Müəllif: İrina XALTURİNA
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin hökuməti istefaya göndərəcəyi, əslində, hələ yanvarda məlum idi. O zaman elbası (qazax dilindən tərcümədə «dövlət başçısı») nazirləri açıq şəkildə tənqid etmiş, hətta onları «qorxaq» adlandırmışdı. Prezident Nazirlər Kabineti ilə Milli Bankı sərt tənqid etmiş, onları «iqtisadiyyatda keyfiyyətli artıma nail olunması üçün real stimul və alətlər yarada bilməməkdə» təqsirləndirmişdi. Nazarbayev hökumət üzvlərinin ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılmasına dair tapşırıqları yerinə yetirə bilmədiklərini, ÜDM artımının əsasən «xammal resursları hesabına» təmin olunduğunu, əksər sosial məsələnin sırf formal şəkildə həll olunduğunu, ümumilikdə məmurların əhali ilə işləyə bilmədiyini, insanların problemlərini dinləmədiyini, mövqelərini insanlara çatdırmadığını xüsusi vurğulamışdı. Nəticədə, prezident baş nazir Bakıtjan Saqintayevi və bəzi həmkarlarını fevralın 21-də vəzifədən uzaqlaşdırmışdı.
O zaman xarici işlər, daxili işlər, müdafiə, ədliyyə, səhiyyə, mədəniyyət və idman, energetika və maliyyə nazirləri (sonuncu həm də baş nazirin müavini idi) vəzifələrində qalmışdılar. Bununla yanaşı, prezident yeni əmək və sosial müdafiə, təhsil və elm, kənd təsərrüfatı, milli iqtisadiyyat nazirləri təyin etmiş, İnformasiya və Kommunikasiya Nazirliyi ləğv olunaraq, yerində İnformasiya və İctimai İnkişaf Nazirliyi yaradılmışdı. Dövlət başçısı Milli Bankın rəhbərini də dəyişmişdi.
Nəhayət, ölkəyə yeni baş nazir təyin olunub. Bu post 53 yaşlı Əsgər Maminə həvalə edilib. Mamin vaxtilə «Qazaxıstan temir jolı» milli dəmir yolu idarəsinə rəhbərlik edib, Astananın meri, nəqliyyat və kommunikasiya naziri olub. Nursultan Nazarbayevin ona çox inandığı deyilir. Mamin həm də istedadlı və təcrübəli idarəçi kimi tanınır.
«Ötən illərdə ölkədə sosial-iqtisadi vəziyyət sabit olub. Bu, şühəsiz ki, müsbət məqamdır. Lakin indiki dövr üçün bu, kifayət deyil… Çox sayda qanunun, hökumət qərarının qəbuluna baxmayaraq, iqtisadiyyatının bir çox sektorunda müsbət dəyişiklik baş verməyib», - deyə Nazarbayev bildirib. Onun bu fikirləri, əslində, yeni hökumətin qarşısına qoyulmuş vəzifənin nədən ibarət olduğunu göstərir.
Görünən odur ki, bu gün Qazaxıstanda əsas hədəf regionların inkişafına, insanların həyat səviyyəsinin yüksəldilməsinə, sosial infrastrukturun yaradılmasına diqqəti artırmaqla, sosial sahəni inkişaf etdirməkdir.
«Nur Otan» partiyasının 20 illiyinə həsr olunmuş və hökumətin istefaya göndərilməsindən dərhal sonra keçirilmiş qurultayında da Nazarbayev insanların sosial dəstəyinin gücləndirilməsi, həyat səviyyəsinin artırılması istiqamətində addımların atılmasının vacibliyini bildirib.
Bundan dərhal sonra Əsgər Mamin «Nurlıjol» proqramının 2020-2025-ci illəri əhatə edəcək növbəti mərhələsinin hazırlanması prosesinin sürətləndirilməsinə dair tapşırıq verib. O, əsas hədəfin vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi olduğunu bir daha bəyan edib.
«Nurlıjol» infrastrukturun, o cümlədən mənzil infrastrukturunun inkişafını nəzərdə tutan dövlət proqramıdır.
Beləliklə, baş verənlərə gəlirlərin azalması və tariflərin yüksəlməsi, işsizliyin artması, kiçik və orta biznesdə durğunluğun yaranması ilə ortaya çıxmış sosial problemlərin həllinə yönəlmiş kompleks tədbir kimi yanaşmaq olar. Ötən il baş vermiş bəzi hadisələr, xüsusilə olimpiya çempionu, fiqurist Denis Tenin faciəvi ölümü kimi ciddi rezonans doğurmuş faktlar Daxili İşlər Nazirliyində islahatların vacibliyi kimi məsələləri də aktuallaşdırmışdı. Lakin istənilən belə yenilənmə sistemin tərkibində qismən də olsa, təmizləmə tələb edir. Qazaxıstan siyasi elitasında gedən yenilənmə prosesi də bununla bağlıdır.
Amma bu proses Qazaxıstan daxili siyasətinin daha bir vacib məqamı ilə də əlaqəlidir. Söhbət yalnız ölkə daxilində deyil, xaricdə də geniş müzakirə olunan məsələdən gedir. Deyilənə görə, yeni kabinetin formalaşdırılması ölkədə hakimiyyətin ötürülməsi prosesinə zəmin hazırlanması istiqamətində ilk addımdır. Maraqlıdır ki, bu fikrin meydana çıxmasına və hətta daha da güclənməsinə elə «elbası»nın özü səbəb olub. Fevralın əvvəlində o, gözlənilmədən Konstitusiya Şurasına müraciət edərək, ölkə Konstitusiyasının 42-ci maddəsinin 3-cü bəndinin izahını istəyib. Bu bənddə söhbət dövlət başçısının səlahiyyətinin dayandırılması şərtlərindən gedir. Qeyd edək ki, prezident Nursultan Nazarbayevin səlahiyyət müddəti 2020-ci ildə başa çatacaq. Növbəti prezident seçkisi gələn ilin aprelində keçirilməlidir. Yenə də ölkə Konstitusiyasına əsasən, Nazarbayev Qazaxıstanın ilk prezidenti kimi, bu posta istədiyi qədər seçilə bilər.
Daha sonra prezident xüsusi bəyanatla çıxış edərək, növbədənkənar seçkinin olmayacağını, bildirib. Nazarbayevin sözlərinə görə, Konstitusiya Şurasına müraciətə səbəb Qazaxıstan Konstitusiyası da ölkə başçısının hansı halda səlahiyyətlərindən könüllü şəkildə imtina edə, yəni istefa verə biləcəyinin aydın göstərilməməsidir. Yerli ekspertlər bildirirlər ki, ölkə Konstitusiyasında bu mənada, həqiqətən də, boşluq var. Daha konkret desək, Qazaxıstan Konstitusiyasında prezidentin şəxsi və ya siyasi səbəblərdən istefaya getməsi proseduru haqda heç nə yoxdur. Ali qanuna əsasən, ölkə başçısı vəzifəsini vaxtından əvvəl ya «səhhətilə əlaqədar vəzifəsini icra edə bilmədikdə», ya da dövlətə xəyanətə yol verdiyi halda tərk edə bilər.
Bu məsələ nə qədər müzakirə olunsa da, Nazarbayevin vəzifəsini könüllü tərk edə bilib-bilməyəcəyi yenə də qeyri-müəyyən qalır. «Bəli, prezidentin qanuna əsasən növbədənkənar seçki elan etmək hüququ var. Lakin bizi bu təhlükə gözləmir. Gəlin, sakitləşək və normal işimizi davam etdirək», - deyə dövlət başçısı özü bu haqda bildirib.
Lakin ekspertlərin bununla bağlı şübhələri hələ də qalmaqdadır. Onların əksəriyyətini bir sual maraqlandırır: belə olan təqdirdə, prezidentin Konstitusiya Şurasına müraciətinə nə ehtiyac var idi? Aydındır ki, o, indiyədək belə sorğularla dəfələrlə çıxış edib və bu, həqiqətən də, adi bir prosedurdur. Lakin prosedur! Mövzu isə adi deyil. Belə çıxır ki, bu, hakimiyyətin məqsədli şəkildə nümayiş etdirdiyi gedişdir. Bu addımın məqsədi olmaya bilməz. Bəlkə də, Nazarbayev bununla guya hakimiyyətdən könüllü getmək istədiyini, lakin bacarmadığını göstərmək istəyib. Amma bu ehtimal o qədər də yüksək deyil. Hakimiyyət dəyişikliyinin qaçılmaz olduğunu anlayan elitanın növbəti hakimiyyətdə təmsil olunmağa çalışdığı, bu üzdən prezidenti aydın olmayan addımlara məcbur etdiyi haqda fikirlər daha az inandırıcıdır. Lakin Nazarbayev kimi siyasi fiqurun çəkisini nəzərə alsaq, onun kiminsə planı ilə iş gördüyü inandırıcı deyil. Əksinə…
Görünən odur ki, Nazarbayevin özü vəziyyəti öyrənir, manevr üçün meydan yaradır. Məsələn, Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayevin BBC-yə ötənilki müsahibəsində səsləndirdiyi fikirlər vəziyyətin öyrənilməkdə olduğunu düşünməyə əsas verir. O, bildirmişdi ki, Nursultan Nazarbayevin 2020-ci il seçkisinə qatılmayacağı istisna deyil. Müsahibədən az sonra Tokayev fikirlərinin kontekstdən çıxarıldığını, əslində, tam fərqli fikir söyləməyə çalışdığını demişdi. Ola bilsin ki, həmin dövrdə kimsə əsl simasını ortaya qoyub və prezident həmin qüvvələri «tanıyıb».
Manevr üçün meydanın yaradılması məsələsinə gəlincə, Qazaxıstan Təhlükəsizlik Şurasının statusu və səlahiyyətlərinə ötən il edilmiş dəyişikliklər, «elbası»nın bu quruma ömürlük sədr təyin olunması kifayət qədər güclü təməl qoyuluşu kimi görünür.
Beləliklə, Qazaxıstanın siyasi meydanında proseslərin mümkün inkişaf ssenarisi bir deyil və bunun səbəbi aydındır. Onların ən realı belədir ki, Nazarbayev 2020-ci ildə yenidən prezident seçilir, lakin özündən sonra kimi dəstəkləyəcəyini özü üçün müəyyənləşdirir. Sonrakı dövrdə mümkün varis elita daxilində, daha önəmlisi isə xalq arasında mövqeyini və nüfuzunu artırır, bununla da, Qazaxıstanın növbəti prezidenti olmağa hazırlaşır. Bundan sonra Nazarbayev uğurlu vaxtı müəyyənləşdirərək könüllü istefa verir, lakin Təhlükəsizlik Şurasının sədri, Qazaxıstan Xalqları Assambleyasının və «Nur Otan» partiyasının rəhbəri kimi işini davam etdirir.
Nazarbayev bilir ki, hazırda qəbul olunan əksər qərarlar konkret onun özü ilə əlaqəlidir. Bundan başqa, yeni prezident kimliyindən asılı olmayaraq, xüsusilə ilkin dövrlərdə Nazarbayev qədər nüfuza yiyələnə bilməyəcək. Bu üzdən də, «elbası» istənilən yaxşı rəhbər kimi, doğru addım atır – əsas oyunçunun kənara çəkilməsilə, sistemin çökməməsi üçün onu şaxələndirir, yükü azaldır. Beləliklə, Nazarbayevin özünə varis tapmağa deyil (o, istənilən halda ümumxalq səsverməsilə seçiləcək), qurduğu hakimiyyət vertikalının, hətta xarici siyasətin davamlılığına çalışdığıdı demək daha düzgün olar. Bu planın həyata keçirilməsi üçün isə iqtisadi sabitliyə, siyasi elita daxilində konsensusa ehtiyac var. Yəni Qazaxıstan prezidenti və hökuməti hazırda məhz bununla məşğuldur.
MƏSLƏHƏT GÖR: