Müəllif: Natiq NAZİMOĞLU
Hindistan-Pakistan münasibətlərində yaranmış növbəti gərginlik, deyəsən, səngiyir. Lakin bu, gələcəkdə belə böhranın təkrarlanmayacağı anlamına gəlmir. Bu iki nüvə fövqəldövləti arasında bitmək bilməyən qarşıdurmadan ümumilikdə bəşəriyyət üçün təhlükə gəlir.
Eskalasiya faktları
Hindistanın Cammu və Kəşmir ştatında törədilmiş və Hindistan təhlükəsizlik qüvvələrinin 40-dan çox əməkdaşının ölümünə səbəb olmuş güclü terror aktından sonrakı ilk həftələr Nyu-Dehli ilə İslamabad arasında münasibətlərin son dərəcə gərginləşməsilə yadda qalıb. Hindistan Pakistanı terror təşkilatlarını, xüsusilə Kəşmirin Pakistana birləşdirilməsi uğrunda mübarizə aparan və terror aktına görə məsuliyyəti üzərinə götürmüş «Caiş-e-Məhəmməd» qruplaşmasını dəstəkləməkdə təqsirləndirib. Pakistan hökumətisə ittihamları rədd edib və Hindistan hökumətini qanlı hadisəni birgə araşdırmağa çağırıb.
Lakin Dehli İslamabadın bu təklifini rədd edib. Hindistanlılar bəyan edib ki, Pakistanın hökumət dairələrinin bu ölkənin ərazisində fəaliyyət göstərən terror təşkilatları ilə əlaqələrinin sübuta ehtiyacı yoxdur. Hindistan kənardan iki ölkə arasında vasitəçiliklə bağlı gələn təklifləri də bu səbəbdən rədd edir. Hindistan Xarici İşlər Nazirliyi Kəşmir probleminin həllinə üçüncü tərəfin cəlbinə ehtiyacın olmadığını bildirib. Dehlidə hesab edirlər ki, Hindistan-Pakistan dialoqu yalnız o halda inkişaf edə bilər ki, rəsmi İslamabad terrorçuluqla mübarizədə ciddi addımlar atsın.
Pakistan tərəfisə məsələyə belə yanaşmanı Hindistanın kompromisə hazır olmaması kimi qiymətləndirir. Pakistanlılar terrorçuluğa qarşı onsuz da qəti mübarizə apardıqlarını və bunun İslamabadın marağında olduğunu deyirlər.
Tərəflər belə kəskin söz atışması fonunda hərbi gücünü, Hindistanın Britaniyanın müstəmləkəsindən azad olmasından bu yana aralarında mübahisə obyektinə çevrilmiş Kəşmir məsələsində mövqeyini istənilən vasitə ilə qorumağa hazır olduğunu göstərən addımlar da atıb. Məsələn, Hindistan Hərbi Hava Qüvvələri «Caiş-e-Məhəmməd» yaraqlılarının Pakistan ərazisindəki Balakot şəhərindəki nəhəng düşərgəsinə zərbələr endirib. Nyu-Dehli bu zaman xeyli sayda terrorçunun məhv edildiyini bəyan edib. İslamabad isə Hindistan raketlərinin insanların yaşamadığı meşə massivinə düşdüyünü deyir.
Dəqiq məlum olan yalnız odur ki, Pakistan tərəfi Hindistan HHQ-yə məxsus 2 təyyarəni vurub və 1 pilotu əsir götürüb. Bundan başqa, İslamabad Cammu və Kəşmirdəki hərbi obyektlərə zərbələr endirib, hindistanlılar isə Pakistanın «F-16» qırıcısını vurub. Bundan sonra Pakistan hava məkanını bağlayıb.
Bunun ardınca iki ölkənin həmsərhəd bölgələrində atışmalar başlayıb. İslamabaddan verilən məlumata görə, Hindistan tərəfinin atəşi nəticəsində Kəşmirin Pakistana aid hissəsində 2 hərbçi və 6 mülki şəxs həlak olub. Hindistan tərəfisə Pakistan hərbçilərinin Kəşmirin onlara aid hissəsinin 1 qadın sakinini və onun 2 övladını öldürdüyünü, ailə başçısının isə ağır yaralandığını bəyan edib.
Martın 6-da Nyu-Dehli Pakistan hərbçilərinin Hindistanın Cammu və Kəşmir ərazisindəki təmas xəttində yerləşən nəzarət-buraxılış məntəqəsini atəşə tutduğunu açıqlayıb. Hindistan ordusu da öz növbəsində, pakistanlı hərbçilərin mövqeyini güllə-baran edib.
Lakin artıq Hindistan-Pakistan münasibətlərində gərginliyin davam etdiyini göstərən bu silsilə xəbərləri eskalasiyanın zəifləməyə başladığını göstərən faktlar əvəzləməyə başlayıb.
Gərginliyin azalması perspektivi
Hələ fevralın 27-də Pakistanın baş naziri İmran Xan Hindistan rəhbərliyini mübahisəli Kəşmir ətrafındakı böhranın dialoq yolu ilə həllinə çağırmışdı. O, mövqeyini belə izah etmişdi: «İki qonşu dövlət arasında gərginliyin artması vəziyyətin nəzarətdən çıxması ilə nəticələnə bilər».
İslamabad gərginliyə son qoymaq istəyinin təsdiqi kimi, Hindistanla dəmir yolu əlaqəsini bərpa etmək niyyətini də açıqlayıb. Bununla yanaşı, o, Hindistanla sərhəddə yerləşən Lahor üzərində hava məkanını açıb. Bu hava məkanı fevralın sonunda kommersiya məqsədli uçuşların üzünə bağlanmışdı.
Bundan başqa, Pakistan tərəfi «xoş məram» olaraq, öz hava məkanında vurulmuş Hindistan qırıcısının pilotunu Dehliyə təhvil verib. Pilot Pakistan telekanalları ilə yayımlanmış müraciətində bildirib ki, yerli hərbçilər onun vətəndaşlar tərəfindən cəzalandırılmasına imkan verməyib, üstəlik, ona tibbi yardım göstərib.
Ən önəmlisi – Pakistan fəaliyyəti qadağan olunmuş bir neçə təşkilatın, o cümlədən «Caiş-e-Məhəmməd» qruplaşmasının onlarla üzvünün həbs olunduğunu açıqlayıb. İslamabaddan verilən məlumata görə, fəaliyyəti qadağan olunmuş islamçı qruplaşmalar tərəfindən idarə olunan xeyli dini birlik, təhsil ocağı hökumətin nəzarətinə götürülüb. Pakistan hökuməti bu addımları terrorçuluqla ümumxalq mübarizəsinin bir hissəsi kimi təqdim edib.
Lakin Nyu-Dehli Pakistan tərəfinin bəyanatlarından razılığını ifadə etməyib. Hindistanda hesab edirlər ki, İslamabad şəxsən «Caiş-e-Məhəmməd» qruplaşmasının lideri Məsud Azhara qarşı qəti addımlar atmalı, həmçinin terrorçuluqla mübarizədə Hindistan tərəfindən real addımlar kimi qiymətləndirilə biləcək bir sıra əlavə tədbirlər görməlidir.
Bununla yanaşı, Hindistan da böhranı aradan qaldırmağa meyilli olduğunu göstərir. Hər halda, Hindistan Pakistandan son terror aktından sonra geri çağırdığı səfirini İslamabada qaytarıb. Pakistan da öz növbəsində, Nyu-Dehlidən geri çağırdığı səfirinin fəaliyyətini bərpa edəcəyini açıqlayıb. Bütün bunlar hər iki tərəfin qarşıdurmaya son qoyulmasında maraqlı olduğunu təsdiqləyir.
Hindistanla Pakistanın nüvə arsenalı münaqişəni hər iki tərəf üçün dəhşətli səviyyəyə aparıb çıxarmağa qadirdir. Odur ki, onlar aralarında böyük müharibənin, əslində, mənasız və perspektivsiz olduğunu anlayırlar. Hindistan-Pakistan münasibətlərində qarşılıqlı atışmalara, hərbi-hava aksiyalarına rəğmən belə, istənilən gərginlik sonda həll olunmağa məhkumdur. Bunun alternativi yalnız bu iki ölkə üçün yox, bütünlükdə dünya üçün baş verəcək nəhəng fəlakətdir.
Amma Hindistanla Pakistan arasında bu cür qarşıdurmaların bitmək bilməməsində ayrı-ayrı qlobal mərkəzlərin maraqlı olduğu da istisna deyil. Məsələn, Qərb durmadan inkişaf edən Asiya iqtisadiyyatının əngəllənməsində maraqlıdır. Məsələn, Hindistan Qərbin əsas iqtisadi və geosiyasi rəqiblərindəndir. Dehlinin Pakistanla münaqişəyə cəlb olunması yalnız onun özü üçün deyil, İslamabadla sıx əlaqələrə malik Çin üçün nə əngəlləyici amil ola bilər. Bununla yanaşı, Pakistan ABŞ-ın zaman-zaman Hindistanla «oyunlara getməsindən» narazıdır. Halbuki o, Qərbin anti-Rusiya kampaniyasına heç bir vəchlə qoşulmur. Bu cür amillər sonda istər Hindistanı, istərsə də Pakistanı əsas rolun Çinlə Rusiyada olduğu Şanxay Əməkdaşlıq Təşkilatına üz tutması ilə nəticələnir.
Beləliklə, Hindistan-Pakistan qarşıdurması nəhəng güc mərkəzləri arasındakı çətin qlobal münasibətlərin bir hissəsidir. Lakin hər iki dövlətin qanlı yarası olan Kəşmir uğrunda mümkün müharibədən qurtulmaq, problemin həlli yolunu tapmaq, ilk növbədə, Hindistanla Pakistanın öz maraqlarındadır. Bu mənada problem ümumasiya təhlükəsizlik sisteminin yaradılması, iqtisadi inteqrasiya vasitəsilə çözülə bilər. Çünki bu sistemdə əsas rolu məhz Hindistanla Pakistan oynamalı olacaq. Bu perspektivin vacibliyinin dərk olunduğuna dair siqnallar isə tez-tez nəinkin Nyu-Dehli ilə İslamabaddan, həm də Pekindən, Moskvadan və digər Asiya və Avrasiya mərkəzlərindən gəlir. Onlar təhlükəsiz, sıx inteqrasiya olunmuş qitənin yaradılmasında maraqlıdırlar və bu kontekstdə özlərini Hindistan və Pakistanın potensial tərəfdaşı gözündə görürlər.
MƏSLƏHƏT GÖR: