Müəllif: Allanna LƏSKƏNLİ
O məşhurdur. Bakıda onu, demək olar ki, hamı tanıyır. Yoldan keçənlər onunla salamlaşır, suallar verirlər, birlikdə şəkil çəkdirirlər. O isə gülərüz və xoşsifətdir, son dərəcə diqqətli, mehriban və çox xarizmatikdir! Onun ekskursiyaları turistlər arasında böyük uğur qazanıb. O, ekskursiya marşrutlarının çərçivəsindən kənara çıxan və müstəqil baxış tələb edən mühazirələr seriyası yaradıb. Bu, uzun illər aparılmış araşdırmaların nəticəsidir və öz şəhərinə səmimi sevgiyə əsaslanır. Əgər siz onunla qarşılaşmış olsanız, memarlıq dəyəri olan evlər və onların sahibləri haqqında sual versəniz, əvvəlcə dolğun cavab, sonra isə üzrxahlıq eşidəcəksiniz: dediklərini arxivindəki əyani vəsaitlərlə dəstəkləyə bilmədiyi üçün üzr istəyəcək. Ailələrə məxsus evlərin, insanların, teatrların və ictimai binaların fotoşəkilləri: XIX əsrin sonlarının - XX əsrin əvvəllərinin həyatı! O, qüssə ilə bəyan edir ki, Bakıda çoxdan adlı evlər tikməyi dayandırıblar; kədərlənərək, gələcək nəsillər üçün tarixi məlumat bankı ola biləcək sənədli filmlər çəkmək imkanı arzulayır. O, Bakını vəsf edən şeirləri sevir! Qaltanlı səsi ilə ovsun kimi bir şeir oxuyur, hiss edirsən ki, onun üçün konsert proqramı təşkil etməyin vaxtıdır, çünki Mayakovskinin, Yeseninin şeirləri onun ifasında heç də Sergey Bezrukovdan pis səslənmir. Ekskursiya mövzuları kontekstində Aleksandr Qorodnitski və Cavid İmamverdiyevin də şeirləri var. O, həm də şəhər romansı üslubunda mahnıların gözəl ifaçısıdır! Bütün bunlara qadir Fuad Axundovdur: şəhərimizin mental və memarlıq mədəniyyətinə, tarixi və etnik özəlliklərinə aşiq olan həmvətənimizdir. Ümumiyyətlə, bu yalnız sevgi olmaqla qalmır. Aşiqlik, məlumdur ki, qısamüddətli bir duyğudur: peyda olur və naməlum bir istiqamətə uçub gedir. Bakının bioqrafik keçmişinə və bu gününə ekskursiya turlarının müəllifinin hissləri yetərincə dərin və dayanıqlıdır. Görünür, bu hisslər qarşılıqlıdır və onlar əbədidir.
Yaddaşın qoruyucusu
Fuad Axundov "Bakının sirləri" adlı populyar televiziya proqramının müəllifidir, Bakı və görkəmli bakılılar ilə bağlı ekskursiyaların və mühazirələrin yaradıcısı, şəhərin əfsanəsinə və tarixi qüruruna çevrilmiş insanlar haqqında sənədli filmlərin müəllifidir. 12 il əvvəl Kanadaya köçüb. O vaxtdan bəri Toronto və Bakı arasında yaşayır. Ruhən və həyat tərzinə görə bakılı kimi qalaraq, öz doğma şəhərinə üstünlük verir.
- Sizi tarixçi, tədqiqatçı alim və şəhərin ən yaxşı bələdçisi adlandırırlar. Öz məşğuliyyətinizi siz nə sayırsınız?
- Mən özümü tarixçi saymıram, alim heç saymıram! Mənim gördüyüm işlərin alimlərin tarix kimi ciddi bir elmdə araşdırma aparması ilə heç bir əlaqəsi yoxdur! Mən yalnız bir tədqiqatçıyam, özü də həvəskar, istərsiz hətta diletant da deyə bilərsiniz .
- Bakının memarlıq obyektləri, bioqrafik keçmişi və indisi üzrə çoxsaylı marşrutlarınız var. Uzun illər eyni şeyi söyləmək bezdirici deyilmi?
- Bəli. Elə vaxt gəlir ki, mövzunun artıq məni ruhlandırmadığını hiss edirəm. Onda məlumat bazasını dolğunlaşdırmaq üçün fasilə götürürəm. Bu, ayrıca götürülmüş ev və ya insan barədə fotolar və bioqrafik təfsilatlar, qohumlarının danışdıqları, arxiv sənədləridir... Bütün bunlar, əlbəttə ki, vaxt itkisi tələb edir.
Onun yozumunda istənilən mövzu həmişə virtuoz bir mini-tamaşaya çevrilir. Kim heç olmazsa bir dəfə onun ekskursiyalarında və mühazirələrində olubsa, dinləyibsə, yaxud daha doğrusu, onun hekayələrini görübsə, mövzunu necə artistliklə və maraqlı təqdim etdiyini bilir. Bu zaman, o, təbii şəkildə öz hekayəsinə müxtəlif vaxtlarda Bakını vəsf etmiş şairlərin şeirlərini, Tolstoy, Dostoyevski və digər yazıçılardan sitatlar əlavə edir.
- Bir kino ulduzu kimi məşhursunuz, sizinlə selfi çəkdirmək istəyən çox sayda pərəstişkarınız var. Bezdirmir ki?
- Vəziyyətdən asılıdır. Lakin, bir qayda olaraq, çalışıram ki, xatirə fotosu çəkdirmək istəyənlərə yox deməyim.
- Bakı üzrə çox sayda marşrut var, məşhur bakılıların tərcümeyi-halları kimi. Aralarında ən sevdikləriniz varmı?
- Ən sevdiyim marşrutlardan biri "Əli və Ninonun Bakısı"dır. Bu fenomal roman 1997-ci ildə çapsız formatda ilk dəfə oxuduğum andan bu yana düşüncələrimə və hisslərimə hakim kəsilib. Yenidən oxuyanda, hər dəfə yeni maraqlı xırdalıqlar və daha əvvəl sezmədiyim detallar tapıram. Bu, yalnız müsəlman oğlanla və xristian qızın sevgisi haqqında bir roman olaraq qalmır. Bundan yetərincə genişdir. Onların artan bağlılığı fonunda - şəhərin tarixi, insanların tarixi, etnik mədəniyyət tarixi, milli xüsusiyyətlər, mənəviyyat anlayışları cərəyan edir. Müəllif və ya müəlliflər (ehtimal edək ki, müəllif həm Lev Nasimbaum və Yusif Vəzir Çəmənzəminlidir) detalların və xırdalıqların emosional və kulturoloji özəlliklərinin möhtəşəm gücünü təqdim edirlər. Yalnız bunu görməyi bacarmaq lazımdır!
- Onda deyin görək, Tağıyevin evindəki ziyafətdə Əli niyə Nino ilə rəqsindən İlyas bəyin xeyrinə imtina edir? Əli yox, məhz İlyas bəy rəqs zamanı xəncəri ilə Ninonun yaylığını yerə sancır? Axı, Qafqazda anadan olmuş istənilən kəs bu ritualın ikili, metaforik mənasını anlayır...
- Əlinin bu haqda nə dediyini xatırlayırsınızmı?
- Əmin deyiləm...
- Qulaq asın! "Bir şey söyləməyi unutdum, - deyə Əli bildirir, - rəqsdən əvvəl biz İlyas bəylə xəncərlərimizi dəyişmişdik. Yəni Ninonun yaylığını mənim tiyəm deşdi. Həddindən artıq ehtiyatlı olmaqdan heç vaxt ziyan gəlməz. Boş yerdən qədimlərdən müdriklər deməyiblər: "Dəvəni Allaha tapşırmaqdan əvvəl onun ipini hasara möhkəm bağla". Bəs? Bu nə deməkdir? Amma bu Əlidir...
- Yox-yox! Xahiş edirəm, bu metaforanın gizli mənasını açmayın! Bunu oxucularımızın ixtiyarına verək. Kimsə romanı yenidən oxuyar, kimsə də bizimlə birlikdə xristian qız Nino və müsəlman oğlan Əlinin sevgisinin izi ilə gedər və sizdən ətrafdakılarına bu şifrələnmiş ismarıcın açılışını eşidər! Onları bu yenilik sevincindən məhrum etməyək! Ən yaxşısı, deyin görək, 1997-ci ildə bu romanın çap variantını necə əldə etdiniz?
- Roman 1992-ci ildə Azərbaycana düşməzdən öncə 55 illik coğrafi səyahət edib. Onun dünya üzrə hərəkətinin xronoloji ardıcıllıq sxemi belədir: Vyana - London – Nyu-York - İstanbul - Münhen və nəhayət, Bakı! Mənə onu oxumaq üçün ilk dəfə Humani qardaşları vermişdilər, romanı ekranlaşdırmaq istəyirdilər və Hollandiyadan bura çəkiliş qrupu gətirmişdilər. Layihə həyata keçirilməmiş qaldı, mənsə romanı oxuduqdan sonra həmişəlik olaraq 20-ci əsrin əvvəlində baş vermiş hadisələrin əsirinə çevrildim.
- Şəhərin bioqrafik tədqiqatçısı kimi onu oxuduqdan sonra hansı hissləri keçirdiniz?
- Mən şəhərin həyat ahəgini eşitdim, Sisianişvili qapılarından keçib, Haşımın evinin yanından ötüb, Baryatinskayaya düşdüm, Filipposyansın kafesinin qabağından keçdim (indi bu evdə «Rolls-Roys» salonu yerləşir) və Zeynal ağa Tağıyevin evinin yanına çıxdım. Bu evdə onun dostu İlyas bəy yaşayırdı, bir sinifdə oxuyan Əli və İlyasın buraxılış gecəsi balı məhz bu evdə keçirilmişdi!
- Küçələrin, evlərin, insanların romandakı təsviri sənədli təsdiqini tapırmı?
- Evlər, küçələr, binalar kartoqrafik dəqiqliklə göstərilib. Məsələn: klub, kazino (indiki filarmoniya), Müqəddəs Tamara Liseyi (134 saylı məktəb), Hacı Zeynalabdin Tağıyevin evi (Azərbaycan Tarixi Muzeyi) və s. Mən Əlinin evinin hansı olduğunu müəyyənləşdirməyə çalışdım. O, İçərişəhərdə tikilib və Xanlarovlar ailəsinə aiddir. Yeri gəlmişkən, orada indi də Xanlarovların törəmələri yaşayırlar. Romanda real insanların - Zeynal ağa Tağıyev, Musa Nağıyevin, Əsədullayev qardaşlarının adları xatırlanır... Onlar epizodik olaraq, süjet axınında peyda olurlar, amma onlar gerçəkdirlər, uydurma personaj deyillər! Onlar, həqiqətən, bu şəhərdə yaşayıblar!
- Fuad, siz «Dəmir maska» filminin qəhrəmanı kimi sirlisiniz. Sizin araşdırma yaradıcılığınızın pərəstişkarları sizin haqqınızda əfsanələr danışırlar. Məsələn, onlar deyirlər ki, siz bu yaxınlara kimi bütün dünya üzrə cinayətkarları izləyən məşhur «xəfiyyə» olmusunuz...
- Elə bir şey yoxdur! Mən sadə bir tərcüməçi olmuşam. Məktəbdə müəllim kimi işə başlamışam. Öz ekskursiya təcrübəmi isə uşaqlarla işləməyim hesabına qazanmışam: 189 saylı məktəbin şagirdləri ilə... Onlar mənim təcrübə auditoriyam olublar, əldə etdiyim məlumatlardan hazır material təqdim etmək üzrə praktiki üsulları onlarla işləmişəm!
- Mən belə gördüm ki, sizin daima artan məlumat, o cümlədən fotoşəkil bazanız var. Bütün bunları sistemləşdirməyi və kitab formatına çevirməyi düşünürsünüzmü?
- Bəzən kitab barədə düşüncələr yaranır. Amma hələ ki bu mövzuda konkret söhbətə hazır deyiləm.
- Sizin keçmişə dalmağınız - bu, nədir: gerçəklikdən qaçmaq yoludur, yoxsa onunla mental oyundur?
- Heç biri. Mən sadəcə keçmişdə hansısa rahatlıq zonasını tapıram, buna baxmayaraq, onu heç ideallaşdırmaq fikrim yoxdur.
- Özünüzlə baş-başa qalanda, nə haqqında düşünürsüz?
- Yuxu haqqında! (Gülür). Mən yatmağı sevirəm. Yuxu insan həyatının ən böyük nemətlərindən biridir.
- Nədən qorxursunuz?
- Mən mühafizəkar və konformistəm. Uyğunlaşdığım həyat ritmində, dövrdə və nizamda radikal dəyişiklikləri sevmirəm.
- Sizin üçün, gerçəkliklə harmonik əlaqə nədir?
- Yəqin ki, Gerçəkliyi olduğu kimi qəbul etməyi və bundan yararlanmağı bacarmaqdır.
- Arzularınız nə ilə bağlıdır?
- Arzular çeşidlidir və böyük hissəsi çox prozaikdir. Hamısı haqqında danışmaq mümkün deyil. Yaxşı, məsələn, Bakıda ultra-çağdaş tramvaylar, velosiped yolları görmək istəyirəm. Bakı körfəzində baydarka sürmək istəyirəm (Gülür). Onda Torontoya son ehtiyacım da yox olar.
- Şəxsən özünüz üçün nə istəyirsiniz?
- Prinsipcə, nəyim var, onu...
Biz onun bu mövzuda irəli getməsinə təkid etmədik, anlayırıq ki, onun həyatı taleyüklü gözlənilməzliklə dəyişib, Kanadaya "gedişdən əvvəl" və "sonra"kı dövrlərə bölünüb. Ümumiyyətlə, Bakıya və bakılılara, onların mənəvi dəyərlər mədəniyyətinə olan sadiq və dəyişməz sevgisinə görə sevilən və hörmət edilən, sonsuza qədər yanımızda dayanan, bizim multikultural dəyərlər dediyimiz hər şeyin yorulmadan təbliğinə çalışan insanın obrazının təsvirində bu, elə də önəmli deyildi. Onu düşüncəmizdə Yaddaş Qoruyucusu adlandırmaq olar, çünki iyirmi beşə ilə yaxındır ki, öz həmvətənlərinin qəlbinə və ağlına öz ataları haqqında gerçəklik toxumları səpir, onları soy-kökünü yaddan çıxarmış "manqurt"lara çevrilməyə qoymur.
- Müxtəlif ölkələrə tez-tez səfər etməyinizin səbəbi nədir: yerdəyişməyə meyillisiniz? Mühit dəyişdirilməsidir?
- Yox. Bu səfərlərin məqsədi müxtəlif ölkələrdə yaşayan bakılılarla görüşdür. Mən onlara XIX-XX əsrlər Bakısı və bakılıları haqqında məruzələr oxuyuram. Bizim həmyerlilərimiz dünyanın müxtəlif ölkələrində yaşayırlar və onlarla məruzə şəklində ünsiyyət qurma forması bizə dəyər verdiyimiz çox şeyi – ümumi kulturoloji irsimizi itirməməyə imkan verir. Bizim ümumi diaqnozumuz var - bakılılıq. "Bakılılıq " nə Vyana, nə Toronto, nə də Parislə sağaldıla bilməyən ağır "xəstəlik" formasıdır. Bu xəstəlik forması sağalmazdır.
- Fuad Axundov haqqında özünüz nə düşünürsünüz: onu tədqiqatçı, qoruyucu, yoxsa sadə insan sayırsınız?
- Bax, bu sualdır! (Gülür). İstəmirəm, məni özünü sevən adam kimi tanısınlar.
O, öz qəhrəmanlarından: evlər, insanlar, onların işləri və taleləri haqqında danışdı, XX əsrin əvvəllərində Bakıda insan fəaliyyətinin bu və ya digər sahəsinin inkişafının xırdalıqlarından bəhs edirdi, texnoloji yenilik faktlarını qürurla vurğulayırdı, məhz onların hesabına indi əlimizdə Bakının təyyarə çəkilişi yüksəkliyindən necə görünməsi barədə əlimizdə sənədli dəlillər var... Sonra da "Köhnə Bakının birinci xanımları" adlı tədqiqat məruzəsinin mövzusu olan azərbaycanlı qadınlar barədə heyranlıqla danışaraq, onlardan Bakı şəhər mədəniyyət tarixinə öz izlərini buraxanların haqqında söhbət etdi. Bu da çox əyləncəli və maraqlı idi: o, öz işini sevən yüksək səviyyəli bir peşəkardır, Qoruyucu olmaq taleyi ona alın yazısı kimi Göylər tərəfindən verilib...
MƏSLƏHƏT GÖR: