Müəllif: İrina XALTURİNA
Ukrayna vətəndaşları martın 31-də yeni prezident seçməlidirlər. Lakin bunun üçün güman ki, ikinci tura ehtiyac olacaq. Məsələ ondadır ki, seçkiyə 2 aydan da az vaxt qalmasına baxmayaraq, yarışın aşkar favoriti yoxdur. Əsas mübarzə hazırkı dövlət başçısı Pyotr Poroşenko ilə Ukrayna siyasətinin veteranı Yuliya Timoşenko və şoumen Vladimir Zelenski arasında gedir. Sosioloji sorğular da, sosioloji araşdırmanın keçirildiyi regiondan asılı olaraq, müxəlif nəticələr verir. Gah Timoşenkonun lider olduğu açıqlanır («Sotsis» mərkəzi), gah Zelenskinin («Sosioloji monitorinq» mərkəzi, «Reytinq» qrupu, A.Yaremenko adına Ukrayna Sosial Araşdırmalar İnstitutu, «Info Sapiens» təşkilatı). Poroşenko da nəinki onlardan geri qalmır (Kiyev Beynəlxalq Sosiologiya İnstitutu, Beynəlxalq Sosiologiya İnstitutu, Razumkov Mərkəzi), bəzən Timoşenkonu da üstələyir. Ekspertlər düşünür ki, ikinci tura Poroşenko ilə Timoşenkonun yüksələcəyi təqdirdə, güman ki, qalib xanım siyasətçi olacaq. Zelenski-Timoşenko çəkişməsində isə ikincinin şansı daha az qiymətləndirilir.
«Ordu, dil, inanc»
Pyotr Poroşenko daha bir müddətə prezident seçiləcəyi təqdirdə, ölkəni Avropa İttifaqı və NATO-ya üzv edəcəyini, Ukraynanın «xoşbəxt insanların yaşadığı böyük Avropa fövqəldövləti»nə, «qlobal aqrar lider»ə çevirəcəyini vəd edir. O, ölkədə IT sektorunun və turizmin inkişaf etdiriləcəyini, sənayeləşmənin güclənəcəyini, birbaşa xarici investisiyaların artacağını və ciddi infrastruktur layihələrinin həyata keçiriləcəyini bildirir. Lakin bu seçkilərdə Poroşenkoya mane olan bir sıra amillər var ki, ekspertlər bu sırada iqtisadi tənəzzül, korrupsiya, həyat səviyyəsinin geriləməsi, vergilərin və mənzil-kommunal tariflərinin yüksək olmasını göstərirlər. 2018-ci ildə Ukraynanın dövlət borcu 78,3 milyard dollara çatıb. Xarici işlər naziri Pavel Klimkinin sözlərinə görə, hər il ölkəni qazanc dalınca, təxminən, 1 milyon insan tərk edir. Vəziyyət dəyişməzsə, BMT artıq 2050-ci ildə Ukrayna əhalisinin 18% azalacağını proqnozlaşdırır. Poroşenkonun opponentləri vurğulayır ki, o, hələ qələbə qazandığı 2014-cü il seçkisi öncəsi ukraynalılara «yeni həyat» vəd etmişdi. Üstəlik, onun prezidentlikdən əvvəl də özünü göstərmək imkanı olub. Qeyd edək ki, bundan əvvəl Poroşenko ölkənin Təhlükəsizlik Şurasının katibi, Milli Bankın rəhbəri, xarici işlər naziri, iqtisadiyyat və ticarət naziri kimi postları tutub. Görünür məhz bu səbəblərdən hazırki prezident özünün uğuru hesab etdiyi məsələlərə daha çox diqqət ayırır – milli təhlükəsizlik, Ukrayna dilinin qorunub saxlanması və yeni Ukrayna kilsəsi məsələsi. Bunlar, ilk növbədə, dəqiq rəqəmlərin, statistikanın ortaya qoyulmalı olduğu sahələr deyil. Odur ki, Poroşenkonun seçkiqabağı bəyanatlarında daha çox «haqq bizimlədir, bütün dünya bizimlədir, Tanrı bizimlədir» kimi fikirlərə rast gəlinir. İkinci müddətə prezident seçilmək istəyini də o, belə izah edib: «Çünki mən ölkəm, müasir insanlar, həmçinin keçmiş və gələcək nəsillər qarşısında böyük məsuliyyət hiss edirəm». Poroşenkonun Ukrayna şəhərlərinin küçələrində asılmış plakatlarında isə bu şüar yer alıb: «Ordu, dil, inanc!»
Poroşenko əmindir ki, ölkənin cənub-şərqindəki münaqişənin davam etdiyi şəraitdə «müharibə və sülh mövzusu əsas mövzulardandır. Çünki xalq yalnız prezident deyil, həm də Ali Baş Komandan seçəcək». Prezident hər imkanda bildirir ki, Ukrayna Silahlı Qüvvələri məhz onun dövründə güclənib və Avropa qitəsinin ən güclü ordularından birinə çevrilib. ICTV telekanalında fevralın 4-də efirə getmiş «Söz azadlığı» verilişində Poroşenko hətta «NATO-nun Ukraynaya, Ukraynanın isə NATO-ya lazım olduğunu» bəyan edib. «Çünki bu gün Ukrayna generalları və böyük zabitlərinin əksəriyyəti döyüş təcrübəsinə malikdir. Onlardan öyrənmək üçün bütün dünyadan hərbçilər və ekspertlər buraya gəlir», - deyə prezident bildirib.
Burada seçiciyə aydın mesaj var – indiki vəziyyətdə ordunu təchiz edə, ona dəstək ola biləcək şəxs məhz hazırkı Ali Baş Komandandır. Demək, güclü xarici düşmənə – Rusiyaya effektiv müqavimət göstərməyə də məhz o qadirdir. Doğrudur, bu məsələdə Poroşenko radikal əhvallı elektoratı qəzəbləndirməmək üçün «qızıl orta»nı tapmağa çalışır. Lakin o, əksər ukraynalının «müharibədən bezdiyini» də anlayır. Bu üzdən o, bəzən Moskva ilə ən azı «soyuq müharibə»nin vacibliyini deyirsə, əksər vaxtlarda Rusiya ilə dialoqun zəruriliyini söyləyən siyasi opponentlərini tənqid atəşinə tutur. Bu zaman Poroşenko bildirir ki, sülhün yollarını axtararkən hər an «tində gizlənmiş Putinlə toqquşmaq olar».
Ümumiyyətlə, Ukrayna prezidenti seçkiqabağı vədlərində və bəyanatlarında Rusiya dövlət başçısının adını kifayət qədər tez-tez çəkir. Məsələn, Poroşenkonun ikinci müddətə prezidentliyə namizəd olduğunu elan etdiyi forum zamanı ekranda üzərində iki ölkənin dövlət başçılarının şəkli olan plakat nümayiş olunurdu. Onun üzərində isə bu sözlər yazılmışdı: «Ya Poroşenko, ya Putin!» Yaxud artıq bəhs etdiyimiz ICTV telekanalına müsahibəsində Poroşenko deyib: «Mənim prezident və Ali Baş Komandan kimi zəhmətimə ən gözəl qiymət Putinin fikirləridir. O, deyir ki, Rusiya «Poroşenkodan başqa istənilən namizədi məmnunluqla qarşılayacaq». «Onu görməyəcəksiniz!» - deyə dövlət başçısı əlavə edib.
Poroşenkonun daha iki əsas nailiyyəti də məhz Rusiyanın nüfuzuna qarşı aparılan mübarizə ilə bağlıdır: Ukrayna Pravoslav kilsəsinin Rusiya Pravoslav kilsəsindən ayrılması və KİV-də, həmçinin təhsildə Ukrayna dilinin mövqeyinin güclənməsi.
Hazırkı prezidentin daha bir şəksiz güclü tərəfi, əlbəttə ki, onun yüksək vəzifələrdəki silahdaşlarıdır. O, bu üstünlüklərindən də rəqiblərinə qarşı gen-bol istifadə edir. Məsələn, Poroşenkoya dəstək forumuna Kiyevin mitropoliti Yepifaniy, çox sayda nazir, o cümlədən baş nazir, həmçinin baş prokuror Yuri Lutsenko, deputatlar, biznesmenlər, sabiq prezident Viktor Yuşşenko, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen, Donbas müharibəsi veteranları kimi şəxslər qatılmışdı.
«Keçmiş qüdrət, güc, şərəf və gerçəklik»
Təcrübəli siyasətçi, «narıncı inqilab»ın liderlərindən olmuş Yuliya Timoşenko artıq üçüncü dəfədir ki, prezidentlik yarışına qatılır. Onun namizədliyi rəhbəri olduğu «Batkivşşina» partiyasından irəli sürülüb və bu gün Timoşenko Ukraynanın tarixinə ilk qadın prezident kimi düşməyə hər zamankından daha yaxındır. Sabiq baş nazirin ali kürsü uğrunda yarışa qatılmaq niyyəti sanki Amerika standartlarına uyğun elan olunub – milli bayrağın rəngində bəzədilmiş böyük zal, aralarında ölkənin ilk prezidenti Leonid Kravçukun,Kiyev patriarxatının sabiq rəhbəri Filaretin dəolduğu tərəfdarlar komandası. Tədbirə qiyabi olaraq Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ilə braziliyalı yazıçı Paolo Koelo da qatılmışdılar.
Timoşenkonun seçki proqramı «Yeni kurs» adlanır. Orada Ukraynanın «keçmiş qüdrətini, gücünü, şərəf və gerçəkliyini» qaytarmaq arzusundan bəhs olunur. Yuliya Timoşenko hesab edir ki, bunun üçün hər şey yenidən yaradılmalıdır – ictimai razılaşma, iqtisadi kurs, sülh strategiyası və Konstitusiya. Bundan başqa, xanım siyasətçi artıq Ukraynanın əksər siyasətçiləri üçün ənənəyə çevrilmiş vədi də verir: korrupsiya ilə mübarizə, NATO və Aİ-yə üzvlük.
İqtisadi və sosial problemlərə gəlincə, burada da vədlər kifayət qədər standartdır: əməkhaqqı və pensiyaların Polşadakı həddə çatdırılması üçün 3,5 dəfə artımı (bununla da, minlərlə qastarbayterin vətənə qaytarılması), aşağı faizlə girovsuz mikrokreditlər proqramının hazırlanması, kommunal xidmətlərə görə tariflərin aşağı salınması və s.
«Mən siyasi karyeramda çox şey görmüşəm. Lakin insanların indiki həddə çatdırıldığını heç zaman görməmişdim», - deyə Yuliya Timoşenko bildirib. Bununla yanaşı, onun vədlərində heç bir konkretlik və real təklif yoxdur. Məsələn, əməkhaqlarının hansı vəsait hesabına artırılacağı, vətənə qayıdacaq minlərlə qastarbayter üçün iş yerlərinin necə təmin olunacağı, kommunal xidmətlərə görə tariflərin azaldılması sxeminin necə olacağı bəlli deyil. Rusiya-Ukrayna münasibətlərilə bağlı da dəqiq plan yoxdur.
Buna baxmayaraq, Timoşenkonun ikinci tura yüksəlmək şansı çoxdur. Məsələ ondadır ki, prezidentliyə namizədlər sırasında ən təcrübəli, özünə inamı olan siyasətçi məhz odur. Bəs, yekunda Timoşenko prezident seçilə biləcəkmi? Seçicilərin Poroşenkoda olduğu kimi, onunla bağlı da narazılığı az deyil. Xanım siyasətçi bu narazılığı vaxtilə tutduğu müxtəlif dövlət postlarında, Ali Radanın deputatı olarkən, həmçininbaş nazirliyi dövründə qazanıb. Üstəlik, sosioloji sorğular («Reytinq» qrupu) göstərir ki, ukraynalıların, təxminən, yarısı hökumətdə yeni şəxslərin yer almasını vacib sayır. Onların fikrincə, artıq dövlətə rəhbər vəzifələrdə çalışmaq kimi mənfi təcrübəsi olmayan, korrupsiyaya, vəzifə səlahiyyətlərindən sui-istifadəyə bulaşmamış şəxslər rəhbərlik etməlidir. Yeri gəlmişkən, Timoşenkonun sonuncu tezislə bağlı vəziyyəti də ürəkaçan deyil. 2001-ci ildə o, «Rusiya qazının qaçaqmalçılığı» ittihamı ilə həbs olunmuş, 42 gün həbsxanada qalmış, 2011-ci ildə isə Rusiya ilə qaz müqaviləsinin imzalanması zamanı səlahiyyətlərini aşması üzündən 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Doğrudur, o zaman bunu siyasi məsələ kimi qiymətləndirmişdilər. Nəticədə, Ukraynada 2014-cü ildə baş vermiş hakimiyyət dəyişikliyindən sonra Timoşenko azadlığa buraxılmışdı.
Bu gün sabiq baş nazir yenidən böyük siyasətdədir. Onun bu cəhdinin nə qədər uğurlu alınacağını tezliklə görəcəyik.
«Xalqın xidmətçisi»
Şoumen Vladimir Zelenskinin yüksək reytinqinin gözlənilməz olduğunu yalnız ilk baxışdan söyləmək olar. Əslində isə hər şey qanunauyğun və anlaşılandır. Zelenskini Timoşenkonun, Poroşenkonun və ümumiyyətlə, bütün digər namizədlərin qatı əleyhdarları dəstəkləyir. Yəni seçki bülletenində Zelenskinin adının yerinə «hər kəsin əleyhinə» də yazılsaydı, nəticə, təxminən, eyni olardı. «Sosioloji monitorinq» mərkəzi, «Reytinq» qrupu, A.Yaremenko adına Ukrayna Sosioloji Araşdırmalar İnstitutu və «Info Sapiens» təşkilatının apardığı və nəticəsi fevralın 4-də açıqlanmış araşdırmaları zamanı rəyi soruşulanların 21,9%-i Vladimir Zelenskini dəstəklədiyini bildirib (Timoşenko - 19,2%, Poroşenko - 14,8%).
Zelenski «95 kvartal» stendap-şousunun yaradıcısı, Ukrayna və Rusiyada populyar olan «Qudalar» serialının prodüseri, «Böyük şəhərdə sevgi» və «8 ilk görüş» komediyalarının qəhrəmanı kimi tanınır. O, hazırda Ukraynanın ən reytinqli serialı olan «Xalqın xidmətçisi» serialının da qəhrəmanıdır. Zelenski seçkiqabağı kampaniyasında da məhz Vasili Qoloborodkonun «Xalqın xidmətçisi»ndəki qəhrəman obrazından gen-bol istifadə edir. Vaxtilə orta məktəb müəllimi olmuş prezident Qoloborodko xalqın sevimlisidir. O, namuslu, təmiz, lakin sadəlövh və siyasətdən anlamayan şəxsdir. Beynəlxalq münasibətlər nəzəriyyəsilə də tanış olmayan Qoloborodko Makiavellini oxumayıb, amma sovet dərsliklərindəki qəhrəmanlar kimi danışır: «Elə yaşamalısan ki, sonra övladlarının, həmçinin valideynlərinin gözünə baxanda utanmayasan. Əlbəttə ki, həm də hər birinizin».
Bu ekran əsəri qəribə şəkildə reallıqla qarışıb və indi Ukraynanın hər yanında üzərində belə bir şüarın yazıldığı bilbordlar asılıb: «Növbəti prezident. Xalqın xidmətçisi». Bu, Zelenskinin reklamıdır, ya serialın? Bəlkə, elə hər ikisinin?
Zelenskinin prezidentliyə namizədliyinin irəli sürülməsi də serial süjetinə bənzər alınıb. «1+1» telekanalı Poroşenkonun xalqa Yeni il müraciətinin əvəzinə şoumen siyasətçinin müvafiq bəyanatla çıxışını yayımlayıb. Yeri gəlmişkən, bu kanal Dnepropetrovsk vilayətinin hazırda İsraildə yaşayan sabiq qubernatoru, iş adamı İqor Kolomoyskiyə məxsusdur. Onun hazırkı prezidentlə münasibətləri çox pisdir və bu səbəbdən, Zelenskini Kolomoyskinin adamı sayanlar da var. Hər halda, sabiq qubernator Poroşenkonun prezidentliyinə son qoymaq üçün çox şeyə hazırdır. Lakin Zelenski onu sabiq qubernatorla sırf işgüzar münasibətlərin bağladığını deyir.
Ümumiyyətlə, Zelenskinin seçkiqabağı kampaniyası kreativliyilə seçilir. Lakin o, başdan ayağa vədlərdən və tənqidlərdən ibarətdir. Bu isə «mətbəx» üslubunda edilir. Məsələn, şoumen siyasətçi ukraynalılar üçün «Ukrayna arzusu» qurmaq niyyətindədir. Guya, bu zaman istənilən gənc ukraynalı ailə özünə şəhərdən kənarda asanlıqla ev tikə biləcək, pensiyaların həcmi isə indikindən 10 dəfə artıq olacaq.
Krım və Donbas məsələlərinə gəlincə, Zelenski Putinlə açıq danışıqlar aparmaq və nəticəni ümumxalq səsverməsinə çıxarmaq niyyətindədir. O, özünün seçkiqabağı kampaniyası ilə bağlı realiti-şou da çəkir. Sosial şəbəkələrdə isə öz komandasına insanlar yığması haqda elan yerləşdirib - lakin bu elan yalnız heç zaman siyasətlə məşğul olmamış şəxslər üçündür. «Biz mənim proqramımı bütün ölkə ilə birlikdə yazacağıq. Sonra bütün problemlərin həlli yollarını tapacağıq. Daha sonra isə onları həyata keçirəcəyik», - deyə Zelenski (yaxud Qoloborodko) bildirir.
Populizminə və absurd üslubuna baxmayaraq, Zelenski xarizmatik şəxsdir və prinsipcə, insanların eşitmək istədiyini danışır (onların nə qədər real olduğu önəmli deyil). O, həqiqətən də, «köhnə» siyasətçilərdən bezmiş insanlar üçün təsəllidir və bu üzdən belə populyardır. Lakin ekspertlər Zelenskinin elektoratının seçki məntəqələrinə gəlməyəcəyindən ehtiyatlanır – axın onların işi seriala və ya realiti-şouya baxmaqdır. Bazar günü evdən çıxmaq bu insanlara yaddır.
Bundan başqa, şoumenin hakimiyyətə və siyasətə aidiyyətinin olmaması da onun əleyhinə işləyə bilər. Çünki təcrübəsizliyi reallıqda üstünlük saymaq olmaz. Beləliklə, hələlik yekunda nəyin Zelenskinin xeyrinə, nəyin ziyanına işləyəcəyini demək çətindir.
Yanlış istiqamət
Prezidentlik uğrunda mübarizəyə qoşulmuş digər siyasətçilərə gəlincə, Ukrayna KİV-i ölkənin rusdilli cənub-şərq hissəsi üçün «Müxalifət platforması – Həyat uğrunda»nın namizədi Yuri Boykonu əsas namizəd sayır. Seçicilərin 10%-dən çoxu ona səs verməyə hazırdır. Boyko Rusiya ilə mehriban qonşuluq münasibətlərinin tərəfdarıdır. Bundan başqa, o, hesab edir ki, Ukrayna hər hansı bloka qoşulmaqdan imtina etməli, kommunal xidmətlərə görə tarifləri aşağı salınmalıdır və s.
Yeri gəlmişkən, ikinci turun proqnozlaşdırılması göstərib ki, orada mübarizə Boyko ilə Poroşenko arasında gedərsə, hazırkı prezidentin üstünlüyü çox cüzi olacaq (21%-ə qarşı 23%).
Rəyi soruşulanların 8,4%-i Ukraynanın hazırkı müdafiə naziri Anatoli Qritsenkonu dəstəkləyir.
Radikal Partiyanın lideri Oleq Lyaşkonun dəstəyi 6,5%-dir. Ümumilikdə MSK-da 44 namizəd qeydiyyatdan keçib. Bu, Ukraynada keçirilmiş prezident seçkiləri üçün rekorddur.
Beləliklə, Ukrayna prezident seçkisinə ciddi fikir ayrılıqları və qarışıq əhvalla gedir. Burada ən qorxulu olanı isə odur ki, bir çox şey sadəcə «hər kəsin acığına» baş verir. Zelenskinin reytinqi ukraynalıların nə qədər yorulduğunu göstərirsə, Poroşenkonun əksər tərəfdarı əslində, heç bir halda Timoşenkonu hakimiyyətdə görmək istəməyənlərdir və əksinə. Odur ki, seçki, çətin ki, sakit keçsin. Artıq fevralın əvvəlində pozuntulara yol verilməsilə əlaqədar 20-dən artıq cinayət işi açılıb. Pyotr Poroşenko isə seçicilərin 2 milyard qriven (təxminən, 74 dollar) qarşılığında ələ alınmasında ittiham olunur.
Bütün bunların fonunda «Sosioloji monitorinq» mərkəzi, A.Yaremenko adına Ukrayna Sosial Araşdırmalar İnstitutu, «Info Sapiens» təşkilatı və «Reytinq» qrupu tərəfindən aparılmış sorğular bir ümumi məqamı ortaya çıxarıb: respondentlərin, təxminən, 70%-i hesab edir ki Ukraynanın cəmiyyəti birləşdirəcək, barışdıracaq və sakitləşdirəcək yeni liderə ehtiyacı var. Rəyi soruşulanların yarıdan çoxu isə hüquq və maraqlarının müdafiəsi naminə etiraz aksiyalarına qatılmaq fikrində olmadıqlarını deyiblər…
MƏSLƏHƏT GÖR: