25 Noyabr 2024

Bazar ertəsi, 22:44

«YENİ SƏRHƏD»

Çinin nəzarət texnologiyasında uyğur sıçrayışı

Müəllif:

01.03.2019

Son zamanlar beynəlxalq hüquq müdafiəsi təşkilatları Çinin Sintszyan-Uyğur Muxtar Rayonu haqda daha çox danışmağa başlayıblar. ÇXR hökuməti bu regionun köklü əhalisini sıxışdırmaqda günahlandırılır. Bu yaxınlarda belə hüquq müdafiəçilərinə rəsmi səviyyədə Türkiyə də qoşulub.

 

Türk həmrəyliyi və terror təhlükəsi

Ankara Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi Hami Aksoyun simasında uyğurlar üçün «həbs düşərgələri»nin yaradıldığını və 1 milyonadək insanın orada saxlandığını bəyan edib. Pekin buna dərhal etirazını bildirib, Türkiyənin də terrorçuluq və separatçılıq təhdidlərilə üzləşmiş çoxmillətli ölkə olduğunu xatırladıb.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hələ illər əvvəl Şərqi Türküstanın (uyğurların Sintszyanda yaşadıqları ərazini belə də adlandırırlar) taleyinə biganə olmadığını bəyan etmişdi. O, bu torpaqları türk etnosunun beşiklərindən sayır.

Ərdoğanın uyğurlara belə himayədarlıq etməsi Türkiyədə uyğur diasporu üzvlərinin 10 minlərlə artmasına səbəb olub. Son illərdə Sintszyanla həmsərhəd olan Qırğızıstan və Qazaxıstanda da onların sayı artıb. Məlum olduğu kimi, bu ölkələrin cəmiyyətlərində də türk həmrəyliyi ideyası kifayət qədər güclüdür.

Pekinə gəlincə, o, əməllərini terrorçuluqla mübarizə kimi təqdim edir. Çin rəsmiləri «İslam Dövləti» terror təşkilatının tərkibində «Şərqi Türküstan islam hərəkatı» qruplaşmasından olan 2 minədək uyğur yaraqlısının döyüşdüyünü xatırladırlar.

Çin hökuməti bu yaraqlılardan, həqiqətən də, ehtiyat edir və ilk növbədə, Sintszyanda təhlükəsizliyin təmini üçün görünməmiş addımlar atır. Buna baxmayaraq, o, hələ də terrorçular üzərində tam qələbə qazana bilmir. Səbəblər əhalinin savadlılıq dərəcəsinin aşağı olması, müsəlman vaizlərinin gizli fəaliyyətidir. Bundan başqa, yerli əhali Çin hökumətinin Sintszyanda xan xalqı nümayəndələrinin güclənməsinə, onların daha imtiyazlı vəziyyətdə yaşamasına yönəlmiş siyasətindən narazıdır.

 

Yeni həyatın başlanğıcında

Dünya birliyinin Çinə əsas etirazı Sintszyanda «islah mərkəzləri»nin tikilərək fəaliyyətə verilməsilə bağlıdır. Son dövrlərədək Çin hökuməti bu mərkəzlərlə bağlı məlumat verməkdən yayınır, buna xüsusi maraq göstərmirdi. Hüquq müdafiəçilərisə şahid ifadələrinə istinadən, bu mərkəzlərin əslində, tərk-silah edilərək nəzarət altında saxlanılan şəxslər üçün düşərgələr olduğunu iddia edir. İnsanlar cüzi günaha görə, məsələn, saqqal saxladığı və ya hökumətin siyasətilə razı olmadığı üçün bu düşərgəyə düşə bilər. Pekin isə bu mərkəzlərin əsas vəzifəsinin ekstremizmlə mübarizə olduğunu deyir. Guya, orada insanlara hüquqi nizam-intizam, əmək bacarıqları, Çin dili və Çin qanunları öyrədilir. Çin hökuməti bunu təsdiq etmək üçün ötən ildən diplomatların Sintszyana turlarını təşkil edir. «Mərkəz»lərdə aparılan çəkilişlərlə Çin xalqına və beynəlxalq ictimaiyyətə təlimlərin, islah etmənin «gözəllikləri» göstərilir. Çin telekanalları ilə yayımlanan belə kadrlarda «islah olunmuşlar» yol verdikləri səhvlərdən təəssüfləndiklərini bildirir, «yeni həyata başlamağa» hazır olduqlarını söyləyir.

Terrorçuluq və ekstremizmə qarşı sərt profilaktik tədbirlər görən Çin son 5 ildə Sintszyanda 40-dək belə mərkəz tikib. Orada insanların «islah olunma» müddəti bir neçə aydan bir neçə ilədək dəyişir. Bu, şəxsin yol verdiyi pozuntuya bağlıdır. Kənardan yaranan təəssüratların əksinə olaraq, Sintszyanda dinlə mübarizə aparılmır: 30 il əvvəl kommunist Çinində dini azadlıq elan olunub. Düşərgədə saxlanılan insanlara da bildirilir ki, islam Çinin nəhəng dinlər sisteminin bir hissəsidir. Bölgənin rəhbərliyi artıq əldə edilmiş uğurlardan da danışır: terror aktları baş vermir, regionun təhlükəsizliyi və sabitliyi güclənib.

 

Texnoloji nəzarət sistemləri

Lakin Çin hökumətinin Sintszyanda həyata keçirdiyi kompleks tədbirlər əhalinin «islah edilməsi» ilə bitmir. Pekin bir neçə ildə regionda ümumi texnoloji nəzarət sistemini sınaqdan keçirib və təsdiqləyib. 3 il əvvəl Çin özəl və dövlət videomüşahidə sistemlərinin ümumi bazada toplanacağını və 2020-ci ilə bütün əhalini əhatə edəcəyini bildirmişdi. Pilot layihənin sınaqdan keçirilməsi üçün məhz Sintszyan seçilmiş, ölkədə quraşdırılmış 20 milyondan artıq müşahidə kamerasının əksəriyyəti məhz burada yerləşdirilmişdi. Nəticədə, bu gün Çin polisinin kütlə arasından istənilən şübhəlini müəyyənləşdirərək saxlaması xüsusi zəhmət tələb etmir. Bunun üçün həmin şəxsin üz cizgilərinin mərkəzi bazadakı variantla üst-üstə düşməsi kifayətdir. Ölkənin yollarında və şoselərində belə kameralar 3-5 ədəd olmaqla, qrup halında quraşdırılıb. Onlar yalnız maşınların nömrə nişanlarını deyil, sürücüləri də «tanıyır». Üstəlik, insanın simasını gizlətdiyi də qeydə alınır və bu, qanun pozuntusu sayılır.

Təhlükəsizlik infrastrukturunun təminatçısı olan CEIEC dövlət şirkəti geolokasiya sistemilə də təmin olunub. Bu, vətəndaşların mobil telefon danışıqlarının dinlənilməsinə imkan verir. İndi bütün vətəndaşlar, həmçinin ölkəyə daxil olan turistlər telefonuna xüsusi əlavə yükləməlidir. Bu əlavə polisə telefonun modeli və onun sahibi haqda məlumat ötürür, həmçinin telefona daxil olan bütün informasiyanın monitorinqini apararaq şəxsin təhlükəli kontentə aid olub-olmadığını dərhal müəyyənləşdirir.

Sintszyan sakinləri də Çinin başqa regionlarına gedərkən və ya ölkəni tərk edərkən mütləq müəyyən prosedurdan keçməlidir. Bu zaman insanlardan DNT nümunəsi, qan, barmaq izləri götürülür, onların səsi yazılır, gözün tor qişası çəkilir və 3D fotoları yaradılır.

Vətəndaş haqqında belə informasiya kütləsi hökumətə özünəməxsus reytinq yaratmaq imkanı verir. «Sosial kreditlər sistemi» (yenilik rəsmi olaraq belə adlanır) vətəndaşın loyallığının müəyyənləşdirilməsinə yol açır və bunun əsasında insanlara müəyyən imtiyazlar tanınır. Banka borcu, yol hərəkəti qaydalarını pozduğu üçün cəriməsi olanlar, internetdə «özünü yaxşı aparmayanlar», ictimai yerdə siqaret çəkənlər reytinqdə aşağı yerlərdə qərarlaşır. İctimai fəallıq, məsələn, qan verilməsi isə reytinq balını artırır. Yüksək reytinq dövlət qurumlarında güzəştlərə yol açırsa, reytinqi aşağı olan şəxslərin iş tapması çətinləşir.

Çin texnologiyaları ucuz olsa belə, total nəzarət sistemi dövlətdən ciddi xərc tələb edir. Rəsmi mənbələrə görə, artıq daxili təhlükəsizliyin təmininə xərclənmiş vəsait Çinin müdafiə xərclərini ötüb. Lakin uğurlu investisiya qoyuluşu dividend gətirir. Çin Sintszyanda nəzarət sistemini uğurla tətbiq etməklə, bu texnologiyanın, məsələn, Ekvadora ixracına başlayıb. Məlum olduğu kimi, bu iki ölkə arasında iqtisadi əlaqələr kifayət qədər sıxdır.

 

Avropaya pəncərə

Sintszyan-Uyğur Muxtar Rayonu ərazisinə görə Qərbi Avropanın yarısı boydadır. O, Çin ərazisinin 1/6-ni təşkil edir. «Sintszyan» sözü Çin dilindən tərcümədə «yeni sərhəd» deməkdir. Çin bu ərazini özünə yalnız 1949-cu ildə tam birləşdirə bilib. O vaxtadək əsrlər boyu müxtəlif Çin imperiyaları ölkənin mərkəzindən 4 min kilometr aralıda olan bu regiona nəzarəti ələ almaq uğrunda mübarizə aparıb. Bu, əsasən, iqtisadi səbəblərdə bağlı olub – böyük İpək Yolu məhz oradan keçib. Region bu gün də eyni əhəmiyyətə malikdir – Pekinin Çin, Yaxın Şərq və Avropa bazarlarını birləşdirməli olan «Bir kəmər-bir yol» adlı qlobal infrastruktur təşəbbüsündə mərkəzi birləşdirici bənd rolu məhz bu regiona verilib. Bu, geridə qalmış regiona ciddi vəsaitlərin axınına yol açıb. Son 20 ildə Sintszyanda infrastruktur inanılmaz dərəcədə dəyişib. Vaxtilə yalnız dəvələrin hərəkət edə bildiyi yerlərdə bu gün müasir yollar, tunellər və körpülər yer alır. Yol şəbəkəsini Avropa standartlarına uyğunlaşdıran Çin artıq qonşu ölkələrdə tikinti işlərinin subsidiyalaşdırılmasına başlayıb – yeni dəmir yolu Sintszyanı Qırğızıstan və Özbəkistanla birləşdirəcək.

Bu gün Sintszyanın paytaxtı Urumçi ultramüasir sənaye şəhərinə çevrilib. İndi şəhərin hər yanında göydələnlər, inkişaf etmiş şəhər infrastrukturuna rast gəlinir. Çin neft və qazının böyük hissəsi də burada istehsal olunur. Amma şəhəri məşhur edən əsas amil alış-verişdir. Urumçidə Çinin müxtəlif əyalətlərində fəaliyyət göstərən fabriklərin istehsal etdiyi hər şey satılır. Çin parçaları və texnologiyaları alverçilər və ya ticarət şirkətləri sayəsində məhz buradan Rusiyaya, Mərkəzi Asiyaya və Yaxın Şərqə daşınır.

Pekin bu bölgəni sürətlə inkişaf etdirməklə, əhalinin sosial vəziyyətini yaxşılaşdırmağı, ictimai prosesləri sabitləşdirməyi düşünür. Bəlkə də, yaxın vaxtlarda biz yeni iqtisadi möcüzənin şahidi olacağıq. Başqa sözlə, Sintszyanın yaxın zamanlarda Asiyadan Avropaya gedən «Böyük yol»da nəhəng ticarət habına çevriləcəyi istisna deyil.



MƏSLƏHƏT GÖR:

349