misirli Ahmet də iştirak edirdi (darbuka Misirdə, Yaxın Şərqdə, Məğrib ölkələrində, Cənubi Qafqazda və Balkan yarımadasında geniş yayılmış qeyri-müəyyən səs tonlu, qədim kiçik zərb alətidir - müəllif).

Mənim ifam onun xoşuna gəldi və o, Türkiyəyə bir çox ölkədən musiqiçilər topladığı «Misirli Ahmet Ritim ve Sanat Kampı»na dəvət etdi. Biz orada meşədə yaşayırdıq, bəziləri rəqs edirdi, bəziləri isə sıfırdan melodiya bəstələyirdi, mən də bəstələdim. Orada meşədə "Ağlayan şəlalə" var və məni bu melodiyanı bəstələməyə ilhamlandırdı. Gözəl atmosfer məni bu kompozisiyanı bəstələməyə yönəltdi, notlar məndən asılı olmayaraq yarandı. Bu melodiya Misirli Ahmetin də çox xoşuna gəldi, o, məndən işi sona çatdırmağı xahiş etdi. Onun əsasında mən muğam, modern musiqi, monofon və polifon musiqilər bəstələdim, tarın imkanlarını göstərdim. Bu günə qədər mən bir çox ölkədə öz melodiyamı səsləndirdim, bu ahəng bir çox səhnələrdə səsləndi. "Ağlayan şəlalə" mənim yaradıcılıq pasportumdur və izləyicilər həmişə heyranlıqla qəbul edirlər.

- Siz yunan bəstəkar Mikis Teodorakisin yazdığı "Sirtaki" əsərini də tarda ifa etmisiniz... O, tamaşaçılar tərəfindən böyük bir heyranlıqla dinlənildi. Bu xətti davam etdirmək - xarici musiqi ifa istəyiniz varmı?

- Əlbəttə. Bilirsiniz, musiqi hər kəsin öz payını götürdüyü dibsiz bir fəzadır. Düşünün ki, önünüzdə bir dərinlik var və oradan iki əllə mümkün olan qədər götürmək mümkündür. Amma kimsə bir barmaqla, kimsə bir əllə götürür, kimsə də ehtirasla hər şeyi qamarlayır. Heç bir musiqiçi, heç bir bəstəkar deyə bilməz ki, hər şeyi bilir. Sadəcə, belə bir anlayış yoxdur. Hər dəfə yeni bir şey öyrənirsən, daha əvvəl nə qədər az bildiyini anlayırsan. Çünki hər bir xalqın musiqisində bir xəzinə gizlənib və sən onu öyrənirsən. Mən "Sirtaki"ni öyrənən zaman yunan tarixi, mədəniyyəti ilə tanış oldum və bilmədiyim çox şeyləri açdım. Buna görə gerçək musiqiçi yalnız öz xalqının musiqi ilə məhdudlaşmamalı və sonsuza qədər öyrənməlidir.

- Belə bir nəticə çıxarmaq mümkündürmü ki, musiqi ümumi anlayışdır? Məsələn, cəza əsaslanaraq biz çox maraqlı melodiyalar və kompozisiyalar yaratmışıq.

- Tamamilə razıyam. İnanıram ki, musiqi xalqlar arasında sülhün yeganə mənbəyidir. Dünyanı və düşmənçilik edən xalqları barışmaq üçün musiqidən istifadə etməlisiniz. Musiqiyə din, düşmənçilik, millətçilik, irqçilik, sərhəd və torpaq işğalı anlayışları yaddır. Dünyamızda sülh haqqında bu qədər çox danışırlar, amma uşaqlar, günahsız insanlar hələ də ölür, atəş səsləri eşidilir... Dünyanın sülhə hər zamankından daha çox ehtiyacı var. Və yalnız musiqi öz ətrafında bütün dünyanı birləşdirə bilər. Məsələn, dünyanın hər yerində səslənən caz, yaxud hər kəsin çaldığı piano. Fərqi yoxdur - yapon və ya afro-amerikalı ifa edir. Nəticədə, bu, musiqi vasitəsilə öz duyğularını ifadə edən bir insandır. Qoy, daha çox festival, müsabiqə olsun, bizi araya gətirən tədbirlər olsun.

- Ancaq tez-tez bununla rastlaşırıq ki, kimlərsə bizim musiqi və mədəniyyətimizi əlimizdən almağa çalışır, bədnam "qonşularımız" bütün dünyanı inandırmağa çalışırlar ki, məsələn, "Sarı gəlin" erməni xalq musiqisidir... Tarla bağlı belə qalmaqallar olubmu?

- Onlar heç bir şəkildə tara yaxın gələ bilməzlər, çünki bizdə çox gözəl ifaçılar var ki, onların çalğısını heç kim təkrar edə bilməz. Məsələn, dünya görür ki, iki xalq eyni bir alət uğrunda mübarizə aparır. Əlbəttə, kimin ifaçıları daha yaxşı çalacaqsa, həmin xalqın tərəfində olacaqlar. Tara gəldikdə isə, əminliklə deyə bilərəm ki, onlar nə ifaları ilə, nə də münasibətləri ilə dünyaya tarın onların aləti olması barədə iddialarını sübut edə bilmədilər. Bizim dövlətimiz və ustalarımız bu unikal milli alətə böyük diqqət göstərirlər. Görkəmli tarzən, Azərbaycanın xalq artisti, professor Ramiz Quliyev tarı ilə birlikdə bütün dünyanı gəzib və hər kəsin önündə bizim musiqimizi nümayiş etdirib. 5 dekabr 2012-ci ildə tarda Azərbaycan ifaçılığı incəsənəti və onun hazırlanma sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu, başqa məsələdir ki, balaban (bir dilli və ya iki dilli Azərbaycan nəfəs musiqi aləti - müəllif) UNESCO-ya duduk adı altında erməni nəfəs aləti kimi təqdim olunub. "Qladiator" filmində bu alətdə musiqi erməni musiqiçisi tərəfindən ifa olunur, bu da alətin dünyaya tanıdılmasında müəyyən rol oynadı. Bu ifaçının ABŞ-da öz duduk məktəbi var. Bu baxımdan, biz bir az uduzduq.

Bəzən İran tarı ilə Azərbaycan tarını qarışdırırlar, biz izah edirik ki, onlar aləti dizlərinin üstündə, bizsə sinədə tuturuq. XIX əsrdə yaşamış və Azərbaycanın yenilənən tarını yaratmış, buna görə "tarın atası" ləqəbini almış xalq musiqiçisi, tarzən Sadıqcan tara etdiyi digər dəyişikliklərlə yanaşı, ilk növbədə, onu dizin üstündən sinəyə qaldırıb. Əslində, İran tarı da Azərbaycan musiqi aləti hesab olunur, çünki Azərbaycan bölünməzdən öncə əzəli Azərbaycan torpaqlarında - Təbrizdə və Ərdəbildə yaradılıb.

- Şəhriyar bəy, sizə irəli getməkdə yardım edən həyat kredonuz nədir?

- Mənim həyat fəlsəfəm özümlə başbaşa tək qalmaqdır. Yalnız onda özüm üçün bir çox yeni şeylər açıram. Özümlə yalnız qalanda özümü tanıyıram. Mənim üçün ən vacib məqam mənim hədəflərim, ideallarım və arzularımdır. İnsan amilini hər şeydən yüksək tuturam və insanların "mənim heç kiməm" deməsini heç vaxt anlaya bilmirəm və qəbul etmirəm, çünki insan ən mükəmməl varlıqdır. Kosmosa uçan da insandır, küçədə gecələyən də insandır. İnsan beyni ən inanılmaz kəşfləri edir, eyni zamanda tənbəllikdən bütün günü yataraq axşam saat beşdə oyanan da insandır. Məqsədinə nail olmaq üçün bütün gücünü yönəldən insan gec-tez bunu edir. Adları bütün dünyada tanınan insanların həyatı bizə bundan xəbər verir. "Tale", "alın yazısı" kimi sözlər mənə yad və qəribə gəlir. Mən əminəm ki, belə anlayışlar yoxdur - hər şey insanın öz əlindədir. Bir rejissor tam yetişməmiş ideyaya görə uğursuz sayılır, uğur qazanması da aramsız zəhmət sayəsində baş verir. Necə deyərlər, mümkün olmayanı mümkün etmək mümkündür, əgər dözümlü olsan, əl çəkməsən uğur gec-tez səni tapacaq. Əgər sən milyonlardan biri olmaq istəyirsinizsə - istədiyin kimi yaşa. Ən önəmli şey, qətiyyət göstərməkdir, onda uğur və tanınmanın gələcəyi gün elə də uzaq olmaz.

- Arzu edirik ki, bütün istəklərinizə nail olasınız və sizin əməyiniz Azərbaycan milli musiqisinin tarixinə yazılsın.

- Maraqlı söhbət və qeyri-standart suallara görə təşəkkür edirəm.



MƏSLƏHƏT GÖR:

411