25 Noyabr 2024

Bazar ertəsi, 21:50

BU DA NAĞILIN SONU…

Paşinyanın bütün səylərinə rəğmən, Qarabağ danışıqlarının nə formatı, nə də gündəliyi dəyişdi

Müəllif:

18.03.2019

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və «Artsax» adlandırdıqları qondarma və heç kimin tanımadığı separatçı qurumun Təhlükəsizlik Şuralarının birgə toplantısını görünməmiş hadisə adlandırıb. Baş nazir hesab edir ki, artıq «Ermənistan-Artsax münasibətləri yeni səviyyəyə yüksəlib».

Doğrudur, o, Ermənistan Təhlükəsizlik Şurası toplantısının necə «birgə» toplantıya çevrildiyinə aydınlıq gətirməyib. Lakin istənilən halda, razılaşmaq lazımdır ki, baş verənlər, həqiqətən də, beynəlxalq münasibətlər sistemində görünməmiş hadisədir. Hər halda, dünyada bir dövlətin Təhlükəsizik Şurasının özü üçün həyati əhəmiyyət daşıyan məsələləri erməni tərəfinin iddia etdiyi kimi, başqa «dövlət»lə birlikdə, özü də üçüncü dövlətin ərazisində müzakirəsi analoqu olmayan faktdır. Ən maraqlısı odur ki, Ermənistan TŞ-nin iclasını Qarabağda keçirən N.Paşinyan «Qarabağın adından danışmaq səlahiyyətində olmadığını» durmadan təkrar edir, bunu «Qarabağın öz hakimiyyətinin olması» ilə izah edir və bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində onları «öz hökumətləri təmsil etməlidir». «Əsas məsələ Artsax xalqını və ya bəzən deyildiyi kimi, Qarabağ erməniliyini kimin təmsil etməsindədir. Danışıqlar prosesində Artsax xalqını təmsil edən səlahiyyətli, legitim nümayəndə yoxdur», - deyə Paşinyan bildirib.

Erməni baş nazir bununla faktiki olaraq, «Artsax xalqı» dedikdə, Qarabağın erməni icmasını nəzərdə tutduqlarını etiraf edib. Halbuki ATƏT-in Helsinki Yekun Aktında onlar 1992-ci ildən Dağlıq Qarabağ regionunun azərbaycanlı icması ilə birlikdə maraqlı tərəf kimi göstərilir. Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Leyla Abdullayeva da diqqəti buna çəkib. «Qarabağ erməniliyi» ideyasını dilə gətirən baş nazir söz oyununa son qoyaraq bildirib ki, Dağlıq Qarabağda yaşayan ermənilər «xalq» yox, erməni icmasıdır», - deyə Abdullayeva bildirib. O, hesab edir ki, Ermənistan öz Təhlükəsizlik Xidmətinin iclasını Xankəndidə keçirirsə, Dağlıq Qarabağ ermənilərinin danışıqlar prosesinə cəlbi cəhdlərinə ehtiyac yoxdur.

Ümumiyyətlə, erməni tərəfinin son bəyanatlarında və əməllərində ciddi ziddiyyət və tələskənlik müşahidə olunur.

«168 jam» qəzeti yazır ki, Təhlükəsizlik Şurası iclasının gündəliyi haqda heç nə deyilməsə də, onun təcili toplantısına ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatının səbəb olduğuna şübhə yoxdur. «Bu bəyanatdan sonra Ermənistan rəhbərliyi pat vəziyyətinə düşüb. Bir tərəfdən Paşinyan Artsaxın danışıqlar prosesinə qayıtmalı olduğuna dair bəyanatından imtina edə bilmir, digər tərəfdən Artsaxın prosesə qaytarılması məsələsinin müzakirə olunmayacağı danışıqlara qatıla bilmir. Təhlükəsizlik Şurasının Artsaxda keçirilmiş təcili toplantısına Paşinyanı bu vəziyyət məcbur edib. Bəlkə də, Paşinyan, bununla, Əliyevlə görüş öncəsi sanki Artsaxın danışıqlarda dolayısı ilə iştirak etdiyi görüntüsü yaratmaq, bununla da, danışıqlara getməsinə haqq qazandırmağa çalışıb», - deyə qəzet yazır.

Ermənistanın baş naziri Nikola Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin yaxın vaxtlarda görüşəcəklərini öz bəyanatlarında Minsk qrupunun həmsədrləri də təsdiqləyiblər. Bu, uzun fasilədən sonra ən yüksək səviyyədə tammiqyaslı danışıqların bərpa olunacağına ümid yaradıb. Görüşün dəqiq tarixi hələ ki, bəlli olmasa da, həmsədrlərin bəyanatından danışıqların gündəliyini təxmin etmək mümkündür.

Birincisi, Azərbaycan Prezidenti görüşə razılıq veribsə, demək, tərəflər substantiv danışıqlar aparacaq. Başqa sözlə, görüşdə nizamlanmaya dair praktik addımlar müzakirə olunacaq ki, istər Bakı, istərsə də ATƏT-in Minsk qrupunun həmsədrləri çoxdandır məhz bunu istəyir. Bu, Azərbaycan XİN rəsmisi L.Abdullayevanın bəyanatında da təsdiqini tapır: «Azərbaycan ATƏT-in Minsk qrupunun münaqişənin nəticəyə və intensiv danışıqlara əsaslanan həlli cəhdlərini dəstəkləyir».

İkincisi, vasitəçilər tərəfləri daim danışıqlar formatına qarşı tərəfin razılığı olmadan, birtərəfli dəyişikliklər çağırışlarından yayınmağa səsləyir. Yəni rusiyalı politoloq Aleksandr Duqinin də dediyi kimi, Paşinyan danışıqlara ikitərəfli formatda və hər hansı ilkin şərt irəli sürmədən gedir. Bu isə nizamlanma prosesində yaxşı irəliləyişdir. «Fikrimcə, Paşinyanı dinləmək yox, onun əməllərinə baxmaq lazımdır. Əgər Nikol Paşinyan Azərbaycan Prezidenti ilə görüşə razılıq veribsə, demək, o, ritorikasına baxmayaraq, məsələnin rasional həlli istiqamətində hərəkət edir. Demək, Paşinyan görüşməyə, yol xəritəsini müzakirə etməyə hazırdır», - deyə politoloq qeyd edib.

Bu kontekstdə «Milli müqəddərat» birliyinin lideri Paruyr Ayrikyan hesab edir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatından narahat olacaq tək tərəf Ermənistan hakimiyyətidir. «Bu bəyanatda bizim hakimiyyətimizin konkret olaraq Artsaxın danışıqlara qatılmasına dair təşəbbüsünə ünvanlanmış hissə var. Orada aydın şəkildə bildirilir ki, «Nikol Paşinyan, sən təkbaşına belə qərar qəbul edə bilməzsən, sən bunu Azərbaycanla razılaşdırmalısan»», - deyə P.Ayrikyan bildirib. Ermənistan ekspertlərinin əksəriyyəti bu fikri bölüşür.

Üçüncüsü, həmsədrlər bildirirlər ki, ədalətli və dayanıqlı həll üçün ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərilə yanaşı, həmsədr dövlət başçılarının 2009-2012-ci illərdəki bəyanatlarında əks olunmuş əlavə elementlər də nəzərə alınmalıdır. Burada söhbət Dağlıq Qarabağa bitişik ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasından, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarə hüququnu təmin edəcək müvəqqəti statusun verilməsindən, Ermənistanı Dağlıq Qarabağla birləşdirəcək dəhlizin yaradılmasından, Dağlıq Qarabağın yekun hüquqi statusunun isə gələcəkdə müəyyənləşdirilməsindən, bütün qaçqın və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qaytarılmasından, təhlükəsizliyə sülhməramlı əməliyyatların da daxil olduğu beynəlxalq zəmanətin verilməsindən gedir.

Bütün bunlar göstərir ki, danışıqlar prosesinin nə formatına, nə də gündəliyinə dəyişiklik edilir. Beləliklə, Paşinyan getmək məcburiyyətində olduğu kompromislərin məsuliyyətini Qarabağ separatçılarının liderlərilə bölməyə nə qədər çalışsa da, erməni tərəfindən danışıqları o, təkbaşına və artıq müəyyənləşdirilmiş çərçivədə aparmalıdır.



MƏSLƏHƏT GÖR:

323